5 Dekabr 2025

Cümə, 20:47

ÖZÜNÜ ƏNGƏLƏ SALMAQ NƏYƏ GƏRƏKDİR?

AZƏRBAYCAN ERMƏNİSTANA BİRBAŞA SÜLH RAZILAŞMASI ÜZƏRİNDƏ İŞƏ BAŞLAMAĞI TƏKLİF EDİR

Müəllif:

15.07.2011

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi mərhələlərdən ibarətdir. Söhbət hələ  ATƏT-in Minsk qrupunun formalaşdırılması ilə başlanmış prosesdən gedir. Sonradan «Praqa prosesi», «Madrid prinsipləri» və s. mərhələlərdən keçilib. Nəhayət, Soçidə keçirilmiş görüş bizi hazırda sonuncu mərhələ olan Kazan sammitinə gətirib çıxardı. 

Bu məqamda bəlkə «lenti geri fırladaq» və indiyədək görülmüş işlərə ümumi nəzər salaq? Görülmüş işlər sonda sülh razılaşması ilə nəticələnməlidir və bunun üçün «yol xəritəsi»nin olması vacibdir.

Əslində, bu «yol xəritəsi» üzərində iş hələ 2004-cü ildə «Praqa prosesi» adlı danışıqların başlanması ilə start götürüb. 2007-ci ildə ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında tərəflərə təqdim olunmuş Madrid prinsipləri (və 2010-cu ildə təqdim olunmuş onun yenilənmiş variantı) elə həmin «yol xəritəsi»dir. Məhz həmin sənəd Ermənistan -Azərbaycan münaqişəsinin hansı formada həll edilməli olduğunu göstərir. Yeri gəlmişkən, «yol xəritəsi»nin rəsmən imzalanmasına ehtiyac yoxdur. O, sadəcə rəsmi sənəd olan sülh razılaşmasına aparan yoldur.

Bu məsələdə Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının yekunlarına dair iclasında da söylədiyi kimi, hələ 2010-cu ilin əvvəlində Soçidə keçirilmiş üçtərəfli görüşdə Bakı vasitəçi ölkələrin hazırladığı Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etdiyini açıq şəkildə söyləyib.

«Hesab edirəm ki, bu variant qəbul edilə bilər. Əlbəttə ki, bu, baza prinsipləridir. Onların əsasında danışıqlar davam etdirilməli, sonda sülh razılaşması hazırlanmalıdır. Əlbəttə ki, sülh razılaşması hazır olduqdan sonra, yekun qərarı Azərbaycan xalqı verəcək», - deyə İlham Əliyev bildirib.

Xarici işlər naziri Elmar Məmmədyarov isə «İnterfaks»a müsahibəsində deyib: «Azərbaycan 2010-cu ildə Soçidə nümayiş etdirdiyi mövqeyində qalır: biz sülh sazişi üzərində işə başlamağa hazırıq. Kazan görüşü göstərdi ki, sülh müqaviləsində əksini tapmalı olan bir sıra elementlər hələ də razılaşdırılmayıb. Əgər doğrudan da ortada xoş niyyət varsa, gəlin, baza prinsiplərinə dair danışıqların növbəti mərhələsini gözləmədən bunların üzərində işləməyə başlayaq.»

Bakı açıq şəkildə göstərir ki, danışıqları davam etdirməyə, yeni mərhələyə keçməyə hazırdır.

«Hesab edirəm ki, artıq müəyyən irəliləyişə nail olunub və biz sülh sazişini hazırlamağa başlaya bilərik. Əsas prinsiplər baza olaraq artıq ortada var. Biz münaqişənin nizamlanması ilə bağlı hansı istiqamətdə hərəkət etdiyimizi də bilirik. Bütün səyləri baza prinsiplərinin daxilindəki razılaşdırılmamış elementlərə yönəltmək nəyə lazımdır? Onsuz da onlar sülh sazişində əksini tapacaq. Buna görə də gəlin, dərhal sülh sazişi üzərində işə başlayaq və bütün dünyaya siyasi iradəmizi nümayiş etdirək ki, biz hansısa siyasi sənəd yox, birbaşa hüququ öhdəliklərin əks olunduğu sülh sazişi üzərində işləməyə hazırıq», - deyə E.Məmmədyarov bildirib.

Bəs Yerevan? Məlum olduğu kimi, Soçidə erməni tərəfi yenilənmiş baza prinsiplərini qəbul etməyib və onların üzərində işin davam etdirilməsini istəyib. Nəticədə, indi  bir çox ekspertlər Soçidən Kazanadək olan müddətdə heç bir irəliləyişə nail olunmadığını söyləyir.

Tamamilə doğrudur. Amma bir məqamı nəzərə almaqla. İrəliləyiş məhz prinsiplər üzərində aparılan işdə yox, erməni tərəfinin mövqeyində qeydə alınmayıb. Yerevan bunu Kazanda bir daha göstərdi. Madrid prinsiplərinin mahiyyəti ilə bağlı heç bir gizli məqam yoxdur. Onlar dəfələrlə siyasətçilər, politoloqlar və ekspertlər tərəfindən açıqlanıb. Bununla yanaşı, Bakı hər dəfə hər kəsə aydın olan bir məqamı təkrarlamalı olur: bu prinsipləri Azərbaycan hazırlamayıb, onlar beynəlxalq vasitəçilərin uzun-uzadı apardıqları iş nəticəsində ortaya çıxıb. Ona görə ortaya çıxıb ki, hazırkı status-kvo yalnız Bakı üçün yox, bütünlükdə region, həmçinin həmsədr ölkələr üçün də qəbuledilməzdir. Bu artıq dəfələrlə müxtəlif səviyyələrdə, həmçinin, “G8” sammitində ən yüksək səviyyədə bəyan olunub.

Amma erməni tərəfi yenə də xırdaçılığa getməyə çalışır. Yerevanın Bakını «10 düzəliş» tələb etməkdə günahlandırması da məhz bununla bağlıdır.

«Orada 10 yox, daha az düzəliş var idi və Azərbaycan Prezidenti son iki il ərzində qeyd etdiyi bütün mövqeləri təkrarlayıb», - deyə Elmar Məmmədyarov müsahibəsində bildirib.

Yəni, mərhələli variant terminologiyasına qayıtsaq, danışıqlar prosesində növbəti addım yol xəritəsi əsasında sülh razılaşmasının mətni üzərində işə başlanmasıdır - söhbət mərhələli baza prinsiplərindən getsə də, birlikdə bu, vahid bir plandır. Bununla yanaşı, baza prinsiplərlə bağlı mərhələləri danışıqlar prosesinin mərhələlərilə qarışdırmaq olmaz.

Aydındır ki, Ermənistanın hazırki rəhbərliyi üçün danışıqlar prosesinə konstruktiv yanaşma ortaya qoymaq «siyasi intihar» deməkdir. Bir dəfə bu, baş verib və hamı bunu yaxşı xatırlayır. Bu gün Serj Sarqsyan üçün xalqına gec-tez problemin mərhələli həlli variantına razılaşmalı olacağını etiraf etməsi çox çətindir. Axı hələ 14 il əvvəl prezident Levon Ter-Petrosyanı məhz buna getdiyi üçün devirmişdilər. Ermənistan hamı üçün aydın olan bir məqamla heç cür razılaşmaq istəmir (uzun illərboyu tərəflərin razılığa gələ bilməməsinin kökündə də məhz bu dayanır): Dağlıq Qarabağın statusunun müəyyən edilməsi bütün bu prosesin əvvəli və ya ortası yox, məhz yekunu olacaq. Özü də bu status, beynəlxalq birliyin də qəbul etdiyi kimi,  birmənalı şəkildə Azərbaycanın tərkibində olacaq. 

Vaxt gedir və Ermənistan qonşularına qarşı ərazi iddiaları üzündən üzləşdiyi təcrid vəziyyətində boğulur. Getdikcə onların öz xalqını doydurması daha da çətinləşir. Qarabağ ermənilərlə bağlı vəziyyət  isə daha ağırdır. Azərbaycanın isə təklif edə biləcəyi nələrsə var. «Bu vaxt ərzində biz Dağlıq Qarabağın erməni milliyyətindən olan Azərbaycan vətəndaşları üçün bütün lazımi arqumentləri təqdim edə biləcəyik ki, onlara çiçəklənən dövlət kimi Azərbaycanda yaşamaq daha maraqlı və daha əhəmiyyətli olsun», - deyə E. Məmmədyarov bildirir.

Yerevanda dərk edirlər ki, onların bütün variantları tükənib və yeganə yol, ənənəvi olaraq, danışıqlar prosesinin uzadılmasıdır. Amma Qarabağ danışıqlarında uzun taym-aut götürməyin mümkün olduğunu düşünənlər sonda məyus olacaqlar.


MƏSLƏHƏT GÖR:

514