14 Mart 2025

Cümə, 10:39

GENERALLARIN DEMARŞI

Türkiyədə generalların kütləvi şəkildə təqaüdə getməsi ölkəyə hansı təsiri göstərə bilər?

Müəllif:

15.08.2011

Türkiyədə bu ilin iyununda keçirilmiş parlament seçkisi ölkəni çoxlarının gözləmədiyi siyasi qarışıqlığa sürüklədi. Yeni çağırış parlamentin iki müxalifət partiyası tərəfindən boykot edilməsi yalnız "ilk qaranquş" idi. Bundan bir müddət sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi İşık Koşanerin gözlənilməz istefası, daha doğrusu, təqaüdə getməsi sensasiya sayıla bilər. Çünki Türkiyədə ordunun cəmiyyətə təsir imkanları hamıya yaxşı məlumdur.

Hələ yayın əvvəlində analitiklər və jurnalistlər sosioloji sorğuların nəticələrinə əsaslanaraq parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) qalib gələcəyini bildirirdi. Belə olan təqdirdə, məntiqlə "sabit siyasi mövsüm" davam etməli, o, yalnız yeni konstitusiyanın qəbulu ətrafında debatlarla başa çatmalı idi. Lakin hadisələr çox sürətlə inkişaf etdi.

Parlamentin tətilə yollanmasından sonra, yayın yeganə ciddi hadisəsi Ali Hərbi Şurasının toplantısı idi. Adəti üzrə baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyilə keçirilən bu toplantıda ənənəvi olaraq, yeni təyinatlar baş verir. Lakin bu dəfə avqustun 1-nə təyin olunmuş iclasdan cəmi bir gün əvvəl Baş Qərargah rəisi gözlənilmədən təqaüdə çıxdığını bəyan etdi. Bununla da o, hazırki hökumətin yeni təyinatlarını təsdiqləmək fikrində olmadığını göstərdi.

Bununla yanaşı, İ.Koşaner açıq şəkildə bəyan etdi ki, böhranın səbəbi hökumətin qalmaqallı dövlət çevrilişinə cəhd məsələsilə əlaqədar yüksək rütbəli zabitlərə "hücumlar"ıdır. Xatırladaq ki, "Er-genekon" adlanan həmin əməliyyat çərçivəsində İstanbul məhkəməsi hələ bir il əvvəl vəzifələrinin artırılacağını gözləyən 11 generalı, eyni zamanda istefada olan 102 zabiti həbs etmişdi.

Türkiyədə hərbçilərlə Ərdoğan hökuməti arasında fikir ayrılığının hansı səviyyədə olduğunu bilmək üçün son ildə baş vermiş bir neçə hadisəni təhlil etmək kifayətdir.

Çəkişmələr hələ ötən il Baş Qərargahın general Həsən İğsızın Quru Qoşunlarının komandanı postuna təyin olunmasını tələb edən zaman başlamışdı. O zaman yalnız baş nazir deyil, şəxsən prezident Abdullah Gül də Koşanerin dəstəklədiyi bu generalın təyinatına qarşı çıxmışdı.

Bundan sonra hərbçilərlə hökumət arasında daha bir ciddi qalmaqal oldu. Ötən il oktyabrın 29-da prezident Abdullah Gül xanımı Hayrunissə ilə ilk birgə banket təşkil etmiş və oraya digərlərilə yanaşı Baş qərargah rəhbərliyi də dəvət almışdı. Lakin Koşaner dəvətdən nümayişkaranə şəkildə imtina etməklə, bütün Türkiyəyə göstərdi ki, o, Respublika Günü münasibətilə düzənlənmiş tədbirdə başı bağlı qadınlarla birgə iştirak etmək niyyətində deyil - bu qadın ölkənin birinci xanımı olsa belə. Baş Qərargah rəisinin bu addımına cavab R.T.Ərdoğandan gəlmişdi: "Koşaner düzgün etmir. O, dövlətin ilk şəxsinə hörmətsizlik edir və bununla özünü ictimaiyyətdən kənarlaşdırır".

Fikir ayrılıqları bununla  bitmədi. Həmin hadisədən bir neçə ay sonra - fevralın 18-də İşık Koşaner dövlət çevrilişinə cəhddə günahlandırılan generalların saxlanıldığı Hasdal həbsxanasına baş çəkdi. Səfərin sonunda o, heç bir bəyanat verməsə də, KİV Baş Qərargah rəisinin bu addımını "qəzəbə gəlmiş generallara dəstək" kimi təqdim etdi. 

Bu hadisədən sonrakı aylar ərzində Türkiyə Silahlı Qüvvələrinin sırasında Baş Qərargahın hökumətin "Ergenekon" əməliyyatına rəsmi etiraz etməməsilə bağlı narazılıq getdikcə artdı.

Narazılıq seçkiqabağı kampaniya dövründə pik həddinə çatdı. Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı postuna əsas namizəd sayılan general Bilgin Balanlının həbsi "odun üzərinə yağ tökdü". Amma Koşnaer yenə də susqunluğunu qoruyaraq, baş verənlərlə bağlı narazılığını yalnız yalnız həbsdə olan generalların yaxınları ilə ayrı-ayrı görüşlər keçirməklə nümayiş etdirirdi. 

Sonuncu belə görüş artıq parlament seçkisindən sonra oldu. İyunun 12-də Baş Qərargah rəisi həbsdəki hərbçilərin xanımları ilə bir araya gəldi.

Bunun fonunda, iyulun 14-də prezident A.Gül Çankayadakı iqamətgahında Ərdoğan və Koşanerlə görüş keçirdi. Elə həmin gün ölkənin cənub-şərqində yerləşən Silvan adlı yerdə PKK terrorçuları türk konvoyunu mühasirəyə salaraq 13 əsgəri öldürdü. Bu, jurnalistlərin ölkənin hərbi rəhbərliyinin səhvlərini fəal şəkildə müzakirə etməsinə səbəb oldu. Hökumət isə ordunun PKK ilə apardığı mübarizənin səviyyəsindən razı olmadığını, bu işdə Daxili İşlər Nazirliyinə tabe olan xüsusitəyinatlıların mövqelərinin gücləndiriləcəyini açıqladı.

Türkiyənin aparıcı qəzetləri tezliklə xüsusi təyinatlıların sayının 15 min nəfərə çatdırılacağını yazır. R.T.Ərdoğan bildirib ki, bu, "terrorla mübarizənin səviyyəsini yüksəltməyə" imkan verəcək. Baş nazir bundan sonra jandarmeriyanın fəaliyyətini polislə razılaşdırmalı olacağını da söyləyib. Bununla da baş nazir göstərib ki, terrorla mübarizədə ilk planda ordu deyil, DİN olacaq.

Ərdoğanın tərəfdarları Baş Qərargahın Müdafiə Nazirliyinə tabe edilməsinin mümkünlüyünə dair də fəal müzakirələrə başlayıb. Onlar dünya təcrübəsində bunun məhz belə olduğunu əsas gətirir. Türkiyədə bu addımın atılması hökumətin ordu üzərində tam nəzarət qurmasına, hərbçilərin siyasi təsir imkanlarının sıfıra enməsinə səbəb olacaq.

Türkiyə Konstitusiyasının 117-ci maddəsinə əsasən, Baş Qərargah rəisi baş nazir qarşısında "məsuliyyətli"dir. Lakin bu məsuliyyətin nədən ibarət olduğu orada göstərilmir. Bu qeyri-müəyyənlik isə generalların əl-qolunu açır və bir çox halda onlar nəinki müdafiə nazirinin, hətta baş nazirin də mövqeyini nəzərə almır.

Beləliklə, Baş Qərargahın Müdafiə Nazirliyinə tabe edilməsinin mümkünlüyünə dair fikirlər ordu rəhbərliyinin səbrini daşdırdı. Nəticədə Baş Qərargahın rəhbəri İşıq Koşanerlə yanaşı, Quru Qoşunlarının komandanı Erdal Ceylanoğlu, Hərbi Dəniz Qüvvələrinin rəisi admiral Əşrəf Uğur İqıt, həmçinin Hərbi Hava Qüvvələrinin komandanı Həsən Aksay təqaüdə çıxdıqlarını elan etdilər. Halbuki Koşanerin Baş Qərargah rəisi postunda səlahiyyət müddətinin bitməsinə hələ 2 il qalırdı.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, 4 general istefaya yox, təqaüdə gedib. Bu, onların pensiyaçı hərbçilər üçün nəzərdə tutulmuş imtiyaz və üstünlüklərdən məhrum olmayacaqları anlamına gəlir. Yəni burada söhbət məsələnin sırf siyasi tərəfindən gedir.

Bu addım əvvəlki illərdə atılsaydı, şübhəsiz ki, Türkiyədə hərbi çevriliş olardı.  Baş Qərargahda gecə-gündüz işıq yanar, generallar Koşanerin qapısını döyərək, məsələyə müdaxilə edərdilər. Amma bu kədərli ssenari bu dəfə təkrarlanmadı. Böhran generalların bəyanatından cəmi 4 saat sonra aradan qaldırıldı. Prezident Abdullah Gül jurnalistlərə Türkiyədə həqiqətən də fövqaladə hadisənin baş verdiyini etiraf etsə də, böhrandan danışmağın tez olduğunu söylədi.

Ötən əsrin 80-ci illərinin əvvəllərində Türkiyədə baş vermiş hərbi çevrilişlə bağlı xatirələr əhalinin yaddaşından hələ silinməsə də, ölkədə təlaş yaşanmadı. Bundan başqa, hökumət açıq şəkildə göstərib ki, Baş Qərargah indi 15-20 il əvvəlki təsir imkanlarına malik deyil. Xatırladaq ki, həmin vaxt hərbçilər islamçı baxışları ilə tanınan baş nazir Nəcməddin Ərbakanın hökumətini istefaya göndərməyə nail olmuşdu.

Avqustun əvvəllərində o da aydın oldu ki, hökumətdə həbsdəki hərbçilərin azadlığını tələb edən generallar vəzifədən kütləvi gedişlə son kartlarından istifadə ediblər. Lakin Ərdoğan geri çəkilməyib. O, "Gürz" prosesi çərçivəsində həbs edilmiş 250 zabitin buraxılması üçün məhkəmələrə təzyiq göstərmək fikrində olmadığını nümayiş etdirib. Üstəlik, hərbçilərin həbsi prosesi Koşanerin istefasından sonra da davam etdirilib.

Ola bilsin ki, ordu rəhbərliyinin rəsmi Ankaraya təzyiq göstərə bilməməsi, siyasi isteblişmentin Baş Qərargahın istəyilə formalaşması dövrünün artıq geridə qaldığına işarədir. Ordunun Türkiyədə istənilən hökumətdən güclü olduğunu nümayiş etdirdiyi günlər getdikcə yaddaşlardan silinir. Hakimiyyətə loyal siyasətçilər son proseslərdə müsbət məqam görür. Onlar generalların səs-küylü istefasını "Türkiyənin demokratikləşməsi istiqamətində addım" və ordunun mülki hakimiyyətə tam tabe olması kimi qiymətləndirir. Amma ölkədə avtoritarizmin güclənəcəyindən ehtiyatlananlar da az deyil. Onların fikrincə, iyun seçkisində seçicilərin demək olar ki, yarısının səsini qazanmış R.T.Ərdoğanın mövqelərinin güclənməsi onu ordu, mətbuat və məhkəmələr üzərində tam nəzarəti ələ keçirməyə həvəsləndirə bilər. Hökumətin opponentləri artıq baş nazirin fəaliyyətinə nəzarət mexanizminin olmadığını bildirir. Onlar hesab edir ki, hakimiyyəti tənqid edən gənclər təşkilatlarına son zamanlar təzyiqlərin artması, etnik kürdlərin hüquqlarının artırılmasına tərəfdar olan minlərlə insanın, həmçinin 50-dən artıq jurnalistin həbs olunması bunun göstəricisidir.

Baş nazir yeni Konstitusiya layihəsinin ictimaiyyətlə fəal müzakirə olunacağını bildirsə də, onun mövqeyinin güclənməsi baxışlarını dəyişməsinə səbəb ola bilər. Demək, indi gündəmdə Türkiyəni prezident respublikasına çevirəcək yeni konstitusiyasıdır.

Türkiyədə prezidenti parlamentin yox, xalqın seçəcəyi seçkiyə də çox qalmayıb. Daha geniş səlahiyyətlərə malik olacaq prezidentliyə kimin namizəd olacağı isə yəqin ki, məlumdur.



MƏSLƏHƏT GÖR:

425