O OLMASIN, BU OLSUN?
Gürcüstan rusiyaya məxsus hərbi yüklərin Ermənistana tranzitindən imtina edir, amma bunun əvəzində özü Rusiyanın forpostu ilə hərbi əməkdaşlığı gücləndirir
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Aprelin ikinci yarısında Gürcüstan Parlamenti Rusiyaya məxsus hərbi yüklərin və pesonalın ölkə ərazisi vasitəsilə (quru və hava nəqliyyatı ilə) tranzitinə dair razılaşmanı yekdilliklə ləğv edib. Daha doğrusu, deputatlar razılaşmanın müddəti bitdikdən sonra (bu ilin noyabrında) onun ləğvinə səs verib. Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında bu razılaşma 2006-cı il martın 31-də Soçidə Gürcüstandan Rusiya hərbi bazasının çıxarılmasına əvəz olaraq əldə edilmişdi.
Maraqlıdır ki, Gürcüstan Parlamentinin bu qərarı Rusiya Prezidenti Dmitri Medvedevin ölkəsi ilə Ermənistan arasında imzalanmış 5 saylı protokolu Dövlət Dumasının ratifikasiyasına verməsi ilə eyni vaxta təsadüf edib. Söhbət Ermənistan ərazisindəki Rusiya hərbi bazasının fəaliyyət müddətinin uzadılmasını nəzərdə tutan protokoldan gedir.
Təbii ki, Tbilisinin Moskva ilə sözügedən razılaşmanı pozması Rusiya üçün Ermənistandakı hərbi bazasının təminatını vaxtında həyata keçirməsi baxımından müəyyən çətinliklər yaradır. Amma Kreml, yəqin ki, əvvəldən bu sahədə ehtiyat variantlar hazırlayıb. Çünki 2008-ci ilin avqustunda Gürücstanla Rusiya arasında baş vermiş müharibədən sonra müqavilədən onsuz da istifadə edilmirdi. Baş verənlərdən sonra Moskvanın Tbilisinin müqaviləni uzadacağını düşünməsi sadəlöhvlük olardı.
Məhz bu səbəbdən, Tbilisinin qərarını şərh edən əksər ekspertlər hesab edir ki, bu, Rusiyanın Ermənistandakı hərbi bazasının işinə, çətin ki, ciddi problemlər yaratsın. Amma Rusiyanın razılaşmanın pozulmasından sonra əlavə xərclər çəkməli olacağı da danılmazdır.
Ekspert A. Xramçixin hesab edir ki, Gürcüstan Rusiyanın Gümrüyə hava tranzitinin qarşısını almaqla Ermənistanla münasibətlərini daha da pisləşdirib, üstəlik, İranın prosesə cəlbini gücləndirib: «Avqust hadisələrindən sonra bazanın təchizatı birmənalı olaraq hava yolu ilə - İran vasitəsilə həyata keçirilirdi. Gürcüstan parlamentinin hava məkanının bağlanmasına dair qərarı o deməkdir ki, Rusiya üçün Xəzər, Ənzeli limanı vasitəsilə Meqriyədək olan İran dəhlizi qalır. Tbilisi Rusiyaya onsuz da məsrəfli və qeyri-effektiv olan Gümrüyə hava tranzitini əngəlləməklə, Ermənistanla münasibətlərini daha da korlayacaq. Bununla İranın Cənubi Qafqazın işlərinə daha çox qarışmasına da şərait yaradılır. Tbilisi özünü ABŞ-ın müttəfiqi və NATO üzvlüyünə namizəd kimi göstərir. Bu isə çətin ki Tehranın xoşuna gəlsin».
Rusiyalı hərbi ekspert A.Qolts isə bildirir ki, Rusiyanın hərbi bazasına yükləri daşıması üçün Gürcüstana alternativ tapması çətin olacaq. Amma hər halda, variantlar tapmaq mümkündür.
Ermənistanın Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru M.Sarkisyan isə bir qədər fərqli düşünür. Onun fikrincə, Rusiya bir neçə əlavə milyonlar xərcləməklə Gürcüstanın hava məkanına alternativ tapacaq.
Ermənistanın «Ay Data» ofisinin rəhbəri, «Daşnaksutyun» üzvü K.Manoyan da hesab edir ki, Gürcüstan Parlamentinin qərarı Ermənistan üçün heç nəyi dəyişməyib. Çünki Rusiya hərbi yüklərinin Gürcüstan ərazisindən daşınması onsuz da 2008-ci ilin avqustundan dayandırılıb.
Ermənistanın sabiq müdafiə naziri V.Arutyunyan isə baş verənlərlə bağlı Gürcüstan rəhbərliyinin ünvanına iradlarını gizlətməyib: «Rusiya hərbi yüklərinin Gürcüstan ərazisilə daşınmasına dair razılaşmanın Tbilisi tərəfindən ləğvi erməni-gürcü münasibətlərinə müsbət təsir göstərə bilməz. Rusiya hərbi bazasının fəaliyyəti Ermənistanın təhlükəsizliyinin təmininə yönəldilib. Bu baxımdan bazaya qarşı atılan addımlar həm də Ermənistana qarşıdır. Amma hərbi yüklərin tranziti üçün alternativ yollar var. Bu, İranın hava məkanıdır. Üstəlik, Rusiyanın belə məsələləri həll etmək üçün öz rçaqları da var».
Amma bu bəyanatların fonunda hazırda Ermənistan-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsi prosesi gedir. Son bir neçə ay ərzində Gürcüstan prezidenti Mixail Saakaşvili ilə yanaşı, bu ölkənin xarici işlər və müdafiə nazirləri Ermənistana səfər edib. Səfərlər zamanı əməkdaşlığın, Ermənistan-Gürcüstan münasibətlərinin genişləndirilməsinə dair bir sıra məsələlər müzakirə olunub. Bu baxımdan, Gürcüstanın müdafiə naziri B.Axalayanın Ermənistana son səfəri və Yerevanda səsləndirdiyi bəyanat xüsusi diqqətə layiqdir: «Ermənistan-Gürcüstan münasibətləri xüsusi xarakterə malikdir. Əminəm ki, bu münasibətlər gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcək. Heç bir qüvvə bizim əməkdaşlığımıza mane ola bilməz». Şübhəsiz ki, Axalaya «heç bir qüvvə» deyərkən, Rusiyanı nəzərdə tutub.
Axalayanın ardınca Yerevana Gürcüstanın xarici işlər naziri Q.Vaşadze də baş çəkib. Səfəri zamanı o bildirib ki, Gürcüstan bu ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərə qarışmaq niyyətində olmasa da, Tbilisinin Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı mövqeyini açıqlamağa haqqı var. Vaşadze deyib ki, Rusiyanın hərbi bazası heç bir ölkəyə sabitlik, təhlükəsizlik və əməkdaşlıq imkanı yaratmır. Bundan başqa, baza Cənubi Qafqazda mövcud olan problemlərin dinc və sivil yolla həlli üçün də əlverişli şərait yaratmır.
Şübhəsiz, rəsmi Tbilisi Ermənistanla hərbi sahədə əməkdaşlıq təşəbbüsü ilə çıxış etməklə Yerevanın Gürcüstan parlamentinin yuxarıda qeyd olunan qərarından yaranmış narahatlığını aradan qaldırmağa çalışır. Amma bunun böyük geosiyasi oyunun bir hissəsi olması da tamamilə mümkündür.
Bu ilin fevralında Gürcüstan prezidenti M.Saakaşvili Tbilisidə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə «vahid Qafqaz»ın yaradılması məsələsini müzakirə etmişdi. O zaman gürcü lider regionda «sərhədlərin açılması”nın vacibliyindən danışırdı: «Vahid Qafqazın yaradılması mənim arzumdur. Region dövlətlərinin, xüsusilə Azərbaycan və Ermənistan liderləri bu məsələdə mənimlə razıdırlar».
Gürcüstan prezidentinin bu iddiasına baxmayaraq, məsələdə Azərbaycan və Ermənistan rəhbərliyinin razılığı haqda hələ ki heç nə məlum deyil. Amma tam mümkündür ki, Qərb «Böyük Yaxın Şərq» layihəsini uğurla reallaşdırmaq üçün bu oyuna start versin.
Bu il aprelin 7-də Avropa Parlamentinin postsovet məkanındakı tanınmamış respublikalarla bağlı qəbul etdiyi qətnamə düşünməyə ciddi əsas verir. Xatırladaq ki, həmin sənədə əsasən, Avropa İttifaqı «ayrılmış ərazilərin (postsovet məkanındakı tanınmamış respublikaların) ictimaiyyətləri ilə qeyri-rəsmi əlaqə qurmaq niyyətindədir». Məqsəd isə «bu bölgələrin Aİ tərəfindən tanınmaması şərti ilə orada vətəndaş mədəniyyətinin və dialoqun dəstəklənməsi»dir.
Ermənistanın «Yeni zaman» partiyasının lideri A.Karapetyan hesab edir ki, bu qətnamənin məntiqi aydındır: «Sərhədlər yoxdursa, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etməsi problem idə yoxdur. Beynəlxalq aləmin bəzi qüvvələri Cənubi Qafqazdakı münaqişələri hazırkı formasında saxlamağın, danışıqları indiyədək olduğu formada davam etdirməyin yolverilməzliyini anlayır. Bu səbəbdən də onlar Cənubi Qafqaz respublikalarını, həmçinin, Abxaziya, Dağlıq Qarabağ və Cənubi Osetiyanı Avropa məkanına inteqrasiya etdirməyə çalışır. Məqsəd regionda paytaxtı Tbilisi olacaq «Qafqaz Birləşmiş Ştatları» formalı hansısa regional birlik yaratmaqdır».
Açığı, Karapetyanın bəzi fikirləri ilə razılaşmamaq çətindir. Qərbin, ən azı, Cənubi Qafqazla bağlı bəzi addımlarını məhz bu cür izah etmək olar. Amma Ermənistanın təcavüzkar siyasətinin qarşısı alınmadan, Qərb, çətin ki, istəyinə nail olsun. Çünki ölkələr bu layihəyə razılaşmaq üçün ərazi bütöülyünün pozulmayacağına dair qəti zəmanət almalıdırlar. Eyni zamanda işğalçının iştahına göz yumulması təcrübəsinə də birdəfəlik son qoyulmalıdır. Nə qədər ki belə zəmanət yoxdur, «Böyük Qafqaz evi» ideyası olsa da, uğursuzluğa məhkumdur.
Hələliksə bu ideya yalnız Ermənistana sərf edir. Çünki postfaktum hər şeyə sıfırdan başlamaq onun xeyrinədir.
Amma elə həmin A.Karapetyan hesab edir ki, bu proqram Ermənistan üçün real təhlükə yarada bilər. Partiya liderinin fikrincə, layihə reallaşdırılacağı təqdirdə, regionda ciddi demoqrafik dəyişikliklər baş verəcək: «Cənubi Qafqazda sərhədlərin açılmasından sonra Türkiyə-Ermənistan sərhədləri də açılacaq. Bundan sonra 2 milyonluq Ermənistan, bir tərəfdən 18 milyonluq kürdlərin, digər yandan isə azərbaycanlıların arasında qalacaq».
Ermənistanın «Milli birlik» partiyasının sədri A.Geqamyan da təxminən eyni fikirdədir. Rusiyaya «can yandıran» Geqamyan deyir: «Gürcüstan rəhbərliyinin arzu etdiyi Rusiyasız, amma RF-in Şimali Qafqaz respublikalarının cəlb olunacağı Böyük Qafqaz Evi ideyası da, əslində, Rusiyanın parçalanmasına yönəlib. Regionda vəziyyətin sabitsizləşdirilməsi üçün istifadə olunacaq vasitələrdən biri də - etnik azərbayanlıların yaşadığı Şimali İranda separatçılığın baş qaldırmasıdar. Ermənistan əhalisinin böyük hissəsinin sosial-iqtisadi çətinliklər içərisində yaşadığı bir şəraitdə xarici qüvvələrin və onların respublikadakı əlaltılarının istənilən təhrikçi, təxribatçı əməli sabitliyin pozulması üçün əlverişli şərait yaradacaq. Bunun səbəbi Ermənistan dövlətçiliyinin, erməni xalqının və onun 5 min illik sivilizasiyasının gələcəyi üçün birləşdirici ideyanın olmamasıdır. Bu ideya ölkəsinin taleyinə böyük önəm verən erməninin şüurundadır. Bu ideya Ermənistanın Rusiya, Qazaxıstan, Belarus, Gürcüstan, Azərbaycan, Ukrayna, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanla birlikdə Avrasiya İttifaqının yaradılmasıdır».
Ermənistanın 2 siyasi partiyasının liderinin ideyası ilə tanış olmaq kifayətdir ki, bir məsələni anlayasan: Ermənistan və ermənilik heç zaman təcavüzkar siyasətdən, «ermənilərin müstəsnalığı» kimi sərsəm ideyadan, dünyanın müxtəlif yerlərində monoetnik «xırda Ermənistanlar» qurmaq istəyindən, sonda «Böyük Ermənistan» yaradılması kimi cəfəng fikirdən imtina etməyəcək. Geqamyan guya təsadüfən «5 min illik erməni sivilizasiyası»nı xatırladan zaman bütün postsovet ölkələrinə Avrasiya İttifaqında birləşməyi təklif etsə də, bir həqiqəti unudur: dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörməti olmadan belə ittifaqlar yaranmır.
İddialı planlar irəli sürən Ermənistanın əsas qurbanlarından biri kimi, Gürcüstanı seçməsi heç də qəribə deyil. Gürcüstan isə ya öz istəyi ilə, ya da kiminsə diktəsi ilə təcavüzkar Ermənistanla təhlükəli oyun oynayır. Üstəlik, Gürcüstan bu təhlükələr haqda yaxşı məlumatlıdır.
Gürcüstan və Abxaziyada yaşayan gürcülər üçün 2 erməni batalyonunun Abxaziyanın separatçı rejimi tərəfdən vuruşmasının hansı nəticələr verdiyi hər kəsə yaxşı məlumdur. Rəsmi statistikaya görə, bu gün abxazların sayı Abxaziyada yaşayan ermənilərin sayından azca artıqdır. Bundan başqa, Abxaziyada (xüsusilə Qara dəniz sahillərində) biznesin bütün əhəmiyyətli sahələrinə ermənilər nəzarət edir. Onların hökumətdə təmsil olunmaq tələbləri də getdikcə artır. Ermənilər arqument kimi gürcü-abxaz müharibəsində separatçılar tərəfindən fəal şəkildə döyüşdüklərini göstərir, bu üzdən də abxazlarla bərabər hüquqlara malik olmalarının vacibliyini bildirir. Yeri gəlmişkən, belə siyasi şantaj zaman-zaman öz bəhrəsini verir. Bir müddət əvvəl Abxaziyanın «baş naziri» S.Şamba Abxaziyanın erməni icmasının rəhbəri S.Kerselyanla görüşdə bu icmanın fəaliyyətinə tam dəstək verəcəklərini bildirib.
2008-ci ilin avqust hadisələrindən sonra Gürcüstanın üzləşdiyi çətin vəziyyətdən istifadə edən Ermənistan özünün blokadada olduğunu əsas gətirərək (Qərbin Türkiyəyə Ermənistanla sərhədi açması üçün ciddi təzyiq etməsi də bunun nəticəsidir) Tbilisiyə yeni avtomagistralın çəkilməsini təklif etmişdi. Söhbət Yerevan-Gümrü-Ninosminda-Axalkalaki-Axalsixe-Batumi magistralından gedirdi. Bu, Ermənistan üçün çox vacib yoldur. Çünki o, Yerevandan Qara dənizədək olan məsafəni 700 kilometrdən 450 kilometrədək qısaldacaq. Bu, sizdə, gələcəkdə Abxaziyanı erməni ərazisi elan etmək və Ermənistana birləşdirmək üçün zəmin hazırlmaq təsəvvürü yaratmır ki? Bu baxımdan, erməni bloqqerlərin internetdə yerləşdirdikləri «Abxaz erməni respublikası»nın xəritəsi də təsadüfə və ya səhvə oxşamır.
Gürcüstan müxalifətinin bəzi nümayəndələri və ermənişünaslar bildirir ki, yuxarıda qeyd olunan yolun inşası Gürücstanın daha bir hissəsinin - ermənilərin sıx yaşadığı Samtsxe-Cavaxetiyanın itirilməsi ilə nəticələnə bilər. Onların fikrincə, bu, ölkənin daha bir regionunda separatçılığa imkan yaradacaq, yaxın gələcəkdə Gürcüstanda mütləq daha bir qorxulu separatçılıq baş qaldıracaq.
Məsələnin paradoksal tərəfi isə ondadır ki, bu addımı atmaqla, rəsmi Tbilisi, əslində, Ermənistanın iddialarını azaltmaq, Cavaxetiyada separatçı əhval-ruhiyyənin artmasının qarşısını almaq məqsədi güdür. Amma bu taktika Gürcüstan üçün tam əks nəticələr də verə bilər - Cavaxetiya artıq çoxdandır ki, hər an partlaya biləcək barıt çəlləyini xatırladır. İstənilən güzəşt, hətta Gürcüstan tərəfindən atılan barışıq addımı Ermənistanın özündə separatçılıq iştahını daha da artıra bilər.
Gürcü politoloq R.Klimiaşvili iddia edir ki, artıq Ermənistanda azərbaycanlıların Gürcüstanın Marneuli və Qardabani rayonlarında yaşamalı olmadığına dair səslər eşidilməkdədir. Ermənilər guya bunun «Rusiya üçün hər an partlaya biləcək təhlükə olduğunu» iddia edir. Guya həmin azərbaycanlılar türklərlə əlbir ola, sonradan türklər Çeçenistanla birləşə bilər. Guya, Ermənistan «böyük qardaş»ına görə belə çox «narahatdır»...
Tbilisinin taktiki gedişləri perspektivdə Gürcüstanın vəziyyətini çətinləşdirə, onu getdikcə Ermənistanın hədsiz iddiaları ilə daha çox barışmağa məcbur edə bilər. Amma hətta bu da sonda onu Cavaxetiyadakı separatçılıqdan xilas etməyəcək. Çünki ermənilər və onların himayədarları Gürcüstanın federasiyaya çevrilməsi ideyasını çoxdan ortaya atıb. Rusiya Dövlət Dumasının deputatı S.Baqdasarovun fikirləri bunun bariz göstəricisidir: «Gürcüstan parçalanmasa, ermənilər sakitləşməyəcək. Bizə Gürcüstanın konfederasiyaya çevrilməsi lazımdır. Mən məsələnin hüquqi, konstitusion tərəflərini nəzərdə tutumuram. Söhbət məsələnin psixoloji tərəfindən gedir. Gürcüstan kiçik, mini-imperiyadır. Orada saysız-hesabsız milli azlıqlar yaşayır. Gürcüstanda gürcü xalqınının bir-birindən çox fərqlənin subetnosları da var. Zaman keçdikcə, Gürcüstan Livan kimi ölkəyə çevrilməlidir - formal olaraq unitar, reallıqda isə konfederasiya. Burada sabitlik, faktiki olaraq, müxtəlif icmalar arasındjakı şifahi razılaşmalar əsasında qorunur».
Qeyd edək ki, bu fikirlər 2008-ci ilin avqust müharibəsindən dərhal sonra səsləndirilmişdi. Yeri gəlmişkən, o zaman yalnız Gürcüstanın strateji müttəfiqi kimi çıxış edən Qərbin ciddi təzyiqi Ermənistanın Cavaxetiyada növbəti separatçı müharibəyə başlamasını əngəlləmişdi. Bir müddət əvvəl - erməni-gürcü münasibətlərinin intensivləşməsindən, həmçinin, hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməyə başlamasından sonra ermənilik Gürcüstana Cavaxetiya ilə bağlı açıq ərazi iddiası irəli sürüb.
«Erkir» təşkilatının sədri S.Arsruni iddia edir ki, Cavaxetiyanın erməni simasının qorunub saxlanması demoqrafik vəziyyətin istənilən səviyyədə olmasında və deməli, gələcəkdə ermənilərin sıx yaşadığı bu bölgədə erməni dövlətçiliyinin təşəkkül tapmasında mühüm rol oynayacaq. Bununla yanaşı, o, Dağlıq Qarabağı olduğu kimi, Cavaxetiyanı da «ermənilərin Ermənistandan kənardakı tarixi vətəni» adlandırır, onun hələ də erməni simasını saxladığını söyləyir.
2009-cu ilin iyununda Gürcüstan prezidenti M.Saakaşviliyə Ermənistanın «Şərəf» ordeninin verilməsinin ermənilik tərəfindən necə mənfi qiymətləndirildiyi də yaddaşlardadır. O zaman erməni ekspertlərinin əksəriyyəti bildirirdi ki, bu, Qafqazda yeni geosiyasi düzən yaratmağa çalışan Vaşinqtonun təzyiqi ilə edilib. Ermənistana isə bunun əvəzində alternativlər təklif olunub - ya sənə deyilən sxemə uyğunlaşmalısan, ya da izolyasiyanın güclənməsinə dözməli olacaqsan.
Buna baxmayaraq, ABŞ Ermənistanı özünün Qafqaz oyunu ssenarisinə daxil etmək üçün əlindən gələni edir. Erməni ekspert A.Alvrtsyanın bəyanatı isə açıq şəkildə göstərir ki, söhbət konkret Saakaşvilidən yox, ermənilərin gürcülərə potoloji nifrətindən gedir: «Saakaşviliyə ordenin verilməsi həm mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yanlışdır. Ermənistan hakimiyyəti bu addımı atmaqla Gürcüstan ermənilərinin də xətrinə dəyib. Çünki Saakaşvili həmişə antierməni əhvalına malik siyasətçi olub. Ermənistan hökuməti yanlış olaraq düşünür ki, bu orden vasitəsilə gürcülərin daha etibarlı tərəfıdaş olmasına, onlarda inam yaradılmasına, ermənipərəst mövqe yaradılmasına nail olacaq».
Qeyd etmək lazımdır ki, Gürcüstanla Ermənistanın hərbi sahədə əməkdaşlığı gürcü ekspertləri tərəfindən də birmənalı qarşılanmayıb. Təhlükəsizlik sahəsində ekspert İrakli Sesiaşvili bildirir ki, bu iki ölkə arasında hərbi sahədə əməkdaşlıq Azərbaycanın narazılığına səbəb olacaq, Cənubi Qafqazda vəziyyəti qəlizləşdirəcək: «Bu, Tbilisi üçün faciəvi nəticələr verə bilər».
Sesiaşvilinin fikrincə, Yerevan Azərbaycanla hərbi əməliyyatların bərpa oluna biləcəyindən şübhələnir. Bu səbəbdən də o, həm silah təchizatının həyata keçirilməsi, həm də digər resursların səfərbərliyi üçün alternativ yollar axtarır. Təbii ki, yeganə tranzit yol Gürcüstandır. Hava yolundan istifadə çox baha başa gəldiyindən, ermənilər Gürcüstanla əməkdaşlığa üstünlük verir. Bununla yanaşı, gürcü ekspert hesab edir ki, Tbilisi ermənilərlə bu sahədə əməkdaşlığa razılaşmamalıdır. Çünki Gürcüstanla Azərbaycanı strareji tərəfdaşlıq bağlayır, ölkələr müxtəlif istiqamətlərdə əməkdaşlıq edir.
Bu səbəbdən də İ.Sesiaşvili hesab edir ki, Gürcüstanın strateji və iqtisadi tərəfdaşı olan Azərbaycanın bütün bunları düşmənçilik fəaliyyəti kimi qəbul etməsi Tbilisi üçün pis nəticələr verəcək.
MƏSLƏHƏT GÖR:




445

