İNAMLI QƏLƏBƏ, BOYKOT və TƏTİL…
Türkiyədə "siyasi bahar"ı siyasi böhran əvəzləyə bilər
Müəllif: Ramin ABDULLAYEV Bakı
Türkiyədə iyunun 12-də keçirilmiş parlament seçkisində qazanılmış inamlı qələbə Rəcəb Tayyib Ərdoğanı, onun Ədalət və İnkişaf Partiyasını (ƏİP) siyasi iztirablardan xilas etmədi. Səsvermə günündən 2 həftə keçməmiş MSK siyasi motivlərlə mühakimə olunmuş bir neçə deputatın mandatını ləğv etdi. Onların əksəriyyəti mandatını bərpa etməyə nail olsa da, bu, qalmaqalı səngitmədi. Üstəlik, Ərdoğanı yalnız kürdpərəst Sülh və Demokratiya Partiyasının dəstəklədiyi müstəqil namizədlər deyil, onun əsas rəqibi - Cümhuriyyət Xalq Partiyasının (CXR) lideri Kamal Kılıcdaroğlu da tənqid atəşinə tutdu. Beləliklə, 24-cü çağırış parlamentin ilk iclası qalmaqalla başlayıb. İyunun 28-də CXP-dən olan deputatlar parlamentarilərin andiçmə mərasiminə qatılmaqdan imtina edib. Onların demarşına 2 deputatın həbsi səbəb olub. Parlamentarilər dövlət çevrilişinə cəhddə ittiham olunan "Ergenekon" təşkilatı ilə bağlı istintaq çərçivəsində saxlanılıb. Həbslər seçkidən dərhal sonra həyata keçirilib.
"Biz parlamentin toplantısına qatılacağıq, amma and içməyəcəyik", - deyə K. Kılıçdaroğlu bildirib. - "Səsvermə hüququ olan deputatlarımız and içmədən biz də bunu etməyəcəyik".
CXP-dən olan 135 deputatın bu qərarı 35 müstəqil kürd parlamentari tərəfindən də dəstəklənib. Onlar silahdaşlarından biri olan Hatip Dijlenin mandatdan məhrum edilməsinə etiraz olaraq, CXP-dən olan həmkarlarının qərarına qoşulublar.
Qeyd edək ki, MSK həmin deputatın PKK terror təşkilatının təbliğatını apardığı üçün 1,8 il həbsdə yatdığını əsas göstərib və bu üzdən onun parlamentə seçilmək hüququnun olmadığını bəyan edib.
Kılıçdaroğlunun tərəfdarlarından fərqli olaraq, müstəqil deputatlar MSK-nın Dijle ilə bağlı qərarına etirazlaını Ankarada yox, kürdlərin sıx yaşadığı Diyarbəkirdə bildiriblər. Onlar eyni zamanda, Sülh və Demokratiya Partiyasından olan 6 deputatın həbsdən buraxılmasına "yox" demiş məhkəmənin qərarına da etiraz ediblər.
Sülh və Demokratiya Partiyasının parlamenti boykot etməsinin qismən növbədənkənar seçkiyə səbəb olacağı istisna deyil. Hazırkı konstitusiyaya əsasən, parlamentdəki vakant yerlər 5% və bundan artıqdırsa, boş yerlərə seçki keçirilməlidir.
Amma Ərdoğan, çətin ki, bu boşluğu öz tərəfdarları ilə doldurmağa çalışsın. Çünki bu, ölkənin cənub-şərq regionunda ciddi narazılığa səbəb ola bilər. Bununla da etnik kürdlərin mədəni hüquqlarının genişləndirilməsi ilə əldə edilmiş divindendlərin üzərindən xətt çəkilər. Bu, ekstremizmi təbliğ edən qüvvələrin xeyrinə işləyər. Beləliklə, Türkiyə parlamentinə seçilmiş 550 deputatdan 170-i and içməkdən imtina edib. Şübhəsiz, Kılıçdaroğlunun və müstəqil deputatların bu qərarı parlamentin işinə problem yaratmayacaq. Amma hadisələrin belə inkişafı rəmzi xarakter daşıyır; çünki bu həm hökumətlə müxalifət, həm də müxalifət partiyalarının özləri arasında ciddi fikir ayrılıqlarının göstəricisidir.
