Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Bu, gerçəkdir ki, son bir neçə ildə "Nabucco" qaz kəməri ideyasını dünyanın ən mübahisəli və təzadlı layihəsi saymaq olar. Avropa ölkələrinin bir sıra şirkətlərinin bu cürətli istəyi həyata keçirmək üzrə çox saylı cəhdlərinə baxmayaraq, Avropanın qaz təchizatını Rusiyadan kənar mənbələr vasitəsi ilə gerçəkləşdirmək üçün nəzərdə tutulan sözügedən nəhəng planın yerinə yetirilib - yetirilməyəcəyi hələ də aydın deyil. Hətta Avropanın özündə belə bəzən "Nabucco"nu sadəcə "arzu" adlandırırlar.
Bəllidir ki, "Nabucco" səhmdarları tərəfindən Azərbaycan əsas qaz təchazatçılarından biri sayılır, amma bizim tərəf dəfələrlə bildirib ki, layihədə iştirak barədə qərar yalnız respublika üçün iqtisadi gəlirliliyin qiymətləndirilməsindən sonra veriləcək.
Ümumiyyətlə, Avropaya enerji resurslarının ixracatı üzrə digər potensial tərəfdaş ölkələr də bu fikirdədirlər. Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun iqtisadi araşdırmalar bölməsinin müdiri Anar Rəhimcanov "Region plus"a müsahibəsində bu barədə danışıb.
- Son zamanlarda Avropa Birliyi (AB) və ABŞ "Nabucco" qaz kəmərinin çəkilməsi istiqamətində ciddi fəallıq göstərirlər. Xəzərin şərq sahilindən baxanda bu layihənin perspektivləri necə görünür?
- Xəzəryanı ölkələrin son sammitində Qazaxıstan öz enerjidaşıyıcıları ixracı marşrutlarının şaxələndirilməsindən danışıb. Yəni əgər "Nabucco"nun tikintisinə real olaraq başlanarsa, onda Qazaxıstan özünün bu layihədə iştirakının mümkünlüyü məsələsinə, əlbəttə ki, baxacaq. Amma Qazaxıstanın qaz ehtiyatları axıra qədər kəşf edilməyib. Buna görə də, biz əsasən yalnız neftin daşınması barədə danışırıq.
- Astana xarici layihələrə həvəslə maliyyə yatırır. Qazaxıstan "Nabucco"nun səhmdarlarından birinə çevrilə bilərmi?
- Maliyyələşdirmə imkanlarına gəldikdə isə, "KazMunayQaz" Dövlət Şirkətinin strategiyasında baş verən dəyişiklikləri qeyd etmək lazımdır. Hazırda şirkət əsasən öz aktivlərini ölkə daxilində cəmləşdirir, ama xaricdə yatırılmış sərmayələr də inkişaf etdirilir. Ancaq hələ ki, "KazMunayQaz" xarici investisiyaların genişləndirilməsini nəzərdə tutumur. buna baxmayaraq Qazaxıstan "Nabucco"nun birbaşa iştirakçısı olmasa da, layihə real olaraq gerçəkləşdirilərsə, Astananın ona səhmdar kimi qouşulması istisna edilmir.
- AB əsas diqqəti Türkmənistanın "Nabucco"ya qoşulmasına yönəldir. Özbək qazının bu layihəyə qoşulması da elə o qədər önəmlidir. Əgər layihənin konkret olaraq gerçəkləşdirilməsinə başlanarsa, sizcə, bu dövlətlər siyasi iradə baxımından özlərini necə aparacaqlar?
- Bu ölkələrin hər biri "Nabucco" üzrə özləri üçün əlverişli olan sazişlər bağlamağa can atacaqlar. Bu ölkələrin resursları var, qazı əlverişli qiymətə satmağa və öz enerjidaşıyıcılarını dünya bazarlarına daha əlverişli marşrutlarla daşımağa haqları çatır.
- "Nabucco" layihəsini tez-tez başqa layihə ilə - Transxəzər qaz kəməri ilə bağlayırlar. ABŞ Dövlət Departamentinin xüsusi təmsilçisi Riçard Morninqstar Bakıda olarkən bildirib ki, Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsi məsələsini Azərbaycan, Türkmənistan və AB həll etməlidir. Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsi məsələsinə Qazaxıstan necə baxır?
- Xəzərdən qaz kəmərinin çəkilməsi hər şeydən öncə hövzənin hüquqi statusu məsələsinin həllindən asılıdır. Dövlətlər Xəzərin dəniz və ya göl olması, bu sututarının necə bölünməsi barədə razılığa gələndən sonra boru kəmərinin necə tikilə bilməsi aydın olacaq. Amma mən bildiyimə görə, Xəzərdə ekoloji durumun mürəkkəb olması üzündən boru kəmərinin tikilməsi məsələsi müzakirə edilmir.
- Qazaxıstan əsas neft ixracatını Rusiya vasitəsilə gerçəkləşdirir. Astana boru kəməri ilə neft nəqlini şaxələndirməyi nəzərdə tuturmu?
- Hazırda Qazaxıstan Rusiyadan keçən boru kəməri ilə neft tranziti gerçəkləşdirir və "Atasu-Alaşankou" boru kəməri vasitəsi ilə Çinə neft nəql edir. Qazaxıstanın başqa boru kəmərləri üzrə neft nəqli yoxdur. Türkmənistanın da iştirak edəcəyi "Şimal-Cənub" boru kəməri daha perspektivlidir, bu kəmərin İran ərazisi ilə Yaxın Şərqə çəkilməsi düşünlür. Kiçik həcmdə tanker daşımaları da Azərbaycandan keçməklə gerçəkləşdirilir.
- "Nabucco" layihəsi Rusiyanın "Cənub axını" layihəsi ilə kəskin rəqabətdədir. Bir müddətdir ki, qaz siyasi məhsula çevrilib. Mərkəzi Asiya dövlətlərinin AB və ABŞ tərəfindən lobbiləşdirilən layihəyə qatılması Rusiya ilə münasibətlərdə gərginliyə səbəb olmaz ki?.. Geosiyasi mübarizə Mərkəzi Asiya kimi təhlükəli bir bölgədə nə kimi nəticələr verə bilər?
- Məsələ ehtiyatlanma ilə elə də bağlı deyil, daha çox resurs sahibləri onları özləri üçün əlverişli olan şəkildə istifadə edirlər. Rusiya bölgədə yetərincə çəkiyə malikdir, qərb isə sadəcə sözlə mənəvi dəstək verir. Buna görə də resurs sahibi olan ölkələr vəziyyətə uyğun şəkildə qərar verəcəklər. Hər şey Avropanın Mərkəzi Asiyadan resurslar almağa real maraqlı olmasından asılıdır, bu layihədən Rusiya yolu ilə daxil olan qazın qiymətinin salınması üçün manipulyasiya vasitəsi kimi istifadə edilməməlidir. Əlbəttə ki, ən son qərarı təchizatçı ölkələr onlar üçün strateji baxımdan nəyin yararlı olmasına əsaslanaraq verəcəklər.
MƏSLƏHƏT GÖR: