ÇİNGİZ ABASSOVUN UĞURU
"Özünü güclü hiss etməlisən ki, başqaları da bunu hiss etsin" Nikolo Paqanini
Müəllif: Natali ALEKSANDROVA Bakı
Çingiz Abbasovla görüşdən öncə onun haqqında yalnız internetdən götürülmüş quru faktları bilirdim: "Doğulub-böyüyüb-yaşayır". Amma onun işlərini görmüşəm. Onların, hətta virtual variantı belə energetikası və hansısa mistikası ilə insanı heyran qoyurdu. Rənglərlə heyrətamiz şəkildə oynayan müəllif xüsusi vurğularla əhval bəxş edir və təsəvvürdə məntiqi şəkildə izah edilə bilməyən, amma parlaq və cazibədar olan bir əhvalat canlanır. Qəribədir, adama elə gəlir ki, dünyanın təkcə gözəl olduğunu deyil, həm də emosiya və hisslərin də rənginə görə çoxçalarlılığını, hiss və yaşantıların, hətta zamanın özünün çalarlarını sanki elə indicə anlayırsan!..
Amma necə deyərlər, ustanın işini təsvir etmək yaxşı iş deyil, çünki bir dəfə görməklə bu, yetərli deyil, dəfələrlə görməlisən. Təkcə görməklə də iş bitmir, hiss etməlisən. Çingiz Abbasovun işlərinə laqeyd qalmağın qeyri-mümkünlüyünə isə... mən inanıram.
- Çingiz, sənin işlərini ilk dəfə görəndə, ağlıma gələn ilk fikir burada hansısa mistikliyin yer aldığını düşünmək oldu...
- Siz düz düşünürsünüz. Mistika məni çoxdan cəzb edir. Həmişə görürəm ki, insanlara bu və başqa cür energetika təsir edir - yerin, şəklin, binanın energetikası. O cümlədən, insanın özünün energetikası da.
- Özünüzdə mistik qabiliyyətlər müşahidə etmisinizmi? Belə deyək də, gələcək işinizi, rəsminizi əvvəlcədən necə görürsünüz?
- Ola bilər ki, şüuraltı görürəm/. İlk başdan istənilən şəkil assosiativ xarakterli olur. Daha sonra konkret forma alır. Onun yaradılması prosesində bəzi hisslər olur, yaddaşdan sanki hansısa parçalar canlanır və çalışırsan ki, onları birləşdirəsən. Bu, bir növ, yuxu kimidir, sağlam düşüncə baxımından, bunda məntiq yoxdur. Amma prosesin özündə, bu yuxunun içində isə o məntiqlidir. Burada da belədir: nə qədər ki rəsm çəkirsən, şüuraltı oyanır. Kətan üzərində çəkdiklərini görəndən sonra isə məntiq işə düşür. Məhz bu da həmin işi görən insanların şüuraltısı ilə səsləşir.
Sovet dövründə bizi rəssam işlərini məntiqi şəkildə izah etməyə məcbur edirdilər, rəsmi sözlərlə izah etmək tamamilə yanlış yanaşmadır. Çünki şüuraltının öz məntiqi var. O, insanlar tərəfindən məhz energetik səviyyədə tutulur. Buna görə də fikrimcə, bəzi rəssamların işlərinə məhz izah etmədən heyran qalmaq yetərlidir.
Şəklin özünün yaradılması hansısa emosional mistikadır; məsələn, məndən tez-tez soruşurlar ki, niyə qadınların rəsmini daha çox çəkirəm? Çünki mistika və estetika şüuraltı vasitə ilə qəbul edilir. Qadından sirli, estetik, gözəl başqa nəsə ola bilər? Mənə elə gəlir ki, qadın Tanrı yaradan ən gözəl varlıqdır. Əgər razı deyilsinizsə, fikrinizi deyin!
- Demərəm.
- Düz də edərsiniz. Buna görə də öz işlərimi elə çatdırmaq istəyirəm ki, tamaşaçı estetika vasitəsilə bu mistikanı qəbul edə bilsin. Diqqət yetirsəniz, mənim şəkillərimdə rənglər böyük rol oynayır. Necə deyərlər, özümü rənglər vasitəsilə ifadə edirəm. Mən indi "çatdırmaq" sözünü işlətdim və anladım ki, yanılmışam. Sadəcə, ona görə ki, rəssam kiməsə nəyisə çatdırmaq xatirinə işləmir. Rəssam ona görə çəkir ki, başqa cür yaşamağı bacarmır. O, fırça ilə kətana toxunan zaman əsl həzz duyur. Həmin energetika məhz buradandır. Və buna görə də onun necə çəkməsi - "kəpənəkli" kostyumda və ya ənənəvi stereotipə uyğun olaraq "beret"də, ya da ətrafı siqaret kötükləri ilə doldura-doldura işləməsi önəmli deyil.
- Siz hər gün işləyirsiniz?
- Hə. Çoxları soruşur: bəs ilham? Amma bilmirəm ki, "ətrafda ilham pəriləri"nin dolaşması nə deməkdir. Məndən ötrü bu peşədir. Bəlkə də elə həmişə ilham halındayam.
- Belə olan halda, sizcə, rəssam kimdir?
- Bu, daim öz dünyalarını yaratmaq ehtiyacı olan insandır. Deyə bilmərəm ki, onlar başqa insanlara baxanda daha "dolğundurlar". Amma rəssamlar həmişə hiss etdiklərini ifadə etməyə ehtiyac duyurlar.
- Siz bu ehtiyacı neçə yaşınızdan sonra hiss etməyə başladınız?
- Təxminən, 6 yaşımdan sonra. Mən daim atları çəkirdim. Bu heyvan öz gözəlliyi, cazibədarlığı, möhtəşəmliyi ilə ilə məni heyran qoyurdu. Həm də inadkarlığı ilə; bu əda, hətta onların hərəkətlərində də özünü biruzə verir - axı onlar danışa bilmir. Mən bunu indi sözlə ifadə edirəm, onda isə şüuraltı mən bunu rəsmlə anlamağa, hiss etməyə çalışdım. Axı sirr deyil ki, kiminsə portretini işləyən rəssam sanki onun daxilinə "nüfuz edir".
Artıq 12 yaşımda qərar verdim ki, rəssam olacağam. 8-ci sinifdən sonra Ə.Əzimzadə adına məktəbə daxil oldum, oranı bitirdikdən sonra, V.İ.Muxina adına Ali Rəssamlıq Sənaye Məktəbinə daxil olmağa getdim. 1994-cü ildən sonra isə bu, A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Rəssamlıq Sənaye Akademiyasıdır.
- Sonra nə oldu?
- Bir-iki illiyə Bakıya döndüm, sonra Finlandiyaya sərgiyə çağırdılar, bu məndən ötrü gözlənilməz idi. Bir çox həmkarlarım kimi, mənim də rəsmlərim Leninqradın bir neçə qalereyasında yerləşdirilmişdi. Və təsadüfən Finlandiyanın Xyameenlinna şəhərində yerləşən qalereyalardan birinin təmsilçiləri gözlənilmədən buna diqqət yetirmişdilər. Bu mənim Finlandiyada ilk fərdi sərgim idi. Bundan sonra məni orada tanıdılar və başqa qalereyalara da dəvət etməyə başladılar.
Həmin vaxtlar məndən ötrü qəribəlik başqa şey idi: o vaxt hamı abstraksionizmlə maraqlanırdı və mən də istisna deyildim. Bu mənə maraqlı gəlirdi. Görünür, təklif gözlənilməz olduğundan, bu məsələyə o qədər də ciddi yanaşmadım və Finlandiyaya özümlə məhz abstraksiya apardım. Onu bəh-bəhlə qəbul elədilər!.. Bu məni ona görə heyrətləndirir ki, abstraksiyanı gülünc səviyyədə yüngül sayıram.
- Amma abstraksionistlər tam tərsini söyləyirlər...
- Qoy danışsınlar. Bu onların hüququdur. Məsələ bundadır ki, klassik incəsənətin özü də abstraktdır. Sadəcə, bu "abstraksiya"ya insanların anladığı formalar əlavə edilir. Axı istənilən rəsmi biz əvvəlcə abstrakt qəbul edirik: uzaqdan baxanda bir şey görürük, yaxınlaşanda isə hansısa formaları çıxarmağa başlayırıq. Rəssamın çatdırdığı anlamlar insanın şüuraltına təsir edir və hansısa hissə, rəyə çevrilir.
- Sizi dinləyirəm və anlayıram ki, insan həm də psixoloqdur...
- Əlbəttə! Hər dəfə insan kiminsə portretini çəkirsə, bu, insanın iç dünyasına dalır! Hətta müəllifin sifətinin mimikası obrazın mimikasına oxşar olur. Buna mimikriya deyirlər.
- Rəssama xoş gəlmiş hansısa cizgini qabartmaqla insanın özü barədə rəyini dəyişmək mümkündürmü?
- Şəksiz, mümkündür, amma bu da şüuraltı səviyyədə baş verir, çünki rəssam cizgiləri, demək olar ki, dərhal görür. Amma diqqət yetirmək heç də bəzəmək deyil. Misallarla anladıram. Repin Musorqskinin məşhur portretini çəkirdi, onda bəstəkar xəstə imiş. Görkəmli rəssam Musoqorskini nə qədər "çiçəklənən" şəkildə təsvir etmək istəsə də, alınmayıb. Çünki o, aldada bilməyib.
- Bəs bacarsaydı? Tutaq ki, "sağlam" göstərilən xəstə adam doğrudan da sağala bilərdimi?
- Bu artıq vibrasiyalar aləmindəndir/. Yəni rəssamla onun çəkdiyi insan, necə deyrələr, "eyni dalğada olmalıdırlar".
- Siz "incəsənət - puldur" düsturuna necə baxırsınız? Sifarişlə iş görürsünüzmü?
- Sovet dövründə başımıza mənasız bir anlayış yeridiblər ki, rəssam pula işləməli deyil. Bu, tamamilə absurddur. Axı peşəmiz istənilən halda pul gətirməlidir... Təsviri sənət tarixini götürün, bütün böyük rəssamlar - Mikelancelo, Rembrandt pulla işləyiblər. Rəssamın bu zaman öz əsərində nələri əks etdirməsi isə tamam başqa məsələdir.
- Yəni, böyük pullar xatirinə sizə xoş gəlməyən işlər görmək qaydalarınıza uyğun deyil?
- Mən, sadəcə, bunu bacarmıram. Buna görə də hər bir işimi ürəkdən etmək istəyirəm. Əks halda, insanın öz üzərində zorakılığı baş verə bilər. Əks halda, heç vaxt əsl incəsənət nümunəsi yaratmaq mümkün deyil.
- Siz yaratmısınız?
- Düşünürəm, yox. Ümumiyyətlə, gerçək usta bütün həyatıboyu, ən çoxu, 10 gerçək incəsənət nümunəsi yarada bilər. Hər bir işin dahiyanə olması mümkün deyil.
Çoxlarına işlərim xoş gəlir. Bu, əlbəttə ki, sevindirir. Amma özüm daim narazılıq hissi ilə yaşayıram. Belə götürək də; "XXI əsrin Madonnası" triptixdir, yəni, üç hissədən ibarət qatlama şəkildir. O, çoxlarını heyran qoyub, tanınmış milyarder, sahibkar, Karlsrue sahibkarlıq universitetinin kafedra müdiri, "Adolf Vürt" konserninin başçısı Raynhold Vürt isə düşünmədən onu aldı. Təbii ki, çox xoşuma gəlir ki, işim onun kolleksiyasında Emil Nolde, Ernst, Leger və Pablo Pikasso ilə yanaşı yer alır. Amma bu işdən razılığım 100% deyil. Və bunu yalançı təvazökarlıq xatirinə demirəm.
- Yəni, indiyə qədər bir dəfə də düşünməmisiniz ki, "Bəli, mən dahiyəm!"?
- Puşkində "Yevgeni Onegin"dən sonra olan kimi? Səmimi söyləyim ki, bəzən hansısa rəsm alınanda özümü dahi saymasam da, ona yaxın bir şey sayıram. Amma hələ ki gerçək sənət incisi yaratdığımı söyləyə bilmərəm; məsələn, Finlandiyada şagirdlərə portreti necə çəkmək barədə uzun-uzadı danışmaq əvəzinə, bunu əyani şəkil çəkməklə göstərən zaman özümdən razı qaldım. Çox sevinirdim ki, fırça vasitəsilə onlara ötürmək istədiyim məqamları onlar tuta bildilər.
- Və nəhayət, bu suala gəldik. Necə oldu ki, siz həm Finlandiyada və həm də Amerikada yaşyıb-yaradırsınız?
- Məsələ bundadır ki, Finlandiyaya ilk səfərim zamanı bir qızla tanış oldum və sonradan o mənim həyat yoldaşıma çevrildi. O, milliyyətcə findir və həmin vaxt müqavilə əsasında Amerikada işləyirdi; buna görə də onun ardınca getməli oldum. Həmin vaxt statusum bu ölkədə normal iş tapmağa imkan vermirdi, amma necə deyərlər, bəxtim gətirdi. Mən bir rus qalereyası tapdım, onlar eyni zamanda, bir neçə rəssamın işini götürürdülər və onların hansısa birinin işlərinə tələbat yaranacağına ümid edirdilər. Bu isə mənim işlərim oldu. Və onlar mənimlə saziş bağladılar. Daha sonra işçi vizası aldım və sonra onu qrin-karta çevirdim, amma azacıq sonra yenidən Finlandiyaya qayıtdım, çünki ailəm artıq orada idi.
Burada hər şeyi yenidən başlamalı oldum, çünki fərdi sərgi hələ daimi iş demək deyil. Amma zaman-zaman hər şey öz axarına düşdü: işlərimlə əvvəl bir qalereya maraqlanmağa başladı, sonra başqaları da buna qoşuldu. Hazırda ölkənin bütün qalereyalarında işlərim var və rəssam Çingiz Abbabsovu orada tanıyırlar.
Ən maraqlısı isə, Finlandiya Prezident Aparatının 2008-ci ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə təşkil etdiyi rəsmi nahara məni də dəvət etmələri daxilimdə xoş bir hiss yaratdı. Anladım ki, məni gerçəkdən də bu ölkədə tanıyırlar, yəni azərbaycanlı rəssamın adı orada artıq bəllidir.
- Keçən ilin oktyabr ayında siz Bakıya gəlmişdiniz. Ata evində olan zaman nə işlər görə bildiniz?
- Bakıya, onu necə hiss etməyimə həsr edilmiş işlər gördüm. Onun rəngini, vibrasiyasını, ener-getikasını duydum. Bizim şəhər çoxrəngli və çoxtərəflidir. O müxtəlifdir. Bu, nəsə hisslər, intuisiyalar, qavramalar səviyyəsində, şəhəri necə görməyim və hiss etməyim səviyyəsində belədir. Bakı heyrətamiz energetikalı şəhərdir. Bəzən elə gəlir ki, bu şəhəri tikən atalar yerin altına güclü və nəhəng maqnit qoyublar. Çünki Bakıdan uzun müddət aralanmaq olmur, adamı geri çəkir. Gələn səfərimdə doğma şəhər haqqında işlər seriyasını başa çatdırmaq istəyirəm.
- Sizin yaxın gələcək üçün müəyyən maksimum proqramınız varmı?
- Kaliforniyada Azərbaycan qalereyası yaratmaq istəyirəm. Bu fikrin layiqincə təcəssüm olunacağına əminəm, çünki rəssamlarımızın professional səviyyəsi çox yüksəkdir. Orada bizim sənəti necə təqdim etməyi müəyyənləşdirmək lazımdır. Kifayət qədər spesifik olan Finlandiyadan fərqli olaraq Amerikada, tamaşaçı hər şeyi qəbul edir. Amma elə bir orta xətt tapmaq lazımdır ki, yalnız bizim milli incəsənətə diqqət etməklə qalmasın, həm də həmin "kütlə"yə aydın ola bilsin. Bu zaman heç bir halda özünü aldatmaq və "bazar" konyukturasına ümid etmək olmaz. Amma əminəm ki, bu mümkündür. Xüsusən də mənim fikrimə artıq Los-Ancelesdəki Azərbaycan konsulu Elin Süleymanov güclü dəstək göstərir.
- Fikir vermişəm, sizin həyatınızda təsadüflər mühüm rol oynayıb. Özü də xoşbəxt təsadüflər. Bunu necə şərh edə bilərsiniz?
- Hə, mən də buna diqqət yetirmişəm. Amma əsas məsələ təsadüfün bu dəfə sənə nə göstərmək istədiyini anlamaqdır. Seçim həmişə insanın öz əlindədir. Şəksiz, inandığım Tanrı bizə seçim azadlığı verir. Bu seçimi isə özümüz edirik, yalnız özümüz.
- Maraqlı söhbətə görə sağ olun. Sizə daha çox uğurlu təsadüflər arzulayıram!
MƏSLƏHƏT GÖR:






500

