
SƏLƏFLƏRİN SƏHVLƏRİNDƏN NƏTİCƏ ÇIXARMALI…
Qırğızıstandakı son prezident seçkisi bundanəvvəlki seçkiləri xatırladır
Müəllif: Fuad HİLALOV Bakı
Qırğızıstanda prezident seçkisi baş nazir, sosial-demokratların lideri Almazbek Atambayevin inamlı qələbəsi ilə başa çatdı. Bu, son illər Qırğızıstanda nisbətən dinc və sakit şəraitdə baş tutan ilk seçkidir.
Qırğızıstan indiyədək həm çoxsaylı daxili siyasi ziddiyyətlər, həm də cəlbedici coğrafi mövqeyi üzündən çox çətin yollardan keçməli olub. O, şərqdən Çinlə, şimaldan Qazaxıstanla, cənub və cənub-qərbdən Tacikistan və Fərqanə vadisi vasitəsilə Özbəkistanla həmsərhəddir.
Çətin geosiyasi mövqe
Rusiya üçün Qırğızıstan Çinə qapı, həmçinin, cənubdan regional narkotrafik, silah qaçaqmalçılığı və radikal dini axınlar baxımından bufer zonadır. Bundan başqa, Rusiya Qırğızıstanı özünün Avrasiya Birliyi layihəsinin bir hissəsi kimi görür. Ölkədəki rus azlıq (bəzi hesablamalara görə, ümumi əhalinin 10-15%-i) da Rusiyanın Qırğızıstandakı maraqlarını artıran faktordur. Bu ölkədə Rusiyanın hərbi kontingenti də var. Söhbət "Kant" aviabazasından gedir.
Bununla yanaşı, Rusiya Qırğızıstanda daha bir neçə hərbi baza yaratmaq üçün də Bişkeklə danışıqlar aparır.
Qırğızıstan, öz növbəsində, Rusiya ilə münasibətlərə enerji resursları ilə təminat, iqtisadiyyata nəhəng kapital qoyuluşları baxımından yüksək qiymət verir.
Dünya geosiyasətinin digər qütbü olan ABŞ-dan ötrü Qırğızıstan yalnız Çinlə həmsərhəd olduğu üçün önəmli deyil. Qırğızıstanın unikal geosiyasi mövqeyi onu ərazisində hərbi bazaların yaradılması baxımından cəlbedici edir. Qırğızıstan dünyada həm Rusiya, həm də ABŞ hərbi bazasına malik yeganə dövlətdir. ABŞ-ın bu ölkədəki "Manas" hərbi bazası (2010-cu ildən "Tranzit daşımaları mərkəzi"nə çevrilib) Bişkekin xarici siyasətinin vacib faktorlarındandır. Bundan başqa, Qırğızıstan ABŞ və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Böyük ipək yolu" qlobal layihəsinin vacib bəndidir.
Qırğızıstan Çinin Sintszyan vilayəti ilə də həmsərhəddir. Burada əsasən, türkdilli müsəlmanlar yaşayır. Çindən olan və qırğızlarla ümumi türk köklərinə malik əksər emiqrantlar (uyğurlar, dunqanlar) Qırğızıstanın cənubunda yaşayırlar. Bu üzdən Çin üçün Qırğızıstanla, xüsusilə şimal vilayətlərində etnik türklərin müstəqillik mübarizəsinin genişlənməsi fonunda sabit və dost münasibətləri qoruyub-saxlamaq vacibdir. Üstəlik, Çin də Rusiya kimi, NATO qüvvələrini sərhədlərinə yaxın ərazidə görmək istəmir. Amma Pekin "Böyük ipək yolu" layihəsinin reallaşdırılmasında maraqlıdır. Çinin Qırğızıstana iqtisadi təsiri bütün digər dövlətlərlə müqayisədə daha böyükdür. O, Qırğızıstanın xarici iqtisadi tərəfdaşları arasında ilk yerdədir.
Daxili siyasi proseslərə gəlincə, Tanlı dağları (Tyan-Şan) Qırğızıstanı yalnız coğrafi baxımdan 2 hissəyə bölmür. Bu ölkənin şimalı ilə cənubu arasında ciddi parçalanma var. Bu parçalanmanın ciddi siyasi, dini və etnik kökləri yoxdur (cənubdakı özbək və uyğur azlıqları nəzərə almasaq). Sadəcə, Şimal tarixən daha çox Rusiya və Qazaxıstanın nəzarətində olub. Müstəqillik əldə edildikdən sonra, Qərb dəyərlərinə tərəf istiqamət götürülsə də, oranın əhalisi əsasən rusdillidir.
Cənubda isə daha çox din, mühafizəkarlıq və millətçilik hiss olunur. Burada qırğızlar, əsasən, doğma dildə danışır, ənənələr və nəsillərarası münasibətlər də güclüdür. Ölkənin 7 vilayətindən 4-ü (Çuy, İssık-Kul, Talas, narın) şimalda, 3-ü (Cəlalabad, Oş, Batken) cənubda yerləşir. Ölkənin 5 milyonluq əhalisinin yarısı şimalda, yarısı cənubdadır. Cənub vilayətlərində doğum sayı yüksəkdir. Əvvəllər - Çar Rusiyası və Sovet İttifaqı dövründə Qırğızıstana şimallılar rəhbərlik edirdilərsə, müasir dövrdə cənubluların mövqelərini gücləndirdiyini söyləmək olar. Ölkədə parçalanmanı aradan qaldırmaq üçün paytaxtın Bişkekdən Oşa köçürülməsi məsələsi dəfələrlə müzakirə olunub.
Cənubda nisbətən zəngin özbəklərlə qırğızlar arasında etnik fikir ayrılıqları da var. Qırğızıstandakı hazırkı siyasi proseslərin səbəbi də məhz bu tendensiyalardır.
Yeni tarix
Hələ 2005-ci ildə keçirilmiş parlament seçkisindən xeyli əvvəl ovaxtkı prezidlent Əskər Akayev və baş nazir Tanayev ölkədə Ukrayna və ya Gürcüstanda baş vermiş inqilabların təkrarlanmasını mümkünsüz sayırdılar. 2005-ci ildə Akayev oktyabrda keçiriləcək prezident seçkisinə qatılmayacağını bəyan etmişdi. Amma parlament seçkisinin nəticələrinin saxtalaşdırılması, ilk turda prezidentin oğluna, ikinci turda isə qızına mandat verilməsi, sabiq xarici işlər naziri Roza Otunbayevanın seçkiyə buraxılmaması, əsasən, Şimalı təmsil edən şəxslərin deputat "təyin olunması" Oşda və Cəlalabadda qəzəbə səbəb oldu. Nəticədə, bu şəhərlərin əhalisi inzibati binaları ələ keçirdi. Az sonra siyasi aksiyalar paytaxtı da bürüdü. Akayev güc nazirlərini istefaya göndərməklə və müxalifətlə danışıqlara getməklə hakimiyyətdə qalmağa cəhd göstərsə də, martın sonlarında ölkəni tərk edərək Rusiyaya qaçmaq məcburiyyətində qaldı. Qərb KİV-in "zanbaq inqilabı" adlandırdığı kütləvi təlatümlər sonradan "Sarı inqilab" adını aldı. Bu, Soros Fondunun köməyi ilə Qırğızıstana bir neçə min metr "sarı parça"nın göndərildiyinə dair informasiyanın yayılmasından sonra baş verdi. İnqilabdan dərhal sonra isə bir sıra Qərb liderləri yeni hakimiyyəti legitim elan etdi və demokratik qüvvələrə dəstək verdi.
Həmin vaxt baş verənlərə Rusiya və Çinin reaksiyasına gəlincə, bu, bir qədər passiv və ehtiyatlı yanaşma idi.
İnqilab nəticəsində "cənub təmsilçisi", müxalifət lideri Kurmanbek Bakiyev hakimiyyətə gəldi. Sələfi kimi, o da cəmiyyətdə birliyə nail olmağa çalışaraq, baş nazir postunu opponenti, "şimallı" Feliks Kulova həvalə etdi. Amma 1 il keçməmiş həm Bakiyevlə Kulov, həm də prezidentlə parlament arasında fikir ayrılıqları meydana çıxdı. Bu mübarizədə Bakiyev üstün oldu və Kulovu, həmçinin, razı qalmadığı digər nazirləri istefaya göndərdi. Otunbayeva da daxil olmaqla, keçmiş silahdaşları bu mübarizədə Bakiyevin əleyhinə çıxdılar.
Bakiyevin hakimiyyətə gəlməsinə Qərbin verdiyi dəstəyə baxmayaraq, tezliklə o özünü rusiyapərəst siyasətçi kimi göstərdi. 2009-cu il fevralın 3-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən toplantısına qatılan yeni prezident rusiyalı həmkarı ilə görüşdən sonra ölkəsindəki ABŞ hərbi bazasının bağlanacağını açıqladı. Bunun əvəzində Moskva Qırğızıstana 1,7 milyard dollar kredit ayırdı. Artıq fevralın 19-da Qırğızıstan Parlamenti "Manas" bazasının bağlanmasına səs verdi. Amma iyunun 22-də Bakiyev ABŞ rəhbərliyi ilə apardığı danışıqlar zamanı "Manas" hərbi bazasının "Tranzit daşımaları mərkəzi"nə çevrilməsi haqda razılığa gəldi. Bununla da bazanın Pentaqonun icarəsində qalma müddəti uzadıldı.
Bu, Rusiya-Qırğızıstan münasibətlərində ciddi sərinləşməyə səbəb oldu.
Hər şey 2010-cu ilin aprelində Qırğızıstanda kommunal xidmətlərə görə qiymətlərin növbəti dəfə artırılmasından sonra kütləvi etiraz aksiyalarının başlanması ilə bitdi. Nümayişlər silahlı qiyama çevrildi, müxalifət tərəfdarları paytaxt Bişkeki və əsas inzibati binaları ələ keçirdilər. Bakiyev paytaxtdan Cəlalabada, oradan isə Belarusa qaçdı. Bir neçə ay sonra ölkənin cənub vilayətlərində qırğızlarla özbəklər arasında milli zəmində kütləvi iğtişaşlar baş qaldırdı. Nəticədə, yüzlərlə insan həlak oldu, minlərlə insan Özbəkistanla sərhədi keçərək qaçqın düşdü. Əksər ekspertlər bunu Bakiyevin qisas addımı kimi qiymətləndirdi.
2010-cu il aprelin 7-də baş vermiş hadisələrdən sonra Qırğızıstanda Müvəqqəti Hökumət yaradıldı. Onun başçısı Roza Otunbayeva keçid dövründə həm də prezident səlahiyyətlərini icra edir. Hökumətin qəbul etdiyi akta əsasən, müvəqqəti prezidentin səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatır.
2010-cu il iyunun 27-də keçirilmiş referendumda isə ölkənin yeni Konstitusiyası qəbul olundu. Yeni qanuna əsasən, ölkə prezident respublikasından parlament respublikasına çevrildi.
Təlatümlərə "yox", sabitliyə "hə"
Yeni Konstitusiyaya əsasən, qalib gəlmək üçün seçicilərin minimum 50%-nin səsini qazanmaq tələb olunur. Sosioloji sorğular göstərirdi ki, hələ seçkidən bir müddət əvvəl Almazbek Atambayev əhalinin 36%-i tərəfindən dəstəklənir. Bu, prezident seçkisinin ikinci turunun keçirilməsinə zərurət yaranacağını göstərirdi. Bu halda cənubdan olan bütün prezidentliyə namizədlər ona qarşı birləşə bilərdi. Amma Atambayev məsələni elə ilk turdaca həll edə bildi. Bunun da bir neçə səbəbi var.
Qırğız xalqı inqilablardan, təlatümlərdən, iğtişaşlardan bezib. Onların həyatın bütün sahələrində sabitliyə və balansa çoxdan ehtiyacı var. Atambayev xalqa məhz bunu vəd edirdi. Şimalda ona tam dəstək müşahidə olunurdu. Seçki günü həmin vilayətlərdəki yüksək seçici fəallığı da qeydə alındı. Atambayevin qələbə ehtimalının yüksək olması etnik qruplarda da bir rahatlıq yaratmışdı. Onlar Atambayevin opponentləri olan cənublular qələbə qazanacağı təqdirdə, təzyiqlə üzləşəcəklərindən ehtiyatlanırdılar. Amma cənubda yaşayan qırğızların özləri də millətçi əhvalı o qədər də dəstəkləmirlər. Bunu cənub vilayətlərində namizədlərin siyahısında Atambayevin 3-cü olması da təsdiqləyir.
Atambayevin seçkiqabağı kampaniyası müsbət məqamlarla zəngin idi. O, təbliğat plakatlarında, fotolarda gülümsəyən yeganə namizəd idi. Məhz birlik, həmrəylik prinsipi ona qələbə qazandıran əsas faktor oldu.
Baş nazirin opponentləri isə əksinə, birləşə bilmədilər və bununla da cənubdakı elektoratın səsinin parçalanmasına imkan yaratdılar. Üstəlik, onlar Roza Otunbayeva da başda olmaqla, demək olar ki, bütün rəqiblərindən qisas alacaqlarını vəd edirdilər. Təbii ki, bu bəyanatlardan sonra Otunbayeva da Atambayevə tam dəstək verdi və bu, sonuncunun qələbəsində heç də az rol oynamadı.
Atambayev qələbəsindən dərhal sonra siyasi bəyanatla çıxış edib. Onun ən vacib bəyanatlarından biri "Manas" hərbi bazası ilə bağlıdır. Atambayev bildirib ki, bazanın 2014-cü ildə başa çatacaq icarə müddəti uzadılmayacaq: "Çünki aeroport tam mülki liman olmalıdır".
Amma Atambayevin ABŞ-ın maraqlarını nəzərə almayacağını da əminliklə söyləmək olmaz. Onun açıqlamasına Vaşinqtonun reaksiyası da özünü çox gözlətməyib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland və Pentaqonun mətbuat katibi Corc Littl Birləşmiş Ştatların Mərkəzi Asiyadakı hərbi bazasını itirə biləcəyi ilə bağlı vəziyyəti belə dəyərləndiriblər. "Bizim bazadan 2014-cü ilədək istifadəyə dair Qırğızıstan hökuməti ilə qəti razılaşmamız var/. Qırğızıstanın yeni hökuməti ilə 2014-cü ildən sonra nə baş verəcəyi ilə bağlı müzakirələrin başlanmasını gözləyirik. Onlar belə müzakirəyə ehtiyac duyduqlarını bizə açıq şəkildə bildiriblər", - deyə Nuland qeyd edib.
Əksər analitiklər hesab edir ki, Atambayevin "Manas"la bağlı bəyanatı daha çox Rusiyanı razı salmağa, Vaşinqtona isə Əfqanıstandakı işlərini arxayınlıqla görməyə vaxt verməyə cəhddir. Analitiklərin fikrincə, Atambayev bu bəyanatla Vaşinqtonla sövdələşməyə getməyə, bazanın icarə qiymətini artırmağa və müddəti bu yolla uzatmağa da ümid edə bilər. Əvvəlki prezidentlər Akayevlə Bakiyevin təcrübəsini nəzərə alsaq, güman etmək olar ki, Bişkek hərbi bazanın Qırğızıstanda qalma müddətinin uzadılmasına əvəz olaraq Birləşmiş Ştatlardan qrantlar, faizsiz kreditlər və investisiyalar tələb edəcək. Mərkəzi Asiya Amerika üçün o qədər vacib regiondur ki, Vaşinqton onu, çətin ki, belə asanlıqla tərk etsin.
Beləliklə, Qırğızıstanda prezidentlik uğrunda daha bir yarış arxada qaldı. O, yaddaşlara əvvəlki seçkilərlə oxşar əlamətlər, ümumi məqamları ilə yazıldı. Həm şimallı Akayev, həm də cənublu Bakiyev ölkəyə rəhbərliyə başlayan zaman həmrəylik və birlikdən danışırdılar. Onlar çoxistiqamətli xarici siyasət yürüdəcəklərini də bildirirdilər. Amma həm Akayev, həm də Bakiyev az keçmiş reformasiyanı, daxildə birliyə nail olmağı unutdular, xarici siyasətdə balansı qorumadılar və bütün bunlar həm özlərinin devrilməsi, həm də ölkədə qanlı hadisələrin yaşanmasına səbəb oldu. Ümid edək ki, yeni lider indiyədək baş verənlərdən nəticə çıxarıb, baş nazirin təyinatı, hökümətin formalaşdırılması zamanı ölkəsinin, xalqının xarakterini nəzərə alacaq, milli birlik haqda vədlərinə əməl edəcək, Konstitusiyada göstərildiyi kimi, Qırğızıstanın parlament ölkəsi olduğunu unutmayacaq, şəffaf iqtisadi siyasət yürüdəcək. Əks halda, Qırğızıstanı daha ciddi xaos bürücəyək, şimalla-cənub arasındakı ziddiyyət isə Qırğızıstanın birdəfəlik parçalanmasına aparıb çıxaracaq.
MƏSLƏHƏT GÖR: