5 Dekabr 2025

Cümə, 20:47

STATUS-KVONU DİNC YOLLA DƏYİŞDİRMƏK

Vasitəçi ölkələr dağlıq qarabağ münaqişəsinin həlli prosesində əsas tələblərinə əməl olunması üçün ermənistana təzyiq etməlidir

Müəllif:

15.07.2011

Məlum odduğu kimi, İlham Əliyevlə Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair iyunun 24-də Rusiyanın dövlət başçısı Dmitri Medvedevin vasitəçiliyi ilə keçirilmiş görüş nəticəsiz başa çatıb. Belə hallarda adət etdiyimiz ənənənin əksinə olaraq, bu dəfə vasitəçilərin ünvanına tənqidlər səsləndirilməyib. Əksinə, Bakı və Yerevan ən yüksək səviyyədə ATƏT-in Minsk qrupunun həmsədrlərinə, yəni, ABŞ, Rusiya və Fransaya, xüsusilə Rusiya prezidenti Dmitri Medvedevə münaqişənin həlli prosesində şəxsən iştirakına görə minnətdarlıq edib.

Görüşöncəsi Azərbaycanda Madrid prinsipləri əsasında razılaşmaya qəti etiraz edənlər yox idi. Hər kəs bu dəfə tərəflər arasında razılaşmanın əldə edilə biləcəyi ilə bağlı ehtiyatlı nikbinlik də nümayiş etdirirdi. Buna baxmayaraq, Kazanda nəticənin əldə olunmaması ruh düşkünlüyünə səbəb olmadı; həm rəsmilər, həm də analitiklər görüşlə bağlı şərhlərində ehtiyatlı olmağa çalışırlar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, tərəflər hələ də bir sıra prinsipial məsələlərlə bağlı razılıq əldə edə bilməyiblər. Buna səbəb Ermənistanın danışıqlar prosesinin məğzini təhrif edərək, Azərbaycandan maksimum güzəşt istəməsidir.

İyunun 26-da Bakıda keçirilmiş hərbi paradda məsələyə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də münasibət bildirib. Bu zaman o, sərt bəyanatlar səsləndirməyib. Ola bilsin, buna ehtiyac da yox idi, çünki əslində, nümayiş etdirilən hərbi texnika və ordunun imkanları özü-özlüyündə hər şeyi deyirdi.

Ermənistanda isə Kazan gö-rüşündən sonra yüngülləşmə və çaşqınlığın qəribə qarışığı müşayiət olunur. Kazan görüşü ərəfəsində erməni politoloqlar və analitiklərin mütləq əksəriyyəti Madrid prinsiplərini birağızdan rədd edir, onların qəbulunu milli xəyanətə bərabər tuturdular. Amma prezidentlərin görüşü nəticəsiz başa çatdıqdan sonra, onlar arasında buna sevinclə yanaşanlara da rast gəlinmir. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə hətta Kazanda tərəflərə təqdim olunmuş sənədi imzalamağa hazır olduqlarını iddia edir. O bildirir ki, "son anda Azərbaycanın tələb etdiyi dəyişikliklər" sənədin imzalanmasına imkan vermədi.

Nüfuzlu beynəlxalq təşkilatlar tərəflər arasında danışıqların davam etdirilməsinin vacibliyini bəyan edib. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton Avropa Parlamentində keçirilən dinləmələrdə deyib: "Əsas prinsiplərin razılaşdırılması istiqamətində səylər davam etdirilməlidir. Hər iki tərəfin problemin diplomatik həllinin tapılmasına sadiq olduğunu təsdiqləməsini alqışlayıram, amma biz son aylardakından daha çox iş görməliyik. Tərəflər də ilin sonunadək razılığın əldə edilməsi üçün səylərini ikiqat artırmalıdır. Bunu daxili siyasi prioritetlərin danışıqlar prosesindən önə keçməsinədək etmək vacibdir. 2012-ci ildə Ermənistanda, 2013-cü ildə isə Azərbaycanda seçki ilidir".

