14 Mart 2025

Cümə, 10:45

STATUS-KVO DƏYİŞDİRİLSİN!

ABŞ, FRANSA və RUSİYA PREZİDENTLƏRİ ERMƏNİSTANDAN AZƏRBAYCAN TORPAQLARINI XOŞLUQLA BOŞALTMAĞI TƏLƏB ETDİLƏR!

Müəllif:

01.06.2011

"G8"in Fransanın kurort şəhəri olan Dovildə keçirilən sammitinin gündəliyi kifayət qədər geniş idi. "Böyük səkkizlik" ölkələrinin liderləri beynəlxalq terrorla mübarizə, Əfqanıstanda müharibə, "Fukusima"dakı qəzanın nəticələri və fövqəldövlətlərin bundansonrakı nüvə siyasəti, ərəb dünyasındakı inqilab dalğası, Avropadakı iqtisadi çətinliklər, İnternet problemi, Beynəlxalq Valyuta Fondunun rəhbəri postunun taleyi və digər məsələləri müzakirə ediblər.

Ənənəvi mövzular arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, daha dəqiqi, onun ABŞ, Fransa və Rusiyanın vasitəçiliyi ilə ATƏT-in Minsk qrupu formatında həlli yolları da olub.

Əlbəttə ki, vasitəçi ölkə başçılarının Qarabağ münaqişəsi ilə bağlı növbəti birgə bəyanat yaymalarına dair xəbəri sensasiya saymaq olmaz, amma bəyanatın məğzi istər-istəməz diqqət çəkir.

Medvedev, Obama və Sarkozi Ermənistan və Azərbaycan liderlərini "siyasi iradə nümayişinə, münaqişənin həlli üzrə əsas prinsiplərin razılaşdırılmasını, iyunda keçiriləcək Ermənistan - Azərbaycan sammitinədək başa vurmağa" çağırıblar.

"Məsələnin uzadılması tərəflərin razılaşma əldə edilməsinə sadiqliyini sual altına qoyacaq", - deyə üç prezidentin birgə bəyanatında bildirilir. - "Razılaşma əldə edildiyi zaman biz bu prinsiplərin formal qəbuluna şahidlik etməyə, sülh razılaşmasının hazırlanmasına yardım göstərməyə, daha sonra onun reallaşdırılmasını beynəlxalq tərəfdaşlarımızla birlikdə dəstəkləməyə hazırıq".

"İTAR-TASS"ın məlumatına görə, həmsədr ölkə başçıları münaqişə tərəflərinin liderlərini "xalqı müharibəyə deyil, sülhə hazırlamağa" çağırıblar: "Biz hesab edirik ki, münaqişənin yalnız danışıqlar yolu ilə həlli sülhə, sabitliyə və barışığa apara, regional inkişafa və əməkdaşlığa yol aça bilər".

Bəyanatda bildirilir ki, "Tərəflərin, həmçinin, həmsədr ölkələrin səyləri ilə nəzərəçarpacaq irəliləyiş qeydə alınıb". "Martın 5-də Soçidə müzakirə edilmiş əsas prinsiplərin son variantı qəbuledilən sülh razılaşmasını hazırlamaq üçün ədalətli və balanslı əsas yaradır", - deyə birgə bəyanatda qeyd olunur. 

Həmsədr ölkə başçılarının fikrincə, qeyd olunan sənəd "tərəflərə hazırkı qəbuledilməz halları aradan qaldırmağa kömək edir".

Xatırladaq ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ölkə başçılarının sayca 3-cü birgə bəyanatıdır. İlk belə bəyanat 2009-cu ildə "Böyük səkkizlik"in İtaliyanın Akvil şəhərində keçirilmiş sammitində verilmişdi. O vaxt ABŞ, Fransa və Rusiya prezidentləri Minsk qrupundakı nümayəndələrinə "Azərbaycan və Ermənistan prezidentlərinə 2007-ci il noyabrın 29-da qəbul olunmuş Madrid prinsiplərinin yenilənmiş variantını təqdim etmələrini" tapşırmışdılar. Yenilənmiş variant əsas prinsiplər üzrə vasitəçilərin son təkliflərindən ibarət idi.

Bu imperativdən çıxış edən Minsk qrupunun həmsədrləri Madrid prinsiplərinin yenilənmiş variantını hazırlamışdı və bunu danışıqlar prosesinin növbəti, həlledici mərhələsinə keçid saymaq olardı. Amma o vaxt Azərbaycan yenilənmiş prinsipləri qəbul etdiyini açıqlasa da, Ermənistandan həmin sənədlə bağlı bugünədək nə "hə", nə "yox" cavabı gəlib.

Əsas prinsiplərin razılaşdırılması prosesinin sürətləndirilməsi məqsədilə 2010-cu ilin iyununda "Böyük səkkizlik"in Kanadada keçirilən sammitində Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ problemi ilə bağlı daha bir bəyanat verdilər. Onlar münaqişənin həlli üçün sülh razılaşmasının hazırlanmasına başlanılması məqsədilə Ermənistan və Azərbaycan rəhbərliyini açıq şəkildə  əsas prinsiplər üzərində işləri sürətləndirməyə çağırdı. Amma göründüyü kimi, "köhnə hamam, köhnə tas"  - Yerevan yenilənmiş Madrid prinsiplərini qəbul etmək istəmir.

Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistanın dövlət baçşıları ilə 8 üçtərəfli görüş keçirməsi də Yerevanı kompromisə getməyə razı sala bilmir. Doğrudur, bu görüşlərin nəticəsiz qaldığını da söyləmək olmaz. Ən azı bu, regionda müharibənin bərpası təhlükəsini önləmək, tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün daha bir imkandır. Bu görüşlərin effektivliyi kimi, hərbi girovların dəyişdirilməsi haqda razılaşmanı, humanitar əməkdaşlığa dair digər məqamları da göstərmək olar. Amma münaqişənin həlli prosesində irəliləyişə nail olmaq hələ də alınmayıb.

Obama, Sarkozi və Medvedevin son bəyanatı göstərir ki, vasitəçilər artıq gözləməkdən yorulublar. Vəziyyəti qəbuledilməz adlandıran liderlər Azərbaycan və Ermənistan rəhbərlərini əsas prinsiplər üzərində işləri tamamlamağa çağırıb və bunun üçün konkret vaxt da göstərib. Yəni çoxdan gözlənilən irəliləyişə İlham Əliyevlə Serj Sarqsyanın iyunun 25-də Kazanda keçiriləcək görüşündə nail olunmalıdır. Lakin buna çağırış, ilk növbədə, Ermənistandan eşidilməlidir - Azərbaycan vasitəçilərin təklif etdiyi əsas prinsipləri dəstəklədiyini çoxdan açıqlayıb. Bu baxımdan belə qənaətə gəlmək olar ki, ABŞ, Fransa və Rusiya, faktik olaraq, Yerevana düşünmək üçün 1 ay vaxt verib.

Vasitəçilərin birgə bəyanatının, ilk növbədə, Ermənistana ünvanlandığını tərəflərin məsələyə münasibəti də göstərir. Azərbaycan Prezidenti İ.Əliyev vasitəçilərin ilk dəfə status-kvonun dəyişdirilməsinə dair bəyanat səsləndirməsini ümidverici məqam adlandırıb: "Status-kvonun dəyişməsi isə o deməkdir ki, işğalçı qüvvələr işğal etdikləri ərazilərdən çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

İ.Əliyev məsələnin tezliklə çözülməli olması haqda fikrə də razılığını bildirib.

Amma Azərbaycan münaqişənin tezliklə həlli çağırışlarından danışırsa, erməni tərəfi Obama, Sarkozi və Medvedevin bəyanatında münaqişə uzanacağı təqdirdə, öz təhlükəsizliyinə təminat axtarmağa çalışır. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın diqqəti bəyanatda 1 ay ərzində əsas prinsiplərin razılaşdırılması tələbinə deyil, müharibənin yolverilməzliyi haqda fikrə çəkməsi də təsadüf sayıla bilməz.

ABŞ, Fransa və Rusiya prezidentlərinin hələ ötən bəyanatda bildirdikləri kimi, əsas prinsiplər razılaşdırılacağı təqdirdə, Ermənistan, ilk növbədə, Azərbaycanın işğal altındakı rayonlarını boşaltmalıdır. Bundan sonra "Dağlıq Qarabağ üçün təhlükəsizliyə və özünüidarəetməyə zəmanət verəcək aralıq statusun müəyyənləşdirilməsi, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin verilməsi" təklif olunur.

Dağlıq Qarabağın hüquqi statusuna gəlincə, vasitəçilərin təkliflərinə əsasən, o, gələcəkdə "qaçqın və məcburi  köçkünlərin əvvəlki yaşadıqları  yerlərə qayıtmalarından sonra öz iradələrini ortaya qoymaqla müəyənləşdirilib, sülhməramlı əməliyyat da daxil olmaqla beynəlxalq təhlükəsizlik zəmanəti altında hüquqi qüvvəyə minə bilər". 


MƏSLƏHƏT GÖR:

427