
RADİKALLIĞIN İFLASI
Azərbaycan inkişafın inqilabi yox, təkamül yolunu seçir
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Tarix dəfələrlə müxtəlif dövlətlərdə inqilabi dəyişikliklərin təhlükəli, tutarsız olduğunu sübut edib. Məhz bu səbəbdən, hazırda əksər cəmiyyətlər radikal dəyişikliklər və kataklizmləri rədd edir, təkamül yolu ilə inkişafa üstünlük verir. Azərbaycan da sabit, ardıcıl inkişaf yolu seçib. Bu, müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutlarının hesabatlarında da dəfələrlə təsdiqlənir.
Buna baxmayaraq, bəzi ərəb ölkələrində baş qaldırmış inqilab dalğası Azərbaycanın radikal müxalifətini də ruhlandırıb. Son prezident və parlament seçkilərində biabırçı məğlubiyyətə uğramış siyasi qüvvələr sanki sehrli çubuğun hərəkəti ilə belə qərara gəlib ki, onlar üçün "X" saatı yetişib. Tələm-tələsik amorf İctimai Palata yaradan radikal müxalifət "inqilabi dəyişikliyədək" silsilə etiraz aksiyaları keçirmək məqsədini açıqlayıb. Bakı Şəhər İcra Hakimiyyətinə onların "dinc" etiraz aksiyalarına icazə verilməsi üçün ünvanlanan məktublar bir-birini əvəzləyir. Müxalifət bütün müraciətlərində aksiyanın keçirilməsi üçün paytaxtın mərkəzindəki ən gediş-gəlişli küçələri istəyir. İcra hakimiyyəti tərəfindən təklif olunan bütün alternativ yerlər isə birmənalı şəkildə rədd edilir və bunun səbəbi aydındır. Radikalların qarşısında aksiyalarına kütləvilik donu geydirmək məqsədi durur. Bunun üçün isə insanların və nəqliyyat vasitələrinin sıx olduğu ərazilər ən münasib məkandır. Çünki bu halda ətrafdakıların hamısını "təmiz vicdan"la aksiya iştirakçıları kimi qələmə vermək mümkün olacaq. Məhz bu səbəbdən də radikallar icazəsiz aksiyalarını Bakının Fəvvarələr meydanında keçirməyə cəhd etdi.
Lakin cəmi bir neçə yüz insanın qatıldığı "çoxminlik" aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə alındı. Növbəti "dinc" icazəsiz aksiyanın keçirilməsi üçün isə onlar Fəvvarələr meydanını seçdi. Bu dəfə nümayişçilərin sayını güclə 400-500 nəfərə çatdıran radikallar qəyyumlarına aksiyada 5000 insanın iştirak etdiyini söyləyirdilər.
Polis qanunsuz nümayişin qarşısını aldıqda isə "dinc" kütlə yaxınlıqdakı ticarət pavilyonlarının piştaxtalarını, mağazaların və avtobusların şüşələrini sındırmağa başladı. Bəzi sahibkarlara ciddi maddi ziyan vuruldu. Bu işdə xüsusi "fərqlənən" şəxslər müvəqqəti olaraq saxlanıldı və inzibati qaydada cəzalandırıldı.
Bu ssenari radikal müxalifəti qane edirdi. Çünki məqsəd bütün dünyaya Azərbaycanda insan haqlarının pozulduğu haqda car çəkmək idi. Amma bu zaman Azərbaycan müxalifətinin demokratik dəyərlərinə istinad etməyə öyrəşmiş Avropa ölkələrinin qanunvericiliyini öyrənmək də pis olmazdı.
Məsələn, Fransada icazəsiz aksiya iştirakçılarına 2 dəfə xəbərdarlıq edilir və bundan sonra polis nümayişi dağıtmağa başlayır. Aqressiv insanlara qarşı güc tətdiq olunur, belə aksiyalarda ardıcıl olaraq iştirak edən insanlar barəsində isə 1 ilədək həbs və ya 15 min avroyadək cərimə qərarı çıxarılır. Tutulan şəxs üzünü gizlədibsə, onu 3 ilədək həbs və ya 45 min avroyadək cərimə gözləyir. İnsanları qanunsuz aksiyalarda iştiraka təhrik edənlərin cəzası ya 7 ilədək azadlıqdan məhrumetmə, ya da 100 min avro cərimədir.
Böyük Britaniyada icazəsiz mitinq keçiriləcəyinə dair polisi xəbərdar etməyən şəxslər 1000 funt-sterlinq cərimə olunur. Razılaşdırılmış mitinqin vaxtını, yerini və ya marşrutunu özbaşına dəyişməyə görə də analoji cəza nəzərdə tutulub. Polisin bununla bağlı tövsiyəsinə əməl etməyənləri 3 ayadək həbs və ya 2500 funt-sterlinq cərimə gözləyir.
İcazəsiz mitinqlərdə iştiraka, ictimai asayişin kobud şəkildə pozulmasına görə, Almaniyada da təxminən, eyni sərtlikdə cəzalar nəzərdə tutulur. Yaxın lap yeni nümunə: Vaşinqtonda Kapitolini mühafizə edən polislər aprelin 11-də Vaşinqton meri Vinsent Qreyi Kolumbiya dairəsinin bələdiyyə şurasının 5 üzvü ilə birlikdə həbs edib. Onların arasında Bələdiyyə Şurasının başçısı Kvame Braun da var.
Həbslərə səbəb yüksəkrütbəli bu şəxslərin 200-dək məmurun Senatın binası qarşısında yolu kəsməsi ilə keçirilən aksiyada iştirakı olub. Onlar ABŞ Konqresinin aşağı palatasında 2012-ci ilin dövlət büdcəsinə dair çıxarılmış qərara etiraz edib. Polis nümayişçilərə küçədə, təxminən, 30 dəqiqə oturmağa imkan verib. Bundan sonra aksiya iştirakçılarının həbsinə başlanılıb.
Yuxarıda göstərilən misalların fonunda bəzi Avropa strukturlarının, ayrı-ayrı dövlətlərin diplomatik nümayəndəliklərinin Azərbaycanda radikal müxalifətin icazəsiz aksiyasının qarşısının alınmasına reaksiyası əsassız və qeyri-obyektivdir. Bu, yəqin ki, məsələnin əsl mahiyyətini bilməməkdən irəli gəlir. Hər halda, Azərbaycan Xarici İşlər Nazirliyi onlara müvafiq və adekvat bəyanat verib. Bəyanatda bildirilir ki, icazəsiz aksiyanın qarşısının alınması zamanı asayiş keşikçiləri birmənalı olaraq qanun çərçivəsində hərəkət edib: dövlətin vəzifəsi ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunmasıdır. Dövlət "bir ovuc" destruktiv qüvvələrə görə qanunun, daxili siyasi sabitliyin pozulmasına imkan verməyəcək, vətəndaşların həyatına və sağlamlığına təhlükə yaradılmasına göz yummayacaq. Bəyanatda o da bildirilir ki, Azərbaycan heç zaman xarici ölkələrdə müxtəlif qüvvələrin tədbirlərinə münasibət bildirməyib və bunu həmin dövlətlərin daxili işi sayıb. Odur ki, xarici dövlətlərin nümayəndəliklərinin mandatları çərçivəsində fəaliyyət göstərmələri, Azərbaycanın daxili işlərinə qarışmamaları daha yaxşı olardı.
Keçirilən aksiyalar zamanı həbs olunanlar arasında radikal müxalifətin liderlərinə isə rast gəlinmir. Çünki nə Müsavat başqanı İsa Qəmbər, nə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli aksiya iştirakçıları arasında olmayıblar. Bütün bunlar istər-istəməz yada 1990-cı ilin faciəvi yanvar günlərini salır. O vaxt da elə eyni şəxslər özlərini bu cür aparmış, dinc insanları sovet ordusunun gülləsi və tankı qarşısına çıxarmışdı. Sonradan isə sanki heç nə olmamış kimi, özlərini müstəqillik uğrunda ümummilli mübarizənin "qəhrəmanları" adlandırmış, bunun sayəsində hakimiyyətə gəlmişdilər.
Təhlillər isə göstərir ki, bu gün radikalların inqilab yolu ilə hakimiyyətə gəlmək şansları yoxdur. Azərbaycanlılar 90-cı illərin inqilabi təlatümlərindən və hazırkı müxalifətin 1 illik hakimiyyəti dövründə baş verənlərdən doyub və onlar indi təkamül yolu ilə inkişafa üstünlük verir. Aparılan çoxsaylı ictimai rəy sorğuları da bunu sübut edir.
İctimai həyatın bütün sahələrində inkişafa yönəlmiş siyasət, sosial-iqtisadi problemlərin həlli, infrastrukturun müasirləşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və beynəlxalq arenadakı imicinin gücləndirilməsi, ən başlıcası, əhalinin rifahının sabit artımı hakimiyyətin, xüsusilə Prezident İlham Əliyevin reytinqinin getdikcə artmasına səbəb olur. Bu baxımdan, "Rəy" Monitorinq Mərkəzinin ötən ay keçirdiyi sosial sorğunun nəticəsi nümunəvi sayıla bilər.
Sorğu martın 28-31-i aralığında Bakının 850 sakini arasında aparılıb. Məlum olub ki, növbəti bazar günü ölkədə prezident seçkisi keçirilərsə, paytaxt sakinlərinin 83%-i İ.Əliyevə səs verərdi. "İlham Əliyev sizin kimi insanların maraqlarını təmin edirmi?" sualına 70%-dən artıq respondent "hə" cavabını verib. Rəyi soruşulanların, təxminən, 65%-i ölkə prezidenti postunda İ.Əliyevə alternativ görmür.
Qey etmək lazımdır ki, ölkənin regionları, Bakı və onun kəndlərinin inkişafı ilə bağlı çoxsaylı proqramların həyata keçirilməsi Azərbaycan hakimiyyətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Proqramların icrasına prezidentin şəxsən nəzarət etməsinə, ortaya çıxan problemlərə dərhal reaksiya verməsinə xüsusi diqqət ayrılmalıdır. Son zamanlar isə antikorrupsiya siyasətinin son dərəcə sərtləşdirilməsi məsələsi qoyulub və bu da hakimiyyətin əhali arasında populyarlığını artırıb.
Bütün bunlarla yanaşı, hakimiyyət müxalifətin qeyd etdiyi bir sıra nöqsanların olduğunu da danmır. Amma müxalifət bu problemlərdən öz siyasi məqsədinə çatmaq üçün istifadə edirsə, hökumət onların həlli üçün konkret işlər görür. Başqa sözlə, yumurta bişirmək üçün radikalların dediyi kimi, bütün evi yandırmağa ehtiyac yoxdur. Cəmiyyətdə bu həqiqətin tərəfdarları getdikcə artmaqdadır. Əhalinin müxalifətin aksiyalarına mənfi münasibəti də buradan qaynaqlanır.
"Rəy" Monitorinq Mərkəzi əhalinin müxalifətin mitinq eyforiyasına münasibətini də müəyyənləşdirməyə çalışıb. Sorğu göstərib ki, radikalların aksiyaları əhalinin diqqətindən kənarda qalmayıb. Paytaxt əhalisinin üçdəbiri bu aksiyalar haqda ilk dəfə eşitdiyini deyibsə, əhalinin üçdəikisi baş verənlərdən xəbərdar olduğunu söyləyib. Lakin mitinqlərin keçirilməsinə cəmi 8% müsbət yanaşır. Böyük əksəriyyət ya bu aksiyaların əleyhinədir (67%), ya da bu suala cavab verməkdə çətinlik çəkir (25%).
"Müxalifət gələn bazar günü mitinq keçirsəydi, orada iştirak edərdinizmi?" - sualına rəyi soruşulanların yalnız 3%-i müsbət cavab verib. Daha 4% "güman ki, hə" deyib. 93% respondent isə suala "yox" və "güman ki, yox" cavabı verib.
Oxşar nəticələr müxalifyönümlü "Bizim yol" qəzetinin bu yaxınlarda paytaxtda keçirdiyi blits-sorğu zamanı da əldə edilib. Qəzet müxbirinin sualla müraciət etdiyi respondentlərin, demək olar ki, hamısı şəhərin mərkəzində icazəsiz aksiyaların keçirilməsinə qarşıdır. Onlar bunu digər vətəndaşların hüquqlarının pozulması, onların istirahətinə maneə kimi qiymətləndirir.
Beləliklə, ictimaiyyətin əhvalı və aparılan islahatların sürətləndirilməsi radikal müxalifətin hakimiyyətin istefası tələbini heçə endirir. "Narazılar"ın ideoloqlarında yeni ideyalar yoxdur. Keçmişdənqalma populizm və "Rədd olsun hamı!" kimi isterik qışqırıq isə bu gün ictimaiyyət arasında yalnız qıcıq yaradır.
Son günlər müxalifət partiyalarının sıralarından insanların kütləvi şəkildə istefa verməsi, bəlkə də bununla bağlıdır. Artıq bu partiyaları tərk edənlərin sayı minlərlədir. Radikal müxalifətin liderlərinin uzun illərdir rəsmən heç yerdə işləməmələrinə rəğmən, dəbdəbəli həyat sürmələri, övladlarının ən nüfuzlu xarici ali məktəblərdə oxutmaları bu insanları qıcıqlandırır. Bu partiyaların artıq keçmiş tərəfdarlarını bir sual maraqlandırır: radikal partiyaların işsiz liderlərində bu qədər vəsait hardandır?
