15 Mart 2025

Şənbə, 02:46

O OLMASIN, BU OLSUN?!

Ekspertlərin qəbələ rls-in armavirə dəyişdirilməsinin mümkünlüyü haqda fikirləri fərqlidir

Müəllif:

15.09.2011

Qəbələ Radiolokasiya Stansiyasının (RLS) Rusiyaya icarəverilmə müddəti bu il sona çatır. Amma Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bu yaxınlarda Azərbaycana səfəri zamanı RLS-in icarə müddətinin uzadılacağına ümid etdiyini söyləyib.

Bununla yanaşı, Rusiya KİV Armavirdə yeni RLS-in inşasının tam gücü ilə davam etdiyini xəbər verir. Stansiya 2012-ci ildə, yəni Qəbələ RLS-in icarə müddətinin bitdiyi vaxt tam hazır vəziyyətə gətiriləcək. Bu nədir? Təsadüf, yoxsa dəqiq hesablama? Ekspertlərin bu suala cavabları bir-birindən fərqlənir. Bəziləri hesab edir ki, Armavirdəki RLS nə qədər müasir olsa da, hazırda Qəbələ RLS-in nəzarət etdiyi ərazini əhatə etmək iqtidarında deyil. 

Qəbələ RLS-in artıq Rusiya üçün əvvəlki dəyərə malik olmadığını düşünənlər də var.

Rusiyanın Siyasi və Hərbi Təhlil İnstitutunun rəhbəri Aleksandr Xramçixin "R+"a açıqlamasında bildirib ki, Qəbələ RLS Rusiyaya yalnız Şərqi Avropada NATO-nun Hava Hücumundan Müdafiə (HHM) Sisteminin yerləşdirilməsi məsələsində Vaşinqtonla sövdələşmə üçün lazımdır. Əgər HHM sistemi ilə bağlı ABŞ-la aparılan danışıqlar uğursuzluqla bitsə, Qəbələ RLS Armavirlə əvəzlənəcək. Ekspert hesab edir ki, məsələyə tam aydınlıq, Armavirdəki RLS-in hazır olacağı 2012-ci  ildə gələcək.

Xramçixin bildirib ki, Rusiya Azərbaycanla hərbi sahədə əməkdaşlığa, ilk növbədə, kommersiya maraqları baxımından yanaşır. Azərbaycan Rusiya silahlarının alınmasına nə qədər çox pul ödəyə bilərsə, Rusiya Azərbaycana o qədər silah satmağa hazırdır. Bununla yanaşı, Xramçixin Moskvanın regionda qüvvələr balansının Ermənistanla müqayisədə Azərbaycanın xeyrinə dəyişməsinə ciddi maraq göstərmədiyini də söyləyib. Onun fikrincə, Rusiyanın Azərbaycana "C-300" zenit-raket kompleksləri satması qüvvələr balansına ciddi təsir göstərməyəcək. Çünki Ermənistanın praktik olaraq, aviasiyası yoxdur: "Rusiya üçün Azərbaycanla əməkdaşlıq güc balansının radikal şəkildə Bakının xeyrinə dəyişməsi deməkdir". 

Daha bir rusiyalı ekspert - İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyev də Qəbələ RLS-in gələcəyi ilə bağlı maraqlı mövqe ortaya qoyub. Jurnalımıza müsahibəsində o bildirib ki, Armavirdə inşa olunan stansiya öz texniki imkanlarına görə 2 müşahidə diapazonuna malikdir - metrlik və desimetrlik. Desimetrlik dalğada işləmək imkanı Ukraynanın Zakarpat vilayətindəki Mukaçeva şəhərində yerləşən RLS-dən imtina etmək deməkdir. Armavir RLS-nin bu sektoru artıq  hərbi-təcrübə mərhələsindədir.  Metrlik dalğa diapazonu cənub-şərqə istiqamətlənib və Qəbələ RLS-i tam əvəz etməyə imkan verir. Fərq ondadır ki, Qəbələ RLS 5-6 min kilometr ərazini müşahidə edə bilirsə, Armavirdə bu, 3-4 min metrədək olacaq. Yəni fərq kifayət qədər müqayisəyə gələndir. 

Üstəlik, Armavirdəki RLS tez inşa olunan, su, elektrik enerjisindən istifadədə daha çox qənaət edən obyektdir. Qəbələ RLS-dən fərqli olaraq, bu stansiyadan raket əleyhinə xəbərdarlıq üçün də istifadə mümkün olacaq.

Qəbələ RLS-in gələcəyi haqda danışan Yevseyev bildirib ki, prinsipcə, Armavir RLS-in  əhatə edəcəyi 4 kilometrlik məsafə və qənaətcillik Rusiyaya Azərbaycan ərazisindəki stansiyadan imtina etmək imkanı verir. Siyasi baxımdan Qəbələ RLS Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq üçün geniş məkan açır. Ekspert Rusiyanın Azərbaycana 3 ədəd "Favorit" "C-300" zenit-raket kompleksi satdığını xatırladıb. O hesab edir ki, Moskva Azərbaycanla inkişaf etmiş tərəfdaş münasibətləri qurmaq istəyir.  Ekspert hesab edir ki, 2012-ci ildə Rusiya Qəbələ RLS-i, azərbaycanlı personalın qulluq etməsi üçün, tamamilə Azərbaycana verə bilər. Bu halda rusiyalı mütəxəssislər onlara yalnız texniki yardım göstərə bilər: "Əlbəttə, bu stansiya Armavir qədər qənaətcil deyil. Bəlkə hansısa ekoloji problem də var?! Nəzərə almaq lazımdır ki, Azərbaycanın özünün 5 RLS-i var. O, Qəbələdəki kimi RLS-ə, həmçinin, həm hava hücumundan müdafiədə, həm də raketdən müdafiədə istifadə edilə biləcək "C-300" sistemlərinə malik olmaqla İran tərəfindən etibarlı müdafiəni təmin edə bilər".

Yevseyev hesab edir ki, Rusiya ilə Azərbaycanın birgə HHM sistemi yaratma imkanı da var; məsələn, Azərbaycan ərazisində raket hücumundan xəbərdarlıq üçün birgə mərkəz tikmək mümkündür. Orada birgə personal çalışa bilər. Üstəlik, bu mərkəz Ermənistana heç bir təhlükə yaratmayacaq: axı Rusiyanın bu ölkə qarşısında müəyyən öhdəlikləri var.

Ekspert bildirir ki, Ermənistan da öz növbəsində, Azərbaycana raket təhlükəsi yarada bilməz. Yerevanın operativ-taktiki kompleksləri olsa da, onlardan Azərbaycanda da var: "Bu, təhlükə deyil". 

Yevseyev aviasiya məsələsində Azərbaycanın Ermənistandan tam üstün olduğunu xatırladıb: "Raketdən müdafiə mərkəzinin Qarabağ müharibəsində Azərbaycanın hərbi imkanlarını artıracağını söyləməyə heç bir əsas yoxdur. Bu mərkəzin məqsədi raket potensialını artırmaqda olan İrandan gələn təhlükəni önləmək olacaq. Xüsusilə "Şahab-3" raket kompleksinin vura biləcəyi məsafə 1,5 min metrə çatır və Azərbaycan bu əraziyə daxildir".

Yevseyev bildirir ki, Qəbələ RLS-lə bağlı hərbi əməkdaşlığa dair sırf siyasi razılaşma əldə oluna bilər. Onun fikrincə, Rusiyanın Qəbələ RLS-dən ABŞ-la birgə istifadə təklifi praktik olaraq gündəmdən çıxıb. Təklif formal olaraq gündəmdə qalsa da, ABŞ-ın alternativ qərarı var. Vaşinqton İsraildə 1,5 min kilometrədək məsafəni müşahidə etmək iqtidarında olan RLS-dən istifadə edir. Üstəlik o, dənizdə RLS qura, yaxud belə sistemi Türkiyədə yarada bilər. Beləliklə, tərəflər arasında sözügedən məsələyə dair aparılan danışıqlar faktik olaraq, dalana dirənib. Qəbələ RLS-lə bağlı məsələ isə gündəmdən çıxıb. Rusiya sektor HHM sisteminin yaradılması ilə razı deyilsə, Vaşinqton və Brüssel Qəbələ RLS-lə bağlı təklifin NATO Nizamnaməsinin 5-ci maddəsinə zidd olduğunu düşünür. 

Odur ki, Rusiyanın NATO-dan ayrı öz HHM sistemini yaradacağı istisna deyil. "Odur ki, Rusiyanın Qəbələ RLS-dən istifadə üçün hərbi motivasiyası yoxdur", - deyə Yevseyev bildirib.

Rusiyalı ekspertin Qəbələ RLS-ə kifayət qədər baha başa gələn xidməti Azərbaycan tərəfinə təklif etməsi tamamilə başadüşüləndir. Bakının mənəvi baxımdan köhnəlmiş, iqtisadi cəhətdən səmərəsiz, ekoloji nöqteyi-nəzərdən zərərli və strateji baxımdan şübhəli olan Sovet İttifaqının mirasından istifadəyə razılıq verəcəyi də şübhə doğurur.



MƏSLƏHƏT GÖR:

577