Aİ-nin Ketrin Eşton tərəfindən açıqlanan mövqeyi belədir: "Dağlıq Qarabağda status-kvonun saxlanması yolverilməzdir. Biz münaqişənin həlli, yaxud danışıqlar prosesinə təsir məqsədilə güc tətbiqi, həmçinin, bununla hədələməni də yolverilməz sayırıq".

ATƏT isə Dağlıq Qarabağ problemi də daxil olmaqla, həlli uzanan münaqişələri çözmək üçün səylərini davam etdirəcək. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis quruma üzv olan 53 ölkəni təmsil edən 300 parlamentari qarşısında çıxışında bildirib. Onlar ATƏT Parlament Assambleyasının illik seesiyasında iştirak etmək üçün 4 tərəfdaş ölkə ilə birlikdə Belqradda toplaşmışdılar.

Münaqişə tərəflərinin Kazanda nəticə əldə edə bilməməsindən təəssüflənən ABŞ-la Fransa Rusiya ilə birlikdə dalandan çıxış yollarının axtarışını davam etdirəcək. Bu məqsədlə iyulun 6-da Fransan XİN başçısı Alen Jüppe azərbaycanlı həmkarı Elmar Məmmədyarovla, iyulun 8-də isə ABŞ dövlət katibi Hillari Klinton Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

Rusiya da prosesdə böyük fəallıq nümayiş etdirir. Əslində, Moskvanın münaqişənin həllində irəliləyişə nail olunmasını arzulamaması, sadəcə, vasitəçi kimi saxta fəallıq göstərməsi haqda deyilənlərin əksinə olaraq, Kazan görüşünün nəticəsiz bitməsi Moskvada açıq əsəblə qarşılanıb. Fikrimcə, bu yalnız prezident Dmitri Medvedevin imicinin korlanması məsələsi ilə bağlı deyil. Qarabağ probleminin həllində irəliləyiş həqiqətən də Rusiyanın maraqlarına uyğundur. Ermənistanın ərazi iddialarının qarşısını almaq əvəzinə, Rusiya XİN belə qərara gəlib ki, Moskva, Paris və Vaşinqtonun Azərbaycana birgə təzyiqi ilə gələcəkdə Qarabağın referendum mexanizmi vasitəsilə ayrılmasına yol aça bilən sxemi qəbul etdirməyə çalışsın.

Bu, Kazanda alınmadı və əminliklə deyə bilərəm ki, gələcəkdə də alınmayacaq.

Kazan görüşündən cəmi bir neçə gün sonra KİV-də Dmitri Medvedevin tərəflərin kompromisə gəlməməsindən məyus olduğu, az qala, vasitəçilikdən imtina haqda düşündüyünə dair xəbərlər də yayılmışdı. Əslində, Moskva məsələni sonraya saxlamaq fikrində deyil. O, münaqişənin həllində razılaşmanın imzalanmasına nail olmaq üçün daha bir cəhd edib. Medvedev Azərbaycan və Ermənistan prezidentlərinə məktub yazıb və onu Rusiyanın xarici işlər naziri Sergey Lavrov hər iki ölkəyə səfəri zamanı ünvanına çatdırıb. Bundan başqa, Ermənistan xarici işlər naziri E. Nalbandyan məsləhətləşmə üçün Moskvaya dəvət olunub. Onun ardınca isə Azərbaycan XİN başçısı E.Məmmədyarovun da Rusiyaya səfəri gözlənilir. Paralel olaraq, Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələri ABŞ və Fransa xarici siyasət idarələri ilə də davam etdirir.

Aydındır ki, hər kəsi, ilk növbədə, Rusiyanın danışıqlar prosesini dalandan çıxarmaq üçün nə təklif etdiyi düşündürür. Bu mərhələdə onları yalnız ehtimal etmək olar. 

Məlum olduğu kimi, danışıqlarda əsas əngəl Dağlıq Qarabağın statusu ilə bağlıdır. Ermənilər hesab edir ki, əhalinin öz iradəsini  ortaya qoymasına mümkün qədər qısa zamanda imkan yaradılmalı, həmçinin, Dağlıq Qarabağın Azərbaycandan ayrılması istisna edilməməlidir. Bakı isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün səsvermənin keçirilməsinə razıdır; lakin o, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalı, bu zaman Qarabağ azərbaycanlılarının öz torpaqlarına qayıtmaları gözlənilməli və səsvermədə onların da mövqeyi nəzərə alınmalıdır.

Göründüyü kimi, mövqelər çox fərqlidir. Vəziyyətdən çıxış yolu kimi, bu mübahisəli məsələni hələlik bir kənara qoymaq və sülh razılaşmasının imzalanmasından sonra buna qayıtmaq olar. Ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonlardan öz qüvvələrini çıxarmaq haqda öhdəlik götürmək istəmirlər; lakin əgər bu məsələni də mötərizədən kənara çıxarsaq, razılaşdırılmış baza prinsipləri arasında yeganə vacib məqam kimi, yalnız tərəflərin münaqişənin sülh yolu ilə həllinə dair öhdəlikləri qalır. Ermənilər və onlara himayədarlıq edən fövqəldövlətlər daim məhz bu məqama nail olmağa çalışır. Bu, qətiyyən Azərbaycanın maraqlarına uyğun deyil. Belə halda Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etməsində, torpaqlarının işğaldan boşaldılmasında təkzibedilməz hüququ məhdudlaşır.

Hiss olunur ki, Ermənistan Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi məsələsində güzəştə getməsinə əvəz olaraq, Bakıdan danışıqların növbəti mərhələsinə separatçıların da qoşulmasına razılıq qoparmaq istəyir. Erməni KİV-də, hətta bunun mexanizmi də göstərilir. Mümkün variant kimi "DQR-in eks-prezidenti" Arkadi Qukasyanın Ermənistan prezidentinin danışıqlar prosesindəki xüsusi nümayəndəsi təyin edilməsi, eyni zamanda, "DQR-in XİN başçısı" postunu tutması təklif olunur. Yeri gəlmişkən, Qukasyan "prezident"likdən əvvəl bu postu tutub və birbaşa olmasa da, dolayısı ilə sülh danışıqlarında iştirak edib. "DQR"in hazırkı "XİN başçısı" Georgi Petrosyan isə artıq istefa verib.

Rusiyanın təklifləri qəbul olunacaqmı? Yaxın zamanlarda Əliyev, Sarqsyan və Medvedev arasında növbəti görüş baş tutacaqmı? Əlbəttə, bunları indidən söyləmək çətindir. Müsbət nəticənin əldə olunması üçün münaqişə tərəflərinə sərt təzyiqlərin göstərilməsi vacibdir, amma istər Rusiya, istərsə də Minsk qrupunun digər həmsədrləri Ermənistana əsl təzyiq göstərmək arzusunda deyil. Azərbaycana isə təzyiq göstərmək imkanları yoxdur. Üstəlik, beynəlxalq hüquq da bizim tərəfimizdədir - BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, həmçinin, digər beynəlxalq qurumların qətnamələri bunun bariz göstəricisidir.

Moskvada anlamağa başlayıblar ki, hazırkı status-kvonun davam etməsi yalnız Azərbaycan, Türkiyə və Qərbin maraqlarına zidd deyil. O, Rusiyanın özünə də xeyir eləmir. Regional qüvvələr balansı qətiyyən Ermənistanın xeyrinə dəyişmir. Rusiyanın bu müttəfiqinin dəstəklənməsi isə getdikcə daha çətin və ağır olur. Bununla yanaşı, Rusiyanın Azərbaycandakı əhəmiyyətli iqtisadi və siyasi maraqlarına da zərbə dəyir. Axı Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının əleyhinə çıxış etmək və Xəzərin enerji resurslarının dünya bazarlarına çıxarılması, Qəbələ RLS, Hava Hücumundan Müdafiə Sistemi kimi məsələlərdə hansısa anlayışa, tərəfdaşlığa ümid bəsləmək mümkünsüzdür. Vəziyyət elədir ki, Qarabağ münaqişəsinin həlli prosesi bir müddət də uzana bilər. Bu halda daha ciddi zərəri Rusiyanın özü və onun himayə etdiyi Ermənistan görəcək. 

Ermənistanda vəziyyət getdikcə daha da pisləşir. Məşhur "Forbes" jurnalı 2010-cu ilin yekunlarına görə, Ermənistanı dünyanın iqtisadi baxımdan ən pis vəziyyətdə olan ölkəsi adlandırıb. Bu göstəricidə o yalnız Madaqaskarı üstələyir. Jurnal ekspertlərinin proqnozlarına görə, yaxın illərdə Ermənistan iqtisadiyyatının bərpa olunacağı gözlənilmir.

BMT ekspertlərinin hazırladığı "Yoxsulluq və qidalanma" reytinqində (Millennium Developments Goals 2011məruzəsi) Ermənistan əhalisi aclıq səviyyəsi yüksək olan (25-34%) ölkələr sırasına daxil edilib. Aparılan sosial sorğular göstərir ki, Ermənistan əhalisinin yarısı artıq çemodanları hazırlayıb və indi yalnız harasa emiqrasiya etmək haqda düşünür. İlin əvvəlindən 60 mindən artıq erməni bu niyyətini gerçəkləşdirib. Uzaqgörən siyasətçilər, həmçinin, açıq-aşkar "Ermənistan tükənir" bəyanatını səsləndirən eks-prezident Levon Ter-Petrosyan bildirir ki, sülhə nail olunmasa, vəziyyəti dəyişmək mümkün olmayacaq.

Ermənistan, artıq Rusiya üçün yükə çevrilib və daha Moskvadan xüsusi yardım gözləməyə də dəyməz. İqtisadi baxımdan məhdud təbii resurslara və kiçik daxili bazara malik bu ölkə Rusiyanın nəhəng biznesi üçün maraq doğurmur. Borc əvəzinə Rusiyaya verilmiş müəssisələr o qədər də böyük fəaliyyət sahəsini əhatə etmir və onlar gəlir gətirmir.  Bu azmış kimi, Yerevan ucuz qaz, yeni kretidlər, AES tikintisi, İrana dəmir yolunun çəkilməsi və s. üçün Rusiyadan pul dilənməkdə davam edir, çünki təkbaşına bunun öhdəsindən gəlmək iqtidarında deyil. Siyasi baxımdan da bu gün Ermənistan Rusiyaya, demək olar ki, heç nə vermir. Yerevan Gürcüstana təzyiq məsələsində də Rusiyaya qoşulmağa risk etmir. Rusiyanın tərəfdaşlığı möhkəmləndirməkdə olduğu Türkiyəyə qarşı "erməni kartı"ndan istifadə etmək isə, indiki şəraitdə mənasız işdir.

Yeri gəlmişkən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 8-də yeni hökumətin fəaliyyət proqramını parlamentə təqdim edərkən bir daha bildirib ki, Ankara Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına, Azərbaycan torpaqlarının işğalçılardan boşaldılmasına cəhdlərini davam etdirəcək.

Ermənistandan fərqli olaraq, Azərbaycanın mövqeləri möhkəmdir. Daxili siyasi sabitlik fonunda iqtisadiyyatın inamlı inkişafı da davam edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu artır. Müdafiə qabiliyyəti, diplomatik və informasiya fəallığı güclənir. Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində onun ərazi bütövlüyünə xələl gətirən variantları indikindən çox zəif olduğu 90-cı illərdə qəbul etməyibsə, yeni şərtlərlə buna razılaşacağını düşünmək xülya olardı. Münaqişənin həlli uzandıqca, Azərbaycanın mövqeləri daha da möhkəmlənəcək. Bu reallığı yalnız Moskva deyil, Medvedevin təşəbbüsünün iflasa uğrayacağı təqdirdə, əsas vasitəçilik missiyasını üzərlərinə götürməyi düşünən Parislə Vaşinqton da qəbul etməli olacaq.



MƏSLƏHƏT GÖR:

502