
AĞIR ATLETLƏRDƏN BEŞ LİSENZİYA
Bununla Londona "vəsiqə"lərimizin sayı 28-ə çatdı
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Ağır atletika üzrə yığma komandamız Fransada keçirilən Dünya Çempionatından bir bürünc medalla qayıtdı. Ölkəmiz üçün medalı milliləşdirilmiş bolqar ağırlıqqaldıranı Valentin Xristov qazandı. Bununla da 17 yaşlı gənc debütant onu milliyə qəbul edən Ağır Atletika Federasiyasının etimadını doğrultmuş oldu.
Bütövlükdə millinin mundialda çıxışı müsbət qiymətləndirilməlidir. Hələ yarış ərəfəsində məşqçilər korpusu əsas məqsədin London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu söyləmişdi. Atletlər də qarşıya qoyulan məqsədə çatdılar. Ağır atletika yığmamız 5 lisenziya qazanmaqla, ümumilikdə, Azərbaycan idmançılarının Londona qazandıqları vəsiqələrin sayını 28-ə çatdırdı. Parisdəki yarışa qədər yığmamızın aktivində 69 lisenziya xalı var idi. 2010-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən Dünya Çempionatında əldə etdiyimiz bu xallar bizə 4 Olimpiya lisenziyası verirdi. Fransadakı mundialda isə bu reytinqimizi təsdiqləməli və imkan daxilində onu daha da artırmalı idik. Məhz belə də oldu. Fransada atletlərimiz bir il əvvəlkindən daha yaxşı çıxış edərək, 93 xal qazandılar. Yekunda əldə etdiyimiz 162 xal isə komandamıza 2012-ci ildə Londonda keçiriləcək 30-cu Yay Olimpiya Oyunlarına 5 kişi idmançıyla təmsil olunmaq imkanı verdi.
Kişi atletlərin uğurunu zərif cinsin nümayəndələri təkrarlamadı. Qadınların yarışında ümumi sıralamada yığmamız 30-cu yeri tutdu. Bir il əvvəl Türkiyədə 7 xal qazanan komandamız Fransada bunun üzərində daha 59 xal əlavə etdi. Topladığımız 66 xal idmançılarımıza Olimpiadaya lisenziya qazanmaq şansı vermədi. Xanım atletlər Londona yollanmaq üçün gələn il keçiriləcək Avropa Çempionatında mütləq uğurlu çıxış etməli olacaq.
Xatırladaq ki, yarış ərəfəsində millinin bolqar baş məşqçisi Yanko Rusev istefaya göndərildi. Komandamız Fransaya məşqçilər şurasının rəhbərliyi altında yollandı. Dünya Çempionatı göstərdi ki, yığmaya əcnəbi məşqçi lazım deyil. Federasiya öz mütəxəssislərimizə inanaraq, onlara özlərinə göstərməyə şans verməlidi. Rusev vaxtı ilə güclü idmançı olsa da, məşqçi kimi özünü doğrultmayıb. Məhz bu amili üstün tutan Federasiya onunla müqaviləyə xitam verdi. İdmançılarımız da bolqar məşqçinin hazırlıq prosesindən gileylənirdi. Rusev atletləri fiziki yükləməklə onların zədələnməsinə səbəb olurdu.
Dünya Çempionatında məşqçilər şurasının uğurlu işindən sonra məlum oldu ki, Federasiya millini yerli mütəxəssisə tapşırmaq niyyətindədir. Müzakirələrdə 5 namizədin adı hallanırdı. Ən real namizəd kimi isə dünya və Avropa çempionu Nizami Paşayevin adı çəkilirdi və nəticədə, baş məşqçi postu elə ona tapşırıldı. Bu barədə "Azeri-sport.com" saytına Nizami Paşayev özü məlumat verib. "Bu gün (noyabrın 23-də) Milli Federasiyanın prezidenti Cahangir Əsgərovla görüşümüz oldu. O, yığmanı London Olimpiadasına hazırlamaq üçün mənə tapşırdı. Bildiyiniz kimi, Olimpiadaya beş idmançımız vəsiqə qazanıb. Mənim qarşıma qoyulan vəzifə Londonda qızıl medal qazanmaqdan ibarətdir. Heyəti toplamaq və Olimpiadaya hazırlamaq üçün vaxtımız var", - deyə N. Paşayev bildirib.
Qeyd edək ki, Azərbaycan ağırlıqqaldıranlarının aktivində Olimpiya medalı yoxdur. Buna görə də yeni baş məşqçi və onun yetirmələrini gərgin hazırlıq və sınaq gözləyir. Hələlik yalnız Xristovdan London Yay Olimpiya Oyunlarında da medal gözləmək olar. Sərdar Həsənov (69 kq) və Yuliya Doval (75 kq+) ümumi nəticədə 5-ci yeri tutsalar da, optimal formaya düşmək üçün hələ çox çalışmalıdırlar. Əfqan Bayramov (69 kq), Namiq Cəmilov (85 kq), İntiqam Zairov (94 kq) həmişə olduğu kimi, mükafatlardan çox uzaqda qərarlaşıblar. Digər tərəfdən, ağır atletikada lisenziyanın idmançıya deyil, ölkəyə verilməsi qeyd olunmalıdır. Yəni, Olimpiada ərəfəsində Azərbaycan Ağır Atletika Federasiyası komandanın heyətində köklü dəyişikliklər edərək, mötəbər yarışa yeni heyət göndərə bilər.
İstənilən halda Beynəlxalq Ağır Atletika Federasiyası Olimpiadadan 3 ay əvvəl iştirakçı ölkələrdən heyətləri tələb edir. Bu o deməkdir ki, məşqçilər korpusunun seçim üçün vaxtı çox deyil.
MƏSLƏHƏT GÖR: