
İKİSİ BİR QAYIQDA
Kremldəki yeni düzən Rusiya - Azərbaycan münasibətlərinin xarakterinə ciddi təsir göstərməməlidir
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Rusiyada Putin-Medvedev tandemi arasında fikir ayrılığının olduğuna dair KİV-də çox yazılıb. Bəziləri onların 2012-ci il seçkisində rəqibə çevrilmə ehtimalının olması, hətta bundan qaçmağın mümkün-süzlüyünü bildirirdi. Lakin "Vahid Rusiya" partiyasının XII qurultayında uzun-uzadı davam edən bu siyasi intriqaya birdəfəlik son qoyuldu. Gələcək prezidentlə bağlı məsələ yeltsinsayağı - "rokiroka" ilə həll olundu.
2012-ci ildə keçiriləcək prezident seçkisində Kremlə rəhbərlik uğrunda mübarizəni Vladimir Putin aparacaq. Dmitri Medvedev isə Duma seçkisində hakim partiyaya liderlik edəcək, daha sonra hökumətə başçı olacaq. "Vahid Rusiya" üzvlərinə Nazirlər Kabinetinin formalaşdırılmasında iştirak vədi verildi, amma bunun partiyada aşağıdan-yuxarı ciddi kadr dəyişiklikləri fonunda baş verəcəyi açıqlandı. Putin isə çıxışında tandem daxilində "hakimiyyətin konfiqurasiyası" haqda çoxdan möv-cud olan razılaşmanı xatırlatdı.
Putinə 2000-ci ilin seçkisində qalib gəlməyə kömək etmiş və sonradan Medvedevin köməkçisi olmuş, bu ilin mayında isə istefaya göndərilən şəxs sual edir: "Medvedev heç zaman ikinci müddətə prezidentlik uğrunda mübarizəyə "yox" deməyi planlaşdırmayıb. Nə baş verdi? Ona təzyiq edildi? Yoxsa imtina edə bilməyəcəyi təklif aldı? İstənilən halda o, imtinasının səbəbini izah etmədi".
Ola bilsin, yaş faktoru öz rolunu oynadı. Putinin 58, Medvedevin isə cəmi 46 yaşı var. Yəni 2 altıillikdən sonra belə, Medvedev Putinin hazırda olduğu yaş həddinə çatacaq.
Bəzi ekspertlər hesab edir ki, Medvedevin Baş nazirliyi o qədər də uzun sürməyəcək. Digərləri onun, ümumiyyətlə, baş nazir olmayacağını istisna etmir. Belə düşünənlərin fikrincə, Dövlət Dumasına keçiriləcək seçkidən sonra Medvedev prezident postundan istefa verərək Dumaya spiker seçiləcək və bu postda vacib islahatlar paketini hazırlayacaq. Yeri gəlmişkən, bu, Vladimir Putinə hökumət başçısı kimi seçkiyədək olan dövrdə prezident səlahiyyətlərinin icrası imkanını da yaradacaq.
Putin proqram bəyanatı ilə çıxış etmədi. Amma müxtəlif sosial ödənişlərin artırılacağına, hətta vergi borclarının bağışlanacağına söz verdi. Funksionerlər və ekspertlərin guya 1 milyonadək vətəndaşın təklifləri əsasında hazırladıqları "Xalq proqramı" yada salınmadı, partiya üzvlərinin Putin və Medvedevin qurultaydakı çox qısa çıxışına əsaslanacaqları bəyan edildi.
Düşünmək olar ki, Rusiya elitasının böyük hissəsini qeyri-müəyyənlikdə saxlayan, nəhəng biznesmenlər və investorlarda qətiyyətsizlik yaradan "Putin, yoxsa Medvedev" dilemması arxada qaldı. Amma hər şey o qədər də sadə deyil. Elita daxilində gizli narazılıq və məyusluq var. Onlar hesab edir ki, gizli razılaşmalar siyasi və dövlət institutlarını qiymətdən salır.
Belə narazılıqlardan birinin səriştəli, nüfuzlu maliyyə naziri və Baş nazirin müavini Aleksey Kudrindən gəlməsi təsirli və bir qədər də gözlənilməz oldu. O, Vaşinqtonda verdiyi açıqlamada Medvedevin rəhbərlik etdiyi hökumətdə təmsil olunmayacağını elan etdi və bunu hazırkı prezidentlə büdcə siyasətində prinsipial fikir ayrılıqlarının olması ilə əsaslandırdı. Bu bəyanata Medvedevin reaksiyası kifayət qədər sərt oldu. O, Kudrini vəzifədən azad etdi. Amma həm elitada, həm də əhali arasında narazılığın bununla bitməyəcəyi tamamilə mümkündür. Birjalar və maliyyə bazarlarında əsəbilik müşahidə olunur. Rusiyanın aparıcı şirkətlərinin səhmlərinin qiymətini göstərən birja indeksləri ucuzlaşır, ölkədən kapital axını artır, rubl çəkisini itirir və bütün bunlar sanki daxildə belə vəziyyətin yaranmasına səbəb olmadığı şəraitdə baş verir.
Ola bilsin, gələcəkdə tarixçilər "Vahid Rusiya"nın qurultayında verilmiş qərarın gizli məqamlarına, razılaşmalara və digər məqamlara aydınlıq gətirəcək. İndiki mərhələdə isə həmin qərarların yaxın perspektivdə verəcəyi siyasi nəticələri qiymətləndirmək lazımdır. Vladimir Putinin yeni prezidentliyi dövründə Rusiyada nələr yaşanacaq? Rusiyanın qonşuları ilə münasibətləri necə inkişaf edəcək? Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli ilə fəal şəkildə məşğul olmağa davam edəcəkmi? Yoxsa yeni prezident bu məsələyə maraq göstərməyəcək və bu işi diplomatlara həvalə edəcək? Bəlkə bu rolu Paris və ya Vaşinqtonun öz üzərinə götürməsinə razılaşacaq?
Əksər Qərb analitikləri və KİV şərhçiləri Putinin prezidentliyinin perspektivinə mənfi yanaşır. Onlar həmin dövrdə Rusiyada avtoritarizmin güclənəcəyini, islahatlardan imtina olunacağını, Rusiyadakı bürokrat-oliqarx rejiminin konservasiyasını proqnozlaşdırır. Bir sözlə, dur-ğunluq və deqradasiya proqnozlaşdırılır. Amma fərqli, müsbət ssenarini də istisna etmək olmaz. Hər halda, yeni Putin 2000-ci ilin əvvəllərində olduğundan ciddi şəkildə fərqlənəcək. O, bu dövrdə böyük təcrübə toplayıb, idarə olunan dövləti bərpa edərək, nüfuza və ciddi ictimai dəstək qazanıb.
Rusiyada islahatların vacib olduğuna şübhə yoxdur. Bəlkə də Putin-Medvedev yerdəyişməsi ona görə lazım idi ki, bəzi rus analitiklərinin də dediyi kimi, nisbətən "zəif" Medvedevin islahatları Qorbaçovun SSRİ-sində olduğu kimi, idarəçiliyin itməsinə aparsın; Putinin "güclü əli" isə riskləri neytrallaşdırsın və islahatların sabitliyini qoruyub-saxlamaqla reallaşdırılmasını təmin etsin.
Rusiyanın xarici siyasətinə gəlincə, Putinin prezidentliyi dövründə onun üslubu, əlbəttə ki, dəyişəcək. Rusiya liderinin emosional tərzdə işlədilən ifadələri, öz mövqeyi ilə Rusiya maraqlarının uzlaşdırılmasına yönəlmiş sərt və konfrantasiyalı manerası hamıya yaxşı tanışdır. Amma siyasətin mahiyyətində dəyişiklik az olacaq. Axı bütün siyasət, xüsusilə də xarici siyasət, "mümkün olanı etmək bacarığıdır". Odur ki, Putinin xarici siyasəti də əslində, fövqəldövlət iddialarından deyil, Rusiyanın bu iddiaları həyata keçirə bilib-bilməməsi, bu siyasətin yönləndiyi ölkələrin mövqeyi və potensialı, ilk növbədəsə, ABŞ, Avropa İttifaqı və Çinin bu siyasətə münasibətindən asılı olacaq.
Aydındır ki, elan edilmiş siyasi dəyişikliklər Rusiyaya qonşu ölkələr tərəfindən də diqqətlə izlənilir. Bu baxımdan, ermənilərin məsələyə reaksiyasını nümunə göstərmək olar. Dünyanın informasiya agentlikləri Putinin prezidentliyə namizəd göstərildiyinə dair xəbər yaymağa macal tapmamış, ermənilər məsələyə şərh verməyə başladı. Şərhlərdə Rusiyaya təbəəlikdə sadiqliklə yanaşı, Rusiya liderinə Cənubi Qafqaz siyasətində dəyişikliklər də məsləhət görülür.
Politoloq, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın proqnozuna görə, "Putinin prezidentliyi dövründə Rusiya Cənubi Qafqazda daha sərt siyasət yürüdəcək və bu, Ermənistanın maraqlarına cavab verəcək". "Putinin Medvedevlə müqayisədə regionun problemlərinə daha praqmatik yanaşdığını xatırlayırıq", - deyə Minasyan bildirir. - "Ermənistanla Rusiyanın hərbi-siyasi müttəfiq olduğunu, Putinin isə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını artırmağa çalışacağını nəzərə alsaq, bu, Ermənistanın təhlükəsizliklə bağlı prioritetlərinə cavab verəcək". Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətində mümkün dəyişikliyə gəlincə, Minasyan deyib: "Yeni müharibəyə yol verməmək məqsədilə münaqişə tərəflərinə təzyiqlər artacaq. Amma ümumilikdə Rusiya prosesi dondurmağa çalışacaq".
"Regnum" agentliyinin baş redaktor müavini Vigen Akopyan da dərhal proqram məqaləsi ilə çıxış edib. "Rusiyanın xarici siyasətində yeni Putin dinamikasına ehtiyac var" kimi loğva başlıq qoyduğu məqaləsində o bildirir ki, Qərb, həmçinin, Rusiyanın cənub və şərqindəki bəzi qonşuları öz xarici siyasətlərinə artıq bu gün müəyyən dəyişiklik edəcək. Çünki bundan sonra Rusiyanın siyasi meydanında heç bir intriqa, demək, həm də bu ölkədəki daxili ajiotaj və qeyri-müəyyənlikdən istifadə etməklə, Moskvadan beynəlxalq arenada lokal geriçəkilmələr, güzəştlər gözləmək olmayacaq.
Akopyan məhz bu fikirlərə əsaslanaraq hesab edir ki, Rusiyanın xarici rəqibləri gələcəkdə sülhə mane olacağını anladıqları, lakin Dmitri Medvedevin prezidentlik ambisiyaları naminə (yeri gəlmişkən, indi məlum olur ki, belə ambisiyalar ümumiyyətlə yox imiş) indiyədək göz yumduqları məqamları bundan sonra qulaqardına vurmayacaqlar.
Təbii ki, Rusiyanın Cənubi Qafqaz, xüsusilə də Dağlıq Qarabağla bağlı perspektivdə yürüdəcəyi siyasət Bakıdan fərqli görünür. Həqiqətən, Putinin Ermənistan - Azərbaycan münaqişəsinə münasibəti prosesi ölü nöqtədən tərpətmək üçün çoxlu sayda şəxsi təşəbbüslərlə çıxış etmiş Medvedevin yanaşmasından ciddi şəkildə fərqlənirdi. V.Putinin ayrı-ayrı açıqlamaları onu hazırkı status-kvonun qorunub-saxlanmasına tərəfdar kimi təqdim etməyə əsas verir. Münaqişənin həllində əsas maneəyə çevrilmiş məqamın - Ermənistanın danışıqlarda güzəştə getməməsinin Putinin gizli tapşırığının nəticəsi olduğu da istisna deyil. Ola bilsin, məhz Putin Yerevana Minsk qrupunun təkliflərini qəbul etməyə tələsməməyi tapşırıb.
Bəlkə də buna yalnız geosiyasi amillər yox, həm də şəxsi məqamlar səbəb olub. Putin, yəqin ki, Medvedevin "sülhməramlı kimi" şöhrətlənməsini istəməzdi. Qərb bu uğuru, şübhəsiz, daha da şişirtməyə çalışacaqdı. Hətta onun iddialarını daha da artırmaq, Putinin "köl-gə"sindən çıxmasına nail olmaq üçün Medvedevə Nobel sülh mükafatı da verilə bilərdi.
Bununla yanaşı, Putinin təkrar prezident seçilməsindən sonra münaqişənin həlli prosesinə münasibətini dəyişməsi də tamamilə mümkündür. Çünki artıq beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişdirilməli olduğuna əmindir. Bu, ABŞ, Fransa və Rusiya prezidentlərinin birgə bəyanatında da açıq şəkildə səsləndirilib. Əslində, kompromisin konfiqurasiyası da müəyyən qədər bəllidir. Necə deyərlər, meyvə çoxdan yetişib. Belə olan halda, Putin niyə "sülhməramlı" adını öz üzərinə götürməsin və bununla da beynəlxalq imicini yaxşılaşdırmasın? Ermənistanın Moskvadan tam asılı olduğunu nəzərə alsaq, bu, tamamilə mümkündür.
Hər şeyi zaman göstərəcək. Bir şeyi daha inamla söyləmək olar ki, Kremldəki yerdəyişmə Rusiya - Azərbaycan münasibətlərinin xarakterinə ciddi təsir göstərməyəcək. Bu münasibət tərəflərin qarşılıqlı maraqlarına uyğun şəkildə inkişaf edəcək. Obyektiv olaraq Moskvanın Cənubi Qafqazdakı bütün əhəmiyyətli maraqları getdikcə daha çox Bakıya bağlanır. Axı ötən 10 ildə yalnız Rusiya deyil, həm də Azərbaycan güclənib. Rusiyanın heç bir praqmatik lideri Ermənistanın eqoist maraqları naminə Azərbaycanla iqtisadi münasibətlərdən və Bakının siyasi dəstəyindən imtina etməz.
Vladimir Putini də belə praqmatik lider saymaq olar.
P.S. Rusiyanın hakim tande-minin bəyanatı jurnalımızın Putinlə Medvedevin gələcəkdə də birgə hərəkət edəcəklərinə dair proq-nozunu təsdiqlədi. "Region Plus" (2011, №127), "Kreml tapmacası" məqaləsindən: "Bir şey aydındır ki, Putinlə Medvedev bir-birlərinə açıq şəkildə qara yaxmayacaqlar. Onların arasında açıq siyasi "qırğını" heç kəs görməyəcək. Prezidentlə baş nazir bir-birinə sıx bağlıdırlar. Onların birinin yıxılması dərhal digərinə də mənfi təsirini göstərəcək.
Bununla yanaşı, qarşıdakı 1 il ərzində, əlbəttə ki, Medvedevə ciddi zərbə vuracaq hadisələr yaşana bilər. Və məhz belə bir anda Putin ayağa qalxa bilər. Axı o daim Rusiyanın birliyinin və nisbətən, sabit illərin simvolu kimi qəbul edilir.
Amma digər yandan, Putin Kremlə 12 il müddətinə qayıda bilər, bu dövrün bitməsindən sonra isə gənc və istedadlı Medvedevin yenidən Kremlə başçılıq etməsi üçün yaxşı şansları yaranar.
Bəlkə Putinlə Medvedev bundan sonra da birgə irəliləyəcəklər? Keçən dövrdə onların qarşılıqlı fəaliyyət üçün əla mexanizm yaratdıqlarına şübhə yoxdur. Belə olan təqdirdə, bu mexanizmi qırmaq nəyə gərəkdir?"
MƏSLƏHƏT GÖR: