13 Mart 2025

Cümə axşamı, 23:58

FİRONLARIN LƏNƏTİ

Və ya Yaxın Şərqdə yeni geosiyasi cizgilərin çalarları

Müəllif:

01.03.2011

Son vaxtlar bir sıra ərəb ölkəsini bürümüş çaxnaşmalar dünya geosiyasətinin mərkəzi mövzusuna çevrilib. Müxtəlif səviyyələrdə həmin hadisələrin arxasında duran səbəbləri, onların həmin ölkələr üçün mümkün nəticələrini, bütövlükdə dünyanın geosiyasi mənzərəsində edə biləcəyi təsirləri təhlil edirlər. Ərəb cəmiyyətlərini bürümüş silkələnmələrin daha geniş miqyasda təsir göstərə biləcəyi barədə düşünməyin əsası vardır. Məsələ ondan ibarətdir ki, həmin hadisələr bütövlükdə ərəb dövlətlərinin siyasi quruluşunun demokratikləşdirilməsi və müasirləşdirilməsi, iqtidarın sosial siyasətinin daha çox xalqın rifahının yaxşılaşdırılmasına yönəldilməsi və əhalinin hüquqlarının qorunması tələblərini əhatə edir. Eyni zamanda, bu hadisələr uzun müddətdir ki, olduqca həssas olan bir geosiyasi məkanda baş verir. Ona görə də dünyanın böyük dövlətlərinin başçıları bu və ya digər şəkildə ərəb ölkələrində cərəyan edən proseslərə münasibət bildiriblər. Öncə həmin proseslərin məzmununa və daxili siyasi əsaslarına nəzər salaq.

 

“Aşağılar”ın “yuxarılar”a etirazının anatomiyası

İnsanlar birbaşa siyasi idarəçiliyə və sosial siyasətə etiraz edirlər. Bu etirazlar bir qədər öncə yayılmış ABŞ-ın diplomatik yazışmalarına əsaslanır. Ərəb ölkələrinin vətəndaşları həmin informasiyalarda dövlət başçıları ilə bağlı verilən məlumatların doğruluğuna inanmış kimi hərəkət edir və öz dövlət başçılarından məsuliyyət daşımalarını istəyirlər. Məsələn, Misirdə Hüsnü Mübarək artıq istefa versə də, kütlə hələ də sakitləşə bilmir. Eyni proseslər Liviya, Bəhreyn, İordaniya, Yəmən və Əlcəzairdə də gedir. 

Məsələnin başqa tərəfi idarəetmədə demokratik prinsiplərə əməl edilməməsi ilə bağlıdır. Əminliklə demək olar ki, məsələn, misirlilər cəmiyyətin açıq olmasını istəyirlər. Türkiyə və Pakistanda misirlilərə dəstək mitinqlərindəki şüarlar da bu qənaəti təsdiqləyir. Minlərlə türk və pakistanlı misirliləri məhz demokratik tələblərinə görə dəstəklədiklərini deyirlər. Deməli, proseslərin anatomiyasında hakimiyyətin sosial siyasətinə və idarəçilik fəlsəfəsinə etirazlar mühüm yer tutur. Bununla demək olar ki, ərəb ölkələrində müşahidə edilən bu silkələnmələr, əslində, cəmiyyətlə hakimiyyət arasında uçurumun yaranmasının və onun getdikcə dərinləşməsinin nəticəsidir. Buna bəzi müsəlman ölkələrində, əsasən, Türkiyədə demokratiyanın inkişaf etməsi də ciddi təsir edir. Digər səbəb olaraq ərəb dövlətlərində insanların həqiqətən Qərb dövlətlərinin vətəndaşlarından aşağı səviyyədə həyat tərzi keçirməsinə bağlıdır. 

Nəhayət, bir geosiyası məqamı unutmaq olmaz. Biz, Fələstin-İsrail münaqişəsinin uzun illərdir ki, bölgənin inkişafının buxovuna çevrilməsini nəzərdə tuturuq. Görünür, dünya siyasətinin maraqlı oyunçuları münaqişənin həlli üçün mövcud siyasi qüvvələrin həm ərəb ölkələrində, həm də İsraildə yeniləşməsini istəyirlər. Çünki təcrübə göstərir ki, onlar problemi həll etmək üçün səmərəli yanaşmaya malik deyillər. Deməli, birincisi, ərəb ölkələrindəki çaxnaşmalar mütləq iqtidar dəyişikliyi ilə sonuclanacaq; ikincisi, İsraildə də oxşar proseslərin (mümkündür ki, daha dinc və sivil formada) baş verməsi gözlənilir. Hər bir halda vahid geosiyasi məkanda ciddi dəyişikliklər gedirsə, bu, birtərəfli ola bilməz. Bölgənin digər ölkələri də dəyişməlidir. ABŞ prezidenti Barak Obama Türkiyəyə səfəri zamanı baş nazir Ərdoğana ilk sözü belə olmuşdu: “Biz dəyişdik, siz də dəyişməlisiniz”. Görünür, ABŞ bu fikir altında, ümumiyyətlə, Yaxın və Orta Şərqdə siyasi ab-havanın dəyişməsi üçün konkret dövlətlərdə idarəetmənin, sosial siyasətin dəyişməsini, demokratikləşmənin sürətlənməsini nəzərdə tutmuşdur. Bütün bunlar ərəb ölkələrində baş verən proseslərin bir tərəfinin bölgənin geosiyasi durumuna bağlı olduğunu göstərməkdədir. O baxımdan bəzi məqamlara diqqət yetirmək ehtiyacı yaranmışdır.

 

Ərəb dünyası və İran: bulanıq sular nə vaxt durulacaq?

İran məsələsinin bu proseslərə aidiyyəti olmadığını düşünmək, bizcə, konstruktiv davranış deyil. Çünki demokratik dalğanın Qərbdən Şərqə doğru getdiyi tezisi qəbul edilirsə, İran bu “marşrut”da çox mühüm “məntəqə”dir. Ərəb ölkələrində baş verən hadisələrə iki aspektdə baxmaq olar. Birinci aspekt enerji təhlükəsizliyi ilə bağlıdır. İran məsələsi həll edilməyincə, Qərbin enerji təhlükəsizliyi sistemi tam işləyə bilməyəcək. Hazırda dünya bazarında neftin qiymətinin sürətlə artması bu fikri təsdiq edən faktlardandır. İkincisi, İranda demokratik rejimin qurulması məsələsi aktuallığını saxlamaqdadır. Ərəb ölkələrindən başlanan dalğa İranı da tutmalı idi və tutdu da. Ərəblər dəyişsələr, İran Qərbə qarşı bir çox dayaqdan məhrum olur. Belə ki, İran ərəb dünyasının bir qisminə nümunə ola bilməyəcək. Digər tərəfdən, İrana bağlı olan bir sıra radikal qruplaşmaların fəaliyyəti ciddi çətinliklərlə üzləşəcək. Müsəlman ölkələri cəmiyyətlərinin demokratikləşməsi mütləq İran cəmiyyətinə təsir edəcək. Artıq onun ilk çalarları da görünür - iranlılar rejimin dəyişməsini tələb etməyə başlayıblar. Bununla yanaşı, İran məsələsinin asan həll ediləcəyini gözləmək sadəlöhvlük olardı. Bəzi dini qruplaşmaların tarixi və hazırkı dövrdə baş verən siyasi proseslərə münasibəti prizmasından məsələyə nəzər saldıqda, həmin tezisin mənası aydın olur. Söhbət uzun müddətdir ki, Yaxın və Orta Şərqdə fəaliyyət göstərən dini təşkilatların ərəb ölkələrində gedən proseslərə münasibətindən gedir. Bu sırada iki təşkilat üzərində dayanmaq olar.

 

“Qırmızı xətt”in o tərəfində olan oyunçular

İslam bayrağı altında yaranmış qruplaşmalar, bir qayda olaraq, Qərb siyasi dairələri tərəfindən qanundankənar elan edilib. Bunun nə dərəcədə düzgün olması məsələsi başqa mövzudur. Reallıq ondan ibarətdir ki, İslam dini ilə bağlı olan qurumların siyasi fəaliyyəti narahatlıqla qarşılanıb. 

Bütün bunlara baxmayaraq, bir sıra İslam qruplaşmaları siyasi mühitə təsir etmişlər, hətta bəzi hallarda hakimiyyət məsələsinin taleyini həll etmişlər. Misirdə yaranmış “Müsəlman qardaşları”nın timsalında bunu görmək olar.   

Misirdə baş verən hazırkı hadisələrdə “Müsəlman qardaşları”n adı tez-tez çəkilir. Bu təşkilatın yeni hökumətdə təmsil olunduğu haqqında məlumatlar vardır. Bəs bu nəyi ifadə edir? İslam bayrağı altında fəaliyyət göstərən qrup üzvlərinin ərəb ölkələrindəki hakimiyyətdə təmsilçiliyi necə qarşılanacaq? Bütövlükdə bu kimi faktorlar İslam ölkələrinin demokratikləşməsinə necə təsir edəcək? Bunabənzər suallar qüvvəsində qalmaqdadır. Ona görə də İranın “qırmızı xəttin o tərəfində olan” oyunçuların siyasi meydanda “qanuniləşməsindən” hansı yöndə istifadə edəcəyi məsələsi açıqdır. 

 

Yekun

İstənilən halda ərəb ölkələrində insanlar cəmiyyətdə yeniliklər tələb edirlər. Yaxın və Orta Şərqdə həyat səviyyəsinin Qərb ölkələrindən xeyli geridə qalması da öz təsirini göstərmişdir. Görünür, böyük bir geosiyasi məkanda çox ciddi dəyişikliklərə gətirib-çıxaracaq hadisələr artıq başlamışdır. Beynəlxalq siyasət prizmasından baxanda onun bir neçə səbəbi üzərində dayanmaq lazımdır. Birincisi, Yaxın və Orta Şərqdə böyük dövlətlərin geosiyasi qarşıdurması son dərəcə gərgin hala gəlib. Qərb ölkələri ilə Rusiya bu bölgəyə nəzarət uğrunda yeni mərhələdə savaşırlar. Rusiya prezidenti Dmitri Medvedevin Fələstinə son səfəri zamanı yayılan məlumatlar bunu təsdiqləyir. Digər tərəfdən, Qərbin, ilk növbədə, ABŞ-ın yüksəksəviyyəli rəsmi şəxslərinin mütəmadi olaraq həmin regiona səfərlər etməsi unudulmamalıdır. İkincisi, İraq məsələsinin həlli üçün Yaxın və Orta Şərqdə geosiyasi mənzərə dəyişməlidir. Çünki İraqda Qərbi qane edən rejimin qalması və qlobal enerji təhlükəsizliyi sisteminin tamamlanması üçün neftlə zəngin ərəb ölkələrində təminatlı sabitlik olmalıdır. Korrupsiya və tayfa psixologiyasına əsaslanan cəmiyyətdən bunu gözləmək mümkün deyildir. İraqın təhlükəsizliyi bütün regionun təhlükəsizliyindən birbaşa asılıdır. Bölgədə separatçı və radikal qüvvələrin fəaliyyətinə imkan verməyən siyasi rejimlər olmalıdır. Üçüncüsü, indi məlum olur ki, ABŞ-dan sızdırılan məlum diplomatik informasiyalar konkret siyasi və geosiyasi məqsədlər güdürmüş. Bu prosesin ən sonunda nələrin dayandığını anlamaq üçün ərəb ölkələrində gedən prosesləri dəqiq izləmək gərəkdir. Dördüncüsü, əsas hədəf İrandır. Əgər ərəb dövlətləri demokratikləşsə, onda iranpərəst radikal dini qruplaşmalar neytrallaşmış olur. Əsas isə odur ki, İran digər müsəlman ölkələrində demokratik ab-havanın gücləndiyini duymuş olur. Bundan sonra İranı silkələmək və siyasi rejimi yeniləşdirmək üçün şans artır. Deməli, Qərb bu dəfə daha incə və təsirli bir yol seçib - İranı geosiyasi və siyasi mənalarda təcrid etmək. Obrazlı desək, “iqtisadi sanksiyaları ideoloji sanksiyalar” əvəz etməkdədir. 



MƏSLƏHƏT GÖR:

365