5 Dekabr 2025

Cümə, 23:58

QARABAĞ KLANI SEYTNOTDA

Yerevan çarpaz xarici təzyiq və sosial partlayış təhlükəsi qarşısında

Müəllif:

01.04.2011

Ermənistanda daxili siyasi vəziyyət yenidən son dərəcə gərginləşib. Bu, bir tərəfdən, parlament və prezident seçkisinin yaxınlaşması ilə bağlıdırsa, digər yandan, ölkədə sosial-iqtisadi durumun günbəgün pisləşməsi ilə əlaqədardır. Qonşularına qarşı təcavüzkar siyasət yürütdüyü üçün regional layihələrdən kənarda qalmış Ermənistan sosial partlayış həddindədir.

2010-cu ildə Ermənistanda yoxsulluğun səviyyəsi son dərəcə artıb və rəsmi məlumata görə, artıq 34,1%-ə çatıb. Bu, ölkə əhalisinin 1,1 milyonunun yoxsulluq həddində yaşaması deməkdir.

Müstəqil deputatlar isə bildirir ki, əslində bu, kifayət qədər azaldılmış rəqəmdir. Ermənistanda bir tikə çörək axtarışında olan insanlar kəndləri kütləvi şəkildə tərk edir. Hətta son vaxtlara qədər hakim koalisiyada təmsil olunmuş "daşnaksütyun" partiyasının üzvləri (xüsusilə L.Qalstyan) hökuməti sosial qiyamı stimullaşdırmaqda təqsirləndirir.

Ermənistan ictimaiyyətində etirazçı əhvalın hər gün yüksəlməsi hakim Qarabağ klanının kriminal-mafioz siyasəti ilə daha da güclənir. Bu il martın 1-də ölkə müxalifətinin Yerevanda keçirdiyi ənənəvi mitinqə 50 mindən artıq insanın qatılması da təsadüf deyil. Bundan bir neçə gün sonra isə parlament partiyası olan "İrs" də genişmiqyaslı etiraz aksiyası keçirib.

Xatırladaq ki, Yerevanda 2008-ci ildə baş tutan prezident seçkisindən sonra baş vermiş faciə ilə əlaqədar, mart ayında mitinqin keçirilməsi artıq ənənəyə çevrilib. 3 il əvvəl mart ayında Ermənistanın ozamankı prezidenti Robert Köçəryan seçkinin nəticəsini kütləvi şəkildə saxtalaşdırmaqla Serj Sarqsyanı öz yerinə təyin edə bilmişdi. Buna etiraz olaraq, eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi etiraz aksiyası isə güc strukturları tərəfindən amansızlıqla dağıdılmış, bu zaman hərbi texnikadan, odlu silahlardan istifadə edilmişdi. Toqquşmada 10 nəfər həlak olmuş, 200-dən artıq müxalifət fəalı həbs edilmişdi. Keçən dövr ərzində ATƏT və AŞPA-nın təzyiqi ilə saxlanılanların böyük hissəsi azad edilsə də, 100-dən artıq siyasi məhbus və sadə mitinq iştirakçısı haqqında heç bir əsas olmadan uzun müddətə azadlıqdan məhrumetmə qərarı çıxarıldı. Bu azmış kimi, xeyli sayda insan iş yerini və biznesini itirdi.

Bu biabırçı cəzasızlıq faktlarını  yaxınlarda AŞPA-nın Ermənistan üzrə həmməruzəçisi Aksel Fişerə ünvanladığı açıq məktubda hüquq müdafiəçisi, "Hüquq və azadlıq mərkəzi" ictimai təşkilatının rəhbəri V.Arutunyan da qeyd edib. O, AŞPA-nı ikili standartlardan imtina etməyə çağırıb. Təşkilatın bu cür yanaşması Ermənistan parlamentinin spikeri O.Abramyana AŞPA həmməruzəçsiləri ilə görüş ərəfəsində belə bir bəyanat səsləndirməyə imkan verib: "Mən hansısa məsələ, həmçinin, siyasi məhbuslarla bağlı heç kimə heç bir izahat verməli deyiləm. Ermənistanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə gəlincə, onlar Ermənistan hakimiyyətinin boynuna qoyulmur, sadəcə ona təklif olunur. Onların bizdən nəsə tələb etmək hüquqları yoxdur".

Amma bu lovğalığa baxmayaraq, Ermənistan hakimiyyəti təlaş içərisindədir. Belə vəziyyətdə bu ilin fevralında S.Sarqsyanın təşəbbüsü ilə yeni koalisiyanın yaradılmasına dair memorandumun imzalanması da hakim Respublika Partiyası üçün ciddi dayaq ola bilməz. Məsələn, "daşnaksütyun"un parlament fraksiyası bu il martın 3-də Ermənistan hökumətinin binası qarşısında baş vermiş insidentlə bağlı hiddətini ifadə edib. Fraksiya həmin gün hökumət evi qarşısında keçirilən aksiyanın amansızlıqla dağıdılmasına kimin göstəriş verdiyini bilmək istəyir. "Daşnaksütyun" bürosunun üzvü V. Ovannisyan isə polisi özünü müqəddəs keşiş kimi təqdim etməməyə çağırıb.

Digər hakimiyyətpərəst partiya - Ermənistan milli-demokrat birliyi də dinc nümayişçilərə, həmçinin, "İrs" fraksiyasının deputatlarına qarşı polisin sərt davranmasını qəti şəkildə pisləyib. Hakim respublika partiyasının üzvü Q.Arutunyan hakimiyyətlə dialoqda ultimativ tonda danışılmasını yolverilməz adlandırsa da, etiraf edib ki, müxalifətin arsenalında xeyli ədalətli tələb var. Onun fikrincə, Ermənistan hakimiyyəti, ilk növbədə, müxalifətin qaldırdığı problemlərə reaksiya verməlidir.

Söhbət L.Ter-Petrosyanın rəhbərlik etdiyi erməni milli konqresinin (EMK) Ermənistan hakimiyyətinə ünvanladığı 15 maddədən ibarət ultimatumdan gedir. EMK bəyan edib ki, bu ultimatumda yer almış tələblərin əhəmiyyətli hissəsi yerinə yetirilərsə, o, hakimiyyətlə dialoqa başlamağa hazırdır. Amma bu zaman söhbət yalnız bir məsələdən gedə bilər - yaxın aylarda növbədənkənar parlament və prezident seçkisinin keçirilsin.

EMK-nin martın 17-də keçirdiyi və 10 min insanın qatıldığı təkrar mitinqdə isə L.Ter-Petrosyan sərt mövqeyini bir qədər dəyişdi və daha yumşaq danışmağa başladı. Bu, öz növbəsində, hakimiyyətin xoşuna gəldi. Hökumət müxalifətin Matenadaran meydanında mitinq keçirməsinə mane olmadı, L.Ter-Petrosyanın budəfəki çıxışı "daha korrekt" adlandırıldı, EMK-nin bəzi tələblərinin isə artıq yerinə yetirildiyi elan olundu.

Növbədənkənar parlament və prezident seçkisinin keçirilməsi, baş nazirin istefası tələblərinin yerinə yetirilməsindən isə söhbət belə getmir. 

Amma EMK növbədənkənar seçkiyə hazırlaşır. Hökumətdən verilən bəyanatda isə bildirilir ki, növbəti parlament seçkisində EMK parlamentdə müəyyən sayda mandat əldə edə bilər.

L.Ter-Petrosyanın son mitinqdə ultimativ ritorikadan imtinası bəzi erməni analitiklər tərəfindən dövlətçilik düşüncəli şəxsin addımı kimi qiymətləndirilib. Analitiklərin fikrincə, EMK ölkə ictimaiyyətinin əhvalındakı radikallıqdan, sosial-iqtisadi atmosferin son dərəcə qarışıq olmasından istifadə edərək, ictimaiyyətlə hakimyyət arasında əməkdaşlıq yaratmağa, sosial qiyamın qarşısını almağa çalışır.

Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatların və ekspert ictimaiyyətinin Ermənistandakı daxili siyasi vəziyyətə reaksiyası özünü dərhal göstərib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) rəhbəri, səfir Yaneş Lenarçiç Yerevanda keçirilən toplantıda bildirib ki, ATƏT/DTİHB bu ölkədə baş verənləri diqqətlə izləyir. O, Ermənistan hakimiyyətinin islahatların həyata keçirilməsi üçün səyləri davam etdirəcəyinə ümidini ifadə edib.

Brüsselin  Açıq Cəmiyyət Fondunun sədri Jaklin Heyl isə bildirib ki, Ermənistan Avropa İttifaqının meyarlarına uyğun dövlətə çevrilməlidir. O, Ermənistanda həyata keçirilən siyasi islahatların mükəmməl olmadığını söyləyib: "Ermənistanda siyasi vəziyyət əlverişli deyil, siyasi məhbuslar var, söz azadlığı məhdudlaşdırılır. Çox hallarda vədlər verilir, amma biz onların icrasını görmürük".

Ermənistan hakimiyyətinin ünvanına başqa xəbərdarlıqlar da olub. Avropa Yenidənqurma və İnkişaf Bankının hazırladığı və martın 9-da bu qurumun baş iqtisadçısı Erik Berqlof tərəfindən Yerevana təqdim olunmuş hesabata görə, "Qlobal iqtisadi böhrandan sonra Ermənistan iqtisadiyyatı bərpa olunmaqdadır, amma islahatlar zəif gedir". Sənəddə islahatların zəif getməsinin əsas səbəblərindən biri kimi, daxili siyasi vəziyyətin sabit olmaması göstərilib. "Böhrandan ölkədə iqtsadi islahatlar üçün son dərəcə zəruri olan lazımi nəticələr çıxarılmadı və nəticədə, böhran günlərində Ermənistan iqtisadiyyatı sabun köpüyü kimi partladı. Ermənistanın özəlliyi ondadır ki, onun iqtisadiyyatı maliyyə köçürmələri və kapital idxalından asılıdır. Amma böhran zamanı gördük ki, bu inkişaf modeli çox zərifdir. Nəticədə, böhrandan ən ciddi zərbə məhz Ermənistana dəydi", - deyə bankın nümayəndəsi bildirib. Onun sözlərinə görə, Ermənistana daha yüksək, sabit iqtisadi inkişafa kömək edəcək islahatların reallaşdırılması üçün siyasi addımların atılması vacibdir. Bank Ermənistan hökumətinə xüsusilə korrupsiya ilə mübarizəyə, vergi islahatlarına, gömrük inzibatçılığına diqqət yetirməyi tövsiyə edir. Ermənistan sahibkarları və iqtisadçıları arasında keçirilmiş sorğuya görə, biznes mühitinin yaxşılaşdırılmasına korrupsiya, vergi və gömrük inzibatçılığı ilə yanaşı, qeyri-sabit siyasi vəziyyət və iqtisadiyyatın qeyri-formal sektoru da mane olur.

Böyük Britaniyanın ən nüfuzlu ekspert mərkəzlərindən olan "Foreign Policy" də hesabatında bildirir ki, bəzi sahələrdə qeydə alınmış irəliləyişlərə (reallıqdan çox, kağız üzərində) baxmayaraq, Ermənistanda islahatlar çox ləng gedir və bu, xalqın ümidlərini, səylərini puç edir.

Ermənistanda korrupsiya ilə mübarizədən başlamış, yeni koalisiya memorandumu, Ermənistan-Türkyə barışığı, Dağlıq Qarabağ münaqişəsinədək -  həm daxili, həm də xarici siyasi vəziyyəti nəzərə alan ekspertlər hesabatda yazır: "Serj Sarqsyanın bu yaxınlarda islahatlarla bağlı səsləndirdiyi kifayət qədər vacib bəyanatlarına baxmayaraq, hakim partiyanın siyasəti onların reallaşdırılacağına ümid vermir. Dəyişikliklərin seçkiöncəsi hakimiyyətin mövqelərini möhkəmləndirmək üçün əsasən kosmetik xarakterli olacağına dair narahatlıq var. Xalqın və beynəlxalq ictimaiyyətin inamını yenidən qazanmaq üçün rəsmi Yerevan, ilk növbədə, üç əsas istiqamətdə əhəmiyyətli dəyişikliklərə getməlidir: ədliyyə sistemi, söz azadlığı və demokratiyanın inkişafı".

Ermənistan hakimiyyətinin fəaliyyətindən erməni diasporunun nümayəndələri də narazılıq edir. Xüsusilə "erməni vətəndaş cəmiyyəti" insan haqlarının müdafiəsi assosiasiyası (Los-Anceles, ABŞ) Ermənistan hakimiyyətinin heç kəslə hesablaşmadan atdığı addımlara qarşı çıxıb, EMK üzvlərinə, onları dəstəkləyən vətəndaşlara qarşı bütün siyasi təqiblərin dayandırılması tələbini səsləndirib.

Avropa erməni assambleyası isə Ermənistanın səlahiyyətli qurumlarını - parlamentin rəyasət heyətini, parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələri, həmçinin, parlamentin müstəqil deputatlarını ayılmağa, məsuliyyəti üzərlərinə götürməyə çağırıb.

Ermənistandakı daxili siyasi hadisələri analiz edərkən dünyanın aparıcı fövqəldövlətlərinin Cənubi Qafqazda, həmçinin Ermənistandakı maraqlarını da nəzərdən qaçırmaq olmaz.

Ermənistanda baş verənləri dünyanın geosiyasi xəritəsinin 2 fərqli qütbündə dayanmış qüvvələr - Moskva ilə Vaşinqton da diqqətlə izləyir. Hələ fevralın 28-də ABŞ-ın Ermənistandakı səfiri M.Yovanoviç bu ölkədə demokratiyanın dərinləşdirilməsi, siyasi dialoqun gücləndirilməsi üçün "dərin və köklü islahatların vacibliyini" bildirmişdi. Diplomatın fikrincə, vətəndaş cəmiyyətinin üzvləri fəal olmalı, ölkədəki probelmləri ortaya qoymalıdır. Hökumət və digər qurumlar isə buna diqqət göstərməli, mövcud problemləri aradan qaldırmalıdır.

Səfir bildirib ki, yeni ideyalar hökumət məmurlarının monopoliyasındadırsa, iqtisadiyyat çiçəklənə bilməz. "Bütün hakimiyyət hökumətdədirsə, ölkə durğunluqda qalacaq", - deyə Yovanoviç bildirib.

Onun bu çıxışı, əlbəttə ki, Yerevanın xoşuna gəlməyib.

Moskva, öz növbəsində, Yerevana başqa formada təzyiq göstərir. Erməni KİV-in məlumatına görə, Kreml birdən-birə nədənsə baş nazir Tiqran Sarkisyana mənfi münasibət göstərməyə başlayıb və Rusiya S.Sarqsyandan onun dəyişdirilməsini tələb edir. Bu arada "Qazprom" rəhbərliyi Ermənistana satılan qazın qiyməti ilə bağlı danışıqların hələ başa çatmadığını bəyan edib. Halbuki, bundan bir qədər əvvəl Ermənistan üçün qazın qiymətinin dəyişməz qalacağı açıqlanmışdı.

Analiz göstərir ki, Yerevanın yürütdüyü və ona müəyyən dividendlər gətirən "dovşana qaç, tazıya tut" siyasəti bu gün bumeranq kimi Yerevanın özünü vurmağa başlayıb. Hərbi-iqtisadi baxımdan Ermənistan daha çox Rusiyadan asılıdırsa, misli görünməmiş maliyyə axını Qərbdən və orada uğurla yerləşmiş erməni diasporundan gəlir. Amma ermənilər uzun müddət belə oyun oynaya bilməyəcəklər, çünki əsas güc mərkəzləri Yerevan qarşısında artıq birdəfəlik seçim etmək tələbi qoyur.

Ermənistan hökuməti güclü seytnotda və çarpaz təzyiq altındadır. İndi o, müstəqil daxili və xarici siyasət yürütmək imkanını getdikcə daha çox itirir. Məhz bu üzdən Azərbaycan-Rusiya və Türkiyə-Rusiya münasibətlərindəki müsbət tendensiyalar Ermənistanın siyasi isteblişmentində ruh düşkünlüyü yaradır. Martın 16-da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskva müqaviləsinin imzalanmasının 90 illiyi ilə əlaqədar Rusiyaya səfərinə etiraz olaraq, Rusiyanın Yerevandakı səfirliyi qarşısında keçirilmiş etiraz aksiyası da bunun göstəricisidir.

Aksiya iştirakçıları Moskva müqaviləsini 90 ildir uzanan biabırçılıq adlandırıb, bildiriblər ki, Rusiyanın kiminlə istəyirsə qardaşlıq etmək hüququ var, amma bunu "ermənilərin hesabına eləmək" lazım deyil. Aksiya iştirakçıları bəyanatlarını üzərində "Rusiya Federasiyasının Rusiya-Türkiyə müqaviləsi üçün poçt qutusu" yazılmış tabutun içinə atıblar, tabutu  isə diplomatik nümayəndəliyin binası önünə qoyublar.

Erməni hərbi ekspert Ruben Meqrabyan Rusiyanın "Rosvertolyot" şirkətinin Azərbaycana 24 ədəd "M-35M" vertolyotu satmasına dair məlumatlara münasibət bildirərkən deyib: "Tərəflər arasındakı bu razılaşma Ermənistanın Rusiyaya strateji tərəfdaş olmadığını bir daha göstərir. Rusiyanın müttəfiqləri yalnız onun ordusu və donanmasıdır - III Aleksandrın dövründə olduğu kimi. XXI əsrdə isə bu müttəfiqlərin sırasına onun cibi də daxil olub. Medvedevlə Sarqsyanın martın 5-də Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulmuş görüşü ərəfəsində vertolyotların satışına dair məlumatın yayılması mesajdır. Rusiya bu mesajla həm region dövlətlərinə, həm də beynəlxalq ictimaiyyətə kimin regionun yiyəsi olduğunu nümayiş etdirməyə çalışır".

Amma yəqin ki, Yerevana ünvanlanmış daha ciddi və təhlükəli xəbərdarlıq Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktoru Leonid Reşetnikovun dilindən səslənən fikirlərdir. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşü ərəfəsində o, Rostov-Donda keçirdiyi mətbuat konfransında deyib: "Bu gün Ermənistanın Rusiyanın Cənubi Qafqazdakı sarsılmaz tərəfdaşı və müttəfiqi olduğunu əminliklə iddia etmək olmaz. Son bir neçə ildə Ermənistanda həm iqtisadi, həm sosial, həm də siyasi vəziyyət ağırlaşıb. Cənubi Qafqaz ölkələrindən əhalinin yarısı Rusiyaya üz tutub. Onların arasında ziyalılar, Moskvaya dost münasibətində olan şəxslər də var. Ermənistanda yaşayan adi şəxslər narahatlıqla Rusiyanın Qafqazdan gedişi haqda danışırsa, hazırda respublikada yaşamını davam etdirən ziyalılar, dövlət rəhbərliyi başqa fikirdədir. ABŞ Ermənistanda fəallaşıb. Amerikalıların Yerevanda "dünyada ən böyük səfirlik" açması da təsadüfi deyil. Demək, Mərkəzi Kəşfiyyat İdarəsi orada regional iqamətgah tikib. Bu, hər kəsə aydındır. Orada amerikalı diplomat və ya inzibati-texniki personal şəklində 300-400 zabit işləyir. Amerikalıların məqsədi onların Qafqazda Rusiyanın təsiri olmayan məkan yaratmaq planına mane olan son bəndin də aradan qaldırılmasıdır. ABŞ-ın Ermənistanla Türkiyəni barışdırmaq cəhdi də buna hesablanıb. Bir neçə il əvvəl Ermənistana rəhbərlik edən bəzi şəxslərlə söhbətləşmək imkanım olub. Hələ onda onlar təkbətək görüşlərdə deyirdilər ki, ABŞ daha ciddi fövqəldövlətdir, biz niyə Rusiyaya tərəf istiqamətlənək? ABŞ-a yönəlmək daha yaxşı olar və sair. O zaman mən yüksək rütbəli xadimlərdən birinə dedim: ABŞ ölkənin inkişafına pul vermir, o, məsələn, Yerevanda kanalizasiya sisteminin inkişaf etdirilməsi üçün rəhbərliyin zənginləşməsinə xidmət edəcək kredit ayırır. Amerikalılar ölkə rəhbərliyini ələ almağa yönəlmiş məqsədli kreditdən başqa, heç nə vermir. Həmsöhbətimin sifətindən görü-nürdü ki, o, ABŞ-ın bu xətti ilə razıdır. Amerikalıların məhz rəhbərliyə kredit ayırması ideyası onun xoşuna gəlirdi. Rusiyanın Ermənistandakı mövqelərinin zəiflədiyi yaxın 1-2 ildə hiss olunacaq".

Rusiya Xarici Kəşfiyyat Xidmətinin ehtiyatda olan general-leytenantı L. Reşetnikov, çətin ki, təsdiqlənməmiş məlumatlara əsaslansın. Ələlxüsus da nəzərə alınsa ki, o, Ermənistan hakimiyyətinin nümayəndələrindən biri ilə söhbətinin məğzini açıqlayıb. Odur ki, erməni politoloq A.Arzumanyanın düşüncəsini yarıhəqiqət saymaq olar. O, hesab edir ki, hazırda Ermənistanın daxili siyasi meydanında parlament seçkiləri ərəfəsində siyasi qüvvələrin kastinqi keçirilir və Rusiya Yerevanda iqtidarda təmsil olunacaq istənilən qüvvə ilə əməkdaşlıq edəcək. Amma əsl həqiqət ondan ibarətdir ki, Ermənistanın bütün problemləri - həm ağır iqtisadi durumu, həm daxili siyasi qeyri-sabitlik, həm də əhalinin azalması Yerevanın qonşularına qarşı yürütdüyü təcavüzkar siyasətinin nəticəsidir. Və nə qədər ki bu siyasət mehriban qonşuluq siyasəti ilə əvəzlənməyəcək, Ermənistan xarici təsirlərin və daxili siyasi döyüşlərin əsiri olaraq qalacaq.



MƏSLƏHƏT GÖR:

611