12 Mart 2025

Çərşənbə, 22:39

"PUTİNİN ÖZÜNÜTƏSDİQƏ EHTİYACI YOXDUR"

Vitali DıMARSKI: "Rusiyanın siyasətində ümumilikdə hansısa ciddi dəyişiklik olmayacaq"

Müəllif:

15.03.2012

Beynəlxalq arenada, ekspertlər arasında və nüfuzlu KİV-də Rusiyada keçirilmiş prezident seçkisinin nəticələri hələ də əsas müzakirə mövzularından biri olaraq qalır. Bəziləri Vladimir Putinin qələbəsini xalqın iradəsinin təbii ifadəsi sayır, digərləri seçkinin gedişində saxtakarlıqlara yol verildiyini söyləyir, bir başqası isə seçkiyə ilişib-qalmamağı, artıq onun nəticələrinin necə olacağı haqda düşünməyi lazım bilir.

Fond bazarı Rusiyada keçirilmiş prezident seçkisinin nəticəsinə müsbət reaksiya verib. EPFR Global hesabatı göstərir ki, martın ilk həftəsində Rusiya aksiyalarına sərmayə qoyan fondlara investisiya axını 121 milyon dollar təşkil edib. Bu, digər fondlar arasında ən yaxşı göstəricidir.

İstənilən halda, Rusiya öz seçimini edib və indi Moskvanın gələcək siyasəti ilə bağlı müzakirələr səsvermənin nəticələrinə dair diskussiyalarla müqayisədə daha aktualdır. V.Putinin Kremlə dönüşü ilə Rusiyanın siyasətində hansı dəyişikliklərin baş verəcəyi haqda "Diletant" tarix jurnalının baş redaktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professoru Vitali Dımarski ilə söhbətləşdik.

- Rusiyada prezident seçkisi geridə qaldı və qalib məlumdur. Vladimir Putinin rəhbərlik edəcəyi Rusiyanın siyasi kursunda hansı dəyişiklikləri gözləmək olar?

- Rusiyanın siyasətində, ümumilikdə, hansısa ciddi dəyişiklik olmayacaq. Dünya ilə münasibətlərdəki dəyişikliklərə gəldikdə, seçkiqabağı dövrdə Qərbə münasibətdə müşahidə olunan müəyyən sərtləşmə keçib gedəcək. Bu ritorika seçki kampaniyasına hesablanmışdı. Təcrübədə Vladimir Putin Qərbə qarşı seçkiqabağı dövrdəki qədər sərt ola bilməz. Postsovet məkanına münasibətdə isə hələ ki Rusiya siyasətinin dəyişməsi üçün səbəb yoxdur. İstənilən halda, prezident postunda əyləşən şəxsin dəyişməsi keçmiş Sovet respublikalarına münasibətdə heç bir dəyişikliyə səbəb olmayacaq.

- Hər halda, xarici siyasətdə heç bir dəyişikliyin olmayacağını söyləmək də olmaz...

- Rusiya nəhəng fövqəldövlət olaraq, yalnız bir istiqamətə yönələ bilməz. Rusiya üçün 3 prioritet istiqamət var: Qərb, Azərbaycan da daxil olmaqla postsovet məkanı və Çin. Hazırda Rusiya üçün ən vacibi Qərblə münasibətlərin yaxşılaşdırılmasına nail olmaqdır. Ciddi bəyanatlara baxmayaraq, Avropa və ABŞ-la münasibətlər yaxşılaşmayacaq. Buna həm Medvedev, həm də Putinin daxili siyasətləri də öz təsirini göstərib. Qərb bu vəziyyətdən razı deyil və bunu hər kəs anlayır. Sözdə nə deyilməsindən asılı olmayaraq, Rusiyanın Qərb investisiyalarına ehtiyacı var. Bu, sivilizasiya məsələsidir, axı Rusiya öz inkişafını Avropa yolunda görür. Bundan başqa, Qərb Rusiya elitasının sığınacaq yeridir. Onların uşaqları Avropada təhsil alır, özləri orada sağlamlıqlarının qeydinə qalır, istirahət edir, böyük pullar xərcləyir və s. Bununla yanaşı, Qərblə münasibətlər o qədər də yaxşı deyil.

Postsovet ölkələri ilə münasibətlər aydın və sabitdir. Ukraynada Viktor Yanukoviçin hakimiyyətə gəlişindən sonra, sanki hər şey qaydaya düşmüşdü. Amma təcrübə göstərir ki, Yanukoviç daha çox rusiyapərəst yox, ukraynapərəst siyasətçidir. Rusiya Ukraynanın ona "dostyana qucaq açması"nın şahidi olmadı. Bu normaldır və Moskva bu vəziyyətlə barışıb. Moskvada anladılar ki, hətta hakimiyyətə gəlməsini çox istədikləri Yanukoviçin rəhbərliyi belə, Rusiyaya istədiyini verməyəcək. Bu baxımdan, Qazaxıstan, Azərbaycan və Ermənistanla münasibətlər də sabitxarakterlidir. Amma yeni problemlərin ortaya çıxacağı da mümkündür. Məsələn, enerji resurslarının nəqlində belə problemlər yarana bilər. Amma istənilən halda, Rusiya ilə münasibətlərin gərginliyinə elə bir əsas yoxdur.

- Vladimir Putin postsovet məkanı ölkələrinin Avrasiya İttifaqı çərçivəsində inteqrasiyasının tərəfdarıdır. Avrasiya İttifaqı layihəsi Rusiya siyasətində prioritetə çevrilə bilərmi?

- Düşünmürəm. Avrasiya İttifaqı layihəsi Rusiyanın Qərblə, xüsusilə ABŞ-la oynadığı siyasi oyunda "kozır" kimi istifadə olunacaq. Amma bu məsələ ritorikadan o tərəfə keçməyəcək. Daha belə bir kart Moskva-Çin münasibətləridir.

