
BİRLİKDƏ, YOXSA AYRILIQDA?
İraqlılar Amerikalıların gedişinə sevinsə də, ölkənin gələcəyinə şübhə ilə yanaşırlar
Müəllif: Fuad HİLALOV Bakı
ABŞ Prezidenti Barak Obama İraqda hərbi əməliyyatların uğurla başa çatdırıldığını bəyan etdikdə, çoxlarının ağlına bir sual gəldi: də-yərdimi?
ABŞ və müttəfiqlərinin İraqa hərbi müdaxiləsi zamanı ölkənin demokratik, sabit gələcəyi, inkişafı, dünyada nəhəng neft istehsalçılarından birinə çevriləcəyinə dair bəyanatlar populyar idi. Amma bu gün ABŞ-ın İraqı tərk etməsindən sonra müşahidə olunan mənzərə, yumşaq desək, iraqlılara vəd olunduğu kimi deyil.
Ölkə daxilində iradəçilik sistemi etnik və dini ziddiyyətlər əsasında qurulub. İraqın əsas hissəsində hələ də silahlı toqquşmalar, partlayışlar, insan oğurluğu davam edir. Bundan başqa, ölkədə yeni federal dairələr və əyalətlərin formalaşdırılması prosesi gedir, onun inzibati-siyasi gələcəyi isə qeyri-müəyyənliyə və xaosa doğru hərəkət edir. İraq təhlükəsizlik orqanlarında siyasi yenidənqurmanın aparılması, hərbi çevriliş təhlükəsi üzündən ordunun gücləndirilməməsi kimi amillər isə ictimai təhlükəsizliyin təmininə də imkan vermir. Üstəlik, siyasi qüvvələr məqsədlərinə çatmaq üçün silahlı qruplar da saxlayır. Bir sözlə iraqlılar amerikalıların geldişinə sevinsə də, ölkənin gələcəyinə şübhə ilə yanaşırlar.
Daxili oyunçular
Qarşıdakı dövrdə İraqın gələcəyini bir sıra çətin və demək olar ki, həllolunmaz məqamlar müəyyən edəcək: mərkəzi hökumətlə kürd muxtariyyəti arasında qarşılıqlı münasibət, Kərkükün və digər mübahisəli ərazilərin gələcəyi, yeni federal dairələrin yaradılması, həmçinin, region dövlətlərinin İraqa təsirinin effektivliyi.
İraq kürdləri hamıdan əvvəl mərkəzləşdirməyə qarşı çıxıb və öz federal dairələrini yaradıblar. İraq Ali İslam Şurası isə Bəsrədə federal dairənin yaradılması təşəbbüsü ilə hələ 2005-2009-cu illərdə çıxış etmişdi. Son zamanlar bu təklif müxtəlif dairələrdə yenidən səsləndirilməyə başlanıb.
Amerikanın hərbi müdaxiləsindən sonra, sünni ərəblərin əksəriyyəti federalizmə qarşı idi. Amma Bağdadda hakimiyyətin şiələrin əlinə keçdiyi son 6 ayda sünnilər İraqın bir sıra vilayətlərində öz federal dairələrinin yaradılması tələbi ilə çıxış etməyə başlayıblar. Onlar, faktik olaraq, hakimiyyətə yollarını bağlayan "ədalətli seçki"dən məyus olublar.
Bu yanaşma İraqda mərkəzləşmiş hakimiyyət ənənəsindən irəli gəlir. Bir qayda olaraq, ölkədə hökumətə başçılıq edənlər digər siyasi qruplar üzərində də mütləq hakimiyyət qurur. Odur ki, söhbət hazırda sünnilərin hakimiyyətin mərkəzləşdirilməsinə etirazından yox, hakimiyyətin kimin əlində olmasından gedir.
Ümumilikdə, kürdlər istisna olmaqla, İraqın siyasi qrupları mərkəzləşdirilmənin tərəfdarıdır. Amma onlar hakimiyyəti ələ ala bilmədikdə, mərkəzləşdirilməyə qarşı çıxır və muxtariyyat tələb etməyə başlayır. Son hadisələrin fonunda hökumətdə qüvvələr balansının dəyişməsi halında sünnilərin mövqeyində də dəyişikliyin olacağını proqnozlaşdırmaq mümkündür. Onlar mövqelərini gücləndirəcəyi halda isə, mərkəzə tabe olmamaq istəyi və geniş muxtariyyat tələbi artıq şiələrdən gəlməyə başlayacaq.
Beləliklə, bütün digər daxili problemlərlə yanaşı, İraqın bir nömrəli problemi hakimiyyətin mərkəzləşdirilməsidir. Bu isə ya demokratik yolla, ya da silah yolu ilə mümkündür.
Mərkəzi hökumətin demokratik yolla möhkəmlənməsi yalnız "mərkəzçi"lərdən ibarət ərəb millətçiləri koalisiyasının qələbəsi halında mümkündür. Çünki onlar kürdlərin federalizmlə, neftlə və mübahisəli sərhədlərlə bağlı tələblərinə məhəl qoymayaraq, separatçılığa qarşı qanuni mübarizə aparacaqlar.
Amma İraqda dini zəmindəki qarşıdurmalara əhəmiyyət verməyərək, "ərəbləşdirmə" siyasəti aparmağa qadir olan siyasi təşkilat yoxdur. Sünnilərlə şiələr öz aralarında rəqabət aparırlar. Müvafiq olaraq onların hər biri ayrı-ayrılıqda kürdlərin dəstəyini almaqda maraqlıdır.
Digər maneə konstitusiyadır. Konstitusiyaya əsasən, hazırkı federativ sistemin dəyişdirilməsi və mərkəzləşdirilmiş strukturun yaradılması üçün hər üç federativ dairədən minimum 2/3 səs tələb olunur. Əlbəttə ki, İraqın şimalında yaşayan kürdlər heç zaman buna səs verməyəcək.
Hakimiyyətin hərbi yolla mərkəzləşdirilməsinə gəlincə, İraqda siyasət onsuz da əvvəlkitək silahla aparılır. İraq Parlamentində silahlı qruplaşma saxlamayan yeganə siyasi qüvvələr "Dava" partiyası və "Türkmən" cəbhəsidir. Amma "Dava" hakimiyyətdə olduğundan, faktik olaraq, DİN-in bölmələri ona tabedir. Müvafiq olaraq, partiya kürd əyaləti istisna olmaqla, bütün İraq ərazisində hərbi əməliyyatlar aparmaq hüququna malikdir. Mərkəzçi silahlı qüvvələrin separatçılara qarşı açıq və ya gizli ittifaq yaradacağı təqdirdə, əsas problem silah və təchizat çatışmazlığı, həmçinin, mərhələli və ya tam silahlı mübarizənin aparılması üçün təşkilatlanma və vahid doktrinanın yoxluğu olacaq. Bundan başqa, "İraq ərazisinin vahid əldə toplanması"na hərbi yolla nail olmaq üçün ciddi əsas da olmalıdır - məsələn, kürdlərin müstəqillik elan etməsi. Hazırda İraqda hakimiyyətin mərkəzləşdirilməsində o qədər də maraqlı olmayan regional oyunçuların dəstəyi də vacibdir.
Bütün bunlarla yanaşı, İraqda dezinteqrasiya proseslərinin yaşaması ehtimalı daha böyükdür. İraqda siyasi qruplaşmalar arasında münaqişələrin əsas səbəbi siyasi maraqlar və iqtisadi qazanc olduğundan, güman etmək olar ki, sünnilərlə şiələr məqsədli şəkildə mərkəzi hökumətin zəiflədilməsi kursunu yürüdəcək. Bununla da onlar öz ərazilərində hökmranlığa malik olmaqla, siyasi hakimiyyəti və iqtisadi gəlirləri mərkəzi hökumətlə bölməkdən qaçmağa çalışacaqlar.
Mütəxəssislər hesab edir ki, İraqda daxili vəziyyət dayanıqsız və zərifdir. Hazırkı vəziyyətin xaos və vətəndaş müharibəsinə keçmə ehtimalı çox yüksəkdir. Vətəndaş müharibəsinə aparıb-çıxara biləcək münaqişələrin yaranma səbəbi və istiqamətini dəqiq müəyyənləşdirmək mümkün olmasa da, müəyyən proqnozlar səsləndirmək üçün kifayət qədər fakt var.
İraqda vətəndaş müharibəsinin başlanma ehtimalı daha yüksək olan yerlər şimal və mərkəzi ra-yonlardır. Şimalda Mosul, Kərkük və Diyalı potensial münaqişə ocağı saymaq olar.
Bağdadı ikinci mümkün münaqişə ocağı hesab etmək olar. Paytaxta nəzarəti ələ keçirmək istəyi sünni və şiə liderlərin belə ehtimalı inkar etmələrinə baxmayaraq, onları 2006-2007-ci illərə qaytara bilər.
