14 Mart 2025

Cümə, 10:48

«ŞƏRQİN NATOSU», YOXSA ZƏİF BƏND

Dünyanın ən nəhəng regional təşkilatının növbəti onilliyi necə olacaq?

Müəllif:

01.07.2011

İyunun ortalarında Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley, sayca 10-cu sammiti keçirildi. Hazırda bu təşkilata Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan üzvdür.

ŞƏT-i ən nəhəng regional təşkilat və iqtisadi baxımdan ən perspektivli ölkələrin birləşdiyi qurum adlandırmaq olar. Odur ki, dünya ictimaiyyətinin ŞƏT-in toplantısına marağı böyük idi. Dünya əhalisinin yarısının ŞƏT-ə üzv ölkələrdə yaşadığını xatırlatmaq kifayətdir. Qurumda BMT Təhlükəsizlik Şurasının 2 daimi üzvü (Rusiya, Çin), “G8”in üzvü (Rusiya), 2 nüvə fövqəldövləti (Rusiya, Çin,) həmçinin, nüvə dövlətləri olan Hindistanla Pakistan müşahidəçi statusuna malikdir, dünyanın ən sürətlə inkişaf edən 2 iqtisadiyyatı, ən böyük enerji istehlakçıları və dünyanın ən çox əhaliyə malik dövlətləri (Çin və Hindistan) həmçinin, BRHK-nin 2 üzvü (Rusiya, Çin, eləcə də, müşahidəçi statusunda Hindistan) təmsil olunur.

«Şanxay beşliyi» 1996-cı ildə Rusiya, Çin və 3 Mərkəzi Asiya ölkəsi tərəfindən yaradılıb. 2001-ci ildə o, «Şanxay ruhu» adı əsasında ŞƏT-ə çevrilib - qarşılıqlı inam, mehriban qonşuluq münasibətləri, siyasi, iqtisadi, elm, mədəni sahələrdə əməkdaşlıq və s. ruhunda. Əvvəlcə o, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə sahəsində müdafiə ittifaqı kimi təqdim olunub.

Hazırda təşkilat çərçivəsində hər il «Sülh missiyası» adı altında antiterror təlimləri keçirilir. Bildirilir ki, Regional antiterror strukturunun (RAS) hesabına indiyədək 500-dən artıq terror aktının qarşısını almaq mümkün olub.

ŞƏT diqqəti hər şeydən əvvəl iqtisadi əlaqələrin fəallaşdırılmasına yönəldib. Onun mövcud olduğu dövrdə təşkilat üzvləri arasında ticarət dövriyyəsi 7 dəfə artıb və 2010-cu ilin sonuna ŞƏT üzvü olan ölkələrin qızıl ehtiyatları 3,6 trilyon dollara çatıb. ŞƏT çərçivəsində İşgüzar Birlik və Banklararası Birlik fəaliyyət göstərir, mütəmadi olaraq İqtisadi Forum keçirilir, 2020-ci ilədək nəzərdə tutulmuş çoxtərəfli ticari-iqtisadi əməkdaşlıq proqramı reallaşdırılır. ŞƏT üzvləri tez-tez özlərinin qızılla təmin olunmuş ümumi valyutasının dövriyyəyə buraxılması ehtimalından danışırlar. İştirakçı ölkələrin təhsil, səhiyyə, ekologiya və digər sahələrdə əməkdaşlığı da genişləndirilir.

Bu dəfə iclasın nəticəsi olaraq, ŞƏT üzvləri Astana Bəyannaməsi qəbul edib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev hədəfləri açıqlayıb və onu ŞƏT-in «5 xoş əməli» adlandırıb. İlk xoş əməl terrorçuluq, ekstremizm və narkotika təhlükəsi ilə mübarizənin genişləndirilməsidir. ŞƏT-in toplantısı çərçivəsində Nazarbayev ərazi və regional münaqişələrin həlli müşavirəsinin yaradılmasını da təklif edib. Məqsəd quruma aid ərazilərdə potensial «qaynar nöqtələr»lə bağlı önləyici tədbirlərin görülməsidir. ŞƏT üçün bu, həqiqətən vacibdir. Çünki Qırğızıstanda baş vermiş son hadisələrə bu qurum faktiki heç bir reaksiya göstərmədi.

İkincisi, Nazarbayev ŞƏT-də vahid nəqliyyat-energetika məkanının yaradılmasını təklif edib. Qazaxıstan prezidentinin fikrincə, bu istiqamətdə artıq ilk addım atılıb. Söhbət Qərbi Çin - Qərbi Avropa avtomagistralının inşasından gedir. Onun uzunluğu 8,7 min kilometrdir.

Üçüncü xoşməramlı iş ŞƏT çərçivəsində sıx iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin yaradılmasıdır. Məqsəd investisiya və ticarət işlərində maneələrin azaldılması, əsas prioritet kimi ərzaq təhlükəsizliyi və içməli su probleminin qabardılmasıdır. Məsələn, ŞƏT çərçivəsində yeni struktur - Su-Ərzaq Komitəsinin yaradılması nəzərdə tutulub.

Dördüncü təklif Fövqəladə Vəziyyətlər Üzrə Birliyin yaradılmasıdır (bu zaman Rusiya və Qazaxıstandakı ötənilki yanğınlar, Yaponiyadakı dağıdıcı zəlzələ və sunami nəzərə alınıb).

Nəhayət, beşinci xoşməramlı addım, daimi fəaliyyət göstərən vahid inkişaf proqramı işləyib-hazırlayan proqnozlaşdırma institutunun yaradılmasıdır.

ŞƏT liderləri Astanada 2011-2016-cı illər üçün Antinarkotika strategiyasını da təsdiqləyib. İştirakçı ölkələri xüsusilə Əfqanıstandan narkotik daşımaları narahat edir. Qeyd edək ki, son 10 ildə bu istiqamətdə daşımalar 10 dəfədən artıq çoxalıb. Məlum olur ki, narkotik daşımalarının genişlənməsində qlobal istiləşmənin də təsiri var - buzlaqların əriməsi nəticəsində əvvəllər çətin keçilən cığırlar açılır və bu da trafiki daha da gücləndirir.

ŞƏT üzvləri hesab edir ki, bu məsələ BMT çərçivəsində çözülməli, beynəlxalq tədqiqat aparılmalıdır. Bununla yanaşı, əlbəttə ki, ŞƏT üzvlərinin öz ərazilərində də narkotik maddələr az becərilmir. Çünki bu ərazilərdə də əlçatmaz yüksəkliklər kifayət qədərdir.

Əfqanıstana gəlincə, buradakı daxili vəziyyətin və ABŞ-ın tezliklə Əfqanıstanı tərk etmək niyyətini açıqlamasını nəzərə alsaq, bu, ŞƏT üçün daha ağrılı məsələdir. ŞƏT üzvləri ABŞ-ın Əfqanıstanı tərk etməsi ilə bu ölkədə xaosun yaranacağını, bunun isə qonşulara öz təsirini göstərəcəyini istisna etmir. Xüsusilə Tacikistanda radikal ideyalar yayılır. Eyni zamanda, Özbəkistan və Qırğızıstanda da kifayət qədər ciddi təhlükə mövcuddur. Mərkəzi Asiya ərazisində kifayət qədər gizli təhlükələr var. Düz, 1 il əvvəl dünya Qırğızıstanın cənubunda qırğızlarla özbəklər arasında qanlı toqquşmalara şahidlik edirdi. Həmin hadisələr yüzlərlə insanın ölümünə, yaralanmasına, itkin düşməsinə səbəb oldu. Yeri gəlmişkən, ŞƏT kollektiv güc olaraq bu məsələyə müdaxilə etmədi.

Əksər ərazisi səhra və yarımsəhra landşaftı olan Mərkəzi Asiya ölkələri üçün içməli su uğrunda qarşıdurma ildən-ilə daha da real təhlükəyə çevrilir. Su ilə bağlı vəziyyət gərgindirsə, regionun bəzi ölkələri başqa resurslar baxımından xeyli zəngindir. Söhbət neft və qazdan gedir. Odur ki, bir tərəfdən, içməli su uğrunda mübarizə, digər tərəfdənsə, xarici oyunçuların da cəlb olunduğu və müxtəlif enerji layihələri ətrafında gedən siyasi intriqalar durumu daha da qəlizləşdirir.

«Ərəb baharı» da vəziyyəti qarışdırıb; məsələn, bəzi Rusiya KİV yazır ki, prezident Dmitri Medvedev Özbəkistanın dövlət başçısı İslam Kərimovla “bağlı qapı”lar arxasında nə haqdasa uzun-uzadı müzakirə aparıb. Bəzi müşahidəçilərin fikrincə, rusiyalı ekspertlər Özbəkistanda Yaxın Şərq ölkələrində baş verənlərin təkrarlanması ehtimalının yüksək olduğunu düşünür. Digər Mərkəzi Asiya ölkələri kimi, Özbəkistanda da vəziyyət sadə deyil. Bu ölkələrin birində daxili sabitliyin pozulması bütünlükdə regionu təhlükə qarşısında qoya bilər.

ŞƏT-də artıq bir neçə ildir yeni üzvlərin qəbulu ayrıca məsələ kimi diqqətdədir. Hazırda Hindistan, İran, Monqolustan və Pakistan burada müşahidəçi statusuna malikdir. 2 ölkə (Belarus və Şri-Lanka) «dialoq tərəfdaşı»dır. Qurumun daha 3 dəvət almış üzvü var (Əfqanıstan, MDB və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası).

Hindistanla Pakistan qurumda daimi üzvlük əldə etməyə çalışır. Bu isə əlbəttə ki, ŞƏT-in coğrafi ərazisini və onun cavabdeh olduğu məkanı kəskin şəkildə genişləndirəcək. Amma bu, ŞƏT-in nəhəng potensialı və iddialarına rəğmən, heç də asan məsələ deyil.

Unutmaq olmaz ki, hazırda Pakistan radikal ideyaların yayılması nöqteyi-nəzərindən Əfqanıstandan az problemli ölkə deyil. Eyni zamanda, nüvə silahına malik olan Hindistan və Pakistan ərazi münaqişəsi şəraitində yaşayır. Üstəlik, Çin kimi Hindistanın da iqtisadiyyatı sürətlə inkişaf edir, orada Rusiyadan və Mərkəzi Asiyadan enerjidaşıyıcılarının idxalına böyük tələbat var.

Digər məqam ABŞ-ın Pakistanın ŞƏT-ə üzvlüyünə necə yanaşmasıdır. 

İslamabad bir tərəfdən, Vaşinqtonun regiondakı yaxın müttəfiqidir və terrorla mübarizədə Birləşmiş Ştatlardan ciddi vəsait alır. Digər yandan, bu ölkələrin bir-birindən xeyli narazılığı var. Demək, Pakistanın mövqelərini gücləndirməsi, çətin ki, Ağ evin ürəyincə olsun.

Hindistan da ABŞ-ın regiondakı müttəfiqlərindəndir. O, iqtisadi baxımdan, xüsusilə təbii resurslar nöqteyi-nəzərindən Çinə ciddi rəqibdir.

Bununla yanaşı, terrorla mübarizədə ABŞ-ın kənardan göstərdiyi kömək heç kimə maneə deyil. Rusiya ilə Çinin təkbaşına edə bilməyəcəyini ŞƏT öz üzərinə götürə bilər.

Nəhayət, sammitlərində daim İran prezidenti Mahmud Əhmədinejadın fəal iştirak etdiyi ŞƏT-in Yaxın Şərq perspektivləri necədir?

Hazırda Liviya, Suriya və Yəməndə baş verənlərin, həmçinin, Tunis və Misirdəki köklü dəyişikliklər fonunda İranın nüvə böhranının həlli məsələsi bir qədər arxa plana keçib. Amma bu, uzun müddət davam edə bilməz və Tehranın nüvə iddiaları yenidən dünya ictimaiyyətinin diqqət mərkəzinə qayıdacaq. ŞƏT isə çətin ki, bu məsuliyyəti öz üzərinə götürmək istəsin…

Beləliklə, bəzilərinin «Asiya NATO-su», digərlərinin «içi boş müqəvva» adlandırdığı ŞƏT-in növbəti 10 ili necə keçəcək? Həqiqətən də, qurumun miqyası və iddiaları bir yandan onun üstünlüyü, digər tərəfdən də aşkar zəifliyidir.

İlk dövrlərdə, ümumiyyətlə, ciddiyə alınmayan ŞƏT, hər halda, öz əhəmiyyətini sübut edə bilib. Tənqidçilər qurumun bütün toplantılarının, sadəcə, birgə foto çəkdirməkdən ibarət olduğunu iddia etsə də, bu, əlbəttə ki, belə deyil. Məsələ ondadır ki, ŞƏT onun üçün təhlükə olan məsələlərə vaxtında nəzər yetirə, ağıllı risklərə gedə biləcəkmi? Axı məhz bunlar olmadan tam inkişaf mümkün deyil. ŞƏT regional sabitliyin əsl qarantına çevrilə biləcəkmi?

Bütün bunların fonunda birliyin əsas üzvləri olan Rusiya ilə Çinin  Mərkəzi Asiyadakı rəqabətini diqqətdən kənarda qoymaq olmaz.

Güman ki, ŞƏT-in gələcəyi ona daxil olan bütün ölkələrin milli maraqlarının təminində balansın tapılmasında, təhlükəsizilk və birgə iqtisadi layihələrin reallaşdırılmasındadır. Yəni, qurumun gücü əvvəlkitək regional əməkdaşlıq ruhundadır.



MƏSLƏHƏT GÖR:

552