Digər yandan, demək olar ki, hər gün müxalifət cəbhəsində partiyaların rəhbərliyində və liderlər arasında parçalanma haqda məlumatlar yayılır. Məsələn, Milli Demokrat Partiyasının Siyasi Şurası liderini, az qala, satqın adlandıraraq, İctimai Palataya dəstək veribsə, Lalə Şövkətin rəhbərlik etdiyi Liberal Partiya və Əli Əliyevin lideri olduğu Vətəndaş və İnkişaf Partiyası keçmiş müttəfiqlərinin toplaşdığı İctimai Palatanın qəti əleyhinə çıxış ediblər.
Başqa sözlə, müxalifət cəbhəsində əvvəlkitək yenə də Krılovun "Qu, durnabalığı və xərçəng" təmsili aktualdır.
Sadalanan faktorlara baxmayaraq, radikalların liderləri vəziyyəti və öz imkanlarını real qiymətləndirmək istəmirlər. Ölkədə siyasi sabitlik pozulacağı təqdirdə, ciddi zərbə ala biləcək milli və dövlət maraqları haqda isə onlar ümumiyyətlə düşünmürlər.
Ermənistanın hazırkı hakimiyyətinin əsas opponenti, bir çağırışı ilə küçələrə 400-500 radikalı deyil, 50 minədək insanı çıxaran erməni milli konqresinin lideri Levon Ter-Petrosyanın son bəyanatına da bu konteksdə yanaşmaq lazımdır: "Biz hadisələri sürətləndirməyəcəyik. Qanun və Konstitusiya çərçivəsində fəaliyyət göstərəcəyik. Tələblərimizin yerinə yetirilməsinə addım-addım nail olacaq, sosial qiyamdan, ölkədə siyasi təlatümlərin baş verməsindən qaçacağıq. Bunu heç də inqilabi üsulların qanuni olmadığını düşündüyümüz üçün yox, yalnız Qarabağda Azərbaycanla hərbi əməliyyatların bərpasından qaçmaq üçün edirik. Kimsə buna inanmaya bilər. Amma mənim şübhəm yoxdur ki, Azərbaycan bir saniyə də ləngiməyəcək və Ermənistanda yaranacaq ciddi qarışıqlıqdan dərhal istifadə edəcək".
L.Ter-Petrosyanın bu məsələdəki şəxsi təcrübəsinə inanmağa dəyər. Axı məhz onun Ermənistana rəhbərlik etdiyi dövrdə erməni hərbi birləşmələri Azərbaycandakı xaos və hakimiyyət uğrunda mübarizədən yararlanaraq torpaqlarımızın 20%-ni işğal edib. Maraqlı məqam ondan ibarətdir ki, o zaman da Azərbaycanda gedən hakimiyyət davasında əsas rolları bu gün ictimaiyyəti təxribata çəkmək istəyən qüvvələr oynayırdı.
Amma Ter-Petrosyanın bəyanatında diqqəti daha çox çəkən başqa məqamdır. Ermənistan hakitmiyyətinin əsas opponenti daxili siyasi mübarizədə inqilabi üsullardan yalnız Bakının bundan istifadəsinə imkan verməmək üçün imtina edir. Axı yalnız Ter-Petrosyanın istəyi bəsdir ki, yoxsulluq içərisində boğulan Ermənistan əhalisi qalxsın və Qarabağdan olan kriminal klanı hakimiyyətdən devirsin. Ermənistanda sosial-iqtisadi vəziyyətin faciəvi durumda olduğu sirr deyil. Bu baxımdan onu Azərbaycanla qətiyyən müqayisə etmək olmaz. Bütün beynəlxalq təşkilatlar Azərbaycanı iqtisadi inkişaf tempinə görə, yalnız regionda yox, bəzi parametlərə görə, hətta dünyada lider elan edir. Ermənistanda isə inqilab üçün bir klassikin dediyi kimi, bir qığılcım bəsdir.
Amma tam aydındır ki, L.Ter-Petrosyan öz ölkəsinin dövlətçilik maraqları çərçivəsində fəaliyyət göstərir.
Bəs Azərbaycanın radikal müxalifəti kimin maraqlarına xidmət edir?
MƏSLƏHƏT GÖR: