
MARAQLAR ÜST-ÜSTƏ DÜŞƏNDƏ
Amerikalı mütəxəssis "R+"a müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında beynəlxalq fəallığın artacağını proqnozlaşdırır
Müəllif: Almaz MAHMUD Bakı
Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın dövlət başçısının vasitəçiliyi ilə keçiriləcək növbəti görüşü ərəfəsində region KİV-i Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yenidən Moskvanın təşəbbüsü ələ alması, regiona təsirini artırması, bunun ATƏT-in Minsk qrupunun digər həmsədrlərini fəallığa sövq etməsi və s. haqda yazmaqdadır.
Bəs Qərb ekspertləri bu barədə nə düşünür? Bu suala cavab tapmaqda bizə Corc Vaşinqton Universiteti yanında Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun direktor müavini Kori Vyelt kömək edib. Qeyd edək ki, o, Avrasiya siyasəti və təhlükəsizlik, həmçinin, ABŞ-ın bu regiondakı xarici siyasəti üzrə ixtisaslaşıb. Uzun illər ərzində Vyelt Qafqazın tarixini və regional siyasəti öyrənib.
Amerikalı mütəxəssis həmsədr ölkələrin həm Minsk qrupu çərçivəsində, həm də ayrılıqda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesindəki rolu və mövqeyi haqda fikirlərini bizimlə bölüşüb.
- ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam C. Börns bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsindəki öhdəliyindən danışıb. Bu faktı ABŞ hökumətinin Qarabağ münaqişəsinin həlli prosesində fəallaşması kimi qiymətləndirmək olarmı və bu nə ilə bağlıdır?
- Türkiyə ilə Ermənistanın yaxınlaşması prosesinin iflasa uğraması, ən azı, ABŞ hökumətinə göstərdi ki, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də irəliləyişə nail olunması son dərəcə vacibdir.
- Ermənistan - Azərbaycan münaqişəsinin həlli üçün Obama administrasiyası tərəfindən hansı tədbirlər görülüb və ya hansı cidd-cəhdlər olub?
- Məhz prezident Obama həmkarları Medvedev və Sarkozi ilə birlikdə ATƏT-in Minsk qrupunun Qarabağ probleminin həlli ilə bağlı irəli sürdüyü əsas prinsipləri elan edib. Bu, nizamlama prosesinə ilk dəfə şəffaflıq gətirən vacib addım idi. Bu addım beynəlxalq aləm tərəfindən dəstəklənən təkliflərin üstünlükləri və risklərinin açıq şəkildə müzakirəsinə də kömək edib. Bu, əsas prinsiplərin tərəfdarlarına təkliflərinin üstünlüklərini münaqişə tərəflərinə çatdırmağa, həmçinin, riskləri minimuma endirməyin yolları haqda daha dərindən düşünməyə imkan verir.
- Rusiya - ABŞ münasibətlərindəki çətinliklər Qarabağ münaqişəsinin həlli prosesinə necə təsir göstərir? ATƏT-in Minsk qrupu vəzifəsinin öhdəsindən gələ bilirmi?
- Düşünürəm, Rusiya Dağlıq Qarabağ münaqişəsinin əsas prinsiplər əsasında həlli prosesini səmimi olaraq dəstəkləyir. Söhbət Dağlıq Qarabağ ətrafındakı ərazilərin böyük hissəsindən erməni qoşunlarının çıxarılması, qeyri-müəyyən vaxtadək Dağlıq Qarabağa de-fakto özünüidarə hüququnun verilməsi prinsiplərindən gedir. Eyni zamanda hesab edirəm ki, Rusiyanın sülhməramlı fəaliyyəti məyyən məqsədlərə bağlıdır: onun münaqişənin həlli prosesinin qarantı olmaqda müəyyən maraqları var. Azərbaycan və Ermənistanın əsas prinsipləri razılaşdırması kimi kifayət qədər çətin bir məsələ öz həllini tapdıqdan sonra daha bir problem meydana çıxacaq - Rusiya, ABŞ və Avropa İttifaqı bütün tərəflərin maraqlarına cavab verən beynəlxalq sülhməramlı formatı tapmalı olacaq.
- Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı forpostu adlandırırlar. Moskvanın Ermənistanı dəstəklədiyini, onun siyasətini istiqamətləndirdiyini söyləmək olarmı?
- Rusiyanın Ermənistanın siyasətini "istiqamətləndirdiyini" söyləmək düzgün olmazdı. Bu ona lazım da deyil. Sizi əmin edirəm ki, Ermənistan öz istədiyi xarici siyasəti yürüdür. Amma Rusiya - Ermənistan hərbi alyansına fikir verməmək də olmaz. Ermənistan Rusiya üçün qiymətlidir. Çünki Yerevan onun Cənubi Qafqazda uzunmüddətli və təhlükəsiz mövcudluğunu təmin edir. Bu səbəbdən, Moskvanın sülhməramlılıq fəaliyyəti zamanı Ermənistanı "satacağını" gözləmək lazım deyil. Amma Rusiya Ermənistanın Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılması və s. kimi əsas prinsipləri qəbul etməsinin onun maraqlarına uyğun olduğunu hiss etsə, onda o, Yerevanı bu prinsiplərlə razılaşmağa razı salmaq üçün daha cidd-cəhdlər göstərəcək.
- Dünya ictimaiyyətinin Qarabağ probleminə etinasız yanaşmasının səbəbi nədir? Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsinə dərhal əməl olunduğunu, NATO qüvvələrinin Liviyada hərbi əməliyyatlarda iştirak etdiyini, lakin eyni qurumun Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnaməsinə hələ də əməl edilmədiyini bəyan etdi...
- BMT qətnamələri müxtəlifdir. Bəziləri nəhəng dövlətlərin artıq razılaşdırdığı məqsədlərin reallaşdırılması üçün qəbul edilir, bəziləri isə müəyyən dövlətlərin mövqelərini ifadə etmələri üçündür. Liviya ilə bağlı qətnamə birincilərə aiddir. BMT-nin ikinci qismə aid qətnamələri isə istənilən halda, həmişə "görməməzliyə" vurulur.
- 2011-ci ilin martında erməni hərbçilər cəbhə xəttində yaşayan 9 yaşlı azərbaycanlı uşağı qətlə yetirdi. Azərbaycan rəhbərliyi dəfələrlə beynəlxalq qurumlara müraciət edərək, atəşkəs dövründə dinc sakinlərə qarşı cinayətlərin qarşısının alınmasını tələb edib. Amma bu məsələdə Ermənistana heç bir təzyiq göstərilmir. Səbəb nədir?
- Atəşkəsin olduğu məkanda dinc sakinin ölümünə dair istənilən fakt böyük faciə və cinayətdir. Atəşkəs razılaşmasının qüvvədə olduğu təmas xəttində müşahidə olunan zorakılığın qəbuledilməzliyi, ona son qoyulmasının vacibliyinə dair etiraflar getdikcə daha çox səsləndirilməkdədir. Aydındır ki, təmas xəttindən snayperlərin götürülməsi və beynəlxalq monitorinqin fəallaşdırılması nizamlanma prosesinin irəli aparılması üçün vacib addımlardır. Belə zorakılıq özü-özlüyündə faciəvidir. O, həm də münaqişənin təsadüf ucbatından bərpaolunma ehtimalını artırır.
- Azərbaycanın iqtisadi inkişafı onun beynəlxalq arenadakı siyasi fəaliyyətinə hansı təsiri göstərib və göstərir?
- Azərbaycanın iqtisadi inkişafı, ilk növbədə, ölkədə sosial və siyasi inkişafa təsir göstərə bilər. Bu, üstəlik, Azərbaycanın maraqlarına diqqəti artırır və ona regional dövlət rolunu oynaya biləcəyinə dair əminlik gətirirsə, bunu alqışlamaq olar. İstənilən halda, Azərbaycanın "Evrovizion"da qələbəsi gələn il ərzində onun beynəlxalq siyasəti üçün daha çox əhəmiyyət kəsb edəcək, nəinki iqtisadi inkişafı.
MƏSLƏHƏT GÖR: