
BİR MEDALIN İKİ ÜZÜ
Sarkozinin Cənubi Qafqaza ilk səfəri Fransanı kimlərlə müvəqqəti, kimlərləsə uzunmüddətli maraqların bağladığını göstərdi
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Müstəqilliyinin 20 illiyini qeyd edən Cənubi Qafqaz ölkələri artıq xeyli vaxtdır, dünya siyasətində nəzərəçarpan ölkələr sırasındadır. Müxtəlif vaxtlarda regionun ayra-ayrı ölkələrinə ABŞ prezidenti, vitse-prezidenti, dövlət katibi, həmçinin, nəhəng Avropa və Asiya ölkələri prezidentləri, baş nazirləri səfər ediblər. Fransa Prezidenti Nikola Sarkozinin bu günlərdə Ermənistan, Azərbaycan və Gürcüstana etdiyi səfər də diqqəti özünə cəmləyən önəmli hadisələrdən oldu. Bu, Fransa kimi Avropa fövqəldövlətinin başçısı tərəfindən Cənubi Qafqaz regionunun bütün ölkələrini əhatə edən ilk səfər idi. Səfərin çəkisini artıran daha bir məqam ondan ibarətdir ki, əgər Avropa İttifaqının iqtisadi mərkəzi Almaniya sayılırsa, onun beynəlxalq siyasətini əsasən Paris formalaşdırır.
Amma məzmun baxımından bu səfər kifayət qədər məhdud oldu.
Qısamüddətli səfəri zamanı Sarkozi yeni təşəbbüslərlə çıxış etmədi, nə əhəmiyyətli siyasi razılaşmalar, nə də miqyaslı iqtisadi layihələrə imza atıldı. Xarici KİV-də Sarkozinin regiona səfərlə fransalı seçicilərin dəstəyini qazanmağa çalışdığını qeyd etməsi təsadüfi deyil. Axı həmin seçicilər arasında yarım milyondan artıq etnik erməni var.
Qeyd edək ki, Fransada gələn ilin aprelində keçiriləcək prezident seçkisi ərəfəsində Sarkozinin reytinqi 25-26% arasındadır. Onun əsas rəqibi, Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Stros Kannın seks qalmaqalı ilə əlaqədar meydandan çəkilməsi də Sarkozinin seçkidə qələbə qazanacağına zəmanət vermir.
Məlum səbəblərdən bizi Fransa liderinin regiona səfərinin xarici siyasi tərəfləri daha çox maraqlandırır. O, səfərə Ermənistandan başladı. Burada onun səfərinə dövlət səfəri statusu verilmişdi. Vaxt baxımından da Sarkozi Yerevanda daha çox oldu. O, "1915-ci il erməni soyqırımının qurbanları"nın xatirəsinə ucaldılmış memorial-kompleksi ziyarət etdi, Yerevanda gəzişib, mətbuat üçün brifinq keçirdi.
Siyasi analitiklər bir "qəribəlik"ə xüsusi diqqət çəkir. Sarkozinin Yerevana səfəri ərəfəsində Ermənistan prezidenti Serj Sarqsyan Parisə baş çəkdi. Bu, dünya siyasətində tez-tez rast gəlinən hadisə deyil. Parisdə aparılmış danışıqların detalları açıqlanmayıb. Amma rus və erməni şərhçiləri onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu bildirir. Mən isə Sarqsyanı bu addımı atmağa Ermənistanın maddi-iqtisadi durumunun məcbur etdiyini söyləmək risqini üzərimə götürürəm.
Ermənistanın xarici borcu 4 milyard dollara çatır. Bu, ÜDM-in 50%-i həddində müəyyənləşmiş kritik həddi keçir. Ölkənin valyuta ehtiyatları "yox" həddinə düşüb - 400 milyon dollar. Rusiyanın yeni inyeksiyalarına ümid etməyə dəyməz. Ondan indiyədək alınmış yarım milyard dollarlıq kredit düşünülmədən "sağa-sola" xərclənib. Ona görə də Sarqsyan və onun hökuməti daha zəngin şəxsləri əlavə vergilərin ödənməsinə məcbur etmək planı üzərində düşünür. Amma bu planın gerçəkləşəcəyinə onların özləri də, çətin ki, inansınlar.
Qalır bir müddət əvvəl Sarkozinin əlaltısı, Fransanın sabiq maliyyə naziri Kristin Laqardın rəhbərlik etməyə başladığı BVF. Yəqin ki, Sarkozi qurumun Ermənistana kredit ayırmasını istəyir və Parisə Sarqsyana bu işdə lobbiçilik etməsi üçün yalvarmağa getmişdi. Belə baxanda, beynəlxalq miqyasda yanaşılsa, söhbət o qədər də çox puldan getmir. Amma Avropadakı maliyyə böhranı, Yunanıstan, İrlandiya, İslandiya, Portuqaliya və digər ölkələrdəki borc problemi beynəlxalq maliyyə institutlarını gələcəkdə kreditləri qaytaracaqlaırna dəqiq zəmanətin olmadığı ölkələrin istəklərinə daha sərt yanaşmağa vadar edir. Şübhəsiz, defoltun astanasında olan Ermənistanla iqtisadi layihələrin müzakirə edilməsi mənasızlıqdır. Bu üzdən də Sarkozi Yerevana yalnız AES tikintisində kömək məsələsinin yerində müzakirəsi üçün Ermənistana atom enerjisi üzrə mütəxəssislər göndərəcəyinə söz verib. Bu zaman, təbii ki, Moskvanın Ermənistanda yeni AES tikmək fikrində olması da nəzərə alınıb.
İkitərəfli münasibətlərdəki boşluğu Fransa lideri reallıqda o qədər də əhəmiyyət kəsb etməyən emosional bəyanatla doldurmağa çalışıb; o, ermənilərə sevgisini dilə gətirməklə yanaşı, onların üçüncü ölkəyə, xüsusilə Türkiyəyə qarşı iddialarına dəstək verib.
N.Sarkozi deyib: "Əgər Türkiyə digər böyük dövlətlər kimi, ilin sonunadək erməni soyqırımını tanımasa, Fransa başqa tədbirlərə əl atacaq, soyqırımın inkar olunmasına görə, cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edəcək".
Sarkozinin bu sözləri ermənilərin "ürəyinə su səpib", amma Türkiyədə mənfi reaksiyaya səbəb olub. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Sarkozinin bəyanatına kifayət qədər sərt münasibət bildirib: "Keçmişdə müstəmləkəçi olmuş və öz tarixi ilə barışmağı bacarmayan dövlətlərin və cəmiyyətlərin Türkiyəyə dərs vermək haqqı yoxdur. Tür-kiyəni öz tarixi ilə barışmağa çağıranlar, əvvəcə güzgüyə baxmalıdır".
Sarkozinin Türkiyəyə qarşı növbəti "hücumu" heç də yalnız ermənilərin tarixi fobiyasına, onların dəstəyinin alınmasına hesablanmayıb. Məsələ Sarkozinin Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətlərinin yaxşı olmamasında da deyil. 70 milyonluq əhalisi olan Türkiyə son 10 ildə iqtisadiyyatını iki dəfə artırıb. Avropa İttifaqının yeni iqtisadi tənəzzül yaşadığı bir vaxtda, Türkiyədə iqtisadi inkişaf tempi faktik olaraq, 7-8%-dir. Bu üzdən Fransa getdikcə onu Aralıq dənizi regionunda özünə daha ciddi rəqib saymağa başlayıb. Ərəb dövlətlərindəki inqilablar, həmçinin, xarici siyasi doktrinasında "neoosmanizm"i əsas götürmüş Ankaranın fövqəldövlətə çevrilmək iddiaları Parisin ehtiyatlı tərpənməsinə kifayət qədər ciddi əsasdır. "Soyqırım" məsələsi ilə Türkiyənin Aİ-yə yolunu ləngitmək, hətta bağlamaq olar. Amma onun Aralıq dənizi və Yaxın Şərq regionlarına artan təsirini önləmək mümkün deyil.
Aydındır ki, regionda səfərdə olan Sarkozi Dağlıq Qarabağ münaqişəsinə toxunmaya bilməzdi. Amma o, bu məsələyə kifayət qədər ehtiyatla və ölçülüb-biçilmiş fikirlərlə toxunub. Yerevanda keçirdiyi mətbuat konfransıda Sarkozi bildirib ki, münaqişə bölgəsində status-kvonun saxlanılmasından böyük təhlükə yoxdur. Fransa prezidentinin fikrincə, status-kvonun saxlanması "illüziyalara səbəb olur, qisas hissini artırır, Dağlıq Qarabağ münaqişəsində sülhə nail olma perspektivini hər gün bir qədər də uzaqlaşdırır". O bildirib ki, "münaqişənin həllinə, barışığa aparan yolun tapılması vaxtı çatıb".
Sarkozi problemi münaqişə tərəflərinin həll etməsinin vacib olduğunu bildirib. Cənubi Qafqazın qeyri-sabit region olduğunu qeyd edən prezident, burada iki ölkənin inkişafı baxımından sülhə nail olunmasının vacibliyini vurğulayıb.
Şübhəsiz, bu sözləri Yerevanda səsləndirən Sarkozi fikirlərinin Ermənistandan sonra baş çəkəcəyi Azərbaycanda necə qarşılanacağını dü-şünməmiş deyildi.
Fransa liderinin Bakıya səfəri qısa, amma məzmunlu olub. Rəsmi görüşdən sonra Azərbaycan və Fransa prezidentləri arasında baş tutmuş söhbətdə onlar siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluqlarını bildiriblər. Prezidentlər iki ölkə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidlərini ifadə ediblər. Bu baxımdan, Nikola Sarkozinin Bakıya səfərinin əhəmiyyəti vurğulanıb.
Tərəflər aktual regional və beynəlxalq məsələlərə dair də fikir mübadiləsi aparıblar. Görüşün sonunda prezidentlərin birgə işgüzar lançı olub. Orada Azərbaycanın birinci ledisi Mehriban Əliyevaya Fransanın "Şərəf Legionunun Zabiti" ordeni təqdim olunub.
Bundan başqa, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Fransanın İnkişaf Agentiliyi arasında memorandum imzalanıb. Sarkozinin Azərbaycana səfərinin maraqlı məqamlarından biri də Bakıda Fransız liseyinin təməlqoyma mərasimi olub. Mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Fransa Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafında çox böyük rol oynayır. Şəxsən sizin və rəhbərlik etdiyiniz dövlətin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə verdiyi dəstəyə görə Sizə minnətdaram. Bu yaxınlarda "Şərq tərəfdaşlığı" Zirvə görüşünün keçirilməsi bir daha göstərdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Azərbaycan-NATO əlaqələrində də Fransanın xüsusi rolu var. Ölkənizin bu əlaqələrin inkişafına gələcəkdə də dəstək verəcəyinə əminəm".
Daha sonra prezident iki ölkənin iqtisadi əməkdaşlığına dair kifayət qədər, ciddi rəqəmlər açıqlayıb. Onun sözlərinə görə, bu ilin 8 ayı ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi 3 milyard dolları ötüb və ilin sonuna bu rəqəm 4 milyarda çata bilər. Azərbaycanda 40-dək Fransa şirkəti uğurla fəaliyyət göstərir. Onlar nəhəng layihələr həyata keçirirlər. Belə layihələr arasında məişət tullantılarının istifadə edilməsi də var. Fransa şirkətləri Bakıda metronun konseptual inkişafı planında da iştirak edir. Bundan başqa, telekommunikasiya və enerji sahələrində əməkdaşlıq uğurla inkişaf edir. "Total" və "Gas de France" 350 milyard kubmetr ehtiyatı olan "Abşeron" qaz yatağında iş aparır.
Nikola Sarkozi isə öz çıxışında lazımsız öyüd-nəsihət verməkdən yayınıb, ölkələrimiz arasında tarixi əlaqələrə dair faktları yada salıb, mədəni, iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Azərbaycanın Fransanın simasında etibarlı tərəfdaşı və dostu olduğunu söyləyib.
Fransa Prezidenti regiona səfərini Gürcüstana baş çəkməklə bitirib. Tbilisidə Azadlıq meydanında çıxış edən Sarkozi "Gürcüstanla atəşkəs razılaşmasının bəzi maddələrinə əməl etmədiyi üçün" Moskvanın ünvanına tənqidlər səsləndirməklə yanaşı, Rusiya ilə Gürcüstanı münasibətlərin bərpası yollarını tapmağa da çağırıb. Gürcüstanın Aİ və NATO-ya qəbulu perspektivi ilə bağlı isə Saakaşvili həmkarından açıq fikirlər eşidə bilməyib.
Fransada gələn ilin aprelində keçiriləcək prezident seçkisi də arxada qalacaq. Onun nəticəsindən asılı olmayaraq, Sarkozi üçün erməni diasporu ilə konyuktur sövdələşmələr aktuallığını itirəcək. Cənubi Qafqazın hər bir ölkəsinin ayrılıqda geosiyasi əhəmiyyəti və iqtisadi potensialına gəlincə, bu, uzunmüddətli faktordur. Bu üzdən də fransız liderin əyalətəbənzər Yerevanın solğun görünüşünü, Tbilisinin Saakaşvilinin fasad bicliklərinin belə gizlədə bilmədiyi köhnəliyini gözləri ilə görüb, bu şəhərləri Bakı - inkişaf etmiş infrastruktur, əzəmət və dinamikası ilə seçilən müasir meqapolislə müqayisə etmək imkanı əldə etməsi çox yaxşı haldır.
Bu, daha bir baxımdan vacibdir: Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həlli prosesində Kazanda göstərdiyi şəxsi təşəbbüskarlığın nəticəsiz bitməsindən sonra, xarici KİV-də tərəfləri kompromisə gətirmək missiyasını Sarkozinin öz üzərinə götürə biləcəyi yazılır. Fransa Dağlıq Qarabağ münaqişəsi kimi yükü təkbaşına qaldırmaq gücündə olmasa da, bu məsələdə onun səsi vacibdir. Sarkozinin Azərbaycana səfəri də Parisin mövqeyini balanslaşdırmasında rolunu oynamalıdır. Bunun üçün bütün şərait var. Hər halda, erməni diasporunun məsələnin həllini tapmasının səhərisi yaddan çıxan maraqları və arzularından fərqli olaraq, Fransanın Azərbaycanla əlaqəsi olan nəhəng şirkətlərinin maraqları müvəqqəti faktor deyil. Odur ki, qoy bu dəfə Sarkozi regiona səfəri zamanı vaxtının daha çox hissəsini Ermənistanda keçirsin.
Əgər o, yenidən prezident seçiləcəksə, Bakıya qayıdacaq.
MƏSLƏHƏT GÖR: