
UNUDULAN İRSİMİZ
Azərbaycanın qədim toy adətlərindən nə qalıb?
Müəllif: Arif HÜSEYNOV Bakı
Toy elə bir ciddi maddi-mənəvi hadisədir ki, hamı onun arzusu ilə yaşayır. İnsan həyatı üçün əlamətdar hadisə olan bu mərasimin kökləri uzaq keçmişə gedib çıxır. Toylar xalqın mədəni və mənəvi irsinin zənginliyindən xəbər verir. Azərbaycan toyları da istisna deyil - zəngin milli toy ənənələri xalqımızın mədəniyyətinin ayrılmaz hissəsidir.
Qədim zamanlardan oğlanlar istədiyi qızı gözaltı etmək üçün min bir əziyyətə qatlaşmalı olub. Qızlar su gətirmək üçün bulaq başına yollanır, orada rəfiqələri ilə söhbətləşir, danışıb-yorulandan sonra, səhənglərini doldurub evə yollanırdılar. Oğlanlar da bulaq başına yollanıb kənardan qızlara baxırdılar. Özünə yad nəzərlərin dikildiyini sezən qız, buna əhəmiyyət verməyərək evlərinə tələsirdi. Məhəbbət aşiqi oğlan isə qızı uzaqdan nəzərləri ilə yola salırdı. Hətta belə bir xalq mahnısı da yaranmışdı: «Bulaq başı toz olar, üstü dolu qız olar». Nədənsə, yəqin ki, alovlanan məhəbbət deyimi kimi, «səni yanasan, ay qız» sözləri də mahnıda gəlirdi.
Oğlan adamları qızın kimlərdən olduğu ilə maraqlanır, onun əsil-nəsilinin kimliyini diqqətlə öyrənirdilər. Qohum-əqrəbanın hörmətli nümayəndələrinin məsləhətləşməsindən elçi getmək qərara alınırdı. Adətə görə, qız evinə oğlanın anası yaxın qohum qadınlardan biri ilə gedirdi. Qadınlar sövdələşdikdən sonra, qızın atasının yanına oğlanın atası üç nəfər hörmətli qohumu ilə gedirdi. Bir qədər söhbətdən sonra oğlanın atası əsas mətləbə keçir və deyirdi: «Məsəl var, deyərlər: qız ağacı qoz ağacı, hər keçən bir daş atar», «Qız yükü, duz yükü» və s. “Sizin qızı oğlumuza almaq məramı ilə gəlmişik. Bizi naümid qaytarmayın». Qızın atası deyirdi: «Qız qapısı, şah qapısı» sayılır. İzn verin, qızın özü, anası, yaxın qohumlar ilə məsləhətləşim və sonra sizə cavab verim». Buna kiçik elçilik deyilirdi.
Qız evinin ən hörmətli adamları ilə məsləhətləşmələrdən sonra oğlan adamlarının «hə» cavabı almaq üçün gəlməsinə razılıq verilirdi. Bundan sonra oğlanın atası öz qardaşlarını, arvadının qardaşlarını və digər yaxın dost-tanışlarını evinə çağırıb müəyyənləşdirilmiş vaxtda elçi getmək məramını bildirirdi. Qız evində elçiləri süfrənin başında oturdurdular. Qızın əmisi, yaxud dayısı deyirdi: «İndi ki, zəhmət çəkib gəlmisiniz, Allah xeyir versin, xoşbəxt olsunlar». Süfrəyə dərhal şirin çay verilirdi.
Oğlan adamları bir müddət sonra kiçik nişan taxmağa gələndə özləri ilə üzük, yaylıq və şirniyyat gətirirdilər. Oğlanın bacısı, qardaşı və onun arvadı, yaxud gələcək qayınata üzüyü gəlinin barmağına taxır, yaylığı çiyinlərinə salır, şirnini gəlin dişləyəndən sonra o biri yarısını bəyə aparırdılar. Qonaqlıq məclisi qurtarandan və elçilər evlərinə dağılışandan sonra gəlin sağ əlini növbə ilə subay rəfiqələrinin başına qoyurdu («sağ əlin başımıza» deyimi buradan əmələ gəlib), həm də nişan üzüyünü barmaqlarına taxıb baxmaq üçün rəfiqələrinə verirdi.
Belə bir inanc vardı ki, üzüyü hamıdan tez barmağına taxan qız, hamıdan tez ərə gedəcək. Rəfiqələr evlərinə gedəndə götürdükləri eyni cür iki şirnini başlarının altına qoyub yatırdılar ki, yuxuda ərə gedəcəkləri oğlanları görə bilsinlər.
Bir müddətdən sonra böyük nişana hazırlıq görülürdü. Gəlinə ayaqqabıdan savayı lazım olan hər şey alırdılar. Ayaqqabını gəlingilə bir neçə gün sonra qayınata özü gətirirdi. Nişanın xərcini oğlan evi çəkirdi. Qız evinə ət, yağ, düyü və lazım olan digər ərzaqlar göndərilirdi. Acılıq olmasın deyə soğan göndərilmirdi. Qız evinə hədiyyələr bəzəkli sinilərdə, qırmızı lent bağlanmış çamadanlarda aparılırdı. Təqribən, 2-3 aydan sonra qız evi siniləri qaytarırdı. Bəzədilmiş sinilərdən biri bəy üçün nəzərdə tutulurdu. İkinci sinidə kişilər üçün hədiyyələr qoyulurdu. Qadınlar üçün nəzərdə tutulmuş üçüncü siniyə müxtəlif ətirlər, parça, şal və sair qoyulurdu.
Toy olana kimi gəlinə bayram hədiyyələri - pal-paltar, qiymətli əşyalar və başına xına qoyulmuş qoyun göndərilirdi. Gəlin üçün aparılan xınanı onun saçlarına, əl və ayaqlarına qoyurdular.
Toydan qabaq bəyin atası qız evinə xəbər göndərirdi ki, «filan vaxt evdə olun, söhbət eləməyə gələcəyik». Oğlan evinin kişi nümayəndələri gəlib, qızın atası, əmi və dayıları, qardaşları və digər yaxın qohumları ilə danışıq aparırdılar. Toyun vaxtı müəyyənləşdirilirdi. Musiqiçilərdən kimlərin çağırılacağı, toyda kimin tamada olacağı razılaşdırılırdı. Bəy tərəfinin adamları toy xərcini öz üzərlərinə götürürdülər. Toya 2-3 gün qalmış gəlinin cehizi oğlan evinə aparılır və oğlanın otaqları bəzədilirdi. Cehizin bəzi əşyalarına qırmızı lent də bağlayırdılar.
Bir neçə gündən sonra qız evində toy tədarükü görülürdü. Səhər tezdən yağlı fətir bişirilirdi. Başda bəyin anası olmaqla gələn qadın qohumlar qızın yaxın qadın qohumlarına hədiyyələr təqdim edirdilər. Axşama yaxın qoyun kəsilir və kabab bişirilirdi. Toy çalınacaq yerə xalça-palaz döşənirdi.
Toy zamanı qızın ən yaxın rəfiqəsi taxtadan hazırlanmış, şam, güzgü, qiymətli parça bərkidilmiş, şirniyyat və meyvə qoyulmuş şənlik bəzəyi olan «şahı» qaldırırdı. Onun evində «şah» bəzədilirdi. Təqribən saat 9-da bəyin adamları «şahın» hüzuruna təşrif buyururdular. Məclisə bəyin özü də gəlirdi. Həyətdə tonqal qalanır və şənlik başlanırdı. Sonra da «şahı» götürüb musiqi sədaları altında, tüfənglərdən atəş aça-aça gəlinin evinə yola düşürdülər. Şənlik qız evində də davam edirdi. Sonra da xınayaxdı olurdu.
Qızlar otaqların birində gəlinin ətrafına toplaşırdılar. Qızın qadın qohumlarından biri xına isladılmış qabı götürərək rəqs edirdi. O, bəyin qadın qohumlarının birinin qənşərinə iki qab qoyurdu. Qabların birinin içərisində xına, digəri isə boş olur. Bəyin qadın qohumu boş qaba pul qoyur, xına qabından bir qədər xına götürürdü. Sonra xına qabını oynaya-oynaya gəlinin yanına aparır və onun əl-ayağına, saçlarına xına yaxır, işini qurtarandan sonra xına qabını otaqda olanlara tərəf aparırdı. Onlar da xınadan götürür, boş qaba isə pul, yaxud hədiyyə qoyurdular. Toya bir neçə gün qalmış molla kəbin kəsirdi. Bu mərasimdə qız və oğlan evinin hərəsindən bir nəfər iştirak edirdi. Mollaya 3 manat pul və bir kəllə qənd verirdilər.
Saat 11-12 radələrində qız evində toy başlayırdı. Qara zurna səsi bütün kəndə yayılırdı. Toya gələnlər ya pul, ya da hədiyyə gətirirdilər. Aş qazanının ağzını açmaq üçün bəyin adamlarından biri gəlib qazan qapağının üstünə pul qoyurdu. Toyda cavanlar qurşaq yapışırdılar. Qalib gələn istənilən adamı rəqsə dəvət etmək hüququ qazanırdı. Bəyin qadın qohumları gəlini oynadır və özləri də oynayırdılar. Bəy adamları evlərinə dağılışandan sonra da qız evində şənlik davam edirdi.
Qız toyunun ertəsi günü bəy evində toy çalınırdı. Gəlini gətirmək üçün nəqliyyat bəzədilirdi. Saat on bir-on ikinin yarısında qız evinə yola düşürdülər. Adətə görə, bəyin nə anası, nə də atası gəlin gətirməyə getmirdi. Gələn adamlar maşından düşərək qız evinin qapısında dayanıb gəlinin anasına gəldikləri barədə xəbər göndərirdilər. Bəy isə maşında qalırdı. Gəlinin anası gəlib sürücüyə və bəyə hədiyyə verirdi. Bəy hədiyyəni alan kimi maşından düşüb-gələn adamlara qarışırdı. Həyətdə zurna-balaban çalınırdı.
Bəy adamları «Vağzalı» sədaları altında gəlini aparmaq üçün gəlirdilər. Gəlinin oturduğu otağın bağlı qapısını hədiyyə veriləndən sonra açırdılar. Gəlin getməmişdən qabaq atası və anası ona xeyir-dua verirdi. Bəyin qardaşı gəlinin belinə qırmızı yaylıq bağlayırdı. Gəlinin başına duvaq salırdılar. Həyətdə tonqal qalayır və gəlini üç dəfə onun başına dolandırırdılar ki, getdiyi ev həmişə işıqlı olsun və ocağı daim tüstülənsin.
Qız evdən çıxmazdan qabaq uşaqlardan biri qaçaraq gəlib qapını örtür, pul almayanadək açmırdı. Gəlinin arxasınca su atır, həyət qapısından çıxan kimi maşına oturdurdular. Gəlin gəldiyi ər evinin kəndarına çatanda ayqlarının altına sındırmaq üçün nimçə düzürdülər. Həyətdə gəlinin ayaqları altında qurbanlıq qoyun kəsir, bir-iki damla qanını alnına və paltarına sürtürdülər ki, gəldiyi evə tez alışsın. Bəyin anası gəlinin başını tumarlayırdı ki, evdə əmin-amanlıq və qarşılıqlı anlaşma olsun. Gəlinin başına bolluq rəmzi kimi xırda pul, şirni, düyü, buğda tökürdülər. Rəfiqələri gəlindən qabaqda qırmızı lent bağlanmış güzgü aparırdılar. Gəlinin sağında və solunda gedən rəfiqələrinin əllərində içi düyü ilə dolu stəkan olurdu. Düyü bolluq rəmzi sayılırdı.
Gəlini bəy evində onun üçün ayrılmış bər-bəzəkli otağa salır, qapının qabağında oturdur, qucağına oğlan uşağı qoyurdular ki, ilk uşağı oğlan olsun. Toydan üç gün sonra gəlinin anası yaxın qadın qohumları ilə birlikdə qızına baş çəkməyə gəlirdilər.
Kənd yerlərində toy, adətən, 3 gün - cümə, şənbə və bazar günləri çalınırdı.
Aşıqların, sazəndələrin çal-çağırı ətrafa yayılırdı. Toyun üçüncü günü xanəndə bəy və gəlin tərifi edirdi. Bunun üçün toy otağında üstündə şirniyyat və güzgü olan masa qoyulurdu. Ortada bəy, onun sağında və solunda isə dostları əyləşirdi. Onlara sağdış və soldış deyirdilər. Bəyin anası oğlunun dostlarına hədiyyələr verirdi. Sonra bəy və gəlin rəqsə dəvət olunurdu. Deyirdilər ki, bəy və gəlin öz toylarında oynayanda bolluq olar.
Bu gün Azərbaycanın qədim toy adətlərindən bir çoxuna riayət olunmur. Ən yaxşı halda kənd yerlərində toy mədəniyyətimizin bəzi elementləri ilə rastlaşmaq olar. Şəhər toylarında isə «Əlahəzrət modern» hökmranlıq edir.
İndi toylarımızda gəlin duvaqsız gəlir və əvvəldən axıra kimi elə hey oynayır. Halbuki milli toylarımızda gəlin yalnız bir dəfə, o da ki xeyli xahiş-minnətdən sonra “Vağzalı” havasına oynardı. Bir vaxtlar toyun ən maraqlı hissəsi sayılan bəy və gəlin tərifi mərasimi isə ümumiyyətlə, demək olar ki, keçirilmir.
Bu gün toylarımızda tar, kamança, balaban, qarazurna kimi milli alətlərimiz, demək olar ki, çalınmır. Toy çalğıçıları əsasən sintezator, skripka, gitara, elektrik sazından ibarət olur ki, onlarda milli musiqimizin şirinliyini verə bilmir.
Müğənnilər fonoqramla oxuyur, toy çalğıçıları isə musiqi səsinin gücünü yolverilməz dərəcədə artırırlar. Səsin gücü 65 desibeldən artıq olanda adamları narahat edir, 80-100 desibelə qalxanda sağlamlıq üçün təhlükə yaradır. Toylarımızda isə səsin gücü bəlkə də 100 desibelə qaldırılır və təəssüf ki, nə bu, nə də şadlıq evlərindəki israfçılıq toy sahiblərini narahat etmir.
Müasir Azərbaycan toyunda yeməklərin sayı onlarca adda soyuq qəlyanaltı, bir neçə adda isti yemək, sərinləşdirici və spirtli içki ilə ölçülür. Buna görə də məclisin axırında verilən Azərbaycan toylarının şah yeməyi plov, demək olar ki, əl vurulmamış qalır və urvatsız olur. Bu, bağışlanmaz israfçılıq sonda hər birimizin səhhətinə zərər vurur - sirr deyil ki, bəzi şadlıq evlərində süfrədən qalan yeməkləri yığışdırır, deyilənlərə görə, növbəti toy mərasimləri üçün soyuducularda saxlayırlar.
MƏSLƏHƏT GÖR: