15 Mart 2025

Şənbə, 03:04

ODLA-SU ARASINDA

Moldova ilə Ukrayna, Qərblə Rusiya arasındakı Geosiyasi qarşıdurmadan asılı vəziyyətə düşüblər

Müəllif:

01.04.2012

Avropa İttifaqının (Aİ) keçmiş SSRİ-dən olan bəzi Şərq qonşularının üzləşdikləri vəziyyəti Qərblə (ABŞ və Aİ) Rusiya arasında, obrazlı şəkildə desək, odla-su arasında qalmaq kimi qiymətləndirmək olar. Bu mübarizə heç zaman bitməyib. Amma Gömrük İttifaqının (Gİ) yaradılmasından, xüsusilə postsovet məkanında Avrasiya İttifaqı təşəbbüsünün müəllifi olan V.Putinin yenidən prezident seçilməsindən sonra o, daha sərt xarakter almaqdadır. Qərblə Rusiya Moldova və Ukraynanı öz geosiyasi nüfuz dairəsinə cəlb etmək üçün Kişinyovla Kiyevin yalnız xarici siyasətinə deyil, bu ölkələrdəki daxili proseslərə də ciddi təsir göstərə biləcək bütün mümkün siyasi-iqtisadi vasitələrdən və resurslardan istifadə edir.

 

Moldovada yeni prezident

Martın ortalarında Moldova Parlamentindəki "Avropaya inteqrasiya uğrunda" alyansının deputatları Nikolay Timoftinin prezident seçilməsinə səs verdi. N.Timofti isə ilk bəyanatındaca bildirdi ki, Moldovanın milli ideyası yalnız Avropaya inteqrasiya ideyası ola bilər. Yeni seçilmiş prezident bununla göstərdi ki, Kişinyovun xarici siyasi kursu Qərbə doğru istiqamətlənəcək. O, Moldovanın Rumıniya ilə birləşməsi məsələsi haqda da danışıb: "Bu nə Moldova Konstitusiyasında, nə də hakimiyyətimizin idarəetmə proqramında yazılıb. Amma ölkənin gələcəyi gələcək nəsillərə məxsusdur. Onlar Moldovanı Rumıniya ilə birləşdirmək istəsələr, biz nə edə bilərik? Yaxud Ukrayna və ya Rusiya ilə birləşmək istəyərlərsə, əlimizdən nə gələcək? O zaman biz olmayacağıq və qərarı onlar verəcəklər".

Göründüyü kimi, Moldova Konstitusiyası hazırda hadisələrin bu cür gedişini istisna etsə də, prezident mövzunu açıq saxlayır. Yəni, gələcəkdə bu baş verə bilər. Güman ki, Kişinyov Moskvanın ciddi təzyiqi ilə üzləşəcəyi təqdirdə, Qərbdən onun (Rumıniyanın tərkibində) Aİ-yə qəbul olunacağına qəti zəmanət alacaqsa, bu, reallığa çevriləcək. Bu halda Moldovada Rumıniya ilə birləşməyi nəzərdə tutan yeni Konstitusiyanın qəbulu təşəbbüsü meydana çıxa bilər.

Dnesrtyanı problem haqda da danışan N.Timofti bildirib ki, Rusiyaya heç bir etirazı yoxdur və o, problemin beynəlxalq sənədlər və Moldova-Rusiya razılaşmalarına, bu iki ölkənin fərqli çəkilərinə rəğmən, bərabər hüquqlara əsasən həllinə tərəfdardır. Moldova suveren dövlət olduğundan, Rusiya öz silahlarını onun ərazisindən çıxarmalı, ordu mülki nəzarət missiyası ilə əvəzlənməlidir. Prezident hesab edir ki, bunlar sakitliyi tanklar və təyyarələrsiz qorumaq üçün vacibdir.

Moldovanın yeni prezidentinin bəyanatı okeanın o tayında məmnunluqla qarşılanıb. Vaşinqtonda Moldova XİN başçısı Y.Lyanke ilə görüşən ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, ölkəsi Moldovanı Avropanın bu hissəsində uğurun nümunəsi sayır. Klinton Kişinyovun Avropaya inteqrasiya yolunu qəti şəkildə dəstəklədiklərini  də söyləyib.

Qəribədir ki, Kişinyovla Vaşinqton arasında bu lütfkarlıq mübadiləsi Aİ-nin diqqətini çəkməyib. Brüssel baş verənləri "çoxmənalı susqunluq"la müşahidə edib. Moskva isə ABŞ-Moldova dialoqundakı qarşılıqlı təriflərə əsaslanan dialoqdan qətiyyən razı qalmadığını göstərib. Moldova Konstitusiya Məhkəməsinin N.Timoftini prezident postuna təsdiqlədiyi gün Rusiya dövlət başçısı Dmitri Medvedev bildirib ki, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərdən hər hansı, o cümlədən Moldova Gömrük İttifaqına üzv olmasa, həmin dövlətlərin problemləri yarana bilər. Moldovada bəzi ekspertlər Medvedevin bu bəyanatını Moskva tərəfindən Kişinyova təzyiq kimi qiymətləndirib. Moldova xarici işlər naziri Y.Lyanke isə ölkəsinin Gİ-yə daxil olmaq haqda düşünmədiyini açıq şəkildə ifadə edib. Kişinyov bu mövqeyini, əsasən, Moldova ilə Rusiyanın ümumi sərhədinin olmaması (onları bir-birindən, təxminən, 1000 kilometrlik məsafə ayırır), həmçinin, Gİ-yə rəsmi dəvət almamaları ilə əsaslandırır. Bundan başqa, bu gün Moldovanın xarici ticarət dövriyyəsində payı 18% olan Rusiya artıq Kişinyovun bir nömrəli iqtisadi tərəfdaşı deyil. Hazırda bu sahədə ilk yeri 50%-lik payla Aİ tutur. Onun, təxminən, 16%-i isə Rumıniyanın payına düşür. Üstəlik, bu pay durmadan artır. Bəzi moldovalı ekspertlər hesab edir ki, Buxarest Moldovanın Rusiyadan enerji asılılığının azaldılmasında da ciddi rol oynaya bilər. Onların fikrincə, bu şəraitdə Kişinyovun məhz Rumıniya kartına üstünlük verməsi yeganə patriotik və avropapərəst seçimdir. "Dövlət müstəqilliyi" haqda pafoslu və abstrakt bəyanatlara rəğmən, seçim çox sadədir: ya Rumıniya ilə birlikdə Aİ-yə, ya da geriyə - SSRİ-yə. Üçüncü yol yoxdur", - deyə "Moldova Nova" nəşri yazır.

Moldova ictimaiyyətinin Rumıniya ilə birləşməyə münasibəti isə birmənalı deyil. Martın 25-də Kişinyovda rumınunionist (Rumıniya ilə birləşməyin tərəfdarları) "Birləşmə marşı"nın iştirakçıları ilə Moldova dövlətçiliyinin tərəfdarları arasında toqquşmada da baş verib. İkincilər paytaxtın mərkəzinə Rumıniya ilə birləşməyin tərəfdarlarının yürüşünə mane olmaq üçün toplaşıblarmış.

 

Dnestryanı bölgə - Moldova, Rusiya və Ukraynanın kəsişmə nöqtəsi

Bu konteksdə Tiraspoldakı separatçı rejimin lideri Yevgeni Şevçukun mövqeyi xüsusilə maraqlıdır. O, Dnestryanı bölgənin Avrasiya İqtisadi Birliyinə və Gİ-yə qoşulmaq niyyətində olduğunu, perspektivdə isə Avrasiya İttifaqının formalaşdırılmasında iştirak etməyi planlaşdırdığını bəyan edib.

Fevralın ortalarında Qaqauziya  Xalq Şurası (parlament) da "Moldova Respublikasının Avrasiya inteqrasiyası haqda" analoji bəyanatla çıxış etmişdi.

Martın ilk rübündə Kişinyovda Moldovada Gİ-yə qoşulmaq və Avrasiya İqtisadi Birliyinin təsis edilməsi ilə bağlı referendumun təşkil edilməsi üzrə təşəbbüs qrupunun toplantısı da keçirilib. Təşkilatçılar referendumun keçiriləcəyi tarixi də elan edib - 18 noyabr 2012-ci il. Bu isə rəsmi Kişinyovun Avropaya inteqrasiya kursuna tam ziddir. Çünki bir dövlətin eyni zamanda həm Aİ-nin azad ticarət zonasında, həm də Gİ-də olması mümkün deyil. Bəzi Rusiya KİV iddia edir ki, Moldovada 2011-ci ilin noyabrında keçirilmiş "İctimai rəyin barometri" sorğusunda Moldovanın strateji tərəfdaşının Rusiya olmasını vacib sayan, Gİ-yə üzvlüyü lazım bilən vətəndaşların sayının fərqli düşünənlərdən xeyli çox olduğu üzə çıxıb. Amma Moldovanın Avropaya inteqrasiyasında əsas maneə Dnestryanı problemin həll olunmamış qalmasıdır. Məhz bu problem vasitəsilə Moskva Kişinyova ciddi təzyiqlər göstərir. Bu mənada, Rusiya Prezidenti D.Medvedevin Baş nazirin müavini D.Roqozini Rusiya Prezidentinin "Dnestryanı Moldova Respublikası" üzrə xüsusi nümayəndəsi təyin etməsi ciddi hadisədir. Rusiya hökumətində hərbi-sənaye kompleksi məsələlərini kurasiya edən və Qərblə dialoqda sərt tona üstünlük verən şəxsin bu posta təyin olunması göstərir ki, Kreml Qərblə geosiyasi qarşıdurmada belə bir "kozır"dan imtina etməyi düşünmür.

Bundan başqa, Rusiya Təhlükəsizlik Şurası Dnestryanı bölgəyə 150 milyon dollar yardım ayrılması haqda da qərar qəbul edib.

Moldova XİN Moskvanın son addımlarından təəccübünü və qəzəbini ifadə edib. Kişinyovu xüsusilə Moskvanın D.Roqozinin təyinatını onlarla müzakirə etməməsi və razılaşdırmaması hiddətləndirib. Moldovalı politoloq V.Josu isə Kremlin qərarını bəyənir və hesab edir ki, Rusiya bununla regiondakı siyasətinin effektivliyini artırmaq məqsədi güdür.

Rumıniya prezidentinin strateji məsələlər, təhlükəsizlik və xarici siyasət üzrə məsləhətçisi Y.Kifu isə bu təyinatı həm Aİ-yə, həm də ABŞ-a meydan oxumaq kimi qiymətləndirir: "Moskva Dnestryanı problemdən çox bərk və uzunmüddətli yapışıb. Son siqnal nəzərə alınmaya və adekvat cavabını almaya bilməz. Məhz Rumıniya bu təyinata adekvat cavab verməli, ən yüksək siyasi səviyyədə Aİ və NATO-nun şərq sərhədlərində təhlükəsizlik problemlərini öz üzərinə götürməlidir. Aİ Avropada "siyasətin mühasibatlığa çevrilməsi" kimi yeni tendensiyaya son qoymalı, əsas məsələ olan təhlükəsizliyi yenidən gündəliyə qaytarmalıdır. Bəhanələr və müdafiə mövqeyimizi kənara qoymağın vaxtıdır. Maraqlarımızı, Şərqdə təhlükəsizlik məsələlərinin müzakirəsinin legitimliyini açıq və qəti şəkildə bəyan etməliyik".

Maraqlıdır ki, Ukraynanın "Vətəndaş konstitusiyası konqresi"nin rəhbəri Y.Zbitnev bu incə və çətin vəziyyətdən özünəməxsus yol təklif edir. Rumıniyanın Ukraynadakı səfiri K.İoneskuya ünvanladığı məktubda o, Ukrayna, Moldova, Rumıniya və Rusiyada hökumətlə ictimaiyyət arasında müsbət dialoqun yaradılması, həmçinin, demokratiya və Avropaya inteqrasiyaya kömək üçün təklifini irəli sürüb: Moldova Rumıniyaya, Dnestryanı bölgə isə Ukraynaya.

Amma Kişinyov, çətin ki, buna razılaşsın. İllərdir, Qərb və Rusiyanın ciddi təzyiqi ilə üz-üzə olan Kiyevin d? bu təklifi ciddi qəbul edəcəyi inandırıcı deyil. Üstəlik, Ukrayna Rusiya ilə birlikdə Dnestryanı problemin həlli üzrə "5+2" formatının üzvüdür.

 

Ukraynanın köhnə problemləri

Bu gün rəsmi Kiyev daha çox Moskva və Brüssellə münasibətlərin normallaşması haqda düşünür. Üstəlik, bu məsələdə Aİ Rusiyadan daha sərt mövqe nümayiş etdirir. Brüssel Ukrayna hökumətini demokratik prinsiplərin pozulmasında, müxalifəti ("narıncı inqilab"ın tanınmış simalarını) təqib etməkdə günahlandırır. Avropada əmindirlər ki, Ukrayna demokratiya məktəbində pasiyentdir. Bütün cəbhələrdə Kiyevə təzyiqlər göstərən Aİ ondan sabiq baş nazir Yuliya Timoşenko və eks-daxili işlər naziri Yuri Lutsenkonun həbsdən buraxılmasını da tələb edir. Brüssel həmin şəxslərin bu il oktyabrın sonlarında Ukraynada keçiriləcək parlament seçkisində iştirakına imkan yaradılması tələbini də irəli sürür. Əks təqdirdə, Ukraynanın Aİ-yə assosiativ üzvlüklə bağlı razılaşmanın imzalanmayacağı bildirilir.

Aİ Rusiya ilə Ukrayna arasında qaz razılaşmasının imzalanması zamanı vəzifə səlahiyyətlərini aşmaqda və bununla da ölkə büdcəsinə ciddi ziyan vurmaqda günahlandırılan sabiq baş nazir Y.Timoşenkonun həbsindən narazıdır. Brüssel onun həbsində siyasi məqamlar görür, Timoşenkoya qarşı qaldırılmış cinayət işini saxta hesab edir. Ukrayna hökuməti isə Brüsselin tələblərinə məhəl qoymur: Timoşenkoya qarşı daha bir cinayət işi başlanılıb.

Qeyd edək ki, Y.Timoşenkonun "qaz işi"ni dəqiq nəzərdən keçirdikdə, maraqlı detallar üzə çıxır. Timoşenkonun günahlandırıldığı Rusiya -Ukrayna qaz razılaşması Kiyevlə Moskva arasında növbəti "qaz müharibəsi"ndən sonra 2009-cu il, yanvarın əvvəllərində imzalanıb. O dövrdə Rusiyadan aldığı qazın 80%-ni Ukrayna ərazisi ilə əldə edən Avropa çətin vəziyyətdə qalmışdı. Çünki Moskva Kiyevlə razılığa gələ bilmədiyi üçün Ukraynaya qaz satışını dayandırmış, boruya yalnız Avropa üçün nəzərdə tutulmuş qazı vurmağa başlamışdı. Həmin vaxt Rusiya tərəfi iddia edirdi ki, Ukrayna Avropaya nəql olunan qazı öz tələbatlarını ödəmək üçün istifadə edir. Bundan sonra Kiyevə ciddi təzyiqlər göstərməyə başlandı və o Rusiya ilə özünə sərf etməyən razılaşma imzalamağa məcbur edildi. Nəticədə, Ukrayna Rusiya qazına görə Avropa qiyməti ilə (1000 kubmetrə görə 500 dollar) ödəniş etməyə razılaşdı.

Maraqlıdır ki, o zaman Brüsssel yeni razılaşmada Ukrayna üçün son dərəcə ağır şərtlərin nəzərdə tutulmasından narahat olmadı. Bəlkə bu gün Aİ-nin Y.Timoşenkonun işi ilə bağlı sərt mövqe nümayiş etdirməsi Rusiya ilə Ukrayna arasında imzalanmış qaz razılaşmasının Avropanın xoş simasına kölgə salması ilə bağlıdır? Hətta Ukrayna Prezidenti Viktor Yanukoviçi Moskva ilə Qara dəniz donanmasının Sevastopolda daha 25 il qalmasını nəzərdə tutan və Qərbin sərt tənqidi ilə qarşılaşmış yeni razılaşmanı vaxtından əvvəl imzalamağa məcbur edən də böyük ölçüdə elə həmin razılaşmadakı şərtlər olub. Hər halda, Yanukoviç bu addımı, ilk növbədə, Rusiya qazının qiymətinə görə müəyyən güzəşt əldə etmək üçün atıb (bu gün Ukrayna Rusiya qazını 416 dollardan alır).

Bu gün Kiyev Moskva ilə qazın qiymətində növbəti güzəştlər əldə etmək məqsədilə gərgin danışıqlar aparır. Güman ki, Kiyev xarici siyasətdə ciddi dəyişikliklər etmə-yəcəyi təqdirdə, Moskva güzəştə getməyəcək. Rusiyanın şərti qətidir: müəyyən iqtisadi imtiyazlar yalnız qarşı tərəfin Gİ-də və Avrasiya İqtisadi Birliyində iştirakı halında mümkündür. V.Yanukoviç isə hələlik rus dilinə dövlət dili statusunun veriləcəyi kimi qeyri-müəyyən vədlərlə kifayətlənir.

Bununla yanaşı, martın ilk rübündə Rusiya və Ukrayna arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair bir sıra razılaşmalar imzalanıb. Şübhəsiz, Moskva üçün bu, kifayət deyil. Görünən odur ki, Rusiya səbirlə öz zəfər saatını gözləyir.

"Vətəndaş mövqeyi" təşkilatının lideri, Ukrayna Parlamentinin milli təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri A.Qritsenko iddia edir ki, Rusiya qazın qiymətində endirim etməyə tələsmir: "Putin özünü əmin hiss edir və Yanukoviçin diz çökərək "Buyurun, qaz nəqli sistemimizi, başqa strateji obyektlərimizi - nəyi istəyirsiniz götürün, təki bizə pul, kredit verin" kimi "konstruktiv təklif"lə çıxış edəcəyi anı gözləyir. Bunun əvəzində Aİ nə təklif edir? Ukraynanın Aİ-yə hansısa şübhəli assosiativ üzvlük (tamhüquqlu üzvlüyə zəmanət vermədən) razılaşması və bitib-tükənməyən "narıncı inqilab"lar ideyası".

Bundan başqa, Kiyev Aİ-ni Rusiyanın "Cənub axını" layihəsini dəstəkləməkdə ittiham edir. Bu isə tranzit ölkə olan Ukraynanın mövqelərinə ciddi zərbədir. Bu həm də Kiyevin Moskva ilə dialoqda manevr imkanlarını  məhdudlaşdırır və sonda belə vəziyyət Aİ-nin özünə mənfi təsir göstərə bilər. Çünki Avropanı "dəvəquşu mövqeyi"ndə və Ukraynanın taleyinə etinasızlıqda günahlandıran Ukrayna Kremlin şərtlərini qəbul edə bilər.

Bəzi qərbli analitiklərin fikrincə, Aİ şərq cinahını Rusiyaya bir sadə səbəbdən uduzur: o, həmin bölgəyə Rusiyadan xeyli az şey təklif edə bilər. Qərbə inteqrasiyanın Polşa və İsveçin düşündüyü "Şərq tərəfdaşlığı" proqramında nəzərdə tutulmuş qeyri-konkret perspektivi Moskvanın təkliflərini üstələyə bilməz. "Şərq tərəfdaşlığı" proqramının büdcəsindən 6 ölkəyə ayrılacaq, müəyyən şərtlər daxilində perspektivdə veriləcək bir neçə yüz milyon dolları Moskvanın şübhəsiz ayıracağı milyardlarla dollarla necə müqayisə etmək olar? Bu məsələ ilə məşğul olan ekspertlər Aİ-nin Türkiyə, Belarus, Ukrayna və Moldova siyasətini "uzağı görə bilməmək" kimi qiymətləndirir.

Belə ki, Aİ-nin ümumi xarici siyasətinin formalaşdırılmasının təşəbbüskarları olan Berlin və Paris hələ də effektiv vahid geosiyasi strategiya ortaya qoya bilməyib: Almaniyanın xarici siyasəti ənənəvi olaraq çox tamahkar, Fransanın siyasəti isə həddindən artıq irrosionaldır. Odur ki, Aİ-yə Türkiyə və Ukrayna kimi çoxmilyonlu dövlətlərin qəbulu, təbii ki, onların geosiyasi və iqtisadi maraqlarına cavab vermir. Bundan başqa, Moskva ilə münasibətlərini pozmaq istəməyən Berlin və Paris ?ərqdəki postsovet qonşularını müdafiə etməklə öz maraqlarını qurban verərək, Rusiya ilə mübarizəyə keçmək niyyətində deyil.

Kişinyovla Moskva arasında son gərginlik zamanı Brüsselin ciddi şəkildə susması, g?man ki, məhz bu məqamla bağlıdır. Aİ-nin 2 aparıcı dövləti ilə yanaşı, Avropanın "gənc" üzvləri (Polşa, Çexiya və Litva) də Ukraynanın ünvanına sərt tənqidlər səsləndirir. Ola bilsin,  burada bu dövlətlərin Aİ-nin mümkün yeni üzvlərinə qarşı müəyyən "qısqanclığı" da rol oynayır. Bəlkə də onlar yeni üzvlərin Avropanın dayaqlarının "ata sevgisi"nin bir hissəsini özlərinə cəlb edəcəklərindən ehtiyatlanırlar. Amma məhz bu siyasət Aİ-nin Şərq cinahının odla-su arasında qalmasına səbəb olub. Bu vəziyyət Avropanın strateji maraqlarına cavab verirmi? Bu qiymətli suala Brüssel cavab tapmalıdır.



MƏSLƏHƏT GÖR:

596