5 Dekabr 2025

Cümə, 23:10

YAXIN ŞƏRQ EHTİRASLARI GEOSİYASİ ÖLÇÜDƏ

Beynəlxalq hüquq normaları geosiyasi maraqların girovuna çevrilib

Müəllif:

01.04.2011

Ərəb dünyasında yaşanan gərginlik artdıqca daha çox düşünməyə başlayırsan ki,  məşhur Henri Kissincerin hazırladığı və 1967-ci ildən regionda mövcud olan geosiyasi konfiqurasiyanın dəyişməsinə yönəlmiş konsepsiya Yaxın Şərqdə həqiqətən də özünü doğruldur.

Məlum olduğu kimi, zaman keçir, hər şey dəyişir. Yeni siyasi reallıqlar fonunda yeni geosiyasi quruluşlara da tələbat yaranır. Dünyanın aparıcı fövqəldövlətləri yeni dünya düzənini məhz bu tələbatlar əsasında qurmağa çalışır.

Son 20-30 ildə Qərb (xüsusilə Amerika) geosiyasətçiləri  idarə olunan ümumdünya evinin yaradılmasını nəzərdə tutan mondializm konsepsiyasını reallaşdırmağa çalışırlar. Başqa sözlə desək, söhbət ABŞ-ın rəhbərliyi ilə dünyaya hakimliyin yaradılmasından gedir. Amma eyni zamanda, dünyada geosiyasi tarazlığın pozulması nəticəsində BMT-nin, digər beynəlxalq mərkəzlərin və beynəlxalq hüququn zəifləmə təhlükəsi var. Dünyanın geosiyasi balansının pozulması isə millətçilik və fundamentalizmin sürətlə inkişaf etməsinə səbəb ola bilər. 

Gözlənildiyi kimi, yeni dünya düzəninin formalaşdırılmasında əsas rolu ABŞ və müttəfiqləri öz üzərlərinə götürüb. Onlar bu işə Yaxın Şərq və Şimali Afrikadan başlamaq qərarına gəliblər. Belə olduqda bu regionda indiyədək mövcud olmuş geosiyasi vəziyyət ciddi, bəlkə də tam dəyişikliyə məruz qalmalıdır. Xüsusilə ABŞ-ın "Böyük Yaxın Şərq" layihəsini reallaşdırmağa qərar verməsindən sonra.

Afrikanın ən böyük ölkəsi olan Sudanın iki yerə bölünməsindən sonra (güman ki, bu, Sudanda son parçalanma deyil) sosial-iqtisadi qiyamlar dağlası bir sıra aparıcı ərəb dövlətlərini bürüdü. Orada sosial-iqtisadi tələblərlə yanaşı, siyasi xarakterli tələblər də irəli sürülməyə başlandı. Kütlə ölkədə köklü islahatlar tələb etdi. Üstəlik, bütün bu daxili siyasi ehtiraslar Qərb tərəfindən də fəal şəkildə dəstəkləndi. Qərb narazılıqların baş qaldırdığı dövlət rəhbərliyini kütlənin tələblərini eşitməyə çağırdı.  

Ədalət naminə etiraf etmək lazımdır ki, təlatümlərin baş verdiyi ölkələrdə  həqiqətən də böyük sosial-iqtisadi və siyasi problemlər var. Amma yenə də Qərbin bu dövlətlərin liderlərini israrla istefaya çağırması düşündürücüdür.

Məlum olduğu kimi, Tunis prezidenti B.Əli və Misirin dövlət başçısı H.Mübarək artıq istefa veriblər. Yəmən prezidenti Ə.Saleh isə adıçəkilən həmkarlarından nümunə götürməyə hazır olduğunu bildirib və bu, Qərb tərəfindən razılıqla qarşılanıb. Düşünmək olardı ki, ABŞ və müttəfiqləri hadisələrin  onların ürəyincə inkişaf etməsi münasibətilə artıq bir-birlərini təbrik edə bilərdi. Amma 40 ildən artıqdır Liviyaya rəhbərlik edən qeyri-adi polkovnik M.Qəddafinin sərt mövqeyi bütün kartları qarışdırdı. Onun qiyamçılara qarşı sərt, rəhmsiz və yolverilməz addımları Qərbi "suveren dövlətin daxili işlərinə qarışmamaq" oyununu bir kənara ataraq, açıq şəkildə tərs polkovnikə qarşı hərbi addımlar atmağa sövq etdi.

Ərəb Dövlətləri Liqasının (ƏDL) xahişi ilə ABŞ, Böyük Britaniya, Fransa və Livan BMT Təhlükəsizlik Şurasında lazımi qətnamənin qəbulu təşəbbüsü ilə çıxış etdi. Martın 18-i gecə BMT TŞ 10 səs lehinə, 5 bitərəf (Braziliya, Almaniya, Hindistan, Çin, Rusiya) olmaqla, 1973 saylı qətnamə qəbul etdi. Qətnamə Liviyaya hava zərbələrinin endirilməsinə icazə verdi.

BMT-nin baş katibi Pan Gi Mun bu sənədi tarixi qətnamə sayır. Onun fikrincə, bu sənədin qəbulu göstərir ki, beynəlxalq ictimaiyyət mülki əhalinin öz hakimiyyətləri tərəfindən üzləşdiyi zorakılıqdan qorunması işində məsuliyyətinə sadiqdir. Amma BMT baş katibinin bu mövqeyini heç də bütün dövlətlər bölüşmür və fərqli düşünənlər arasında Qərb ölkələri də var. Qətnamə səsə çıxarıldığı  zaman xüsusilə Almaniya, Rusiya və Çinin ortaya qoyduğu mövqe təəccüblüdür. Almaniya hər kəsi ABŞ-ın müttəfiqi olması nöqteyi-nəzərindən təəccübləndirib, Rusiya ilə Çin isə qətnamənin qəbuluna veto qoymaq hüququna malik dövlətlər olmaları baxımından. Bu fakt göstərir ki, Qərbdəki müttəfiqlər arasında bu məsələdə müəyyən fikir ayrılığı var. Çinin veto hüququndan imtinasına gəlincə, Pekin artıq çoxdandır ki, BMT TŞ-də bir sıra prinsipial məsələlərə dair səsvermə zamanı neytral mövqe nümayiş etdirir, özünə mümkün qədər diqqət cəlb etməməyə çalışır. Bəzi ekspertlər hesab edir ki, son səsvermədə bitərəf qalan Çin Vaşinqtondan cavab gözləyir: o, ABŞ-ın Tayvana silah vermək planından imtinasına ümid edir. Rusiyaya gəlincə, bəzi analitiklərin fikrinə görə,  bunun əvəzində Vaşinqtonun Moskvaya bəzi imtiyazlar vəd etdiyi istisna deyil: onun postsovet məkanındakı aparıcı rolunun tanınması, Şərqi Avropada Hava Hücumundan Müdafiə Sistemi planından imtina, Moskvanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə kömək və s.

Açığı, ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərindəki gizlədilməsi mümkün olmayan ziddiyyətləri nəzərə alsaq, belə anlaşmaların mümkünlüyünə inanmaq çətindir. Üstəlik, Rusiyanın hakim tandemində Liviya probleminə fərqli yanaşma mövcuddur.

Rusiyanın baş naziri Vladimir Putin Udmurtiyaya səfəri zamanı bildirib ki, BMT TŞ-nin Liviya ilə bağlı qətnaməsi faktik olaraq suveren dövlətin ərazisinə soxulmağa icazədir. Putin hesab edir ki, bu sənəd "orta əsrlərdə rast gəlinən xaç yürüşlərinə çağırış"ı xatırladır. Onun fikrincə, Liviya rejimini demokratik adlandırmaq mümkün olmasa da, bu o demək deyil ki, başqa dövlətlərin onun daxili işlərinə müdaxilə etmək hüququ var.

Rusiya prezidenti Dmitri Medvedev isə baş nazirin bu bəyanatını sərt şəkildə tənqid edib: "Sivilizasiyaların toqquşmasına aparan "xaç yürüşləri" və s. kimi bəyanatlara qətiyyən yol vermək olmaz. Əks təqdirdə, hər şey olduğundan daha pis qurtara bilər".

Təbii ki, Rusiyanın birinci şəxsləri arasında belə fikir haçalanması müxtəlif şərhlərə və analizlərə səbəb olub. Qərb, həmçinin, qərbpərəst Rusiya ekspertləri dərhal tandem arasında ciddi fikir ayrılığından danışmağa başlayıb. Amma əslində bu, o qədər də düzgün yanaşma deyil. Birincisi, güman ki, Putinlə Medvedevin bəyanatları, sadəcə, "yaxşı və pis polis" oyununda bir-birini yaxşı tamamlayan fikirlərdir: bu, Qərblə qarşılıqlı münasibətlərin qurulmasında çox vacibdir.

İkincisi, BMT-də 1973 saylı qətnamə səsə qoyulan zaman Rusiya bitərəf qalıb və bu, Moskvaya lazımi anda manevr etmək imkanı yaradır.

Üçüncüsü, Putinlə Medvedev bu məsələdə aralarında rolları məharətlə bölməklə növbəti prezident seçkisinə 1 il qalmış baş nazirin aktivinə xeyli xal yaza bilib. Hər halda, rus ictimaiyyəti, əsasən, Qərbin özbaşınalığına qarşıdır. Bu baxımdan, arxaika və antiqərbçilik dəyərlərinin daşıyıcısı olan V.Putin qərbpərəst və müasirlik tərəfdarı kimi tanınmış D. Medvedevlə müqayisədə xeyli dividend qazanır.

Dördüncüsü, V.Putin bununla solçu müxalifət və Rusiya müsəlmanlarının dəstəyini də qazanıb. Həmin qüvvələr də Liviyanın daxili işlərinə müdaxilənin tam əleyhinədir.

Beşincisi, Rusiyanın baş naziri dövlət başçısı ilə müqayisədə, özünü xarici siyasəti daha yaxşı bilən siyasətçi kimi göstərir. Məsələ ondadır ki, Qəddafi rejiminin çökməsi ilə Rusiya Liviya ilə aralarındakı çoxmilyonluq hərbi və neft-qaz müqavilələrindən məhrum ola bilər. İraqla bağlı belə acı təcrübə hələ yaddaşlardan silinməyib. Hətta Medvedevin sivilizasiyaların toqquşmasına apardığını düşündüyü "xaç yürüşləri" ifadəsindən istifadənin yolverilməzliyi haqda bəyanatı bu halda zəif gediş təsiri bağışlayır. Unutmayaq ki, "sivilizasiyaların toqquşması" ideyasını müasir dünyada qaçılmaz (bəlkə də vacib) hal kimi gündəmə hamıdan əvvəl amerikalı neoatlantist S. Hantinqton gətirib.

Altıncısı, Moskvanın, hətta SSRİ dağıldıqdan sonra, pis-yaxşı, münasibətdə olduğu ərəb ölkələrinin uzun illərdən bəri hakimiyyətdə olan liderlərinin dəyişməsi Rusiyanın bu ölkələrlə münasibətlərinə mənfi təsir göstərə bilər. Çünki yeni liderlərin qərbpərəst olma ehtimalı kifayət qədər yüksəkdir.

Yeddincisi, Rusiyanın siyasi rəhbərliyi yaxşı bilir ki, Vaşinqtonun xarici siyasətinin konturlarını cızan Amerika atlantistləri və neoatlantistləri yeni dünya düzənində əsas rolu ABŞ-a ayırmağın, Rusiyaya isə ikinci dərəcəli rol verməyin tərəfdarıdırlar. Bu baxımdan Putinin sərt bəyanatı müəyyən mənada ABŞ-ın vitse-prezidenti, Vaşinqton-Moskva münasibətlərində "yenilənmə"nin müəllifi olan Cozef Baydenə cavab kimi qiymətləndirilə bilər. Bayden Moskvaya son səfəri zamanı Putin və Medvedevlə keçirdiyi görüşlərdə yumşaq tonda danışıb. Amma MDU-da hüquq müdafiəçiləri və tələbələrlə görüşündə o, Rusiyanın hakim tandemini sərt şəkildə tənqid edib. Üstəlik, Moldovaya səfəri çərçivəsində Bayden Abxaziya, Cənubi Osetiya və Dnestryanı problemlərlə bağlı birmənalı fikir ortaya qoyub və bu, Rusiya rəhbərliyinin xoşuna gəlməyib. 

Belə olan təqdirdə ortaya sual çıxır: "Bəs Rusiya nədən veto hüququndan istifadə etmədi?".

Düşünmək olar ki, Moskvanın başqa çıxış yolu yox idi. O, BMT TŞ-nin digər üzvlərinə qarşı çıxa, hətta ƏDL və İslam Konfransı Təşkilatının belə əməkdaşlıq etmək istəmədiyi Qəddafi rejiminə dost münasibəti bəsləyə bilməzdi. 

Bununla yanaşı, o, qətnamənin qəbuluna səs verməməklə manevr imkanlarını da özündə saxlayıb. Hadisələrə diqqətlə nəzər saldıqda aydın olur ki, Moskvanın bu qərara tənqidi koalisiyanın Liviyanı bombalamağa başlamasından yalnız 3 gün sonraya təsadüf edir. Məsələ ondadır ki, bu qətnamə Liviya ərazisindəki hərbi obyektlərin bombalanmasını nəzərdə tutmurdu, hərçənd, başlanmış əməliyyat zamanı məhz bu cür zərbələr endirilməyə başlandı.

Pentaqon rəhbəri R.Geyts ilə Moskvada keçirdiyi görüşdə Rusiyanın müdafiə naziri A.Serdyukov ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrini Liviyada dinc sakinlərin qətlində günahlandırıb və onların atəşi dərhal dayandırmasını tələb edib. "The Washinqton Post" qəzeti yazır ki, A.Serdyukov bu bəyanatı ilə R.Geytsi və onun simasında bütünlükdə Amerika administrasiyasını alçaldıb.

Bundan başqa, Rusiyanın BMT-dəki daimi nümayəndəsi A.Çurkin də Liviya ilə bağlı qətnaməyə ciddi iradlar bildirib, Rusiya XİN isə sənədi "tələsik qəbul edilmiş" qətnamə adlandırıb.

Liviya üzərində uçuş üçün qadağan olunmuş məkanın bərpası layihəsində müttəfiqlərini dəstəkləyən ƏDL də koalisiyanın fəaliyyətini tənqid atəşinə tutub. Təşkilatın baş katibi Əmr Musa bildirib ki, koalisiyanın Liviyaya endirdiyi zərbələr zamanı missiyanın həddi aşılır və bu, dinc sakinlər arasında təlafata səbəb olur.

Qeyd edilməlidir ki, artıq ölkədə ölənlərin sayı minlərlədir. Bunun fonunda Liviya liderinin bir qrup tərəfdarı (təxminən, 50 nəfər) Qahirədə BMT-nin baş katibi Pan Gi Muna hücum çəkməyə çalışıb. Nəticədə o, elə həmin ƏDL-nin mənzil-qərargahında daldalanmalı olub.

ABŞ və ona müttəfiq olan ölkələrdə də Liviya kampaniyasının kifayət qədər əleyhdarı var. Onlar hesab edir ki, demokratiyanın ölkəyə bombalarla gətirilməsi yolverilməzdir. Bu fikirdə olan şəxslər Liviyanın ikinci İraqa çevrilməyəcəyinə zəmanətin olmadığını bildirir.

Dünya ictimaiyyəti qarşısında öz üzərinə növbəti məsuliyyət götürmək istəməyən ABŞ isə, strateji müttəfiqlər arasındakı fikir ayrılıqlarına, Parisin etirazına baxmayaraq, əməliyyata hərbi komandanlığın NATO-ya keçməsinə nail olub. İndi blok nizam-intizamı bu əməliyyatın ən sərt əleyhdarlarına belə yaxalarını kənara çəkməyə imkan verməyəcək. Rusiya kəşfiyyatındakı yüksək rütbəli mənbə bildirir ki, beynəlxalq koalisiya Liviya ərazisində yerüstü əməliyyatlara başlanması üçün  fəal şəkildə plan hazırlamaqla məşğuldur. Əməliyyatların apreldə başlaya biləcəyi söylənilir.

BMT TŞ-nin qətnaməsində Qəddafi rejiminə qarşı yerüstü əməliyyatlara başlanması nəzərdə tutulmasa da, ABŞ Aralıq dənizinə 4 mindən artıq dənizçi və dəniz piyadalarının göndərilməsinə başlayıb. Məqsəd koalisiyanın Liviyada keçirdiyi əməliyyatın dəstəklənməsidir. Yəqin ki, M.Qəddafi rejimi koalisiya qüvvələrinin yaratdığı vahid cəbhə və belə güclü təzyiqlər qarşısında uzun müddət duruş gətirə bilməyəcək.

Liviya ətrafında baş verən bütün hadisələrdə anlaşılmaz olan bir məqam var. Beynəlxalq münaqişələrin nəzəriyyəsinə əsasən, bəzi daxili münaqişələrə kənar müdaxilə olan zaman o, beynəlxalq problemə çevrilir. Bu nəzəriyyəyə əsaslanaraq demək olar ki, BMT TŞ-nin qətnaməsi və onun operativ şəkildə icra olunmağa başlanması Liviyadaxili münaqişəni beynəlxalq səviyyəyə qaldırıb. Bununla yanaşı, elə BMT üzvlərinin fəaliyyətsizliyi bir sıra digər beynəlxalq münaqişələrin dondurulmuş halda qalmasına kömək edir. Bu baxımdan Liviya ilə bağlı qətnamənin icrasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin fəal iştirakı və passiv dəstəyi də maraqlı görünür. BMT və şəxsən qurumun baş katibinin Qəddafini sülhə və istefaya məcbur etmək üçün sərgilədiyi operativliyə qibtə eləməmək olmur. İlk gündən bütün parametrlərinə görə beynəlxalq problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində isə eyni operativliyi görmürük. 

Bəs, Liviya məsələsində bu qədər operativlik və təzyiq rçaqları haradan qaynaqlanır? Belə çıxır ki,  BMT-nin prosesə müdaxiləsi üçün daxili problemin beynəlxalq münaqişəyə çevrilməsinə bir qətnamə kifayət edir, digər halda isə ATƏT və BMT-yə üzv olan hansısa dövlətin digərinin ərazisini işğaldan azad etmək üçün elə həmin qurumun bir  neçə qətnaməsi acizdir.

Beynəlxalq vasitəçilər çiyinlərini çəkərək bildirirlər ki, onlar BMT TŞ və digər beynəlxalq qurumların qətnamələrinə hörmətsizlik nümayiş etdirən və iqtisadi təcrid vəziyyətində yaşayan Ermənistana təzyiq göstərmək üçün rçaqlara malik deyillər. 

Beynəlxalq hüququn normalarını geosiyasi maraqların girovuna çevirmiş bu təcrübəyə son qoymağın vaxtı deyilmi?



MƏSLƏHƏT GÖR:

567