15 Mart 2025

Şənbə, 02:52

NOVRUZ, HƏYAT, QAYNAQLAR

Dünya durduqca, bahar bayramının sirri, onun dərinlikləri öz mənasını itirməyəcək

Müəllif:

15.03.2012

Köklər... Hamının kökü var. Hər şeydən öncə bizim valideynlərin, nənə və babaların,  əcdadların kökü bizimçün maraqlıdır. Və hər dəfə bu köklər, demək olar ki, qəlbimizdən süzülərək, bizləri yüz illərin ənənələrindən keçirir. Elə hər dəfə biz təkrar-təkrar bu bayramdan yazanda həmin ənənələrə qaydırıq. Onu dünyanın və bəşəriyyətin ən müdrik bayramlarından biri saymaq olar. Və bu fikrimizdə biz tam haqlıyıq. Axı hər dəfə Novruz gələndə onun dəstəklədiyi köklərini, ənənələrini daha kəskin ihss edirsən. Anlayırsan ki, haradan gəlib-hara gedirik və sual verməyi dayandırırsan, yalnız təbiətin və Yer üzündə hər şeyi yaratmış Tanrının danılmaz müdriklik faktlarını sadalayırsan. Bütün bunlar sübut tələb etmir. Bu, qış yuxusundan oyanışdır. 

İnsan nə qədər yaşlı olsa da, nağıl və macəralar aləminə düşəndə özünü uşaq kimi hiss etməyə başlayır. Bu maraqlıdır. Dörd ünsürün - Suyun, Odun, Torpağın və Küləyin çərşənbə axşamını bayram edirsən. Düşünürsən ki, bayram haqqında hər şeyi bilirsən, amma hər yeni mərhələdə insan ona başqa gözlə baxır - əvvəlcə uşaq gözləri ilə, sonra yeniyetmə kimi, daha sonra isə gənc kimi baxır; illərsonra isə yaşlı insan baxışları ilə yanaşır. Zaman keçir, Novruza öz körpənin gözləri ilə baxmağa başlayırsan, sonra isə nəvənin... ən sonda isə  əbədiyyətin gözü ilə baxırsan. Və hər dəfə bu qavrayış yeni duyğular qazanır, yalnız haqqında hələ heç nə bilmədiyimizlər istisnadır. 

Bu gözəl çərşənbə axşamları... Onların nə qədər əsrarəngiz sehri var. Hər şey hələ qabaqda olan zaman onlar bayramın müjdəçiləri, gözlənti rəmzidirlər. Və bayramlar... Çərşənbə axşamları məşqdir. Hava tonqal iyisi ilə dolur və hər yandan şaqraq səslər gəlir. Uşaqlar odun axtarır, təbəssümlər bəxş edilir, zarafatlar və  yüksək gülüşlər eşidilir. Bir çox adətlər unudulur, amma bayram qalıb. Alovun parıltısı binaların üstünə düşür. Bu gün bayramı başqa cür qarşılayırlar, amma yenə də onun şənliyi azalmayıb və şən  vurnuxmalarla yaddaqalan olur. Gözlərimin qarşısında uşaqlığım və nənəm durur, o, hansı çərşənbənin hansından sonra gəldiyini, hər birinin mənasının nə olduğunu izah edirdi. 

Ana. Ailə. Bayram xonçasının qarşısında oturublar. Hər biri rənginə görə özü üçün bir şam seçir, arzu tutur, əgər həmin şam başqalarından tez yanarsa, deməli, arzu yerinə yetəcək. Mənzildə yanan mumun və qozun qabıqlarının ətri gəlir, sönməkdə olan şamın alovu qoz qabıqlarını yüngülcə dağlayır. İndi anlayıram ki, anam bütün bunları biz uşaqlar üçün bayramı daha maraqlı, ailə ənənəsi üçün mənalı, daha həyəcanlı etmək üçün  düşünürdü. Gerçəkdən, anamın bu bayramın üzərində əsməsi xüsusi rol oynayırdı, onda bütün ev alt-üst edilib təmizlənirdi ki, sonradan ideal nizam verilsin. Bu çox vacibdir. Bununla bağlı heç kim zarafat edə bilməzdi.  Çünki belə lazım idi. Və bu ideal səliqə qanunu heç kim şübhə altına salmayacaq. 

Bayramdan xeyli əvvəl diqqətcil ana müxtəlif quru meyvələrin ehtiyatını tuturdu və onlar sonradan Novruzun sirrinin bir hissəsinə çevrilirdi. Servantın gizli yerləri onlarla dolu olardı və qapını azacıq aralayanda onların əsrarəngiz ətri ətrafa yayılmağa başlayardı. Həmin an yalnız bir şey arzulayırsan, bayram tez gəlsin və durmadan bütün bu təamların dadına baxasan. Dadabaxma isə ilk çərşənbə axşamında başlayır, fevrala düşən bu çərşənbəni xalq arasında "yalançı çərşənbə" adlandırırlar. İnsanlar yavaş-yavaş hazırlaşırlar, şirniyyat, fındıq, quru meyvələr alırlar. Gələn ay üçün təqvim tuturlar, yır-yığışa nə vaxt başlayıb, nə vaxt qurtarmağı, bayram şirniyyatı bişirməyə nə vaxt başlamağı, mərhumları nə vaxt yada salmağı  müəyyən edirlər. Həmin günlərdə insanlar heç nəyi və heç kimi unutmurlar. 

Novruzun ətirləri. Onlar mütləq hər bir ailə ocağını doldurmalıdırlar, bu, şirniyyatların ətridir. Onlar bərəkət gətirirlər və bolluğun rəmzidirlər. Əgər kiminsə bişirməyə imkanı yoxdursa, bu ailə də bayram şirniyyatsız qalmır. Buna şübhə etməyin, kimsə onları qonaq edir. Bu belə qəbul edilib və həmişə belə olacaq. 

Nənəm danışardı ki, birinci (Su), ikinci (Od) və üçüncü (Torpaq) çərşənbələrdə ailənin quru meyvədolu və üzərində şamlar yanan sini qoyulmuş masa ətrafına toplanması çox vacibdir. Sinidə mütləq alma, şirniyyat və hansısa qızıl əşya olmalıdır. Həmin günlərdə dalaşmaq və söyüşmək olmaz, əksinə, yaxşı günləri xatılamaq, oyun oynamaq və qulaqfalına çıxmaq lazımdır. 

Şəksiz ki, şəhər həyatı və qayğılar Novruz günlərini sadələşdirib. Havalar qızsa da, biz bu bayrama mənzillərimizin pəncərəsindən baxırıq. Həyət uşaqlarının  böyüklərin yardımı ilə qaladığı gur tonqal, sonra tam yanmış və çiliklənmiş kömürlərin közərtisi unudulmur. Novruz baharının gəlişinin qarşılanmasının hər mərhələsinin öz mənası var. Ahıllar deyir ki, Su çərşənbəsi torpağın əsas atributlarından biri kimi əriyən qarın rəmzidir. O bildirir ki, hava getdikcə qızır. Məhz buna görə, onun dalınca Od çərşənbəsi gəlir və yalnız bədəni deyil, həm də ruhu təmizləyir. Əgər həmin gün insan tonqaldan tullanarsa, alov bütün ağırlığı özü ilə aparar.  Daha sonra Yel çəşənbəsi gəlir, onda Şərq küləkləri təbiəti oyadır. Baharın özü isə hüquqlarını Torpaq çərşənbəsində əldə edir, o, təbiətin oyanışının rəmzidir. 

Novruzun rəmzləri bizim həyatın axını kimidir. Onlar öz axarına düşür, zirvəyə çatır, daha sonra yavaş-yavaş enişə doğru gedirlər. Onlar bizim irsimizdir və nə qədər ki, Yer üzərində bəşəriyyət olacaq, bu bayramın sirri, onun dərinliyi mənasını itirməyəcək. 



MƏSLƏHƏT GÖR:

594