15 Mart 2025

Şənbə, 02:46

KİMSƏ QAMÇI İLƏ, KİMSƏ DƏ "ŞİRİN ÇÖRƏK"LƏ

Brüssel ilə Minsk arasında "diplomatik müharibə" kimin işinə yarayır?

Müəllif:

15.03.2012

Avropa ilə Belarus yenidən "diplomatik müharibə"yə başlayıb. Avropa İttifaqı (Aİ) ilə Belarus arasında qarşılıqlı münasibətlərdəki son gərginləyi məhz belə adlandırmaq olar. Tərəflərin ritorikasında son dərəcə sərtlik hökm sürməkdədir və bu, qarşılıqlı diplomatik demarşlara səbəb olub.

Brüssel və Minsk arasında münasibətlər 2010-cu ilin dekabrında Belarusda keçirilmiş prezident seçkisindən sonra onsuz da yaxşı deyildi. Həmin vaxt Yaxın Şərq və Şimali Afrikanın bir sıra ölkələrində "ərəb baharı" adlanan məşhur hadisələr başlamışdı. Qərb tərəfindən dəstəklənən Belarus müxalifəti də bu anı öz ölkələrində "Avropanın son diktatoru"nun (Prezident Aleksandr Lukaşenkonu belə adlandırırlar) hakimiyyətinə son qoyacaq "narıncı inqilab"ın baş verməsi üçün uyğun vaxt hesab edirdi. Amma onların bu istəyi baş tutmadı. Müxalifətin vətəndaş itaətsizliyinin təşkilinə dair cəhdləri asayiş keşikçilərinin sərt müqaviməti ilə qarşılandı, radikal müxalifətin bir sıra liderləri həbs olundu. O vaxtdan bu məsələ Qərbin əlində rəsmi Minskə təzyiq üçün siyasi alətə çevrilib. Amma ABŞ və Aİ həmin vaxtadək də A.Lukaşenkonun və Belarus hakimiyyətindəki bir sıra şəxslərin onların ərazisinə daxil olmalarını qadağan etmişdi.

2011-ci ilin yanvarında Polşa da Lukaşenkonun ölkəyə buraxılmasını yenidən qadağan edib. Elə həmin ilin aprelində Avropa İttifaqı Şurası Lukaşenko və daha 35 rəsmi şəxsin quruma üzv dövlətlərə səfərlərini qadağan edən sənədin müddətini 2011-ci il oktyabrın 31-dək uzatmışdı.

Rusiyada bu yaxınlarda keçirilmiş prezident seçkisi ərəfəsində Minskdə olmuş Çexiya XİN-in xüsusitəyinatlı səfiri P.Mareşi Aİ ilə Belarus arasında hazırkı münasibətləri "dalana dirəniş" kimi xarakterizə edib. Çexiyalı diplomatın səfərində əsas məqsəd rəsmi Minskin hansı şərtlər qarşılığında Aİ-yə güzəştə gedə biləcəyini müəyyənləşdirmək olub. Belə görünür ki, P.Mareşi və Qərblə Şərq arasıda balanslaşdırma taktikasından imtina etməyən A.Lukaşenko ortaq məxrəcə gələ bilməyiblər. Mareşi bildirib ki, Belarusun təcrid vəziyyətində olması heç kimə kömək etməyəcək. O, bu vəziyyətdən yararlanacaq yalnız bir paytaxtın olduğunu deyib. Şübhəsiz, diplomat V.Putinin Kremlə qayıdışından sonra Minski Rusiya xarici siyasətinin nüfuz dairəsinə daha çox salmağa çalışacaq Moskvanı nəzərdə tutub. Bu vəziyyət, əlbəttə ki, onsuz da Rusiyanın birmənalı olaraq hakim rolunda çıxış etdiyi Gömrük İttifaqı (Gİ) və Vahid İqtisadi Məkanın (VİM) yaradılmasını, həmçinin, Putinin Avrasiya İttifaqı ideyasını qəzəblə qarşılamış Qərbin maraqlarına uyğun deyil.

P.Mareşinin Minskə nəticəsiz səfəri fevralın son günlərində Avropa İttifaqı Şurasının Aİ XİNŞ-in Belarusla bağlı yeni qərarını təsdiqləməsinə səbəb olub. Həmin qərara əsasən, Belarus hakimiyyətində təmsil olunan və Aİ-yə səfəri qadağan edilmiş şəxslərin sayı daha 21 nəfər artıb. Bununla da adları Aİ-nin "qara siyahı"sına salınmış belarusluların sayı Lukaşenko və onun böyük oğulları da daxil olmaqla, 231 nəfərə çatıb. Brüsseldə hesab edirlər ki, onların hər biri ölkədəki siyasi repressiyalarda, demokratik hüquq və azadlıqların boğulmasında günahkardır. Martda Aİ "Lukaşenko rejimi"nin maddi dayağı olan Belarus biznesinin nümayəndələrinə qarşı da sanksiyaları genişləndirmək niyyətindədir.

Maraqlıdır ki, sanksiyaların sərtləşdirilməsinə rəğmən, Aİ Lukaşenkonun bu yaxınlarda xəbərdarlıq etdiyi "qırmızı xətt"i keçməyib. Əvvəlcə "qara siyahı"ya əlavə 135 nəfərin adının salınması nəzərdə tutulsa da, sonda bu rəqəm 21-ə endirilib. Bəzi analitiklər hesab edir ki, bu, Brüsselin Belarus məsələsinə yanaşmasının düzgünlüyünə tam əmin olmadığını göstərir. Sanksiyaların mexaniki şəkildə eskalasiyası isə yaxşı heç nə vəd etmir.

Ciddi maddi problemlərlə üzləşmiş Avropanın A.Lukaşenko ilə "döyüşmək" üçün gücü çatmayacaq və o, yəqin ki, daha zirək oyun aparmaq üçün Minskin istənilən güzəştindən "yapışmaqdan" şad olardı. Üstəlik, Aİ-də Belarus məsələsi ilə bağlı tam vahid mövqe də yoxdur. Məlum olub ki, yeni sanksiyaların tətbiqi zamanı Sloveniya belaruslu biznesmen Y.Çijin adının "qara siyahı"ya salınmasını əngəlləyib. Çünki sloveniyalıların Çijin "Traypl" firması ilə işgüzar əlaqələri var. Litva və Latviyanın təsərrüfatı da Belarusla iqtisadi əlaqələrdən ciddi şəkildə asılı vəziyyətdədir. Belarus neft məhsullarının alışı məsələsində Minsklə sıx əməkdaşlıq edənlər arasında Niderland da var. Hətta Aİ-nin Belarus rejiminə tətbiq etdiyi sanksiyanın pozulmasına görə 116,5 min avro cərimənin və ya 5 ilədək həbsin nəzərdə tutulduğu Maltada "Samuel International" şirkəti qeydiyyata alınıb. Onun ticarət direktoru isə, Qərbin fikrincə, Lukaşenkonun "pul kəsənləri"ndən olan V.Peftiyevdir.

Minsk Aİ-nin sanksiyalarına cavab olaraq, qurumdakı nümayəndəsini və Polşadakı səfirini geri çağırıb. Eyni zamanda, Belarus Minskdəki Aİ səfirlərinə "məsləhətləşmə üçün öz paytaxtlarına yollanmalarını" məsləhət görüb. Bundan sonra Brüsseldə siyasi məsələlər və təhlükəsizlik məsələləri komitəsinin təcili toplantısı keçirilib və Aİ səfirlərinin həmrəylik nümayiş etdirmələrinə, Minskdəki diplomatik nümayəndələrini geri çağırmalarına dair qərar çıxarılıb. Bundan başqa, Brüssel və Vaşinqton növbəti dəfə Belarus hakimiyyətinin ünvanına sərt bəyanatla çıxış edib. "Veymar üçlüyü"nün (Polşa, Almaniya və Fransa arasındakı hərbi ittifaq) XİN başçıları ölkələrində demokratik inkişaf uğrunda mübarizə aparan belaruslu dissidentlərə dəstək verib, Lukaşenko rejiminin fərqli düşünənlərin təqibini dayandırmayacağı təqdirdə, ona qarşı yeni sanksiyaların  mümkünlüyünə dair müzakirə aparıb.

Polşanın xarici işlər naziri R.Sikorski bəyan edib ki, Minsklə dialoq yalnız siyasi məhbusların azad olunacağı təqdirdə mümkündür. Almaniyanın XİN başçısı G.Vestervelle isə A.Lukaşenkonu diktatura rejimi qurmaqda günahlandırıb. O bildirib ki, bütünlükdə Aİ-nin Minskə yekdil cavabı demokratiyaya dəstək baxımından güclü jestdir: "İnsan haqlarının müdafiəsinə ehtiyac yaranan zaman Brüssel bir olmalıdır".

Belarus prezidenti Aİ ölkələrinin səfirlərini geri çağırmasını "isterika" adlandırıb və kifayət qədər sərt fikirlər səsləndirib:  "Bu isterikanın avanqardında iki tip siyasətçi, daha doğrusu, iki siyasətçi tip dayanır. Bir nazir Varşavada yaşayır, ikincisi Berlində. Qonşumuzun belə canfəşanlıq etməsinin səbəbini başa düşürəm: bilirik ki, Polşada artıq xəritələr də çəkilib, orada ölkənin səhədləri Minskə qədər gəlib çıxır. İkinci siyasətçiyə gəlincə - o, çəhrayıdır, mavidir, bilmirəm. Belarusda diktaturadan danışır. Bunu eşidəndə düşündüm ki, mavi olmaqdansa, diktator olmaq daha yaxşıdır".

 A.Lukaşenko Belarus hakimləri və hüquq-mühafizə orqanları nümayəndələrinə sanksiyalar tətbiq edən avropalı siyasətçiləri Belarusu dövlət kimi məhv etməyə çalışmaqda günahlandırıb. Minsk yalnız söz atışması ilə kifayətlənməyib. Belarus Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN baçşılarının və Vışeqrad qrupunun martın 5-də Praqada keçirilmiş toplantısına qatılmaqdan imtina edib. Belarus hökuməti ölkə müxalifətçilərinin xaricə səfərlərinə də əngəl yaratmağa başlayıb.

Maraqlı məqamlardan biri Brüsselin Avropa Parlamentinin vitse-spikeri Y.Protaseviç vasitəsilə Aİ-nin Minsklə dialoqda bütün körpüləri yandırmaq fikrində olmadığını bəyan etməsidir: "Biz Brüsseldəki sessiya zamanı Belarusla bağlı qətnamənin 2 həftə sonra təsdiqlənməsi qərarını bilərəkdən verdik. Bununla hər şeydən əvvəl Minskə düşünmək üçün vaxt verməyə çalışdıq. Axı hər şeyi Minsk başlayıb. Ola bilsin, bu iki həftədə ayılsınlar". Bununla yanaşı, Protaseviç bir daha xatırladıb ki, Minsklə dialoqun bərpası üçün şərt dəyişməzdir: siyasi məhbuslar azad olunmalıdır.

Elə Belarus lideri də Aİ ilə münasibətləri birdəfəlik pozmaq fikrində deyil. Çünki bu ona zaman-zaman A.Lukaşenkonun ünvanına sərt bəyanatlar səsləndirən Moskva ilə dialoqda mahircəsinə manevrlər etmək imkanı verir.

Moskva da öz növbəsində yaranmış vəziyyətdən ustalıqla öz maraqları üçün istifadə edir. Hələ fevralın 24-də Rusiya və Belarus prezidentləri Aİ və ABŞ tərəfindən Minskə iqtisadi sanksiyların tətbiqinin yolverilməzliyinə dair birgə bəyanatla çıxış ediblər. Bəyanatda bildirilirdi ki, onlar dövlətlərarası münasibətlərdə iqtisadi təzyiqdən və məcburetmədən istifadəni yolverilməz sayırlar.

Analoji bəyanat Belarusun Gömrük İttifaqındakı müttəfiqləri olan Rusiya və Qazaxıstan tərəfindən də səsləndirilib. "Avropanın sanksiyaları Gömrük İttifaqı və Vahid İqtisadi Məkanın fəaliyyətinə maneədir. Belə addımlar ticarətdə süni əngəllər, Gİ/VİM ərazisində təsərrüfat subyektlərinin iqtisadi əməkdaşlığına əsassız iqtisadi maneələr yaradır", - deyə bəyanatda bildirilir.

Qeyd etmək lazımdır ki, belə vəziyyətlərdən maksimum nəticə əldə etmək taktikası Belarusla müqayisədə Rusiyada daha yaxşı alınır. Son 2 il ərzində Belarusun ən nəhəng ticarət tərəfdaşı və bir nömrəli kreditoru olan Rusiya Minski öz iqtisadi və geosiyasi maraqları əhatəsinə qaytarmaq baxımından çox yerinə düşən bir sıra iqtisadi addımlar atıb. 2010-cu ildə Belarusda keçirilmiş prezident seçkisi ərəfəsində Moskva Aİ ilə birlikdə A.Lukaşenkoya təzyiqlər göstərir, onu diktatorluqda ittiham edirdi. Lakin seçkidən sonra o, qəzəbini mərhəmətlə əvəzlədi. Artıq 2011-ci il noyabrın sonlarında Moskva Belarusa əlindən gələn iqtisadi yardımı göstərməyə başladı. 2012-ci ildən Moskva Minskə qazın qiymətində də endirim edib. İndi Belarus Rusiya qazının 1000 kubmetrini 165,5 dollara alır. Ukrayna üçün isə bu qiymət 416 dollardır. Moskva Belarusa AES tikintisi üçün 10 milyard dollarlıq kredit də ayırıb.

Əlbəttə ki, Kremlin bu addımları alturizm göstəricisi deyil. Güzəştlər və kreditlərin əvəzində Rusiyanın qaz monopoliyaçısı "Qazprom" 2,5 milyard dollara Belarusun qaz nəqli sisteminin indiyədək özünə məxsus olmayan hissəsini də ələ keçirib. Xatırladaq ki, "Beltransqaz"ın 50%-i onsuz da "Qazprom"un idi. İndi Belarus vasitəsilə Avropaya uzanan qaz kəmərləri tamamilə Rusiyanın nəzarətinə keçib.

Belarus hakimiyyəti üçün ən çətin vaxtda - BVF-nin Minskə 5 milyard dollarlıq kredit ayırmaqdan imtina etdiyi zaman, Moskva operativ olaraq, "qamçı"nı "pryanik"lə əvəz edərək, Qərblə (orada isə "pryanik"dən Belarus müxalifətini cəlb etmək üçün istifadə edirlər) geosiyasi qarşıdurmada taktiki qələbəsini təmin etdi.

Aİ ilə həmrəylik nümayişi olaraq, BVF missiyası artıq Minski tərk edib. Apreldə fondun nüma-yəndəliyinin rəhbəri N.Koldina da Belarusu tərk edəcək.

Minski tərk etməzdən əvvəl BVF missiyasının rəhbəri K.Carvis jurnalistlərə bildirib ki, kreditlə bağlı danışıqlar şəxsən Prezident A.Lukaşenkonun islahatlar vədi verəcəyi təqdirdə mümkündür. Amma ən başlıca maneə bu deyil. Hər hansı ölkəyə pul ayrılması üçün BVF-nin üzvü olan bütün dövlətlər razılıq verməlidirlər. Qərblə Belarus arasındakı hazırkı münasibətlər fonunda bu məsələdə Minski, çətin ki, uğur gözləsin. "EvrAzES"in antiböhran fondunun kreditinə gəlincə, bunun müqabilində Belarus 2,5 milyard dollarlıq özəlləşdirməyə razılıq verməli olacaq. Bu konteksdə Belarus NEZ, neft kəmərləri, kimya müəssisələrini satışa çıxara bilər ki, bütün bunlar artıq çoxdan Rusiya oliqarxlarının nəzərindədir. Moskva artıq "Belaruskali" müəssisəsini hədəfə alıb. Bu, ölkənin ən nəhəng kalium gübrəsi istehsal edən müəssisələrindəndir. Yeri gəlmişkən, artıq Belarusa güzəştli şərtlərlə 1 milyard dollar kredit vermiş Çin də bu nadir obyekti hədəfə götürüb. İki ölkə rəhbərliyi səviyyəsində çinli biznesmenlərin Belarusun müxtəlif milli layihələrində iştirakı qarşılığında 15 milyard dollarlıq Çin kreditinin reallaşdırılması məsələsi də müzakirə olunur.

Qərb isə görünür ki, Belarus müxalifətinə cüzi xərc çəkməklə bu ölkədə hakimiyyətin dəyiş-məsinə nail olmağı (bəzi ölkələrdə bu taktika kifayət qədər uğurlu alınıb), daha sonra Minski müttəfiqlərinin orbitinə salmağı düşünür. Obrazlı şəkildə ifadə etsək, Şərqi Avropa Belarusunun ürəyini ələ almaq uğrunda 3 oyunçu mübarizə aparır: Qərb (Aİ və ABŞ), Avrasiya Rusiyası və Asiya Çini. Hazırda bu mübarizədə Moskva ilə Pekinin mövqeləri daha güclü görünür. Brüssellə Minsk arasında diplomatik savaş isə daha çox Qərblə Belarusun yox, məhz Rusiya ilə Çinin xeyrinə işləyir.



MƏSLƏHƏT GÖR:

503