Ölkə parçalanacağı təqdirdə, İraqın hansı qruplara və necə bölünməsi məsələsi də aktuallıq qazanacaq. Münaqişə ölkənin mərkəzində başlayacaqsa, İraqın 3 və daha artıq hissələrə parçalanacağını əminliklə söyləmək olar. Hadisələr Şimalda yaşanarsa, bu, ölkəni yalnız iki yerə ayıracaq və bu halda, parlaçanmanın bütün İraq ərazisinə yayılma perspektivi yoxdur.
Şimali İraqda hərbi əməliyyatların başlanmasına bir neçə faktor səbəb ola bilər: kürd muxtariyyatının tam müstəqilliyini elan etməsi və onların Mosul və Kərkük əyalətlərini ələ keçirmək cəhdləri; ölkənin şimalında neft resursları uğrunda mübahisə; İraq nizami ordusunun "mübahisəli ərazilər"ə girməsi; kürdlər üçün büdcə xərclərinin azaldılması və sair.
Qərbin İrana müdaxiləsindən sonra, kürdlər ağır silahlar əldə edib, döyüş təcrübəsi, biliyi, partizan müharibəsi aparmaq təcrübəsi qazanıb. İndi kürdlər ərəblərin birləşməsi halında belə, onlarla bacaracaq gücdədir. Bundan başqa, münaqişə uzanacağı təqdirdə, kürdlər BMT və digər beynəlxalq qurumlardan dəstək ala bilər. Bu halda, həmin qurumlar proseslərə məhz kürdlərin xeyrinə müdaxilə edə bilər. Qərb dövlətlərinin ölkənin işlərinə müdaxilə etməsini istəməyən ərəblərdən fərqli olaraq, kürdlər müstəqilliklərini elan edəcəkləri təqdirdə, məhz Qərbin dəstəyinə bel bağlayır.
Xarici oyunçular
Beləliklə, həm İraqın şimalında, həm də bütünlükdə ölkə ərazisində vəziyyətə təsir edə biləcək əhəmiyyətli faktorlardan biri də regional güc nisbəti və maraqlı tərəflərin reaksiyası olacaq. İraqın parçalanmasının ən çox zərər vura biləcəyi dövlətlər Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanıdır.
İraqın həmsərhəd ərazisində müstəqil kürd dövlətinin yaranması imkanları Türkiyənin təhlükəsizliyinə mənfi təsir göstərir. Ölkənin şimalında baş verənlərin fonunda Türkiyədə kürd separatçılığı məsələsi tarixdə heç zaman olmadığı qədər ciddi əhəmiyyət qazanır. Bu üzdən, İraqın mərkəzləşdirilməsində və separatçı meyillərin sərt şəkildə "söndürül-məsi"ndən Ankara hamıdan çox maraqlıdır. İraqın ərazi bü-tövlüyünün faktik olaraq rəmzi xarakter daşıdığı hazırkı dövrdə Türkiyə qonşu ölkədə daxili oyunçular arasında balans saxlamağa çalışır.
İraqın parçalanması və nəhəng neft ehtiyatına malik yeni şiə dövlətinin yaranması ilk baxışdan İran üçün çox cəlbedici görünə bilər. Üstəlik, bu yeni şiə dövləti ətrafında sünni dövlətləri arasında İranın köməyinə böyük ehtiyac duyacaq. Amma məsələnin digər tərəfi də var: İraqda Kərbəla və Nəcəf kimi müqəddəs şəhərlərin olduğunu da nəzərə alsaq, belə dövlətin yaranması İranın şiə dünyasının lideri olmasında maneəyə çevrilə bilər.
İsrailə gəlincə, o, ərəb dövlətləri ilə balans saxlamaq üçün çoxdan kürd dövlətinin yaranmasını arzulayır. İsrail hələ yeni yarandığı dövrdə ətrafındakı ərəb dövlətlərinin "düşmən" mövqeyi üzündən regionun İran, Türkiyə, Efiopiya kimi qeyri-ərəb dövlətləri ilə münasibət qurmağa çalışırdı. Lakin 1979-cu il inqilabından sonra, İran İsrailin düşməninə çevrildi. Son illərdə isə yəhudi dövlətinin Türkiyə ilə münasibətləri də pisləşib. Bu baxımdan, İsrail üçün kürdlərin əhəmiyyəti daha da artır. Amma digər yandan, İraqın parçalanması bu ölkənin sünni hissəsinin İsrailin əsas rəqiblərindən olan İordaniya ilə ittifaqına, hətta bir dövlətdə birləşməsinə aparıb çıxara bilər.
Bütün bu deyilənləri nəzərə alsaq, regional fövqəldövlətlərin İraqın parçalanmasına, yoxsa bütöv qalmasına dəstək vermək məsələsi ətrafında hələ çox baş sındırmalı olacaqlar.
MƏSLƏHƏT GÖR: