14 Mart 2025

Cümə, 15:05

MÖHÜRLƏNMİŞ QAPILAR

Ermənistan üçün oksigenin açılması tələbilə təzyiqlər Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqını növbəti sınaq qarşısında qoyub

Müəllif:

02.12.2014

Osmanlı Türkiyəsində 1915-ci ildə yaşamış və ermənilərin "soyqırımı" kimi qiymətləndirdikləri hadisələrin 100-cü ildönümü yaxınlaşdıqca, ehtiraslar coşur. Amma bu "məşhur tarix" ətrafında yaşananlarda və səsləndirilən bəyanatlarda əsas suala cavab tapmaq olmur: Türkiyə qardaş Azərbaycanın maraqlarının ziddinə olaraq, "soyqırımı" məsələsində zəiflik göstərərək Ermənistanla sərhədlərin açılmasına razılıq verəcəkmi? 

 

Türkiyədən həyəcanverici siqnallar

Türkiyə rəhbərliyi Ermənistanın sərhədlərin bağlanma səbəbini aradan qaldırmasınadək, sərhədlərin açılmayacağını dəfələrlə ən yüksək səviyyədə bəyan edib. Səbəb isə Azərbaycan torpaqlarının işğalıdır. Türkiyənin prezidenti, baş naziri və digər rəhbər şəxsləri bu mövqeyi olduğu kimi də təkrarlayırlar. Lakin səsləndirilən bəyanatlar fonunda atılan addımlar heç də hər zaman deyilənlərlə uyğunluq təşkil etmir.

Məsələn, son zamanlar Türkiyə və Ermənistan təmsilçilərinin iştirakı ilə ikitərəfli münasibətlərin yaxşılaşdırılması mövzusunda bir neçə forum keçirilib. Belə tədbirlər arasında iki ölkənin KİV təmsilçilərinin görüşünü, Ankara Universiteti və Qrant Dink Fondunun təşkilatçılığı ilə keçirilən "Bağlı qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi" mövzusunda konfransı və s. göstərmək olar.

Bütün bu görüşlərdəki əsas fikir birdir: sərhədlər günü sabah açılsaydı, çox yaxşı olardı.

Bu kontekstdə daha bir narahatlıqverici məlumat Türkiyə baş nazirinə etnik erməni, baş nazirin köhnə tanışı olan Etyen Maxçupyanın məsləhətçi təyin edilməsidir. 

Bununla yanaşı, yeni təyin olunmuş məsləhətçi cəmi bir neçə gündən sonra dünya erməniliyi üçün fərəh obyektindən tənqid obyektinə çevrilib: Maxçupyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "erməni soyqırımı"nın 100-cü ildönümü ilə bağlı İrəvanda keçiriləcək tədbirlərə qatıla bilməyəcəyini söyləyib.

Türkiyəli diplomat Əhməd Ünal Çeviközün bəyanatı isə sanki aydın səmada şimşək effekti verib. O, Ermənistan-Türkiyə sərhədinin 20 ildir qapalı qalması ilə Qarabağ probleminin həllində heç bir irəliləyişə nail olunmadığını, bu üzdən də, sərhədlərin bundan sonra da bağlı saxlanılmasının və bununla da, hər iki ölkəyə ziyan vurulmasının mənasız olduğunu bildirib. "Yeni oyun qaydalarına ehtiyac var", - deyə o, "Hurriyet Daily News" qəzetindəki məqaləsində qeyd edib. Diplomat hesab edir ki, Türkiyə öz mövqeyini təsdiqləmək üçün "dalandan çıxış" təşəbbüsləri irəli sürə bilər: "Bu, Ermənistanla sərhədlərin açılması, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərindən istifadə ilə ola bilər". Xatırladaq ki, Çeviköz Ermənistan-Türkiyə barışığına dair Sürix protokollarının imzalanması prosesində fəal iştirak etmiş şəxslərdəndir.

Onu da xatırladaq ki, Ə. Ü. Çeviköz vaxtilə Türkiyənin Azərbaycandakı səfiri olub. Odur ki, bu diplomatı Bakıya antipatiya bəsləməkdə günahlandırmaq çətindir. Demək, onun dilindən belə bəyanatın səsləndirilməsi nələrdənsə xəbər verir.

Türkiyə tərəfi "erməni məsələsi"ndə indiyədək dəfələrlə təzyiqlərlə üzləşib. Bu, ilk növbədə, Ankaranın Qərbdəki tərəfdaşları tərəfindən gələn təzyiqlərdir. 24 aprelin yaxınlaşması ilə bu təzyiqlərin daha da artacağını düşünmək olar. "ABŞ hökuməti gələn il 1915-ci il hadisələrini qaldırarsa, Türkiyə bu dövlətlə münasibətlərinə yenidən baxa bilər", - deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Qeyd edək ki, Ankaranın bu qədər sərt bəyanat səsləndirməsi üçün əsaslar var. Hazırda Ankara-Vaşinqton münasibətləri tarixinin heç də ən yaxşı dönəmini yaşamır. Göründüyü kimi, artıq Türkiyədə onun "İslam dövləti"nə qarşı ABŞ-ın hərbi kampaniyasına tam dəstək vermək istəmədiyi üçün qıcıqlanan Vaşinqtonun apreldə "erməni soyqırımı"nı tanımayacağına əminliyi yoxdur. Ən azı erməni lobbisinin təmsilçiləri "soyqırımı"nın 100-cü ildönümünün ABŞ-ın hadisələri qiymətləndirməsi baxımından əlamətdar olacağına ümidlərini gizlətmirlər.

Azərbaycan isə hadisələrin ona sərf etməyən istiqamətə yönəlməsinə imkan verməmək üçün bütün variantları hesablamalıdır. Hələlik Bakı bu vəzifənin öhdəsindən uğurla gəlir. Ermənistanın təcrid vəziyyətində saxlanılması Azərbaycanın Qarabağ strategiyasının əsas elementlərindəndir. Bununla yanaşı, bu blokadanı aradan qaldırmağa beynəlxalq cəhdlər yalnız Türkiyə tərəfdən - qərbdən deyil, şimaldan da gəlir. 

 

Boğulmaqda olanlar üçün Gürcüstan pəncərəsi

Ötən həftə Rusiya prezidenti Vladimir Putin Abxaziya separatçılarının lideri Raul Xacimbanı qəbul edib. Rusiya KİV-i hesab edir ki, Soçidə keçirilmiş görüşün sürprizlərindən biri Putinin Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana gedən dəmir yolunun fəaliyyətinin tam bərpası təklifidir (hazırda Rusiyadan qatarlar yalnız Suximiyədək gedir). "Digər tərəfdaşlarımızla birlikdə bu haqda düşünməyi, ümumi razılığın olacağı təqdirdə, Suxumi, Tiflis və oradan Ermənistan istiqamətində tranzit dəmir yolu əlaqəsi kimi layihənin reallaşdırılmasını mümkün sayırıq. Düşünürük ki, bu cür layihələrin reallaşdırılması regiondakı bütün maraqlı tərəflər arasında əməkdaşlığın inkişafına təkan verəcək", - deyə V. Putin bildirib.

Rusiyanın forpostu olan Ermənistanı beynəlxalq təcrid vəziyyətindən çıxarmaq cəhdləri başadüşüləndir. Amma Gürcüstanın razılığı olmadan dəmir yolunun bərpasından danışmaq artıq olardı. Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvili hesab edir ki, Abxaziya dəmir yolu layihəsinin reallaşdırılma şansının üzərindən ən azı ona görə xətt çəkmək olar ki, Putinlə Xacimba onun taleyini Tiflisin mövqeyini soruşmadan təkbaşına həll etməyə çalışırlar. "Biz heç zaman bunun əleyhinə olmamışıq. Çünki bu, Gürcüstanın dövlət maraqlarına cavab verir. Lakin Putin dəmir yolunun Rusiya və Abxaziyanın təşəbbüsü ilə açılacağını söyləməklə, ideyanı tam şəkildə məhv edib. Nə qədər ki, bu layihənin təşəbbüskarı kimi işğal altındakı Abxaziya çıxış edir, dəmir yolu işləməyəcək", - deyə nazir Putinin Soçidəki sözügedən bəyanatının səhəri gün bildirib.

Başqa sözlə, Gürcüstan Rusiya ilə dəmir yolu əlaqəsinin bərpasına və onun Ermənistanadək uzadılmasına qarşı deyil. Gürcüstanın hazırkı rəhbərliyi özündən əvvəlki iqtidardan fərqli olaraq, Moskva ilə münasibətlərdə özünü "yumşaq güc" tərəfdarı kimi göstərir. Yəni hazırda Tiflis şimal qonşusu ilə münasibətlərindəki problemləri dialoq və əməkdaşlıq yolu ilə çözmək istəyir. Bu yanaşmanın Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsində nə qədər effektiv olduğu isə başqa məsələdir. Üstəlik, Rusiya rəhbərliyi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasından imtina etməyəcəyini dəfələrlə bəyan edib. Lakin Putinin dəmir yolunun açılacağı ilə bağlı əminliyi onun Gürcüstan tərəfindən müəyyən arxayınlığının olduğunu göstərir.

Görünür, sərhəd ehtirasları Azərbaycan-Gürcüstan-Türkiyə strateji ittifaqını növbəti dəfə sınağa çəkəcək. Son illər ərzində Bakı Tiflis və Ankara çətin dönəmlərdə bu ittifaq çərçivəsindəki öhdəliklərə sadiqliyini dəfələrlə nümayiş etdirib. Türkiyə ilə Gürcüstan da təzyiqlərə sinə gərərək, eyni cür davrana biləcəklərmi? Bu ölkələrin rəhbərliyi bəyanatları ilə nikbinliyə əsas versələr də, artıq sözlərin əməllərlə təsdiqlənməsi zamanıdır.



MƏSLƏHƏT GÖR:

595