15 Mart 2025

Şənbə, 02:46

BUZLAR SOÇİDƏ DƏ ƏRİMƏDİ

Prezidentlər Əliyev, Sarqsyan və Medvedev arasında görüş konkret nəticə vermədi

Müəllif:

01.02.2012

Yanvarın 23-də Soçidə Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın dövlət başçısı Dmitri Medvedevin vasitəçiliyi ilə bir araya gəldilər. Bu, son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli yolunun tapılması üçün belə formatda keçirilən sayca 10-cu görüş idi. 

Həlledici və təəssüf ki, nəticəsiz Kazan görüşündən 8 ay keçirdi. Bu dövrdə nəinki münaqişə tərəflərinin mövqelərində yaxınlaşma baş vermədi, əksinə, ziddiyyətli ritorika daha da gücləndi. Minsk qrupu həmsədrlərinin regiona səfəri də danışıqlara canlanma gətirmədi. Artan gərginlik, proseslərin hərbi müstəviyə keçməsi risqi narahatlığa, prezidentlər Əliyev və Sarqsyan arasında dialoqun bərpasına cəhdlərə səbəb oldu.

Ötən ilin payızında Aİ-nin və "Şərq tərəfdaşlığı" ölkələrinin Varşavada keçirilmiş sammitində Ermənistan, Azərbaycan və Gürcüstan prezidentləri arasında Avropa İttifaqının rəhbəri German van Rompeyin iştirakı ilə görüşün keçirilməsi təşəbbüsü Serj Sarqsyan tərəfindən rədd edilmişdi. O, Aİ-nin beynəlxalq məsələlər və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştonun vasitəçiliyi ilə yüksək səviyyədə Azərbaycan-Ermənistan danışıqlarının təşkili təklifini də qəbul etməmişdi. Görünən o idi ki, Ermənistan prezidenti rusiyalı patronunun olmadığı danışıqlarda özünü narahat hiss edir. Çünki beynəlxalq hüquqa zidd mövqeyinin zəif olduğunu anlayır.

Amma səbəb yalnız bu deyil. S. Sarqsyan və komandası bu ilin yazında keçiriləcək seçkidə seçicilərə təqdim etməyə heç nə tapmır. 2009-cu il böhranından sonra, Ermənistan iqtisadiyyatı 14%-lik tənəzzüldən çıxa bilməyib. Əhalinin həyat səviyyəsi aşağı düşür, vədlərə rəğmən, korrupsiyanın miqyası azalmır, iş yeri axtarışında olan insanlar ölkəni kütləvi şəkildə tərk edirlər. Belə olan təqdirdə, S.Sarqsyan və ətrafı erməni qoşunlarının Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasını nəzərdə tutan qərarın məsuliyyətini üzərinə götürməyə və bununla da radikal millətçilərin tənqid hədəfinə çevrilməyə hazır deyil. Bu üzdən Sarqsyan üçün danışıqların bərpası o qədər də lazım deyildi. Amma o, Rusiya Prezidenti D. Medvedevin təklifindən imtina da edə bilmədi.

Beləliklə, Soçidə üçtərəfli formatda görüş baş tutdu. Onun sonunda qəbul edilmiş birgə bəyanatda bildirilir ki, "İntensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində əsas prinsiplərin razılaşdırılması məsələsində irəliləyiş əldə edilib. Sülh razılaşmasının hazırlanmasına başlanılmasının vacibliyi baxımından, Azərbaycan və Ermənistan prezidentləri indiyədək görülmüş işləri nəzərə alaraq, əsas prinsiplər üzrə razılığın əldə edilməsi prosesinin sürətləndirilməsinə hazır olduqlarını bildiriblər". Bəyanatda bildirilir ki, İlham Əliyev və Serj Sarqsyan Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin (Fransa və ABŞ) vasitəçilik fəaliyyətini yüksək qiymətləndiriblər: "Onlar Rusiya, ABŞ və Fransanın bu statusda bundan sonra da regionda sülh və sabitliyin təsdiqlənməsinədək münaqişənin həllində fəal rol oynayacaqlarına ümid ifadə ediblər".

Qəbul edilmiş sənəddə Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində etibarın möhkəmləndirilməsi tədbirlərinə - tərəflər arasında humanitar əlaqələrin inkişafına dəstək ifadə olunub. Bu baxımdan, Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələr arasında bundan sonra da dialoqun qurulması işinə kömək etməyə hazır olduqlarını bildiriblər. Bundan başqa, ATƏT-in Minsk qrupu həmsədrlərinin atəşkəs xətti boyunca insidentlərin araşdırılmasına dair hazırladıqları mexanizm haqda məruzə prezidentlərə təqdim olunub.  Dövlət başçıları bu işin davam etdirilməsinin vacibliyini vur-ğulayıblar.

Qəbul edilmiş bəyanatdan görünür ki, danışıqlardan əvvəl əksər yerli və əcnəbi analitiklərin proqnozlaşdırdığı kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində  real irəliləyişə nail olunmayıb. Amma Rusiya XİN-in Soçi görüşünün baş tutması üçün səylər göstərmədiyini də demək olmaz. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarov Moskvaya dəvət olunmuşdular. Rusiya XİN başçısının müavini Qriqori Karasin ABŞ dövlət katibinin müavini Uilyam Börns ilə Cənubi Qafqaz problemlərini, həmçinin, Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə etmişdi. Rusiya xarici işlər naziri Sergey Lavrov isə prosesə müəyyən müsbət ahəng qatmaq üçün demişdi: "Tərəflər sonrakı irəliləyiş üçün - bu, göz qabağındadır - Dmitri Medvedevin dəstəyi ilə Ermənistan və Azərbaycan prezidentlərinin ifadə etdikləri kimi, maksimalist mövqelərdən uzaqlaşmağın vacibliyi barədə ümumi anlaşmanı vurğulayıblar". 

Amma bu, heç bir nöqteyi-nəzərdən münaqişənin həlli prosesində real irəliləyiş kimi qiymətləndirilə bilməz.

Bəzi erməni və rus şərhçilər prezidentlərin Soçidəki üçtərəfli görüşünü regiondakı status-kvonun təmininin aləti kimi təqdim etməyə çalışır. Amma bu xülyalara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşü ərəfəsində hökumətin 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında birbaşa bəyan edib ki, danışıqlar yalnız "müharibəni önləmək məqsədilə" aparıla bilməz. O, Azərbaycanın işğal altındakı ərazilərini hərbi yolla azad etməyə hazır olmaq üçün müdafiə qabiliyyətini mümkün qədər artıracağını, Goranboy rayonunda bilavasitə cəbhə xəttində yerləşən hərbi hissədəki çıxışı zamanı daha konkret səsləndirib. Odur ki, Soçi görüşü erməniləri artmaqda olan diplomatik, hərbi, iqtisadi və informasiya təzyiqindən xilas etməyib. Vaxt keçdikcə, ermənilər üçün bu təzyiqə dözmək daha da çətinləşir.

Soçi görüşü Azərbaycan və Ermənistan prezidentləri üçün rusiyalı həmkarları Dmitri Medvedevlə İranın nüvə proqramı, İranın İsrail, ABŞ və NATO ilə mümkün hərbi qarşıdurması risqi kimi məsələlərə dair müzakirə aparmaq baxımından da əhəmiyyətli olub. Rusiya ilə ikitərəfli münasibətlərin müzakirə olunması da vacib idi. KİV-ə verilmiş məlumata görə, Medvedevin Ermənistan prezidenti ilə söhbəti qısaməzmunlu olub. Əliyev-Medvedev görüşünə gəlincə, onlar BMT Təhlükəsizlik Şurasının fəaliyyətində iştirak kontekstində əməkdaşlığa dair müzakirə aparıb, Azərbaycan qazının Rusiyaya ixracının ikiqat artırılması ilə bağlı SOCAR-la "Qazprom" arasında protokolun imzalanmasına qərar veriblər. Bu qərara əsasən, Azərbaycan qazının Rusiyaya ixracı ildə 3 milyard kubmetrədək artırılacaq.

Bütün bunları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son 3 ildə şəxsən Prezident D. Medvedevin etdiyi moderatorluq nəticə vermədi və buna ilk növbədə, İrəvanın Dağlıq Qarabağın işğalı leqallaşdırılmadan Azərbaycan torpaqlarını boşaltmağa razılaşmaması mane oldu. D.Medvedevin münaqişəni nizamlamaq istəyində olduğu şübhə doğurmur. Moskva erməniləri bir qədər ayıltmaq üçün addımlar atdı. Məsələn, ermənilərin aşkar narazılığına rəğmən, Moskva Azərbaycana müasir ağır silah (C-300 HHM sistemi, "Mİ-35" zərbəçi vertolyotları, zirehli maşınlar və sair) satmağa razılaşdı. Eyni zamanda, Rusiya Ermənistanın "Nairit" zavodunun yenidən qurulması üçün istədiyi 500 milyon dollarlıq krediti ayırmaqdan imtina etdi, Rusiyanın dövlət şirkətlərinin "Metsamor" AES-ə və Ermənistanın dəmir yollarının idarəolunmasından imtina haqda düşündüyü bəyan edildi. 

Amma görünür, bütün bunlar Ermənistanın hərbi-siyasi elitası və ictimaiyyətini ayıltmaq üçün kifayət deyil.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki vasitəçilikdə böhranın olduğunu yalnız Rusiyanın səylərinin nəticə verməməsi deyil, həm də ATƏT-in Minsk qrupu alətinin qeyri-effektivliyi sübut edir. Son illər Vaşinqton nizamlanma prosesinə fəal, təşəbbüskar təsirdən bir qədər uzaqlaşıb və bu məsələdə özünü Moskvanın "sekundant"ı kimi aparır.

Parisə gəlincə, Fransada "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulundan sonra, onun Azərbaycana qarşı obyektiv mövqe tutacağı ciddi şübhə altına düşüb. Nəticədə, artıq yalnız müxalifət dairələri və müstəqil analitiklər deyil, rəsmi dairələrdə də Minsk qrupunun roluna yenidən baxılması çağırışları eşidilir. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı-katib Əli Əhmədov Trend-ə müsahibəsində bildirib ki, "ATƏT-in Minsk qrupu üçün vaxt çərçivəsi müəyyənləşdirilmədən, onun fəaliyyəti effektsizdir". Ə. Əhmədovun sözlərinə görə, bəzən insanda Minsk qrupunun münaqişənin həlli üçün yox, onun həllini uzatmaq məqsədilə yaradıldığı təsəvvürü formalaşır. "Əgər bu qurum 20 il ərzində münaqişənin həlli istiqamətində ciddi addım ata bilməyibsə, onun özünü buraxması daha yaxşı olardı. Yaxud ATƏT-in Minsk qrupu üçün vaxt çərçivəsi müəyyənləşdirilməlidir. O, məhz həmin müddətdə münaqişənin həlli üçün konkret addımlar atmalıdır. Əgər nəticə əldə edə bilməsə, demək, qurum öz missiyasının öhdəsindən gələ bilmir", - deyə Ə.Əhmədov bildirib.

Görünən odur ki, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası da daxil olmaqla, Ermənistana bütün təzyiq alətlərini işə salmağın vaxtıdır. Çünki nə qədər ki fövqəldövlətlər ermənilərə bu cür mərhəmətli və səhlənkar münasibətini dəyişməyəcək, beynəlxalq təşkilatlar isə münaqişənin həllinin prinsipial konturlarını çəkməyəcək, İrəvanı işğalı leqallaşdırmaq ümidindən əl çəkməyə, Azərbaycan torpaqlarını boşaltmağa məcbur etmək mümkün olmayacaq.  Odur ki, bu il Azərbaycan diplomatiyasının fəallığı Ermənistanla danışıqların aparılmasına və kompromis axtarışına deyil (Sarqsyanla razılığa gəlmək mümkün deyil, necə ki onun sələfi Köçəryan ilə mümkün olmadı), fövqəldövlətlərin və beynəlxalq qurumların mövqeyini dəyişdirməyə, həmçinin, ermənilərin bütün regional layihələrdən təcridinin daha da kəskinləşdirilməsinə yönəldilməlidir.



MƏSLƏHƏT GÖR:

378