5 Dekabr 2025

Cümə, 23:58

«POSTATOM» DÜNYASI GƏLİR?

«Fukusima» AES-də baş vermiş qəza nüvə fəlakəti təhlükəsini yenidən bəşəriyyətin yadına saldı

Müəllif:

01.04.2011

Yaponiyada baş vermiş güclü zəlzələ və onun ardından əmələ gələn sunami çoxsaylı insan tələfatı ilə nəticələndi. Bununla yanaşı, o, «Fukusima-1» Atom-Elektrik Stansiyasında (AES) qəzaya da səbəb oldu. Və bu qəza yenidən bəşəriyyətin yadına saldı ki, nüvə fəlakəti təhlükəsi realdır.

 

«Bütün dünya üçün dönüş nöqtəsi»

Gündoğar ölkədə baş vermiş faciə bütün dünyanı şoka salıb. Bu fəlakət, atom enerjisindən istifadənin nə dərəcədə məqsədəuyğun olması məsələsini də aktuallaşdırıb. Dünyanın aparıcı siyasətçiləri, alimləri, mədəniyyət və din xadimləri bu haqda tutarlı fikirlərini bölüşürlər. Xüsusilə ətraf mühitin mühafizəsi sahəsindəki fəallığı ilə tanınmış Konstantinopol patriarxı I Varfolomey hesab edir ki, «elmə dərin hörmətlə yanaşı, bəşəriyyət üçün bu qədər təhlükəli olan atom enerjisini müxtəlif formalı «yaşıl» enerji ilə əvəzləmək lazımdır».

Avropa İttifaqı da dərhal bu problemin kökündən həll edilməsi üçün fəaliyyətə keçib. Qurum Avropanın atom stansiyalarının gələcəyi ilə bağlı müzakirələrə başlayıb. Köhnə dünyanın aparıcı siyasi mərkəzləri bildirir ki, alternativ enerjinin (bioenerji, külək və günəş enerjisi) fəal surətdə inkişafı vacibdir. Aİ rəhbərliyinin bəyanatlarından belə başa düşülür ki, orta perspektiv üçün ənənəvi yanacaq resurslarına tələbat yüksək səviyyədə qalsa da, bundan sonra atom enerjisi enerji sektorunun lokomotivi olmayacaq.

Bununla yanaşı, bir sıra Avropa ölkələrində atom enerjisinə qarşı kütləvi xalq etirazları keçirilib. Ayrı-ayrı dövlətlər, xüsusilə İsveçrə və Almaniya AES-lərdən tam imtina qərarı verib. Bu haqda daha kəskin müzakirələrə Almaniyada rast gəlinir. Burada, demək olar ki, hər gün AES-lərin fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilir. Nümayişçilər kansler Angela Merkelin ötən il ölkədəki 17 AES-in fəaliyyət müddətinin daha 12 il müddətinə uzadılması haqda qərarını da tənqid edir. Bu məsələdə Almaniya KİV də nümayişçilərdən geri qalmır.

«Tarix göstərir ki, imkan yaranan kimi, almanların əksəriyyəti atom enerjisinin əleyhinə birləşir. «Fukusima» alman debatlarına ciddi təsir göstərəcək böyük səbəbdir», - deyə nüfuzlu «Spiegel» jurnalı yazır.

«Financial Times Deutschland» isə bu haqda aşağıdakı fikirlərə yer ayırıb: «Yaponiyada baş verənlər yaddaşlarda kədərli məqam kimi qalacaq. Çernobıl Avropaya birbaşa təsir göstərmişdi. Uzaq Yaponiyadakı faciə bizə, yəqin ki, o qədər də ciddi təsir etməyəcək. Amma onun enerji istehsalının gələcəyinə təsiri olacaq. «Fukusima» göstərir ki, biz hətta ən müasir AES-lərin belə təhlükəsizliyinə arxayın ola bilmərik. Əgər Almaniya üçün zəlzələ təhlükəsi yoxdursa belə, Yaponiyada olduğu kimi, soyuducu sistemdə problemlər ən müxtəlif yanlışlıqlar üzündən meydana gələ bilər. Bu, bütün dünyada mümkündür».

İndiyədək AES-lərin gələcək fəaliyyətinin tərəfdarı kimi çıxış etmiş Almaniya kasleri Angela Merkel özü Yaponiyada baş vermiş kataklizmlər fonunda mütəxəssislərə ölkəsindəki AES-lərin durumunun yoxlanılmasını tapşırıb. Ən əsası isə Merkel 17 AES-in fəaliyyət müddətinin uzadılmasına dair özünün verdiyi qərarın 3 ay müddətinə təxirə salınmasını tapşırıb. «Yaponiyada baş verənlər bütün dünya üçün dönüş nöqtəsi olmalıdır. Yaponiya kimi yüksək texnologiyaların inkişaf etdiyi ölkədə bu halın baş verməsindən sonra əvvəlki rejimdə fəaliyyətin davam etdirilməsi yolverilməzdir. Yaponiyada atom enerjisinin səviyyəsi ən yüksək standartlara cavab verirdi», - deyə Merkel qeyd edib.

İndi Almaniyada söhbət 2017-ci ildə bu ölkənin atom enerjisindən tam imtina edə biləcəyindən gedir. Bundan başqa, kansler Aİ və ona qonşu ölkələrdəki bütün AES-lərin təhlükəsizliyinin yoxlanılmasını lazım bilir. Aİ-nin Brüsseldə keçirilmiş sammitində Merkel bildirib ki, 2011-ci ilin sonuna Avropa İttifaqı ərazisindəki AES-lərin təhlükəsizlik səviyyəsi yoxlanılacaq. Nöqsanlar ortaya çıxacağı təqdirdə isə reaktorların fəaliyyəti ya dayandırılacaq, ya da onlar yenidən qurulacaq.

Analoji mövqeni Fransa prezidenti Nikola Sarkozi də ortaya qoyub. O bildirib ki, Avropada testdən keçməyən bütün AES-lər bağlanacaq.

Aİ liderləri hesab edir ki, bu yanaşma yalnız milli və Ümumavropa səviyyəsində deyil, ümumdünya səviyyəsində olmalıdır. Amma bəşəriyyətin atom enerjisindən tam imtina ilə bağlı həmrəy qərar verəcəyi inandırıcı görünmür. Çünki o yalnız Qərbdə deyil, Asiyanın Çin, Hindistan, Cənubi Koreya kimi sürətli inkişafda olan ölkələrində də iqtisadiyyatın əsasını təşkil edir. Bundan başqa, bəzi dövlətlər, məsələn, İran nüvə fövqəldövləti olmaq üçün var gücü ilə çalışır.

Hazırda dünyanın 29 ölkəsində 442 reaktor işləyir, 65 yeni AES tikilir. Əsas nüvə fövqəldövlətlərindən olan Rusiyanın rəhbərliyi isə öz fəaliyyəti ilə göstərir ki, Yaponiya AES-də baş verənlər onun yeni nüvə stansiyaları tikmək planına təsir göstərməyəcək. Moskvanın bu mövqeyinə Çernobıl faciəsi belə, təsir göstərməyib. «Atom enerjisinin inkişafının vacib olduğunu düşünürük», - deyə «Rosatom» rəhbərinin müavini Aleksandr Lokşin bildirib.

Rusiyanın aparıcı ekspertləri ölkə rəsmilərinin Yaponiyada baş verənlərin Rusiyada təkrarlanmasının mümkünsüzlüyünə dair bəyanatlarına son dərəcə bədbin yanaşır. Onlar hesab edir ki, qəza vəziyyəti Rusiya da daxil olmaqla, istənilən AES-də yarana bilər. Nəzərə alsaq ki, Rusiyada AES-lər 100 minlərlə əhalisi olan şəhərlərə yaxın ərazilərdə yerləşir, bunun nəticəsi çox acınacaqlı ola bilər.

 

Metsamor təhlükəsi

Cənubi Qafqaz ölkələri və ona bitişik regionlar üçün hələ ötən əsrin 70-ci illərində Ermənistanda inşa olunmuş «Metsamor» AES ciddi təhlükə yaradır. Regionun ən yoxsul dövləti olan, ciddi iqtisadi böhran yaşayan Ermənistanda AES-in təhlükəsiz fəaliyyətinin təmini imkanlarının məhdud olması bu təhlükəni daha da artırır. Əgər yüksək texnologiyaların inkişaf etdiyi Yaponiya AES-də qəzanın qarşısını ala bilmirsə, günü-gündən tənəzzülə gedən Ermənistanda atom təhlükəsizliyi sahəsində layiqli intellektual zirəkliyə necə ümid etmək olar?

O da nəzərə alınmalıdır ki, Ermənistan da Yaponiya kimi seysmik aktivliyin yüksək olduğu ərazidə yerləşir. Məhz bu səbəbdən, rəsmi Yerevan Avropa Şurasına qəbul edilən zaman «Metsamor» AES-in bağlanacağına dair öhdəlik götürüb. Lakin o vaxtdan 10 ildən çox vaxt keçsə də, stansiya heç nə olmamış kimi, fəaliyyətini davam etdirir.

Avropa qurumları «Metsamor»un qapadılmasına israr etsə də, nəticə yoxdur. Onlar anlayır ki, faciə baş verəcəyi təqdirdə, onun fəsadlarını yalnız Ermənistan deyil, bütün qonşu ölkələr hiss edəcək.

Xatırladaq ki, Ermənistanda AES 1988-ci ildə baş vermiş zəlzələdən sonra bağlanmışdı. O zaman stansiya 5 ildən artıq müddətdə fəaliyyətsiz qaldı. Lakin sonradan Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində təcrid duruma düşən və elektrik enerjisi çatışmazlığı ilə üzləşən Ermənistan yenidən AES-i işə saldı.

Yaponiyada yaşananlar isə bir daha göstərir ki, «Metsamor» AES birdəfəlik qapadılmalıdır. Bunu Ermənistana qonşu olan bütün dövlətlər, xüsusilə Türkiyə tələb edir. Türkiyənin enerji naziri Taner Yıldız bu günlərdə xatırladıb ki, «Metsamor» onun ölkəsinin sərhədlərindən cəmi 16 kilometr aralıda yerləşir və bu stansiya dünyanın ən köhnəlmiş AES-lərindən biridir. «Orada köhnə texnologiyalardan istifadə olunur və bu stansiya faciənin episentrinə çevrilə bilər. Bu səbəbdən, Türkiyə «Metsamor» AES-in qapadılması istiqamətində kampaniyanı davam etdirəcək», - deyə T.Yıldız bildirib.

Sözügedən stansiyanın qapadılmasını Ermənistandan MAQATE də tələb edir. Aİ də bu fikirdədir. Qurum Ermənistan AES-i ən köhnə, Şərqi Avropa ölkələrində mövcud olan 66 AES-in ən təhlükəlisi sayır. Hətta Brüssel «Metsamor» AES-in qapadılması üçün xeyli (200 milyon avro) vəsait də ayırmağa hazırdır.

Məşhur britaniyalı fizik Frank Bernebi də bu haqda vacib bəyanatla çıxış edib: ««Metsamor» kimi AES-lərdə təhlükəsizlik prosedurları köhnəlib. Müasir AES-lər daha təhlükəsizdir. Amma zəlzələ halında onlarda da ciddi qəzaları istisna etmək olmaz».

Ermənistanın özündə isə deyəsən, AES-in qapadılması haqda ciddi düşünən yoxdur. Ermənistanın Nüvə Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Dövlət Komitəsinin rəhbəri Aşot Martirosyan bu haqda kifayət qədər həyasız fikir səsləndirib: «Bu sizin üçün avtomobilinin mühərrikini söndürmək deyil! Şübhəsiz, hər bir ölkə təhlükəsiz enerji mənbəsinə sahib olmaq arzusundadır. Amma hələ ki təhlükəsizlik tədbirlərinin səviyyəsini artırmaqla, əlimizdə olandan çıxış etməliyik. Bizim AES-də bu aşağı səviyyədə olsaydı, özümüz onun qapadılmasının qeydinə qalardıq».

Tarixi təcrübə göstərir ki, dünyanın Ermənistanı nəyəsə razı salması mümkünsüz məsələdir. Bu işdə, yəqin ki, «Fukusima»dakı faciənin də heç bir köməyi olmayacaq. Bəlkə də erməni məmurların «Metsamor» AES-in təhlükəsizliyinə belə əmin olmasına «Rosatom»un stansiyanı müasirləşdirməyə qərar verməsi təsir göstərir. Amma Yerevanın bu müasirləşdirilmənin regionun radiasiya təhlükəsizliyinə zəmanət olacağına dair xülya qurmasına dəyərmi?

Bu baxımdan, enerji üzrə ümumdünya informasiya xidmətinin eksperti, ABŞ-ın Nüvə İnformasiyası və Resurslar Xidmətinin Direktorlar Şurasının üzvü, Rusiyanın «Ekozaşita!» ekoloji qrupunun həmsədri Vladimir Slivyakın fikirlərinə nəzər salmaq yerinə düşər: «Hələ 2 həftə əvvəl AES-lərin «təhlükəli olması» mövzusunu müzakirə etmək səfehlik sayılardı. Dövlətin birinci şəxsləri, həmçinin, «Rosatom»un rəhbəri Sergey Kiriyenko ildə bir neçə dəfə ruslara atom enerjisinin Rusiyanın malik olduğu enerjilərdən ən təhlükəsiz, ucuz, ekoloji enerji olduğunu bildirir, onu yaxşı qiymətə ixrac etməyə hazır olmalarından danışırdı. Təəssüf ki, reallıq siyasətçilərin çıxışlarından daha kədərlidir: Rusiyadakı 32 reaktordan 22-si kifayət qədər köhnə və təhlükəlidir. Onlar layihəçilər tərəfindən müəyyənləşdirilmiş 30 illik istifadə müddətini ya bitirmək üzrədir, ya da artıq bitirib».

Odur ki, bu və ya digər dövlətin sözügedən məsələyə münasibətindən asılı olmayaraq, atom təhlükəsi bütünlükdə bəşəriyyət üçün təhlükə olaraq qalır. «Fukusima»dakı qəzadan sonra atom enerjisinin təhlükəsizliyi haqda mif birdəfəlik dağıldı. İndi məsələ, sadəcə, bəşəriyyətin hansı enerji yolunu seçəcəyindədir.

Yuxarıda adını çəkdiyimiz «Spiegel» jurnalı isə yazır: «Robotlar və elektromobillər ölkəsindəki nüvə faciəsi dönüş nöqtəsidir. «Fukusima» nəzarət olunan nüvə gücü arzusunun sonu və bu enerjini nəzarətdə saxlamaq iqtidarında olmadığımızın etirafıdır».

Almaniya jurnalı dərc etdiyi partlayışın şəklinin altında belə yazıb: «Fukusima», 12 mart 2011-ci il, 15:36. Atom erasının sonu».

Bu fikrin peyğəmbərcəsinə söylənmiş şüar olub-olmaycağı bəlli deyil. Amma bəşəriyyətin sağ qalması, yəqin ki, onun özü üçün yeni, «postatom» səhifəsini aça bilib-bilməyəcəyindən asılı olacaq.



MƏSLƏHƏT GÖR:

529