14 Mart 2025

Cümə, 20:54

FORMAT QALIR, STATUS-KVO İSƏ DƏYİŞDİRİLMƏLİDİR

Müəllif:

15.08.2011

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək üçün yenidən bir araya gəliblər. Bu, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunda aparılmış Kazan danışıqlarından sonra İ.Əliyevlə D.Medvedev arasında ilk görüş idi.

Xatırladaq ki, Kazan görüşünə tərəflər böyük ümidlər bəsləyirdi. Məhz Kazanda, nəhayət, Ermənistanla Azərbaycan arasında problemi həll etmək üçün "yol xəritəsi" rolunu oynayacaq çərçivə sazişinin imzalanacağı gözlənilirdi. Lakin orada heç bir sənəd imzalanmadı. Azərbaycan tərəfi bilavasitə sülh razılaşması üzərində işə başlamağa hazır olduğunu açıq şəkildə bəyan etsə də, Ermənistan tərəfi növbəti dəfə sonsuzluğadək söz oyunu oynamağa üstünlük verdi.

İstənilən halda, Kazanda danışıqlar prosesi yeni keyfiyyət mərhələsinə qədəm qoya bilmədi. Nəticədə, bəzi ekspertlər Rusiya prezidentinin vasitəçiliyilə aparılan üçtərəfli danışıqların dalana dirəndiyini söyləməyə başladı. Əlbəttə ki, bu vəziyyət vasitəçi ölkə olan Rusiyanı, şəxsən D. Medvedevi razı sala bilməzdi. Çünki onun regionda və Rusiyanın özündə qazanacağı nüfuz məhz bu təşəbbüsün uğurundan çox asılıdır. Üstəlik, Rusiyada gələn il prezident seçkisinin keçiriləcəyi də məlumdur. Odur ki, prosesin iflasa uğramasına imkan vermək olmazdı. Analitiklər D.Medvedevin İ.Əliyevi Soçiyə işgüzar səfərə dəvət etməsinə də məhz bu konteksdə yanaşırdı.

Ola bilsin, üçtərəfli formatda danışıqların davam etdirilməsi məsələsi Dmitri Medvedevlə Serj Sarqsyan arasında KTMT-yə üzv dövlət başçılarının Astanada keçirilmiş qeyri-formal sammiti çərçivəsində də müzakirə edilib. Amma jurnalımızın çapa hazırlandığı anadək bu haqda heç bir rəsmi açıqlama yox idi. Soçidə keçirilmiş Əliyev-Medvedev görüşü haqda da bəyanat yoxdur. Liderlər yalnız danışıqlara başlamazdan əvvəl KİV qarşısına çıxıb və bir-birinin ünvanına qısa fikirlər səsləndiriblər. "Mən sizinlə bundan sonra atılacaq addımlar, Kazandakı son üçtərəfli görüşümüz və ondan əvvəl eyni formatda baş tutmuş danışıqları nəzərə almaqla, hadisələrin necə inkişaf edə biləcəyinə dair açıq söhbət aparmaq istəyirəm", - deyə Prezident Medvedev bildirib.

İ. Əliyev də öz növbəsində deyib: "Biz Azərbaycanda sizin prosesə şəxsi müdaxilənizi çox yüksək qiymətləndiririk. İndiyədək üçtərəfli formatda keçirilmiş görüşlər, əlbəttə ki, tərəflərin mövqeyini xeyli yaxınlaşdırıb. Bu, (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi - "R+") regional təhlükəsizliyə əsas problemdir və əlbəttə ki, Azərbaycan münaqişənin mümkün qədər tez həll olunmasında, məcburi köçkünlərin öz torpaqlarına  qayıtmasında, regionda sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olmasında hamıdan çox maraqlıdır".

Göründüyü kimi, kifayət qədər ehtiyatlı bəyanatlardır. Onların əsasında Soçi danışıqları ilə bağlı birmənalı qənaətə gəlmək olmaz. Bununla yanaşı, görüşün keçirilməsi faktının özü də Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə üçtərəfli formatda danışıqlar prosesinin qüvvədə qaldığını düşünməyə əsas verir.

Bunu Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov da təsdiqləyib: "Prezidentlərin mövqeyini belə ifadə etmək olar ki, son vaxtlar Prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən görüşlərdə və danışıqlarda Madrid baza prinsiplərinə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub. Buna görə də danışıqları bundan sonra da davam etdirmək lazımdır".

Amerikanın Stratfor mərkəzi isə Rusiya və Azərbaycan prezidentlərinin görüşünü tamamilə fərqli şərh edib. Mərkəzin analitikləri hesab edir ki, regionun digər ölkələri ilə müqayisədə Azərbaycan fövqəldövlətlər arasındakı ziddiyyətlərdən öz maraqları üçün daha çox istifadə edir. Qurumda hesab edirlər ki, Azərbaycanın nə vaxtsa ya Rusiyanın, ya da digər dövlətin tərəfinə tam şəkildə keçməsi gözlənilən deyil. Çünki Bakı enerji sənayesinin gələcəyinin hansısa bir oyunçudan asılı vəziyyətə düşməsini istəmir. Amma həm Moskvada, həm də Bakıda aralarında əməkdaşlığın mümkün olduğunu nümayiş etdirməklə başqaları ilə - xüsusilə də ABŞ-la danışıqlarda üstünlük qazanır.

Əlbəttə ki, Azərbaycanla Rusiyanın yalnız üçüncü dövlətlə münasibətlərin qurulmasında öz mövqelərini möhkəmləndirmək üçün əməkdaşlığı imitasiya etmələrini düşünmək də kökündən yanlışlıq  olardı. Bu iki ölkə arasında ticarət dövriyyəsinə və onun illik dinamikasına nəzər salmaq kifayətdir ki, Stratfor mərkəzinin tezisinin əsassız olduğu aydınlaşsın. Amerikalı mütəxəssislər yalnız bir məqamda haqlıdırlar ki, bu gün Azərbaycan ikitərəfli və beynəlxalq münasibətlərdə öz maraqlarının nəzərə alınması üçün bütün imkanlara malikdir - Ermənistandan fərqli olaraq. Ermənistanın eks-prezidenti, hazırda müxalifətə liderlik edən Levon Ter-Petrosyanın ölkə rəhbərliyini "üçüncü qüvvəyə arxalanmağa son qoymaq" barədə çağırışı heç də təsadüf deyil. O bildirir ki, əks təqdirdə avantüra Ermənistana baha başa gələcək. Ermənistanın "A1+" telekanalına müsahibəsində o bildirib: "Ermənistan hökuməti təcridin, bir qonşudan asılılığın ölkə üçün nə qədər fəlakətli olduğunu anlamalıdır. Bu, Dağlıq Qarabağ münaqişəsinin real həlli və Türkiyə ilə münasibətlərə kömək etməlidir".

Ter-Petrosyan etiraf edir ki, Gürcüstanla Rusiya arasında 3 il əvvəl baş vermiş müharibə Ermənistan iqtisadiyyatının nə qədər zəif olduğunu göstərib: "Bütün bunlar Ermənistan hökumətinin bu acı həqiqətə ciddi yanaşmasına səbəb olmalı, onları vəziyyətdən çıxış yolu axtarmağa məcbur etməlidir".

Yaranmış vəziyyətdən çıxış yolu isə ilk növbədə, Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmaqla, Bakı ilə münasibətlərin normallaşdırılmasındadır. Əks təqdirdə, mənfi miqrasiya saldosu bundan sonra da rəsmi Yerevana rahatlıq verməyəcək.

S. Sarqsyanın özünün də etiraf etdiyi kimi, yalnız 2011-ci ilin ilk yarısında Ermənistanı tərk etmiş vətəndaşların sayı oraya gələnlərdən 67 min nəfər çox olub və bu fakt ciddi narahatlıq yaradır.

Əks təqdirdə, erməni politoloq Qalust Qriqoryanın dediyi kimi, "Belə davam edərsə, ermənilər yaşamaq üçün Azərbaycana da müraciət edəcəklər".


MƏSLƏHƏT GÖR:

445