- Dmitri Medvedev prezidentliyi dövründə Azərbaycan və Ermənistanın dövlət başçıları ilə intensiv üçtərəfli görüşlər keçirirdi. Bu prosesin davam edəcəyini gözləmək olarmı?

- Çox şey şəraitdən asılı olacaq. Dmitri Medvedev üçün üçtərəfli görüşlər müəyyən mənada özünütəsdiqdən ötrü (həmçinin, postsovet məkanında) vacib idi. Putinin isə buna ehtiyacı yoxdur. Bu baxımdan, Putinin fəallığı Medvedevinkindən az olacaq. Amma yenə də şərait imkan verərsə, Putin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi qismində nədən kömək etməsin? Lakin Prezident Putinin xarici siyasi prioritetləri arasında Dağlıq Qarabağ probleminin həllinin də yer alacağını düşünmürəm.

Üçtərəfli görüşlər münaqişənin kəskinləşəcəyi və ya tərəflərdən birinin belə görüşə ehtiyacı olduğuna dair mesaj göndərəcəyi təqdirdə baş tuta bilər. Putin özü, çətin ki, belə görüşlərin təşəbbüskarı kimi çıxış etsin. İndi onun üçün ən vacib olanı Rusiya daxilindəki problemlərdir. Medvedevdən fərqli olaraq, Putinin sülhsevər, sülhməramlı və s. qismində özünütəsdiqə ehtiyacı yoxdur.

- Azərbaycanda Rusiyanın strateji obyekti var - Qəbələ RLS. İndiyədək ekoloji baxımdan o qədər də təmiz olmayan bu obyektin icarəsinə görə, Rusiyadan rəmzi sayılacaq dərəcədə cüzi məbləğ tələb olunurdu. Rusiyanın başqa ölkələrin ərazisində icarəyə götürdüyü analoji obyektlərə görə ödədiyi məbləğ bəzi hallarda Azərbaycana ödədiyindən on dəfələrlə artıqdır. Bu üzdən də Bakı RLS-in icarə müddətinin artırılması üçün daha adekvat məbləğ tələb edir. Amma Rusiya Azərbaycanın bu mövqeyini çox pis qarşılayıb...

- Rusiyanın xarici ölkələrdəki obyektlərin icarəsi ilə bağlı problemləri kifayət qədər tez-tez ortaya çıxır. Məsələn, Ukrayna mütəmadi olaraq Qara dəniz donanmasının icarəhaqqı ilə bağlı məsələni gündəmə gətirir. Qəbələ RLS-ə gəlincə, ötən dövr ərzində müəyyən məbləğ ödənilirdi. İndi tərəflərdən biri həmin qiyməti qaldırmaq qərarına gəlib. Dost münasibətində olan ölkələr danışıqlar zamanı ədalətli qiymət müəyyənləşdirməlidirlər. Yəni Qəbələ RLS-in icarəhaqqı məsələsi danışıqlar predmetidir.

- Rusiya və Gürcüstan prezidentlərinin şəxsi münasibətlərində çətinliklərin olduğu sirr deyil. Putinin prezidenliyi dövründə Moskva-Tbilisi münasibətləri daha da gər-ginləşə bilərmi?

- Açığı, bu münasibətlərin yaxşılaşması üçün əsas görmürəm. Burada siyasi problemlərdən başqa, hər iki tərəfin bir-birinə qarşı şəxsi düşmənçiliyi də var.

Bununla yanaşı, münasibətlərin yaxşılaşdırılmasına müəyyən ürəksiz çağırışlar da səsləndirilir - viza rejiminin ləğvi və sair kimi. Əlbəttə ki, hər iki liderin şəxsi münasibətlərini dövlətlərarası münasibətlərdən kənarda aydınlaşdırması yaxşı olardı. 2008-ci il müharibəsinin nəticələri hələ aradan qalxmayıb və bunun üçün illər lazım gələcək. Eyni zamanda, o da aydındır ki, Rusiya ilə Gürcüstan qonşu olaraq qalacaqlar və onların heç biri bölgəni tərk edəsi deyil. Bu yaxınlarda Rusiyanın baş sanitar həkimi Rusiya bazarlarına gürcü şərabı və "Borjomi"nin qaytarıla biləcəyini söyləyib. Bu, ümumi siyasi mənzərədə görünən kiçik detallardır. Çünki Rusiya bazarlarında gürcü şərabları və mineral sularının satışına qadağa qoyulması siyasi addım idi. 

- Rusiyanın miqrasiya siyasətində hansı dəyişiklikləri gözləmək olar? Bizi xüsusilə Rusiyada yaşayan azərbaycanlıların taleyi maraqlandırır...

- Miqrant məsələsi çətin problemdir. Moskvada yalnız azərbaycanlılar yox, digər millətlərin nümayəndələri də çoxdur. Bir tərəfdən hökumət bilir ki, miqrantlar olmadan Rusiya heç nəyə nail ola bilməz. Onlar olmasa, bu boyda ərazi və iqtisadiyyat üçün qüvvə çatışmaz. Digər yandan, rusların miqrantlara münasibətinin mənfi olduğu da sirr deyil. Onların Rusiyaya gəlişi ruslar tərəfindən alqışlanmır. Bu işdə vacib olanı problemi antiqafqazlı, antitacik əhvalını qızışdırmadan, üzdəniraq millətçiləri şirnikləndirmədən həll etməkdir. Çünki seçkiöncəsi həmin millətçilərlə "oyun" oynanıldığını hamımız yaxşı görürdük.   


MƏSLƏHƏT GÖR:

609