
SURİYANIN ŞANSI
Müəllif: Redaksiya
Artıq neçə aydır, Suriyadakı vəziyyətlə bağlı xəbərlər dünya KİV-in ilk səhifələrindən düşmür. Bəziləri barışıq gözləyir, digərləri Bəşər Əsədin gedişini, üçüncülər isə "ərəb baharı"nın Dəməşqdə iflasa uğra-yacağını proqnozlaşdırır.
Nəhayət, Suriya üzləşdiyi böhrana dinc yolla son qoymaq üçün tarixi şans əldə edib. BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi elçisi Kofi Annanın səyləri, deyəsən, öz müsbət nəticəsini verməkdədir. Qarşı-qarşıya duran tərəflər - hökumət qüvvələri ilə silahlı müxalifətçilər arasında atəşkəs razılaşmasının əldə olunması, şübhəsiz ki, suriyadaxili problemin həllinə ciddi töhfədir. Amma bu atəşkəsin nə qədər uzunmüddətli olacağı, "ərəb baharı" burulğanından yaxasını qurtara bilməyən ölkədə sülh prosesinə təkan verib-verməyəcəyi hələ ki ciddi suallar doğurur.
Kofi Annan inadla apardığı danışıqların sonunda münaqişə tərəflərinin sülh planını qəbul etməsi üçün aprelin 10-nun son tarix elan edilməsinə nail olub. Amma ən əsası, onun bu tarixdən sonrakı 48 saat ərzində, yəni aprelin 12-də tərəflərin atəşi dayandırmağa razılıq vermələrinə nail olmasıdır.
Etiraf etmək lazımdır ki, sülh əldə etmək şansı çox cüzi təsir bağışlayırdı. Çünki tərəflər gözlənilmədən şərtlər irəli sürməyə başlamışdı və bu, sülh danışıqlarını iflasa uğrada bilərdi.
Məsələn, rəsmi Dəməşq silahlı müxalifətin bütün zorakılıq hallarından imtina etməyə hazır olduğunu təsdiqləyən yazılı təminat tələb edirdi. Bundan başqa, Suriya hökuməti BMT Təhlükəsizlik Şurasına ölkəyə beynəlxalq müşahidəçilərin göndərilməsi xahişi ilə müraciət etmişdi. Suriya rəhbərliyinin bu mövqeyini başa düşmək olardı: Bəşər Əsəd hökumətinin sülh prosesinə sadiqliyini məhz beynəlxalq müşahidəçilər təsdiqləməli idi. Bir müddət sonra ABŞ və Rusiya da daxil olmaqla, bütün maraqlı tərəflər bu tələbin ədalətli olduğunu təsdiqlədi. Problem isə onda idi ki, Dəməşq müşahidəçilərin ölkəyə ən son məqamda göndərilməsini tələb edirdi. Beləliklə, bu proses daha çox vaxt tələb etdiyindən, atəşkəsin əldə olunması üçün müəyyənləşdirilmiş tarixi də uzatmaq lazım gəldi.
Bununla yanaşı, Suriya XİN başçısı Valid Muallem Moskvaya səfəri zamanı irəli sürdükləri tələblərdən birinə ciddi dəyişiklik etdiklərini açıqladı. Muallem bildirib ki, Suriya rəhbərliyi müxalifətin atəşin dayandırılmasına yazılı zəmanət verməsini tələb etmir və bu zəmanətin Kofi Annan tərəfindən verilməsi ilə kifayətlənir.
Bilmək olmaz, Dəməşqin mövqeyində yumşalma Rusiyanın diplomatik səylərinin nəticəsidir, yoxsa Suriya rəhbərliyi müxalifətdən yazılı zəmanət tələbinin Annan planını iflasa uğrada biləcəyini anlayıb. Çünki bu halda Qərbin Suriyada baş verənlərə hərbi müdaxiləsi zərurəti yarana bilərdi. Çünki Qərbin Bəşər Əsədin səhv etməsini gözləməsi şübhə doğurmur. Onlar Suriya rəhbərliyində ölkədəki böhranı aradan qaldırmaq üçün vacib məqam olan xoş məramın yoxluğuna hamını inandırmaq üçün fürsət gözləyir.
Aprelin 11-də, nəhayət, Suriya rəhbərliyi Kofi Annana hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirdi. Bununla yanaşı, Suriya XİN-in bəyanatında bildirilir ki, Dəməşq "dinc sakinlərə, hökumətə məxsus silahlı qüvvələrə, ictimai və ya şəxsi mülkiyyətə terrorçu qruplar tərəfindən istənilən hücuma proporsional cavab vermək hüququnu özündə saxlayır".
Suriya rəhbərliyinin bu tezisi tamamilə başa düşüləndir. Dəməşq Suriyanın suverenliyinin qorunub-saxlanması məsələsində yenilməz olduğunu nümayiş etdirmək üçün istənilən şərt daxilində barışığa gedə bilməzdi. Ələlxüsus, söhbət "terrorçu qrupların hücumları"ndan gedirsə.
Kofi Annanın Suriyada hökumət qüvvələri və müxalifət arasında hərbi əməliyyatların dayandırılmasına dair planı aprelin 12-si yerli vaxtla saat 06:00-da qüvvəyə minib. Hələlik, Suriya Ordusu qiyamçı şəhərlərdən çıxarılmayıb və bu, ABŞ-ın sərt tənqidinə səbəb olub. Bununla yanaşı, Suriya probleminin sülh yolu ilə həllinin asılı olduğu əsas məsələ hələ də açıq qalır.
Annanın sülhməramlı səyləri və Əsədin onun planı ilə razılaşması müxalifətçilərə hücumların qarşısını almaq üçün kifayət edəcəkmi? Çünki yaşananlardan belə qənaətə gəlmək mümkündür ki, həm Qərbin, həm də Suriya müxalifətinin əsas hədəfi istənilən halda Əsədin hakimiyyətdən gedişinə nail olmaqdır. Atəşkəsin əldə edilməsi fonunda (ümid edək ki, bu, uzunmüddətlidir) yaşanacaq hadisələr Əsədin mütləq siyasi səhnədən getməsi ilə nəticələnməyəcəksə, Suriya rejiminin daxili və xarici rəqibləri bununla barışacaqmı? Hər halda, hələ ki bunun mümkün olduğunu göstərən heç bir faktor yoxdur.
MƏSLƏHƏT GÖR: