15 Mart 2025

Şənbə, 01:19

DAĞLIQ QARABAĞ NİZAMLANMASI:

Danışıqlar prosesini dalandan çıxarmaq mümkün olmadı, 2012-ci il üçün proqnozlar isə o qədər də nikbin deyil

Müəllif:

01.01.2012

2011-ci il Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi Madrid prinsipləri əsasında aparılan dördillik danışıqlar prosesini hansısa praktik nəticəyə çatdırmaq imkanları baxımından həlledici idi. Təəssüf ki, nə Azərbaycanda, nə də Ermənistanda bu il seçkinin olmamasının "imkanlar pəncərəsi" sayılmasına rəğmən, bu fürsətdən istifadə olunmadı.

Vasitəçiləri kifayət qədər fəallıq göstərməməkdə qınamaq üçün də əsas yoxdur. Minsk qrupunun həmsədrləri regiona kifayət qədər çox sayda səfərlər etdi, İlham Əliyev ilə Serj Sarqsyan arasında Rusiya Prezidenti Dmitri Medvedevin iştirakı ilə Soçi və Kazanda görüşlər keçirildi, həmçinin, XİN başçıları arasında intensiv dialoqlar aparıldı. Amma nəticə əldə olunmadı. Ermənistan tərəfi 2009-cu ilin yayında Afinada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında tərəflərə rəsmən təqdim olunmuş Madrid prinsiplərinin yenilənmiş variantını, hətta müəyyən düzəlişlərlə belə, qəbul etmədi. Madrid prinsiplərində yer almış 14 elementdən 2-si hələ də nəticənin əldə edilməsinə maneə olaraq qalır. Bunlar referendumun nə vaxt və hansı çərçivədə keçiriləcəyi, həmçinin, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinədək ona veriləcək "aralıq statusu"nun məğzi və mahiyyətidir.

Hələ 2010-cu ilin yanvarında prezidentlərin Soçidəki görüşü zamanı Ermənistanın dövlət başçısı S.Sarqsyan ultimativ şəkildə tələb etmişdi ki (Wikileaks, sən. 10 Baku134), yekun sənəddə yalnız referendumun keçirilməsinin müm-künlüyü deyil, həm də onun konkret çərçivəsi və keçiriləcəyi müddət göstərilsin. Azərbaycan Prezidenti İlham Əliyev isə bu məsələdə tam əks mövqedədir. O, Dağlıq Qarabağın sessiyasına aparıb-çıxara biləcək istənilən məqamı prinsipial şəkildə istisna edir. İ.Əliyev hesab edir ki, Dağlıq Qarabağın statusu gələcəkdə möhkəm sülhün qurulması, qaçqınların öz torpaqlarına qayıtmasından sonra əhalinin iradəsi əsasında müəyyənləşməlidir. Bu halda keçiriləcək referendumun konkret müddəti və səsverməyə çıxarılacaq məsələnin məğzi haqda danışmaq tezdir. Erməni tərəfi "aralıq status"la bağlı Dağlıq Qarabağa formal şəkildə bəyan edilmədən, faktik olaraq müstəqilliyin verilməsinə çalışır. Azərbaycan üçün isə bu, şübhəsiz, qəbuledilməzdir.

Prezidentlər Əliyev, Sarqsyan və Medvedevin bu ilin yayında Kazanda keçirilmiş görüşündə Rusiya Sarqsyanın yalvarışlarını nəzərə alaraq, tərəflərin müzakirə etdiyi sənədə onun tələblərinin bəzilərini özündə əks etdirən dəyişiklik etdi. Təbii ki, buna cavab olaraq biz də öz qeydlərimizi irəli sürdük. Nəticədə, Ermənistan XİN başçısı Edvard Nalbandyan səs-küy salaraq, Azərbaycan tərəfini sənədin qəbuluna mane olmaqda ittiham etdi. Halbuki, məhz Nalbandyan 2 ildən artıqdır Sarqsyanla birlikdə Minsk qrupunun 2009-cu ilin yayında ATƏT XİNŞ-in Afinada keçirilən toplantısında irəli sürdüyü yenilənmiş Madrid prinsiplərini qəbul etmir, mütəmadi olaraq sənədə bitib-tükənməyən dəyişikliklər edilməsini istəyir.

Nəticəsiz Kazan görüşündən sonra, Moskva razılaşdırılmış mətn ortaya qoymağa cəhd göstərdi. Bu məqsədlə şəxsən Prezident Medvedevin tapşırığı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov regiona səfər etdi, daha sonra Azərbaycan və Ermənistan XİN başçıları məsləhətləşmə aparılması üçün Moskvaya dəvət olundu. Lakin tərəflər arasında kompromis əldə edilməsi, çərçivə sazişinin imzalanması yenə də mümkün olmadı. Bu halda ortaya təbii sual çıxır: "Bəs sonra?".

Bakı xarici işlər naziri Elmar Məmmədyarovun dilindən dəfələrlə danışıqlarda növbəti mərhələyə keçilməsini təklif edib. Söhbət bilavasitə sülh razılaşmasının mətninin hazırlanmasından gedir. Bu ilin payızında ATƏT XİNŞ-in Vilnüsdə keçirilmiş toplantısında E. Məmmədyarov demişdi: "Münaqişə özü-özlüyündə çoxtərəfli, çox çətindir, qarşılıqlı etimad məsələsində hələ həll olunmamış çoxlu sayda məsələ qalır. Çox ciddi hərbi faktor, hərbi qarşıdurmalar var. Ordunun geri çəkilməsi, dağıdılmış ərazilərin bərpası, köçkünlərin öz torpaqlarına qaytarılması, böyük maddi problemlərin həlli vacibdir. Bu üzdən də bütün bunların kifayət qədər ciddi məsələlər olduğunu anlayaraq hesab edirik ki, prinsiplərdə ilişib-qalmaq lazım deyil. Artıq böyük razılaşma üzərində işə başlanılmalıdır. Hazırda həmsədrlərlə birgə müzakirə etdiyimiz məsələlərin məğzində bu durur".

Bunun üçün baza var. Belə ki, hələ ötən il ATƏT-in Almatıda keçirilmiş sammitində Azərbaycan və Ermənistan prezidentləri Rusiya, ABŞ və Fransa dövlət başçılarının Akvil, Muskok və Devil bəyanatlarına qoşulublar. Həmin sənədlərdə münaqişənin kompromislər əsasında həll edilməsi üçün lazım olan 3 əsas prinsip və 6 element əks olunub.

Moskva ilə Yerevan öz növbələrində israrla hesab edirlər ki, əvvəlcə razılaşdırılmış məqamlar və hələ danışıqların davam etdirilməli məqamlarla bağlı memorandum imzalanmalıdır. Bu isə Azərbaycanın maraqlarına o qədər də cavab vermir. Çünki bu formada sənədin imzalanması Bakını qarşı tərəfə güc tətbiq etməmək haqda öhdəlik qarşısında qoyacaq. Belə olan təqdirdə isə ermənilər sülh danışıqlarını sonsuzluğa qədər uzadacaq və müvafiq olaraq, işğal altındakı torpaqları boşaltmaqdan yayınacaq.

Ermənistanın seçki prosesinə yaxınlaşdığını nəzərə alsaq (2012-ci ildə bu ölkədə parlament, ardınca isə prezident seçkisi keçiriləcək), Serj Sarqsyan və ətrafının Azərbaycanın qanuni tələbləri və maraqlarına cavab verən kompromisə gedəcəyi inandırıcı görünmür. Sarqsyanın görüşlər və danışıqlardan qaçması da bunu göstərir. Bu ilin sentyabrında Varşavada Aİ-nin və Şərq tərəfdaşlığı ölkələrinin sammitində S.Sarqsyan 3 Cənubi Qafqaz ölkəsi başçısının Aİ prezidenti ilə birgə görüşünə qatılmaqdan imtina edib. O, Aİ-nin beynəlxalq məsələlər və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştonun prezidentlərin xüsusi görüşünün təşkili təklifinə də reaksiya verməyib. Görünür, Rusiyanın iştirakı olmayan görüşlərdə S. Sarqsyan özünü rahat hiss etmir. Çünki Dağlıq Qarabağ münaqişəsində mövqelərinin zəif olduğunu anlayır. Vəziyyət elədir ki, həmsədr ölkələrdən yeni təşəbbüslər gözləməyə dəyməz. İndi Fransa Prezidenti Nikola Sarkozi ölkəsində 2012-ci ildə keçiriləcək seçkidə yenidən qələbə qazana bilib-bilməyəcəyindən daha çox narahatdır. Fransa Parlamentinin "1915-ci ildə törədilmiş erməni soyqırımı"nı inkar etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul etməsi bəlkə də erməni diasporunun Sarkozini dəstəkləməsinə yol açır. Amma bu onu vasitəçi qismində son dərəcə qeyri-populyar edir. Bununla əlaqədar olaraq, Bakı və Ankarada Fransanın, ümumiyyətlə, Minsk qrupunun həmsədrləri sırasından çıxarılmasına dair çağırışlar başlanıb. Üstəlik, bu ölkəni qrupda təmsil edən Bernar Fasye 7 illik missiyasını başa vurub, Bakı və İrəvana vida səfəri edib. Onu Fransanın Ukraynadakı sabiq səfiri Jak Forun əvəzləyəcəyi bəyan olunub.

Rusiya Prezidenti Dmitri Medvedev Kazan görüşündəki uğursuzluqdan və ikinci müddətə prezident seçilmək üçün namizədliyini irəli sürməyəcəyini bəyan etdikdən sonra, sanki Qarabağ mövzusuna marağını itirib. Amma AzTV-yə bu yaxınlarda verdiyi müsahibədə o de-yib: "Fikrimcə, Qarabağ problemi postsovet məkanında hazırda həll edilməsi mümkün olan yeganə münaqişə ola bilər". Medvedevin fikrincə, söhbət münaqişənin yalnız kompromislər əsasında həllindən gedə bilər: "Hər şey tərəflərin xoş məramından, onların imkanlarından, bir-birinin arqumentlərini eşitmək arzusundan ibarətdir. Açıq desək, asan həll yolu olmur. Razılığa yalnız kompromislər əsasında gəlmək olar. Yəni hər tərəf öz yolunu keçməlidir. Rusiya bundan sonra da buna kömək edəcək".

Bunun ardından Rusiya XİN başçısı Sergey Lavrov "İnterfaks"a müsahibəsində deyib: "Biz MDB məkanındakı problemlərin, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsi və Dnestryanı problemin siyasi həllinə nail olmaq üçün fəal səylərimizi davam etdirmək niyyətindəyik".

Bunların sözdən əmələ keçib-keçməyəcəyini demək çətindir. Aydındır ki, Rusiya prezidentliyinə namizəd göstərilmiş və böyük ehtimalla bu postu tutacaq Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinə münasibəti nizamlanma prosesini "ölü nöqtə"dən tərpətmək üçün şəxsən səylər göstərən Dmitri Medvedevin yanaşmasından ciddi şəkildə fərqlənir. Putinin bu problemlə bağlı səsləndirdiyi fikirlər onun hazırkı status-kvonun saxlanmasına tərəfdar olduğunu düşünməyə əsas verir. Bunun belə olub-olmadığını da zaman göstərəcək. İndi aydın olan odur ki, yaxın yarım ildə Dağlıq Qarabağ münaqişəsinin Rusiya rəhbərliyi üçün prioritet olma ehtimalı çox azdır.

Qarabağ nizamlanmasında əsas moderatora çevrilmək istəyi və cəhdi ABŞ-da da müşahidə olunmur. Prosesi "ölü nöqtə"dən tərpətmək üçün münaqişə tərəflərinə ciddi təzyiqin göstərilməsi vacibdir. Vaşinqtonun Əfqanıstana tranzit məsələsi, enerji layihələri, həmçinin, İran problemi ilə bağlı Azərbaycanda maraqlarının olması üzündən o, Bakıya təzyiq göstərə bilmir. Ermənilərə isə Obama administrasiyası, sadəcə, təzyiq etmək istəmir. Çünki 2012-ci ilin payızında bu ölkədə də prezident seçkisi keçiriləcək və bu baxımdan onun da nüfuzlu erməni diasporunun dəstəyinə ehtiyacı var.

Minsk qrupunun həmsədrləri regiona inersiya ilə səfərlər edir, tərəfləri hərbi əməliyyatların bərpasından çəkindirir, təmas xəttində atəşkəsin pozulması hallarının araşdırılması mexanizmlərinin sadələşdirilməsi təklifini irəli sürür, amma bütün bunlar reallıqda nizamlanma prosesində irəliləyişə kömək etmir. Aydındır ki, Minsk qrupunun səylərinin nəticəsiz qalması həm Azərbaycan hökumətində, həm də geniş ictimaiyyətdə onun fəaliyyətinə inamsızlıq və narazılıq yaradır.

Danışıqların sonsuzluğadək uzadılmasının, hazırkı vəziyyətin qorunub-saxlanmasının qəbuledilməz olduğunu ABŞ, Rusiya və Fransa prezidentləri Dovildəki bəyanatlarında da açıq şəkildə ifadə etmişdilər. Avropa İttifaqı da eyni mövqedədir. Ketrin Eşton açıq şəkildə bildirib ki, "Dağlıq Qarabağda status-kvonun qorunub-saxlanması yolverilməzdir. Münaqişənin həllinə, prosesin gedişinə güc tətbiqi və ya güc tətbiqi ilə hədə vasitəsilə təsir göstərilməsini də yolverilməz sayırıq".

Ərazi işğalının leqallaşdırılması, separatçı cəhdlər beynəlxalq aləmdə dəstəklənmir. Azərbaycan diplomatiyasının regiondakı vəziyyətin aydınlaşdırılması, yalançı erməni təbliğatının ifşa olunması istiqamətindəki fəallığı nəticə verməkdədir.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2011-ci ilin oktyabr sessiyasında "Müasir beynəlxalq hüquqda milli suverenlik və dövlətçilik" adlı qətnamə qəbul edildi. Sənədə əsasən, assambleya bütün üzv dövlətləri qeyri-qanuni şəkildə ayrılmış ərazilərin faktiki hakimiyyətini, xüsusilə xarici hərbi müdaxilə vasitəsilə dəstəklənən qüvvələri tanımaqdan imtinaya çağırır. AVRONEST-in (Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələri qrupunun parlament assambleyası) ilk toplantısında isə erməni nüma-yəndə heyətinin qətnaməyə separatçıların "maskalandığı" xalqların öz müqəddəratını təyinetmə prinsipinə hörmətlə bağlı maddənin salınmasına cəhdləri nəticə vermədi.

Bundan başqa, dekabrda Meksika Senatının qəbul etdiyi bəyanatda bildirilir ki, "26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinin dinc əhalisinə hücum edib, beynəlxalq ictimaiyyət tərəfindən qeyd-şərtsiz soyqırım adlandırılan bu hadisə zamanı yüzlərlə insan etnik mənsubiyyətinə görə qətlə yetirilib".

Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunulur, Madrid prinsiplərinin məğzi açıqlanır, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vurğulanır, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarının vacibliyi bildirilir.

Bundan əvvəl Qarabağ münaqişəsinə İtaliya Senatı da münasibət bildirmişdi. Hazırda isə Litva Seymi qətnamə layihəsini müzakirə edir.

Erməni tərəfi üçün daha pis olanı hərbi qüvvələr nisbətinin və iqtisadi potensialın dəyişməsidir. Bunu 2011-ci ildə həm Azərbaycanda, həm də Ermənistanda keçirilən hərbi paradlar da sübut edib. Bakıda təşkil olunmuş paradda müasir hərbi texnika nümayiş etdirilib. Azərbaycan Ordusuna C300 divizionları ilə yanaşı, Rusiya istehsalı olan "Mİ-35" zərbəçi vertolyotları da alınmağa başlanılıb, hərbi pilotsuz təyyarələrin və digər silahların yığılmasına start verilib.

Ermənistandakı parad isə orada məntiqsiz olaraq Rusiya hərbçilərinin iştirakı və erməni keşişlərinin addımlaması ilə yadda qaldı.

Ermənistan iqtisadiyyatında problem artmaqdadır. Moody's agentliyi bu ölkənin iqtisadi reytinqini aşağı salıb. Analoji addımı bir müddət əvvəl Fitch agentliyi də atmışdı.

Ermənistanın reytinqinin aşağı salınması göstərir ki, bu ölkə hakimiyyəti və bankları beynəlxalq maliyyə bazarlarında nəhəng pul-kreditlərə ümid edə bilməz. Köhnə borcların qaytarılmasının vaxtı çatır. Amma Ermənistanın onları ödəməsi üçün pulu yoxdur. Demək, hökumət onsuz da aşağı səviyyədə olan sosial ödənişləri bir qədər də azaltmalı, pulu borcların ödənilməsinə və kasıb büdcəyə yönəltməli olacaq. Bu, ölkədə miqrasiya əhvalının daha da artacağını, Ermənistan əhalisinin xaricə axınının daha da artacağını, çağırış yaşında olan əhalinin sayının minimuma düşəcəyini söyləməyə əsas verir. Ermənistanın hazırkı  hakim elitasının yürütdüyü siyasətin ölkəni fəlakətə apardığını artıq yalnız eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətçi EMK deyil, xaricdəki erməni diasporunun məşhur nü-mayəndələri də anlamağa başlayıb; məsələn, məşhur şanson ifaçısı, Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavur 2011-ci ilin dekabrında Moskvada qastrolda olarkən "Life Showbiz"ə verdiyi açıqlamada ermənilər üçün acı etiraflar səsləndirib: "Mənim ölkəmdə daxili soyqırım baş verir. Bu siyasəti yolverilməz hesab edirəm. Hökumət Ermənistana nəfəs almağa imkan vermir, ölkəni gənclərdən məhrum edir - onlar gedirlər. Bu baxımdan problem artıq siyasi yox, ümumbəşəridir. Onu təcili olaraq həll etmək lazımdır".

2011-ci ilin oktyabrında isə Fransa Prezidenti Nikola Sarkozinin Yerevana səfəri ərəfəsində elə həmin Aznavur "Nouvelles d'Armynie" jurnalına müsahibəsində bildirmişdi ki, Ermənistanda mafiya cəzasız şəraitdə işləməkdə, əhalinin sayı isə sürətlə azalmaqdadır: "Yeganə arzum orada qalmış az sayda insanlar üçün yaxşı işlərin görülməsidir. Orada nə qədər insan qalıb? Deyirlər, 2,3 milyon. Rəsmi şəxslər 3,6 milyon deyir. Amma bu, yalandır. Çox qısa zamanda Ermənistanda əhalinin sayı 1,8 milyona, hətta 1 milyona düşəcək".

Ermənistan ayılacaq, yoxsa "Dağlıq Qarabağ naminə dözmək və yoxsulluğun öhdəsindən gəlmək lazımdır" kimi millətçi əhval və şuarlar daha üstün gələcək? Bunu parlament seçkisində mübarizənin gedişi göstərəcək.

Azərbaycana gəlincə, Minsk qrupunun imitasiya xarakterli vasitəçilik səylərinin davam etdiriləcəyi təqdirdə biz məsələni BMT TŞ-nin gündəliyinə çıxarmaq üçün fəaliyyətə keçməli olacağıq. Bu, mümkündür. Axı alternativ yalnız heç kimə lazım olmayan müharibədir.



MƏSLƏHƏT GÖR:

478