25 Noyabr 2024

Bazar ertəsi, 17:15

GƏLƏCƏK İNDEKSLƏRDƏ

Cerom Kleyton Qlenn, "minilliyin layihəsi"nin direktoru: "Növbəti onillikdə də bu inkişaf davam etməlidir"

Müəllif:

15.12.2011

«Minilliyin layihəsi» beynəlxalq təşkilatı Bakıda Azərbaycanın gələcək durumunun indeksinin müəyyən edilməsi (AZ-SOFI) layihəsininin təqdimatını keçirib. “Gələcəyin durum indeksi - Azərbaycan 2011” məruzəsi ilə çıxış edən layihə rəhbəri Cerom Kleyton Qlennin sözlərinə görə bu, Azərbaycanın 2011-2020-ci illər üçün inkişaf perspektivlərini qiymətləndirməyə imkan verəcək ilk layihədir. Qiymətləndirmə üçün ölkənin 20 illik müstəqilliyi dövründə əldə etdiyi nəticələr əsas götürüləcək. Bundan əvvəl belə indekslər Çin, Küveyt, Türkiyə, CAR və digər dövlətlər üçün hazırlanıb. Sözügedən təşəbbüsün mahiyyəti və Azərbaycanın gələcəyinə baxışlarının nədən ibarət olması barədə Cerom Qlenn jurnalımıza müsabihəsndə danışıb. 

- «Minilliyin layihəsi»nin həyata keçirilməsində əsas məqsəd nədir və bunun əməkdaşlıq etdiyiniz ölkələr üçün hansı əhəmiyyəti  var?

-  Elə bir insan yoxdur ki, gələcəkdə nələrin baş verəcəyini qabaqcadan bilmək istəməsin. Minilliyin layihəsi  gələcəyi öyrənmək məqsədi ilə  həyata keçirilir. Amma bu öyrənmə prosesi birdəfəlik deyil, mərhələli və  geniş təhlillər, araşdırmalar nəticəsində  aparılır. 

- Bu layihəyə qoşulan ölkələrdən biri də Azərbaycandır və  siz “Gələcəyin durum indeksi - Azərbaycan 2011” adlı hesabatı da artıq ictimaiyyətə təqdim etmisiniz.  Hansı nəticələrə gəldiniz və Azərbaycanın gələcəyi haqqında proqnozlarınız necədir? 

- Biz ölkələrin inkişaf indeksində konkret sahələr üzərində işləmirik.  Təhsil, səhiyyə, kənd təsərrüfatı-yəni bütün göstəriciləri nəzərə alırıq. Azərbaycan 5 ildir ki, bu layihəyə qoşulub. Azərbaycanın gələcək durumu indeksi üzrə (AZ-SOFI) keçirilmiş  tədqiqat ölkənin 2011-2020-ci illərdə inkişaf perspektivlərini müəyyən edir. Bu indeks Azərbaycanda inkişaf sürəti və aparılan islahatlar əsasında müəyyən edilib. Tədqiqat çərçivəsində cari ilin oktyabrında 13 ölkədə 101 ekspert arasında sorğu keçirilib. Hesabatda Azərbaycanın gələcəyi üçün əsas əhəmiyyətli  məsələlər öz əksini tapıb. Bizim əldə etdiyimiz nəticələrə görə,  məsələn, Azərbaycanda su təminatı problemi həll olunub, yoxsulluğun səviyyəsi azaldılıb. Amma qarşıda bir sıra fundamental məsələlər də durur. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olmağa hazırlaşır. Bu proses baş tutandan sonra ərzaq təhlükəsizliyi və  kənd təsərrüfatı məsələlərində müsbət irəlləyişlər ola bilər. 

- Azərbaycanın iqtidasi inkişafını necə qiymətləndirirsiniz? 

- Biz Azərbaycanın gələcək inkişafını təyin etmək üçün ötən 20 ildəki göstəricilərinə  baxdıq. İnsanlara bu sorğularda iştirak etmək üçün müraciət etdik. Bunlara əsasən deyə bilərik ki, artım və inkişaf yetərincə olub. Növbəti 10 illikdə də bu inkişaf davam etməlidir. Amma əvvəlki 20 illik proqram tempi ilə yox. Əgər əvvəlki 20 illik templə getmək istəsəniz, o zaman mütləq innovativ sahədə əlavə müdaxilə və dəstəyə ehtiyac olacaq.  Ötən illərlə müqayisədə daha yüksək sürətlə irəli getmək lazımdır. 

- Çıxışlarınızın birində qeyd etmisiniz ki, dünya getdikcə varlanır, sağlamlaşır, maariflənir, əlaqələr sürətlənir və insanlar daha yaxşı yaşayır, lakin hələ də dünyanın yarısı potensial olaraq qeyri-sabit vəziyyətdədir. Qeyri-sabitliyi necə aradan qaldırmaq olar və ya bu qeyri-stabillik nə vaxta qədər davam edəcək? 

- Əməkdaşlıq etdiyimiz ölkələr üzrə apardığımız qlobal araşdırmalarımız göstərir ki, dünyanın, təxminən, yarısı qeyri-stabil potensiala malikdir.  Amma bu o demək deyil ki, qeyri-stabil olaraq da qalacaq. Gəlin baxaq, qeyri-sabitlik hansı faktorlara təsir edir? Ərzağın qiyməti ucuzlaşmır, əksinə, bahalaşır. Ekoloji vəziyyət pisləşir, korrupsiya və mütəşəkkil cinayətkarlıq çoxalır, gənclərin təhsil almaq hüququ zəifləyir və s. Bunlar aradan qalxmasa, qeyri-stabillik gələcəkdə də hökm sürəcək. Yeri gəlmişkən, inkişaf etmiş ölkələrdə bu problemlər daha azdır. Ümumiyyətlə, birgə, düzgün qərarlar qəbul etmək lazımdır. Əks halda, proqnozlar xoşbəxt gələcəyə  zəmanət  vermir. Minilliyin layihəsində ən uyğun və optimal olan qərarları seçməyə çalışırıq. İndi bunları danışırıq, amma  hələ ki dəyişmək iqtidarında olmadığımızı görürük. Bundan başqa, insanların özlərinə inamı olmalıdır. Gələcəkdə daha çox uğur əldə etmələri üçün onlar öz potensiallarını bilmirlərsə, onda cəhd etməyin mənası yoxdur. Bu illər ərzində bir daha əmin oldum ki, insanların özlərinə, öz güclərinə inamı olanda daha  çoxa  nail  olurlar. 

- Cənubi Qafqaz sabit deyil, bu regionda Dağlıq Qarabağ problemi kimi digər  münaqişlər  mövcuddur. Burda vəzyyəti dəyişmədən istənilən nəticəyə nail olmaq mümkündürmü?  

- Regionda sülhün təmin olunması üçün qonşular əməkdaşlıq etməlidir. Azərbaycanın, Gürcüstanın, Ermənistanın, İranın və digər qonşu dövlətlərin  əməkdaşlığı mühümdür və bu bölgənin inkişafına birbaşa təsir göstərən amillərdəndir. Mən yalnız həmin dövlətlər arasında aparılan danışıqları, müzakirələri nəzərdə tutmuram, əsl fəaliyyətə keçmək lazımdır. Biz bunu  müsəlman qardaşlarımızla birgə Yaxın Şərqdə də tətbiq etmişik.  

- Siz həm də deyirsiniz ki, əvvəlcədən qurulan ssenariləri həyata keçirmək lazımdır.  Axı dünyanı tam ssenarilərlə idarə etmək də mümkün deyil. Qəfil baş verən enmə və qalxmaları, fəlakətləri necə tənzimləmək olar? 

- Bu gün dünyada hər mənada müxtəlif siyasi, iqtisadi ssenarilər var və ona nail olmağa cəhd göstərilir. Amma bəzən  bu ssenarilər pozulur. Məsələn, bir çox xəstəlikllər arta bilər, ekologiyanın vəziyyəti pisləşə bilər və s. Elə baş verən sunamiləri, zəlzələləri götürək. Bunlar insan iradəsindən kənardır.  Amma bütün bunlara hazır olmaq lazımdır. Mən yenə də təkrar edirəm: birgə çalışmaq lazımdır ki, gələcək təhlükələrdən qurtula bilək. 


MƏSLƏHƏT GÖR:

444