Müxalifətin bu qərarı hökumətdə kəskin etiraza səbəb olub. "Xalq boykot istəmir. Müxalifətin məqsədi qanunvericilik fəaliyyətinə maneə yaratmaq, yeni siyasi gərginliyə nail olmaqdır", - deyə baş nazir Ərdoğan bildirib.
Kılıçdaroğlu isə yalnız Ərdoğanın silahdaşlarını deyil, həm də Dövlət Baxçalının rəhbərlik etdiyi Millətçi Hərəkat Partiyasını (MHP) tənqid edir. CXP üzvləri və müstəqil deputatlardan fərqli olaraq, sağçı MHP-ni təmsil edən 53 parlamentari qanunverici qurumun 7,5 saat davam etmiş ilk toplantısına qatılıb və tam heyətlə and içib. Məhz bu, Baxçalının ünvanına tənqidlər yağdırılmasına səbəb olub. "Biz öz tərəfdarlarımızı satmırıq", - deyə Kılıçdaroğlu bildirib. Bununla o, Baxçalının partiyasından da 1 nəfərin andiçmə mərasiminə buraxılmadığına işarə edib: məhkəmə MHP-dən parlamentə seçilmiş istefada olan general Engin Alanı azadlığa buraxmaqdan imtina edir. O, bir sıra digər sabiq yüksək rütbəli hərbçilərlə birlikdə Ərdoğan hökumətini devirməyə cəhddə günahlandırılır.
Türkiyə ictimaiyyətinin təmsilçiləri və hüquq müdafiəçiləri parlamentə seçilmiş müxalifətçilərin həbsdən buraxılmaması qərarını tənqid edir. Onlar bildirir ki, həmin şəxslərin azadlığa buraxılması üçün hüquqi maneə yoxdur. Çünki bu şəxslərlə bağlı heç bir məhkəmə qərarı çıxarılmayıb, demək, seçilmək, qanunverici orqanda təmsil olunmaq onların konstitusion hüququdur.
Belə ehtimal var ki, baş nazir baş tutmamış dövlət çevrilişi ilə bağlı istintaqın gedişinə dair parlamentdə müzakirələrin aparılacağından ehtiyat edir. Çünki bu dinləmələrdə vəziyyətin hakim partiyanın istədiyi ssenari ilə gedəcəyinə heç bir zəmanət yoxdur. Yəni, ictimaiyyət "Ergenekon" prosesi haqda "lazım olandan artıq" məlumat əldə edə bilər.
Hazırkı böhran, həm də, ölkədə hakimiyyət bölgüsünün dəqiq sərhədlərinin olmamasından qaynaqlanır. Axı müxalifət iqtidardan, faktik olaraq, məhkəmə hökmlərinin ləğv olunmasını tələb edir. Amma təzyiq qarşısında geriçəkilmə və hökmlər dəyişdirilsə, bu, ölkədə müstəqil məhkəmə sisteminin olmadığını və siyasi hakimiyyətin təzyiqi altında məhkəmə qərarlarının dəyişdiyini göstərəcək. Bu halda hökumətin məhkəmələr üzərindəki nəzarəti üzə çıxacaq. Üstəlik, Türkiyə qanunvericiliyində məhbusun deputat mandatı qazandığı təqdirdə, azadlığa buraxılmalı olduğu deyilmir.
Prezidentin mövqeyinə gəlincə, Abdullah Gül parlamentin ilk iclasını, təxminən, saatyarım izləyib və səhəri gün Ərdoğana Türkiyənin 61-ci hökumətini formalaşdırmaq səlahiyyəti verib.
Nəhayət, Türkiyənin yeni Konstitusiyasının qəbulu ilə bağlı aparılan fəal işləri də xatırlatmaq yerinə düşər. Ərdoğan tərəfdarlarının hazırladığı yeni konstitusiya layihəsi müxalifət tərəfindən dəstəklənmir. Hakim partiyanın istəyinə təkbaşına nail olması isə mümkünsüzdür. Çünki o, parlamentdə mütləq çoxluq olan 367 mandata malik deyil. Bundan başqa, Ərdoğan Konstitusiyanın qəbulu ilə bağlı referendum da elan edə bilməz. Çünki bunun üçün 330 mandat tələb olunur.
Yeni Konstitusiyanın qəbulu yalnız müxalifətlə razılaşma halında mümkün olacaq. Amma müxalifətin fəaliyyətindən belə məlum olur ki, onlar yalnız tələblərinə əməl ediləcəyi təqdirdə güzəştə gedə bilər. Tələblər isə həmkarlarının həbsdən buraxılması, onların deputat statusunun tanınmasıdır.
Qeyd edək ki, hazırkı Türkiyə Konstitusiyası 1980-ci ildə baş vermiş hərbi çevrilişdən sonra - 1982-ci ildə qəbul edilib. Məhz onun hesabına müxalifət dəfələrlə Ərdoğanın təşəbbüslərinin qarşısını ala bilib.
Beləliklə, iyulun əvvəlinə Türkiyənin siyasi xaosun iki addımlığında olduğunu söyləmək mümkündür. Artıq parlamentin dərhal buraxılması və növbədənkənar seçkinin elan edilməsinin vacibliyinə dair bəyanatlar səsləndirilir. Bu təşəbbüsün tərəfdarları iddia edir ki, seçicilər müxalifətin arqumentlərini qəbul etmir, demək, təkrar seçkidə Ərdoğanın partiyasını son seçkidəki kimi 50 yox, 60% seçici dəstəkləyə bilər. Bu ssenariyə görə, belə qərarın verilməsi ƏİP-ə çoxdan gözlədiyi 367 mandatı qazandıracaq və bununla da hakim partiya referendum keçirmədən yeni Konstitusiyanı qəbul edə biləcək.
Bununla yanaşı, CXP-nin bir neçə tərəfdarının Ərdoğanın tərəfinə keçəcəyi də istisna olunmur. Prinsipcə, 326 mandata sahib çıxmış ƏİP-ə yeni konstitusiya layihəsini referenduma çıxarmaq üçün əlavə 5 deputatın dəstəyi kifayətdir. Referendumda isə Ərdoğanın təşəbbüsünün dəstəklənəcəyinə şübhə yoxdur.
Türkiyədə "siyasi bahar"ın belə tezliklə bitəcəyini heç kim gözləmirdi. İndi bir çoxu bu fikirdədir ki, ən yaxşı halda, böhran "dondurulacaq". Yəni, yeni çağırış parlament tətilə yollanacaq və mövzu açıq qalacaq. Amma bu, ölkədə qeyri-sabitliyə səbəb ola bilər. Belə halda hökumətin əsas "kozırı" olan iqtisadi arqumentə də ciddi zərbə dəyəcək. Hazırkı hökumət isə problemin həlli üçün əlindən gələni edəcək.
Ola bilsin, bəzi qanunvericilik aktları təcili şəkildə müzakirəyə çıxarılsın və bununla da "məhbus deputatlar" mövzusu arxa planda qalsın. Amma baş nazirin bu qərarı dəstəkləyib-dəstəkləməyəcəyini zaman göstərəcək.
Bir məsələ aydındır: ƏİP-in qarşıdakı 4 illik hakimiyyəti Ərdoğanın karyerasında ən çətin dönəm olacaq. Parlamentdə mövqelərin zəifləməsi islahatlara zərbə vuracaq və onun səmərəliliyini azaldacaq.
MƏSLƏHƏT GÖR:





459

