
"HARTLAND"da "BÖYÜK OYUN"
Əfqanıstanda nüfuz mübarizəsi qızışır
Müəllif: Fuad HİLALOV Bakı
ABŞ-ın Əfqanıstandakı Bəhram hərbi aviabazasında Quranın yandırılması Əfqanıstan və onun ətrafında ciddi gərginlik yaradıb. Müsəlmanların Müqəddəs Kitabının yandırıldığına dair məlumat hər yanda etiraz dalğasına səbəb olub: Kunduzda minlərlə insan BMT nümayəndəliyinə hücum edərək oranı ələ keçirməyə çalışıb - ölənlər və yaralananlar var. Kabildə isə NATO zabiti öldürülüb. Əfqanıstan və Amerika hökumətinin coşmuş ehtirasları sakitləşdirmək cəhdləri isə heç bir nəticə vermir. "Biz Əfqanıstan sakinlərindən üzr istəyir, belə halları ən sərt şəkildə pisləyirik. Bu əməl ABŞ hərbçilərinin mövqeyini əks etdirmir. Biz istisnasız olaraq bütün dinlərə hörmət edirik", - deyə Pentaqon rəhbərliyinin məsələyə dair bəyanatında bildirilir.
Baş verənlərə görə ABŞ Prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton da rəsmən üzr istəyiblər. BMT Baş katibinin xüsusi nümayəndəsi, BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Yan Kubiş Quranın yandırılmasını "acınacaqlı səhv" adlandırıb.
Amma münaqişə artıq beynəlxalq səviyyəyə keçib. İslam ölkələrində insan kütlələri Amerika səfirlikləri önündə nümayişlər keçirir, İran nümayəndələri isə amerikalılara tövbə etmək üçün müxtəlif variantlar təklif edirlər. "Bu yaranı yalnız Ağ evin yandırılması sağalda bilər",-deyə İranın "Bəsic" (qeyri-nizami xalq qoşunu) bölüyünün komandanı, briqada generalı Məhəmməd Rza Nakdi bildirib.
Bir sıra analitiklər hesab edir ki, bu insidenti, sadəcə, "xoşagəlməz səhv" saymaq olmaz. Belə düşünən analitiklər bildirir ki, amerikalı hərbçilər indiyədək İraq və Əfqanıstanda belə "səhv"ə dəfələrlə yol veriblər. Məsələn, ötən ilin sonlarında dünya informasiya agentlikləri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra, bu ölkədə sabitliyə nail olunması məqsədilə "Taliban"la Amerika xüsusi xidmət orqanları arasında gizli danışıqların getdiyinə dair xəbər yaymışdı. Məlumatın ABŞ və Əfqanıstanın rəsmi strukturları tərəfindən təsdiqlənməsindən dərhal sonra - yanvarın ortalarında İnternetdə ABŞ dəniz piyadalarının əfqanların cəsədlərini təhqir etdiyini göstərən videoçarx yerləşdirildi. Bu görüntülər həm Əfqanıstanda, həm də ondan kənarda ciddi qəzəblə qarşılandı. O zaman Əfqanıstanda onsuz da sakit olmayan vəziyyətin daha da gərginləşməsini önləmək mümkün oldu. Amma bunun üzərindən 1 ay keçməmiş, Quranla bağlı sözügedən insident baş verdi.
Bu dəfə kütləvi narazılığın miqyası və gücü, həmçinin, bəzi NATO ölkələrinin baş verənlərə reaksiyası Əfqanıstandakı hazırkı düzəndən razı olmayan, qeyri-sabit vəziyyət fonunda mövqelərini gücləndirməyə çalışan bəzi qüvvələrin əməlləri haqda danışmağa əsas verir.
Əfqanıstan və onun ətrafındakı real vəziyyəti qiymətləndirmək üçün bu ölkənin geosiyasi əhəmiyyətinə, həmçinin, xarici və daxili oyunçuların fəaliyyətinə diqqət yetirmək lazımdır. Müasir Əfqanıstan ərazisini heç bir şişirtməyə yol vermədən, geostrateji baxımdan ən vacib ərazi adlandırmaq olar. Bu regiona nəzarəti ələ almış qüvvə qonşu fövqəldövlətlərə - Çin və Hindistana (yaxın gələcəkdə o da fövqəldövlətə çevriləcək), həmçinin, İran və Pakistana da təsir göstərmək iqtidarındadır. Əfqanıstanın şimalında Mərkəzi Asiya dövlətləri yerləşir, bir tərəfdə isə Rusiyanın cənub sərhədləri.
Bu ərazilər Mərkəzi Asiyanın - Avrasiyanın ürəyi sayılır. Geosiyasətin yaradıcılarından olmuş X.Makinder onu Hartland (ingiliscə Heartland) adlandıraraq, öz nəzəriyyəsini belə ifadə etmişdi: "Kim Hartlanda nəzarət edirsə, Dünya adasına (yəni Avrasiya və Afrikaya) da o hökm edir; Dünya adasına nəzarət edənlər isə dünyaya hökm edir".
Əfqanıstanın məhz geosiyasi əhəmiyyətinin unikallığı artıq bir neçə yüzillikdir ki, dünyanın superfövqəldövlətlərinin diqqətini özünə cəlb edir və onlar bir an belə, bu regionu diqqətdənkənar qoymurlar.
Bu regionun geosiyasi əhəmiyyəti 90-cı illərin sonlarından artmağa başladı. Buna səbəb İranın nüvə proqramının bərpası, Çin və Hindistanın (sonuncu tədricən regional oyunçudan dünya miqyasında fövqəldövlətə çevrilməkdədir) iqtisadi inkişafı, Rusiyanın regionda artan rolu və ən başlıcası, Xəzəryanı ölkələrin enerji-boru xətti siyasəti oldu.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra, daha dəqiqi, elə həmin gün ABŞ hökuməti terror aktında Üsəma ben Ladeni ittiham edərək, onun Əfqanıstanda gizləndiyini bəyan etdi. Vaşinqton həmin vaxt Əfqanıstanda hakimiyyətdə olan "Taliban"dan ölkədə gizlənmiş bütün terrorçuların onlara təhvil verilməsini tələb etdi. "Taliban"ın bu tələbi rədd etməsi isə hərbi müdaxilə üçün formal səbəbə çevrildi. Əfqanıstanda hərbi əməliyyatların ilk mərhələsi nisbətən az zərərlə başa çatdı. Artıq 2002-ci ilin əvvəlində taliblərin hakimiyyəti devrildi. Hərəkatın əksər üzvləri təslim oldu və bunun əvəzində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən yaxşı pul mükafatı əldə etdi. Amma taliblər bununla heç də güclərini itirmədilər, əksinə, partizan müharibəsinə keçməklə amerikalılara ciddi zərbələr endirməyə başladılar.
2001-ci ilin noyabrında keçirilmiş ilk Bonn konfransından və Həmid Kərzainin Əfqanıstanda hakimiyyətə gəlişindən sonra, BMT-nin himayəsi ilə çoxmillətli sülhməramlı kontingent (ISAF) yaradıldı. Ona rəhbərlik NATO-ya həvalə olundu. İndi 2014-cü ildə NATO qüvvələrinin əsas hissəsinin Əfqanıstandan çıxarılması gözlənilir. NATO-nun Əfqanıstanı tərk etməsindən sonra, orada təhlükəsizlik və sabitliyin təmini isə çox vacib bir məsələdir.
Qərbin Əfqanıstanda hərbi mövcudluğundan keçən 10 ildə yalnız bir şey aydındır: Əfqanıstanda Kərzai hakimiyyətinin nüfuzu gündən-günə azalır. Kərzai hakimiyyəti heç kimlə bölüşməmək üçün 2004 və 2009-cu illərdə keçirilmiş prezident seçkisində onu dəstəkləmiş siyasi qüvvələri tədricən ətrafından uzaqlaşdırır. O, xalq arasında nüfuzunu artırmaq üçün Amerikadan müstəqil siyasət yürütməyə çalışır. Amma hələ ki buna tam nail ola bilmir.
Kərzainin rəqiblərini bir çox məsələlərdəki fikir ayrılıqlarına rəğmən, bir məqam birləşdirir. Bu məqam hazırkı hakimiyyətin 2014-cü ildə beynəlxalq qüvvələrin Əfqanıstanı tərk etməsindən sonra, ölkəyə rəhbərlik edə bilməyəcəyi düşüncəsidir. Bunu regionda strateji maraqları olan dövlətlər də anlayır və Əfqanıstandakı mövcudluqlarını leqallaşdırmağa çalışır. Məhz bu baxımdan artıq indidən bir sıra fövqəldövlətlər Əfqanıstandakı alternativ siyasi qüvvələrlə əlaqələr qurmağa çalışır. Ötən il noyabrın sonlarında Əfqanıstana səfər etmiş ABŞ-ın dövlət katibi Hillari Klintonun ölkədə vəziyyətin qaydaya salınmasına dair danışıqlara taliblərin hələ də qatılmaq imkanının olduğunu bəyan etməsi də təsadüf deyildi. 10 illik müharibədən sonra ortaya qoyulmuş bu mövqe, əlbəttə ki, bir çoxlarını təəccübləndirib. Amma artıq amerikalılar da, Əfqanıstan rəsmiləri də, uzun susqunluqdan sonra taliblərin özləri də ABŞ nümayəndələri ilə "Taliban" arasında ötən ilin sonlarında Qətərdə danışıqların baş tutduğunu etiraf edib. Qeyd edək ki, "Taliban" Qətarda öz nümayəndəliyini açıb.
ABŞ-ın regiondakı əsas müttəfiqi olan Qətar görüş yeri kimi hər iki tərəfi, xüsusilə amerikalıları qane edirdi.
Əfqanıstan rəsmiləri isə əvvəlcə hadisələrin belə gedişinə son dərəcə mənfi reaksiya vermişdi. Hətta Kabil məsləhətləşmə üçün öz səfirini geri də çağırmışdı. Kərzai bu mövqeyini Əfqanıstanın eks-prezidenti Bürhanəddin Rəbbaninin "Taliban" yaraqlıları tərəfindən öldürülməsi ilə əsaslandırırdı. Lakin sonradan o, vəziyyətin çıxılmaz olduğunu anladı və ABŞ-la taliblər arasında sülh danışıqlarını dəstəkləməyə başladı. Amma eyni zamanda, Kərzai proseslə bağlı öz məsləhətlərini də verməyi lazım bildi.
Taliblər isə danışıqlarda Əfqanıstanın hazırkı rəhbərliyinin iştirakına qarşı çıxırlar. Onlar bunu hakim rejimin "marionet olması", bütün qərarların "yalnız ABŞ tərəfindən qəbul edilməsi" ilə əsaslandırdılar. Bundan başqa, "Taliban" nümayəndələri Əfqanıstandan öz qoşunlarını çıxaracağı dəqiq tarixin açıqlanmasını da ABŞ-dan tələb edir.
Qətar danışıqlarına Əfqanıstanın sabiq baş naziri, "Hizb-i-İslami" təşkilatının lideri Q. Hikmətiyar da mənfi reaksiya verib. Qeyd edək ki, onun başçılıq etdiyi təşkilatın silahlı birləşmələri ölkədə "Taliban"dan sonra ən güclü qüvvə sayılır.
Hikmətiyar bildirib ki, "pərdəarxası"nda "Taliban"ın qanadlarından biri ilə aparılan danışıqlar Əfqanıstana sülh və sabitlik gətirmək iqtidarında deyil". Bununla da taliblər arasında fikir ayrılığının olduğuna işarə edən Hikmətiyar əvvəllər özünün də ABŞ-la danışıqlara getmək təklifi aldığını, amma bundan imtina etdiyini söyləyib.
Hikmətiyarın kürəkəni Qeyrət Bahir isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Devid Petreus, ABŞ-ın Əfqanıstandakı səfiri Ra-yan Kroker və NATO-nun bu ölkədəki qoşunlarının komandanı general Con Allen ilə şəxsən görüşdüyünü bəyan edib. Görüşün nə vaxt baş tutduğu açıqlanmır. Bahirin sözlərinə görə, danışıqlar zamanı o, amerikalılara bildirib ki, ABŞ Əfqanıstanda sülhə nail olmaq üçün yalnız "Taliban"la yox, həm də ölkənin şimalında və şərqində "Hizb-i-İslami"yə məxsus minlərlə döyüşçünün tabe olduğu Hikmətiyarla razılıq əldə etməlidir. Hikmətiyarın kürəkəninin bu bəyanatını ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri də təkzib etməyib.
ABŞ Pakistan və Əfqanıstan ərazisində fəaliyyət göstərən Hakkani şəbəkəsinin yaraqlıları ilə də danışıqlar aparır. Qeyd edək ki, onlar taliblərin ən böyük müttəfiqlərindən sayılır. Beynəlxalq danışıqlara Əfqanıstan Milli Cəbhəsi də qoşulub. Onun təmsilçiləri ilə əsasən, ABŞ Respublikaçılar Partiyasından olan konqresmenlər arasında görüş Almaniyada baş tutub.
Obama administrasiyasının əsasını radikal islamçı puştunların təşkil etdiyi "Taliban"la gizli danışıqlar aparması Əfqanıstanın digər etnik qrupları tərəfindən tənqidlə qarşılanıb. Onlar bəyan ediblər ki, ""Taliban"la aparılan istənilən danışıqlar yalnız bir halda qəbuledilən və effektiv ola bilər ki, orada bütün münaqişə tərəfləri iştirak etsin. "Taliban"la dialoqun hazırkı forması qüsurludur. Çünki orada taliblərə qarşı olan əfqanların mövqeyi nəzərə alınmır".
Amerikalılarla yanaşı, Əfqanıstanda yaşanan siyasi proseslərə regional fövqəldövlətlərin diqqətinin artdığını da söyləmək olar. ABŞ-la Pakistan arasında gərginliyin artması fonunda Qətarda "Taliban" nümayəndəliyinin açılması və onlarla amerikalılar arasında birbaşa danışıqların başlanması Pakistanı narahat etməyə bilməz. Pakistanın Baş naziri Yusif Rza Gilaninin Qətar səfərini də məhz bununla izah etmək olar. Səfər zamanı o, Fars körfəzinin aparıcı dövlətlərinin nümayəndələri və "Taliban" hərəkatı ilə danışıqların gedişi, həmçinin perspektivlərini müzakirə edib.
İslamabad Əfqanıstanda yaşanan siyasi proseslərdə əsas rollardan birini oynayır. Qərb xüsusi xidmət orqanlarının qiymətləndirməsinə görə, məhz Pakistan "Taliban"a, xüsusilə də "Hakkani şəbəkəsi"nə daha ciddi təsir imkanlarına malikdir. İslamabad eyni zamanda, Əfqanıstanın rəsmi hakimiyyəti ilə də münasibətlərini inkişaf etdirir. Fevralın ortalarında İslamabadda Əfqanıstan, Pakistan və İran prezidentlərinin görüşü olub. Bu, əlbəttə ki, ABŞ-ı qıcıqlandırmaya bilməz.
Kərzai Qərbin dəstəyini itirib, daxildəki qüvvələrlə təkbətək qalacağı təqdirdə, İran və Pakistanın dəstəyinə bel bağlayır. Pakistan üçün 3 prezidentin görüşü "Taliban"la ABŞ arasında birbaşa danışıqların getdiyi bir vaxtda xüsusi əhəmiyyət daşıyırdı. İrana gəlincə, onun üçün regionda Qərblə mübarizə baxımından siyasi mövcudluğunu gücləndirmək çox vacibdir. İran siyasi rçaq kimi Əfqanıstanda sayına görə üçüncü etnik qrup olan şiə-xəzəriləri də dəstəkləyə bilər.
Dünya fövqəldövlətləri etnik fikir ayrılıqlarını daha da dərinləşdirməklə, bu və ya digər etnik qrupu dəstəkləməklə hakimiyyətin mərkəzdənqaçmasını planlaya, bununla da Əfqanıstanın bir neçə hissəyə bölünməsinə, yaxud onun hazırkı ərazisində iki və ya daha çox yeni dövlət yaratmağa nail ola bilər. Belə ki, Qərbin akademik və siyasi dairələrində zaman-zaman XIX əsrdə Əfqanıstanla Pakistan arasında bölünmüş tarixi vilayətin - müstəqil "Puştunistan"ın bərpasına dair fikirlər səsləndirilir. Bu düşüncə yalnız Əfqanıstanın deyil, qonşu Pakistanın da ərazi bütövlüyünü sual altına salır. Bu isə təbii ki, İslamabadı narahat etməyə bilməz.
Eyni zamanda 3 dövlət - İran, Əfqanıstan və Pakistan ərazisinə düşən "müstəqil Bəlucistan" layihəsini də yaddan çıxarmaq olmaz. Bir müddət əvvəl ABŞ Konqresi Pakistan hökumətinin Bəlucistan əyalətindəki əməllərini pisləyən qətnamə də qəbul edib. Sənəddə yerli separatçı hərəkatların fəaliyyəti dolayısı ilə dəstəklənir, xalqların öz müqəddəratını təyinetmə prinsipi müdafiə olunur. Bununla əlaqədar olaraq, Pakistan ABŞ-ı BMT Nizamnaməsinin əsas müddəasını, eyni zamanda, beynəlxalq hüququn digər norma və prinsiplərini pozmaqda günahlandırıb.
Yuxarıda qeyd olunan faktları nəzərə alsaq, Əfqanıstana təsir uğrunda "böyük oyun"un davam etdiyini söyləmək olar. Oyun çox ustalıqla aparılır. Çünki qüvvələr balansı və oyun qaydaları hər an pozula bilər.
MƏSLƏHƏT GÖR: