15 Mart 2025

Şənbə, 03:02

BİRLİK HAQQINDA DOSTYANA

MDB 20 illik yubileyini necə qarşıladı?

Müəllif:

01.10.2011

MDB-nin Düşənbədə keçirilən yubiley sammitini, çətin ki, bayram sammiti adlandırmaq mümkün olsun. Müstəqil Dövlətlər Birliyi yaranmasından keçən 20 ildə mütəşəkkil təşkilata çevrilə, beynəlxalq hüququn tamhüquqlu subyekti ola bilməyib. Buna səbəb MDB-yə üzv olan ayrı-ayrı ölkələr arasında ciddi fikir ayrılıqları və onların Birliyin perspektivi ilə bağlı düşüncələridir. Məhz bu üzdən sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin (onu baş nazir Artur Rəsizadə əvəzlədi), Özbəkistan dövlət başçısı İslam Kərimov və Belarus lideri Aleksandr Lukaşenkonun yubiley sammitində iştirak etməmələri ekspertlər tərəfindən təşkilatın iş qabiliyyətinə şübhə ilə yanaşıldığına əsas verən ciddi siqnal kimi dəyərləndirilib.

Bundan başqa, MDB fəaliyyətdə olduğu üçüncü onilliyə itki ilə daxil olub. Söhbət 2008-ci ildə Rusiya ilə müharibədən sonra Birliyin sıralarını tərk etmiş Gürcüstandan gedir. Həmin hadisədən sonra Tbilisi MDB-nin sıralarında qalmağı məqsədəuyğun hesab etmədi.

Bütün bunlarla yanaşı, sammitə ev sahibliyi edən Tacikistan Prezidenti Emoməli Rəhmon MDB-nin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, bu qurum çoxsaylı problemin həllində vacib rol oynayıb. O, MDB-nin potensialının tükənmədiyinə əminliyini ifadə edib, ölkəsinin Birliyin möhkəmlənməsi yolunda bundan sonra da çalışmağa hazır olduğunu söyləyib.

Bununla yanaşı, problemlər, Birlikdə inteqrasiya məsələlərinin lazımi səviyyədə olmamasından narazılıqlar da səsləndirilib. Rusiya Prezidenti Dmitri Medvedev keçmiş SSRİ məkanında MDB-nin alternativinin olmadığını söyləsə də, hətta o da çıxışına tənqidlə başlayıb. O bildirib ki, MDB-nin amorf qurum olmasına, Birlikdə qəbul edilmiş öhdəliklərin reallaşdırılması işinin zəif olduğuna dair bəyanatlar əksər hallarda ədalətli və həqiqətdir.

Tənqidi çıxışlara baxmayaraq, sammitdə qəbul edilmiş yekun bəyanat nikbin fikirlərlə bitir: "Biz - MDB-yə üzv dövlət başçıları gələcəyə nikbinliklə baxır və Birliyimizin nüfuzlu regional dövlətlərarası təşkilat kimi, effektivliliyi və gələcək inkişafına çalışacağımızı bəyan edirik". 

Amma əslində, bu bəyanatı yalnız siyasi etiket nümunəsi kimi də dəyərləndirmək olar. Çünki MDB-də dəfələrlə analoji bəyanatların qəbuluna baxmayaraq, o hələ də daxili fikir ayrılıqlarından qurtula bilməyib. Fikir ayrılıqları isə ciddi səbəblərlə bağlıdır. Bu baxımdan yubiley sammiti ərəfəsində Rusiya ekspertləri arasında müzakirələr səciyyəvi sayıla bilər; məsələn, Moskva Karnegi Mərkəzinin prezidenti Aleksey Malaşenko Azərbaycan Prezidentinin tədbirə qatılmamasının mümkün səbəbi haqda "Nezavisimaya qazeta"ya verdiyi açıqlamada deyib: "Əliyevin bu addımı atması Rusiya üçün pisdir. Çünki bununla Moskva tərəfdaşlarının gözündə vasitəçi missiyasını itirir və yalnız Ermənistanın lobbiçisi kimi qalır. Ehtiyatlı və ağıllı siyasətçi olan Əliyevin belə addım atması göstərir ki, onu bu həddə çatdırıblar. Bu, 20 illiyini Gürcüstansız qarşılayan MDB üçün də məyusedici haldır".

Şübhəsiz, bunlar şəxsən A.Malaşenkonun qiymətləndirməsidir və onun hüququdur. Azərbaycan Prezidentinin sammitdə iştirak etməməsinin rəsmi səbəbi isə açıqlanmayıb. Malaşenkonun öz mövqeyini dilə gətirməsi erməni təbliğatının ruporu olan "Regnum" informasiya agentliyində cavab məqaləsinin dərci üçün kifayət edib. V.Akopyan və M.Kolerovun müəllifi olduqları məqalədə A. Malaşenko siyasi fərasətsizlikdə ittiham olunur. Müəlliflər ona Ermənistanda yerləşən Rusiya hərbi bazasını xatırladır, Yerevanın Rusiya ilə vahid hərbi blokda təmsil olunduğunu qeyd edirlər. Onlar İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın isə onsuz da MDB-də gedən desentralizasiya prosesini sürətləndirməyə yönəlmiş GUAM-ın üzvü olduğunu xatırladırlar. Yazıda Azərbaycanın Rusiyanın enerji layihələrinə alternativ olan "Nabukko"nun iştirakçısı olduğu da yada salınır.

Bütün bu "xatırlatmalar"dan sonra müəlliflər sual qoyurlar: "Rusiyanın Bakıya lobbiçilik etməsi nəyə lazımdır? Onun MDB-ni tərk etməməsi üçün?".

Ümumilikdə, məqalənin məğzi ondan ibarətdir ki, Rusiya Ermənistanla "strateji müttəfiqliyini" qoruyub-saxlamaq üçün MDB-nin bütün üzvləri ilə münasibətlərini Cənubi Qafqazdakı forpostunun xeyrinə qurban verməlidir.

Bakı isə heç zaman kimdənsə maraqlarının lobbiçiliyi ilə məşğul olmasını xahiş etmir. Azərbaycanın uzun illərdir Rusiyadan, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllindəki digər vasitəçilərdən istədiyi beynəlxalq hüquq normalarının təmini, işğalçı Ermənistanın bu siyasətindən əl çəkməyə məcbur edilməsidir. Odur ki, MDB-nin amorfluğunun səbəbini Bakının siyasətində, xüsusilə də "Nabukko" və GUAM-da deyil, başqa sahədə axtarmaq lazımdır.

Məlum olduğu kimi, MDB təsisçilərinin (Rusiya, Ukrayna və Belarus) niyyəti bu təşkilatın keçmiş sovet respublikalarının sivil qaydada ayrılmasını təmin etmək olub. Hələ o zaman buna nail olmağın çətinliyi aydın idi. Bəzi respublikalarda Sovet İttifaqının mərkəzi hökmətinin yaratdığı separatçılıq ocaqları, Ermənistanın Azərbaycana ərazi iddialarının qızışdırılması bu məqsədin reallaşmasını mümkünsüz edirdi. Elə Rusiya Federasiyasının özü də suverenliklər paradı ərəfəsində idi. Bununla yanaşı, MDB-nin yaradılmasının hüquqi əsası qoyuldu. O zaman Ermənistan istisna olmaqla, bütün keçmiş sovet respublikaları mövcud sərhədlərin sarsılmazlığını qəbul edərək, ayrılmağa razılıq verdi.

Ötən əsrin 90-cı illəri ərzində Rusiyanın xarici siyasi prioriteti Qərblə qarşılıqlı münasibətlərin qurulması və Avropa cəmiyyətinə inteqrasiya idi. Hərdən elə hiss olunurdu ki, Moskva bir müddət əvvələdək bir ittifaqda təmsil olunduğu qonşularına marağı tam itirib. Rusiyanın ozamankı rəhbərliyinin MDB məkanında həyata keçirə bildiyi yeganə iş Azərbaycan, Gürcüstan və Moldova ərazisində separatçı qurumların dəstəklənməsi oldu. Məhz həmin dövrdə Ermənistan yalnız Dağlıq Qarabağı deyil, həm də ona bitişik 7 rayonu işğal etdi. Bundan başqa, Rusiyanın bəzi siyasətçiləri və dairələri mütəmadi olaraq Ukraynaya Krım yarımadası ilə bağlı ərazi iddiaları irəli sürürdü. Rusiyanın özü də öz ərazisində ciddi separatçı hərəkatlarla üz-üzə qalmışdı.

Keçmiş SSRİ-nin digər ölkələri də Avropa məkanına inteqrasiyanı əsas vəzifə kimi qarşıya qoydu və bu, MDB daxilində münasibətlərin möhkəmlənməsinə, təbii ki, yönəlməmişdi. Qərb öz növbəsində yaranmış vəziyyətdən istifadə edərək, regiondakı mövqelərini möhkəmləndirməyə başlamışdı.

Bir müddət sonra Rusiya öz təsir imkanlarını qoruyub-saxlamaq niyyəti ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı hərbi-siyasi ittifaqın yaradılması təşəbbüsü ilə çıxış etdi. O zaman hələ ümid var idi ki, postsovet məkanının ən güclü dövləti olan Rusiyanın köməyi ilə millətlərarası münaqişələrə, xüsusilə Ermənistanın Azərbaycana ərazi iddialarına son qoymaq mümkün olacaq. Təəssüf ki, bu baş vermədi. Nəticədə, 1997-ci ildə (Kollektiv Təhlükəsizlik Müqaviləsinin qüvvəyə minməsindən 3 il sonra) Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova GUAM regional təşkilatının yaradılmasına dair xartiyanı imzaladılar. 1999-cu ildən 2005-ci ilədək Özbəkistan da bu birlikdə oldu. 1999-cu ilin aprelində Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsinin müddətinin uzadılmasına dair protokolu imzaladıqları vaxt Azərbaycan, Gürcüstan və Özbəkistan həmin mərasimdə iştirakdan imtina etdilər. Amma 2006-cı ilin avqustunda Özbəkistanın KTMT-yə üzvlüyü onun öz xahişi ilə bərpa olundu. 

Əlbəttə ki, bütün bunlar sözügedən hərbi-siyasi blok üzvləri arasında qarşılıqlı münasibətlərin ideal forma alacağı demək deyildi. 

2009-cu ilin fevralında KTMT-yə üzv dövlət başçıları kollektiv operativ çevik reaksiya qüvvələrinin yaradılması qərarına gəldilər. Məqsəd hərbi təcavüzə qarşı mübarizə, beynəlxalq terrorçuluq və ekstremizmə qarşı xüsusi əməliyyatlar, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik daşımaları, həmçinin, fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılmasında birgə fəaliyyət idi. Həmin ilin iyununda Moskvada Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirildi. Onun qərarı ilə kollektiv operativ çevik reaksiya qüvvələri yaradılmalı idi. Amma Belarus sessiyada iştirakdan imtina etdi. Birgə qüvvələrin yaradılmasına dair qərar sessiyanın digər iştirakçıları tərəfıindən qəbul edilsə də, o, qeyri-legitim oldu. Belarusla yanaşı, Özbəkistan da sənədi imzalamadı. 

Düzdür, oktyabrda Belarus fikrini dəyişərək, razılaşmaya imza atdı. Özbəkistanın mövqeyi hələ də dəyişməz olaraq qalır.

Bu məsələdə bir vacib məqama diqqət yetirmək lazımdır. Qəbul edilmiş sənədə əsasən, kollektiv qüvvələr KTMT üzvlərinə qarşı hərbi təcavüzün önlənməsində iştirak edə bilər. Razılaşmadan dərhal sonra Yerevan bütün dünyaya elan edib ki, bundan sonra KTMT üzvləri, ilk növbədə, Rusiya Dağlıq Qarabağda müharibənin bərpa olunacağı təqdirdə, Ermənistanın təcavüzkar siyasətini müdafiə etməlidir. Amma blokun əksər üzvləri kollektiv qüvvələrin etnik zəmində münaqişələrə müdaxiləsinin əleyhinədir. Bu ölkələrin liderləri Ermənistanın işğalçı iştahının girovuna çevrilmək istəmirlər. KTMT-nin baş katibi Nikolay Bordyuja dəfələrlə Ermənistanla eyni mövqedən çıxış edib.

2008-ci ilin avqustunda baş verənlər də MDB ölkələri və onların qarşılıqlı münasibətləri üçün ciddi sınaq oldu. Birliyin heç bir üzvü Moskva tərəfindən tanınmış Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımadı. Bu məsələdə, hətta Rusiyanın "strateji tərəfdaşı" olan Ermənistan da fərqli mövqe ortaya qoydu. Bu baxımdan, Milli Strategiya İnstitutunun analitiki, rusiyalı ekspert V.Qoryunovun fikirləri diqqətəlayiqdir: "Ermənilərin dünyaya nümayiş etdirdikləri "erməni məntiqi", bir növ, qadın məntiqini xatırladır. Çünki əslində, Ermənistan Rusiya ilə eyni vəziyyətdədir. Rəsmi Yerevanın hazırda etdikləri ikiüzlülükdür və Rusiya buna reaksiya verməlidir. Sarqsyanın bəyanatı qlobal planda yaxşıdır. Bu, Rusiya üçün seçim anıdır. Artıq kimin əsl müttəfiq olduğunu, kimin sadəcə, gəzinti yoldaşı olduğunu, KTMT-nin mahiyyətini və kimlərdən ibarət olduğunu anlamaq lazımdır".

Təəssüf ki, onda Rusiyada V.Qoryunovun sözlərinə diqqət yetirən olmadı və bütün diqqət MDB üzrə tərəfdaşların "nankorluğuna" yönəldi.

Rusiya Dövlət Dumasının ozamankı vitse-spikeri Lyubov Sliska da məyusluq və hiddətlə bunu dilə gətirmişdi: "Rusiya özü üçün müəyyənləşdirməlidir ki, ona hamının susduğu, yaxasını kənara çəkdiyi MDB lazımdırmı?".

Bəlkə MDB-ni daxildən sarsıdan amil məhz belə yanaşmadır? Yəni doğrudanmı, MDB dövlətlərinin Gürcüstandakı müharibə zamanı neytral mövqe tutması, Müstəqil Dövlətlər Birliyini, bu qurumun KTMT, AvrAzEs, eləcə də digər qurumlara parçalanmasından daha çox laxladır? 

Daha bir paradoks Moskvanın onunla ittifaq dövlətində təmsil olunan Belarusa Abxaziya və Cənubi Osetiyanın tanınması üçün təzyiq göstərməsi idi. Beləliklə, bu müttəfiqlər arasında da münasibətlər beləcə pozuldu.

Rusiyanın Ukrayna ilə münasibətləri də rəvan deyil. Ukraynada rusiyapərəst siyasətçi kimi tanınan Viktor Yanukoviçin prezident seçilməsindən sonra da Moskva - Kiyev münasibətləri arzulanan səviyyəyə qalxmadı. O, Rusiyanın Qara Dəniz Donanmasının daha 25 il Sevastopolda qalmasına dair razılaşmanı Rusiyanın Kiyevə güzəştli qiymətlərlə qaz satmasının qarşılığında imzaladı. Amma sonrada rəsmi Kiyev dəfələrlə qazın qiymətinin ədalətli olmadığını deyərək, ona yenidən baxılmasını tələb etdi.

Moskva isə öz növbəsində Ukraynanın qaz nəqli sistemi səhmlərinin yarısını almaq üçün qəbuledilməz şərtlər irəli sürür. Qeyd edək ki, onun bu taktikası Belarusla münasibətlərdə "işə yaramışdı". Eyni zamanda Kiyevə təzyiqlər artır, MDB-də azad ticarət zonasının yaradılması əngəllənir, Ukraynanın Rusiya, Belarus və Qazaxıstan tərəfindən  yaradılmış Gömrük İttifaqına qoşulmasına cəhdlər edilir.

Alternativ enerji layihələrinin reallaşdırılmasında da eyni vəziyyət müşahidə olunur. Rusiya enerji siyasətində öz iqtisadi və dövlətçilik maraqlarından çıxış edir. Bu zaman enerjidaşıyıcılarının nəqlində monopoliyanı əlində saxlamağa cəhd edir. Bu isə əlbəttə ki, MDB çərçivəsində dövlətlərarası münasibətlərin möhkəmlənməsinə kömək etmir.

Qərb, Avropa və NATO ilə münasibətlərin inkişafı və möhkəmləndirilməsini götürək; məsələn, Avropa İttifaqının MDB dövlətlərinin iştirak etdiyi "Şərq tərəfdaşlığı" layihəsi Moskva tərəfindən qıcıqla qarşılanır. Rusiyanın özü Aİ-nin aparıcı dövlətləri ilə yaxınlaşma siyasəti yürüdür. Digər yandan, daim NATO-ya müxtəlif əməkdaşlıqlar təklif edən Moskva alyansın digər MDB dövlətlərinin cəlb olunduğu "Sülh Naminə Tərəfdaşlıq" Proqramına ciddi narazılıqla yanaşır.

Vladimir Putin Rusiya prezidenti olduğu zaman etdiyi çıxışlarının birində bildirmişdi ki, Moskvanın xarici siyasətinin prioriteti MDB məkanı ilə bağlıdır. Ədalət naminə qeyd etmək lazımdır ki, 90-cı illərlə müqayisədə Rusiyanın hazırkı siyasi rəhbərliyi həqiqətən də postsovet məkanına daha böyük diqqət göstərir. Təəssüf ki, yenə də vaxtilə SSRİ-nin mərkəzi rəhbərliyinin hə-yata keçirdiyi köhnə taktikadan istifadə olunur. Bu gün Rusiya həqiqətən də bütün parametrlərə görə, postsovet məkanının ən güclü və nüfuzlu dövləti sayılır və o, MDB çərçivəsində inteqrasiya proseslərinə başçılıq etmək iqtidarındadır. Bunun üçün ilk növbədə regionda etnik zəmində mövcud olan bütün münaqişələrin həllinə fəal şəkildə kömək edilməli, onların istənilən dövlətin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normaları əsasında həllinə çalışılmalıdır.

Məhz bu addımlar Rusiyanın postsovet məkanında geosiyasi nüfuzunu artıra, onu MDB-nin əsl liderinə çevirə bilər. Rusiya yalnız bu halda nüfuzuna arxalanaraq, hətta Avropa İttifaqına oxşar qurumun yaradılması təşəbbüsü ilə çıxış edə bilər (əlbəttə ki, MDB-nin digər üzvlərinin dəstəyi ilə). 

Əks-halda MDB-nin perspektivi qətiyyən ümidverici görünmür.



MƏSLƏHƏT GÖR:

552