15 Mart 2025

Şənbə, 02:51

HƏYƏCAN DOĞURAN FƏALİYYƏTSİZLİK

Müəllif:

15.02.2012

Fevralın lap əvvəllərində informasiya agentlikləri ABŞ kəşfiyyatının Dağlıq Qarabağdakı vəziyyətdən və Avrasiyada yeni "qaynar nöqtələr"in yarana biləcəyindən narahat olduğu haqda xəbərlər yayıb.

"Qafqazdakı həll olunmamış münaqişələr və bəzi Mərkəzi Asiya dövlətlərinin dayanıqsızlığı Avrasiyada qaynar nöqtələrin yarana biləcəyinin səbəbləridir", - deyə ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin ABŞ Konqresinin profil Senat komitəsində dinlənilmələrə təqdim etdiyi məruzəsində bildirilir.

Sənəddə Qafqazda potensial münaqişə ocağı kimi, Dağlıq Qarabağ göstərilib: "Ritorikanın gücləndirilməsi,  hər iki tərəfdəki inamsızlıq və təmas xəttində bitmək  bilməyən zorakılıq bölgədə vəziyyətin qəfil qarışmasına aparıb çıxara bilər".

Amerika kəşfiyyatını anlamaq mümkündür. Hazırda, xüsusilə İranın nüvə proqramı ətrafında ehtirasların coşduğu şəraitdə Vaşinqton ciddi şəkildə regiondakı maraqlarının qeydinə qalmalıdır. Amma biz ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün hər hansı ciddi addımlarını görmürük.

Ümumilikdə, Amerika xarici siyasətdə heç də ən yaxşı dövrünü yaşamır. Yaxın Şərqdə, Əfqanıstanda və Pakistandakı vəziyyət, Asiya-Sakit okean regionunda Amerikanın mövcudluğunun artması və digər məqamlar, çətin ki, Dağlıq Qarabağ probleminin həllini ABŞ-ın yaxın perspektivləri siyahısına salınmasına imkan versin. Buraya daxili siyasi faktorları da əlavə etmək olar: ABŞ-da keçiriləcək prezident seçkisi ərəfəsində Obama administrasiyasının ABŞ-ın nüfuzlu erməni lobbisinin maraqlarına zidd olaraq, Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa ciddi addımlar atacağını gözləmək lazım deyil.

Üstəlik, Vaşinqton ATƏT-in Minsk qrupundakı digər tərəfdaşları tərəfindən təzyiq də hiss etmir. Xüsusilə, Fransa hökuməti hazırda prezident seçkisi ərəfəsində erməni lobbisini razı salmaqla məşğuldur. Paris bu istəyini gerçəkləşdirmək üçün o qədər uzağa gedib ki, özünü bitərəf vasitəçi kimi, tam hörmətdən salıb. "Erməni soyqırımı"nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması haqda qanunu qəbul etmiş fransalı parlamentarilər tam ermənipərəst mövqe ortaya qoyublar. Bununla da onlar elementar obyektivlik prinsiplərinin ziddinə olaraq, Qarabağ münaqişəsində tərəflərdən birinə üzgörənlik ediblər.

Fransanın passivliyi və münaqişənin həllinin konservasiyası ümumavropa analitik mərkəzi olan "Xarici münasibətlər üzrə Avropa Şurası"nın "Avropa İttifaqının xarici siyasi göstəriciləri" adlı məruzəsində də dolayısı ilə qeyd olunur. Analitiklər həm ümumilikdə Avropa İttifaqının, həm də onun ayrı-ayrı üzvlərinin Ermənistan və Azərbaycanla münasibətlərdə münaqişə mövzusuna toxunmamağa çalışdığını gizlətmir.

Məruzə müəlliflərinin bildirdiyinə görə, Dnestryanı böl-gədə, Abxaziya və Cənubi Osetiyadakı münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ probleminin həllində Avropa İttifaqı ciddi təsir rçaqlarına malik deyil. Aİ ənənəvi olaraq, "yumşaq güc" mövqeyindən çıxış edir və siyasi struktur kimi münaqişənin həllinə bilavasitə cəlb edilməyib. Amma Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransa var.

Bununla yanaşı, analitiklər etiraf edir ki, Aİ aparıcı oyunçular olan Rusiya və Türkiyə ilə bu məsələyə dair lazımi müzakirələr təşkil edə bilməyib.

Beləliklə, "Xarici münasibətlər üzrə Avropa Şurası"" bu qənaətə gəlib ki, Avropa İttifaqının bu münaqişənin həlli üçün səyləri kifayət deyil.

Aİ-nin xüsusi nümayəndəsi Filipp Leforun fevralın 8-də Bakıda Azərbaycan Prezidenti və digər rəsmi şəxslərlə görüşündə bu məsələnin müzakirə predmeti olması da təsadüf deyildi. "Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton Azərbaycana bir neçə ay əvvəl etdiyi səfəri zamanı Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamaq istəyini təsdiqləmişdi", - deyə Aİ-nin Bakı ofisinin rəhbəri Roland Kobia bildirib.

Amma getdikcə Avropanı bürüyən iqtisadi böhran, tədricən, Avropanın öz daxilində kəskin siyasi mübahisələrə səbəb olur və bu, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllindəki roluna dair nikbinlik yaratmır. Çünki indi Avropanın başı yaxın gələcəkdə Aİ-nin parçalanmasının qarşısını almağa  qarışacaq.

Qərbli vasitəçilərdə yaranmış bu vəziyyət onların şərqli tərəfdaşı olan Rusiyaya imkanlarını genişləndirmək, münaqişənin həlli prosesini öz nəzarətində saxlamaq imkanı yaradır. Ədalət naminə qeyd edək ki, Rusiya Prezidenti Dmitri Medvedev son illər ərzində Azərbaycan və Ermənistanın dövlət başçıları arasında bir neçə görüş təşkil etdi, bununla da Moskvanın problemin həllinə ciddi töhfə verməsinə çalışdığı açıqca görünür. Amma erməni tərəfinin qeyri-adekvat mövqeyi hər dəfə bu cəhdləri nəticəsiz qoydu. Digər tərəfdən, əvvəllər proqnozlaşdırdığımız kimi, Rusiyada qarşıdan gələn prezident seçkisi ilə əlaqədar, daxili siyasi vəziyyətin gərginləşməsi bu il onun da Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığının azalmasına səbəb olacaq.

Bu obyektiv və subyektiv vəziyyətdə Amerika kəşfiyyatı və avropalı analitiklərin Ermənistan-Azərbaycan münaqişə zonasında vəziyyətin hər an partlaya biləcəyinə dair həyəcan təbili çalması, güman ki, hələ uzun müddət aktual olacaq. Bu təhlükənin aradan qaldırılma ehtimalları vasitəçilərin fəallığı və Ermənistanın nümayiş etdirəcəyi konstruktivliklə düz mütənasibdir. Azərbaycanın mövqeyi isə tam aydındır: Bakı sülh prosesinə sadiqdir, amma ərazilərini işğaldan istənilən yolla azad etmək hüququnu da özündə saxlayır. Odur ki, beynəlxalq ictimaiyyət narahatlıq yaradan status-kvonun müsbət tərəfə dəyişdirilməsinə imkan verəcək daha işlək mexanizmlər tapmalıdır.


MƏSLƏHƏT GÖR:

432