15 Mart 2025

Şənbə, 01:28

SİYASİ HƏRARƏT VƏ GÜCLÜ ŞAXTA

Siyasi döyüşün güclənməsinə baxmayaraq, Rusiyada keçiriləcək prezident seçkisində hamı Putinin qələbə qazanacağını gözləyir

Müəllif:

15.02.2012

Rusiyada qarşıdan gələn prezident seçkisi bu il dünyada ən əhəmiyyətli siyasi hadisələrindən biri olacaq. Bütün Avrasiya məkanında inteqrasiya proseslərinin aparıcı bəndlərindən olan nəhəng Şimal fövqəldövlətinin hansı yolla gedəcəyi məhz onun nəticəsindən asılıdır.

 

Mitinqlər və namizədlər

Rusiyada prezident seçkisinə 1 ay qalmış seçkiqabağı vəziyyət daha da qarışıb. Güclü şaxtalara baxmayaraq, bütün ölkə ərazisində həm müxalifətin, həm də hazırkı hakimiyyət tərəfdarı olan minlərlə insanın iştirak etdiyi mitinqlər keçirilir. Müxalifətin "Ədalətli seçki uğrunda" şüarı altında keçirilmiş 2 ən nəhəng mitinqində, müxtəlif hesablamalara görə, 30 mindən 120 minədək insan iştirak edib. Hazırkı hakimiyyətə dəstək olaraq "İtirəcəyimiş şeylər var" şüarı ilə keçirilmiş mitinqin təşkilatçıları, aksiyalarında opponentlərinin mitinqindəkindən 2 dəfə artıq insanın iştirak etdiyini bildirir.

İstənilən halda, prezident seçkisi kampaniyasının favoriti, həqiqətən də, "hakimiyyət partiyası"nın namizədi, eks-prezident, hazırda Rusiyanın Baş naziri olan Vladimir Putindir. Şübhəsiz, son 12 ildə (8 il prezident və 4 il baş nazir, üstəlik, Boris Yeltsinin dövründə yenə də, qısamüddətli də olsa, hökumət başçısı kimi) topladığı ciddi idarəçilik təcrübəsi onun üstünlüyüdür. Amma məhz uzun müddət hakimiyyətdə olması Putinin rəqiblərinin gözündə onun əsas çatışmazlığıdır. Onlar hazırkı baş naziri bu müddət ərzində ölkə qarşısındakı əsas problemləri çözə bilməməkdə ittiham edirlər. Bununla yanaşı, Putinin hesabına əldə edilmiş ictimai-siyasi sabitlik onun üstünlüklərindən biridir. Üstəlik, "Çeçenistan müharibəsi" nəticəsində əldə olunmuş Rusiyanın ərazi bütövlüyünun bərpası şöhrəti də Putinə məxsusdur.

Rusiyanın postsovet hakimiyyətinin ənənəvi rəqibi kommunistlərin lideri Gennadi Züqanovdur. O, əhalinin orta və aztəminatlı hissəsinin dəstəyinə bel bağlayır. Bu da Züqanovun sosial ədalət ideyası və Rusiya cəmiyəti üçün ənənəvi olan kollektivçiliyi dəstəkləməsi ilə bağlıdır. Züqanovun əksər tərəfdarları hələ də Sovet İttifaqının xiffətini çəkir, hesab edirlər ki, "qırmızılar"ın dövründə ümumi yoxsulluğa baxmayaraq, insanların sabahına əminliyi var idi. Onlar bu gün bazar və kommersiyanın nüfuzunun yüksək olduğu dövrdə insanlarda məhz bu əminliyin olmadığını bildirir. Amma Züqanovun problemi ondadır ki, kommunistlərin liderinin reytinqi nadir hallarda 30%-i aşır və bu, praktiki olaraq, ona qələbə şansı saxlamır (ən azı, ilk turda).

Sosial diktaturanın bərpa olunacağından ehtiyatlanaraq,  ötən dövrlərə qayıdılmasını mümkünsüz sayan milyonlar isə Züqanovun əleyhinə səs verir. Üstəlik, Rusiyada son 20 ildə formalaşmış güclü sənaye-maliyyə elitası da RFKP liderinə qarşıdır. Onlar istənilən vasitə ilə əldə etdikləri maddiyyatın - o, qeyri-qanuni yolla əldə olunsa da belə - qorunub-saxlanması uğrunda savaşacaqlar.

Kreml namizədlərinin daha bir ənənəvi rəqidi Vladimir Jirinovskidir. Onun həmvətənləri Jirinovskinin siyasəti ilə partiyasının adı arasında əlaqənin olmadığına çoxdan vərdiş edib. Onun siyasəti partiyasının adındakı liberal- demokratlıqdan çox fərqlənir. Hər seçkidə Jirinovskiyə, təxminən, 10-15% seçici səs verir. Onlar hakimiyyət partiyası və kommunistləri dəstəkləməyi məqsədəuyğun saymadıqları üçün, məhz Jirinovskidə təsəlli tapırlar. Üstəlik, Jirinovskinin bütünlükdə dünyaya və keçmiş SSRİ-nin müxtəlif millətlərinə qarşı hərbi ritorikası Rusiya əhalisinin bir hissəsini cəlb edir. Amma getdikcə onun aqressivliyindən narahat olanların sayı da artır. Jirinovskinin cəsarəti və təşəbbüskarlığı indi yalnız seçkiqabağı təbliğat çarxında ulağı amansızcasına qamçılamağa, zavallı canlı ilə bugünkü Rusiya arasında yersiz bənzətmə  aparmağa çatır. Odur ki, Jirinovski bu gün daha çox postsovet Rusiya demokratiyasının, ilk növbədə, Kremlə sərf edən ənənəvi personajıdır. O, Kremlin görünüş olaraq qorxulu, əslində isə hakimiyyəti dəyişmək üçün kifayət qədər güc və resursa malik olmayan rəqib istəyinə tam uyğundur.

Hazırkı prezident seçkisi kampaniyasının daha bir iştirakçısı Sergey Mironovdur. "Ədalətli Rusiya" partiyasının lideri vaxtilə Federasiya Şurasının spikeri postunu tutub və müvafiq olaraq, hazırkı hakimiyyətə kifayət qədər yaxın siyasətçi olub. Bu üzdən əksər müxalifətçilər Mironovun hələ də Putin rejiminə işlədiyini, seçkidə hakimiyyətin rəqibi görkəmi ilə iştirak etməklə kommunistlərin səsinin bir hissəsini almaq məqsədi güddüyünü düşünür. Mironov və partiyası, əslində, RFKP ilə eyni sosial baxışlar ortaya qoyur. Odur ki, "Ədalətli Rusiya" partiyasına solçubaxışlı, lakin kommunist olmayan, sovet idarəçiliyini bəyənməyən insanlar gedir. Mironovun əsas "kozır"ı da məhz son məqamdır. Amma bunun Mironova seçkidə qələbə qazanmaq üçün kifayət edib-etməyəcəyi ritorik sualdır.

Mixail Proxorovu isə Rusiya siyasətində yeni sima hesab etmək olar. Gənc, iddialı milyarder özünü sağçı, liberal baxışlara sahib şəxs kimi təqdim edir. O, Rusiya prezidenti seçiləcəyi təqdirdə, əhalini doyunca yedizdirəcəyinə və geyindirəcəyinə söz verir. Proxorov xeyrinə olan arqument kimi, idarəçilik sahəsində kifayət qədər təcrübə topladığını bildirir. Çünki o, böyük sahibkardır və bir sıra xammal şirkətlərinin (xüsusilə enerji, alümin və qızıl sənayesində) nəzarət-səhm paketlərinə sahibdir. Amma onun zəif nöqtəsi də məhz budur: Proxorov milyardlarla dollar varidatı olan oliqarxdır və bu fakt onun prezidentlik yarışında uğurqazanma şansına ciddi şübhə yaradır. Rusiya əhalisinin əksəriyyətinin oliqarxları tənqid atəşinə tutduğu bir halda, onlardan birini hakimiyyətə gətirəcəyini təsəvvür etmək çətindir. Digər tərəfdən, çoxları Proxorovun siyasi müstəqilliyinə şübhə edir. Onların fikrincə, Proxorovun prezidentliyə namizədliyi də Kremlin məhsuludur. Məqsəd Qriqori Yavlinski və ya Boris Nemtsov kimi liberal namizədlərin neytrallaşdırılması şəraitində alternativlərin mövcudluğu görüntüsü yaratmaq cəhdi ola bilər. 

Hazırda prezidentliyə namizədlər arasında KİV-də aparılan debatların ən qızğın vaxtıdır. "Hakimiyyət partiyası" namizədinin müxalifətçilərlə birbaşa mübahisəyə girmək istəməməsinə baxmayaraq, əksər ekspertlər, siyasi texnoloqlar və sosioloji xidmətlərin çoxunun proqnozu eynidir: onlar seçkidə Vladimir Putinin qələbə qazanacağına şübhə etmir.

İstənilən halda, aydındır ki, Rusiyanın yeni tarixində yeni səhifə açılıb. Ölkədə kütlə son 15 ildə görünməmiş siyasi fəallıq nümayiş etdirir və bu, hətta ölkənin konstitusion düzənində müəyyən dəyişikliklərə aparıb çıxara bilər. Xüsusilə prezident üsul-idarəsindən yarımprezident və ya hətta parlament idarəçiliyinə keçiləcəyi istisna olunmur. Prezident seçkisindən sonra, daha bir yenilik Rusiyanın hakimiyyət vertikalında dəyişiklik ola bilər. Hər halda, liberal müxalifətin təzyiqi altında hökumət qubernatorlar və senatorların seçki yolu ilə müəyyənləşməsinə razılaşmağa meyillidir.

 

Avrasiya layihəsi və Bolotnı meydanından olan dəliqanlılar

Nəhəng şimal fövqəldövlətində baş verənləri bütün dünyada, xüsusilə keçmiş SSRİ məkanında diqqətlə izləyirlər. Sonuncular yaxşı bilir ki, Rusiyada baş verəcək daxili siyasi dəyişiklik onların Moskva ilə qarşılıqlı münasibətlərinə birbaşa və ya dolayısı ilə təsir göstərir. Buna misal kimi, 2000-ci ildə Rusiyada Vladimir Putinin hakimiyyətə gəlişindən sonra, Bakı ilə Moskva arasında qarşılıqlı səmərəli və konstruktiv münasibətlərin qurulmasını göstərmək olar. Məhz o andan sonra, Kremlin xarici siyasətindəki "Yeltsin hərc-mərclik dövrü" erası başa çatıb.

Bu səbəbdən, Rusiyada keçiriləcək seçkini Azərbaycan da maraqla izləyir. Azərbaycan Rusiyada bundan sonra da sabitliyin olmasında maraqlıdır. Çünki hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edən bir sıra məsələlərin həllinin təminatı həm də budur. Söhbət, ilk növbədə, enerji və iqtisadiyyatın digər sahələrində, həmçinin, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın gələcəkdə də intensiv inkişafından, hərbi-siyasi tərəfdaşlıq məsələlərindən gedir. Rusiyada siyasi hakimiyyətin xarakterindən asılı olmayaraq, Azərbaycan onun Dağlıq Qarabağ münaqişəsinin həllinin köməyinə ümid edir. Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın genişləndirilməsi imkanları böyük ölçüdə məhz Moskvanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində nümayiş etdirdiyi mövqedən asılıdır. Qəbələ RLS-in gələcək taleyi və Xəzərin hüquqi statusu məsələləri də həllini gözləyən sahələrdir. Yəni, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq sahələri kifayət qədər genişdir.

Bundan başqa, Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsini vacib edən daha bir vacib səbəb - Rusiyada çoxminli Azərbaycan diasporunun olmasıdır. Bakı Rusiya vətəndaşları olan həmvətənlərinin təhlükəsizliyinin təminində, eyni zamanda, Rusiya dövlətinin konstruktiv miqrasiya siyasəti həyata keçirməsində maraqlıdır. Lakin təəssüf ki, Rusiyada hazırda mövcud olan çox sayda fakt göstərir ki, Kremlin siyasətini həyata keçirən konkret personalardan asılı olmayaraq, Rusiya hakimiyyətinin xüsusi diqqət ayırmalı olduğu sahə məhz milli məsələdir.

KİV-in məlumatına görə, fevralın 4-də Moskvada milli zəmində növbəti toqquşma baş verib. Metronun "Taqanskaya" stansiyasında müxalifətin "Bataqlıq meydanı"ndakı mitinqindən qayıdan rusiyalı millətçilərdən ibarət qrup faşist şüarları səsləndirməyə və qeyri-rus millətindən olan insanlara "ilişməyə" başlayıb. Bu, rus millətçiləri ilə stansiyanın platformasında olan azərbaycanlılar arasında davaya da səbəb olub.

Görünən odur ki, rus millətçiləri Rusiyada real siyasi qüvvəyə çevrilib. Artıq bunu, hətta demokratlar, liberallar və kommunistlər də qəbul ediblər və bu gün Putinə qarşı keçirilən mitinqlərdə millətçilərlə çiyin-çiyinə dayanmaqdan utanmırlar. Amma millətçilərin, əslində isə faşistlərin, Rusiyada təsir imkanlarının artması ölkənin bütün siyasi qüvvələrinin elan etdiyi vahid çoxmillətli dövlət, Rusiyanın postsovet məkanının aparıcı qüvvəsinə çevrilməsinin vacibliyi ideyalarına heç cür uyğun gəlmir. 

Heç şübhəsiz, Rusiyanın postsovet Avrasiya məkanında inteqrasiya mərkəzinə çevrilib-çevrilməyəcəyi, son parlament seçkilərindən sonra qurulmağa başlayan və qarşıdan gələn prezident seçkiləri nəticəsində formalaşacaq yeni qüvvələr nisbətindən asılı olacaq.



MƏSLƏHƏT GÖR:

496