
«MÜHARİBƏ RİSQİ QALIR»
Rusiyalı politoloq Mixail Vinoqradov 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivləri haqqında proqnozlarını «R+»la bölüşüb
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində hələ ki prinsipial irəliləyiş real görünmür. Bunu jurnalımıza müsahibəsində rusiyalı politoloq, «Peterburq siyasəti» fondunun prezidenti Mixail Vinoqradov bildirib. O, bədbinliyini tərəflərin hələ kompromislərə hazır olmaması ilə əsaslandırır.
Politoloq danışıqların nəticə verməməsini, eyni zamanda, ATƏT-in Minsk qrupunun fəaliyyətində çatışmazlığın olması ilə də əlaqələndirir. Vinoqradovun fikrincə, vasitəçilərin aktivinə yazılması mümkün olan yeganə məqam münaqişə zonasında hərbi əməliyyatların olmamasıdır.
Bununla yanaşı, M.Vinoqradov hesab edir ki, Qarabağ probleminin həllində vasitəçilərin fəallığı bu il də davam edəcək. Bu baxımdan o, xüsusilə Rusiyanın adını çəkir.
- ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə müqayisədə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha böyük fəallıq nümayiş etdirir. İl hələ yenicə başlayıb, lakin artıq münaqişə tərəflərinin xarici işlər nazirləri arasında Rusiyanın vasitəçiliyi ilə bir görüş keçirilib. Bu, Moskvanın 2011-ci ildə də Qarabağ probleminin həllində fəal olacağı anlamına gəlir, yoxsa Dövlət Dumasına seçki ilində diqqət daha çox daxili siyasi məsələlərə yönəldiləcək?
- Düşünürəm, bu məsələdə seçkiqabağı vəziyyətin həlledici rolu yoxdur. Rusiyada daxili siyasi vəziyyət o qədər də sadə deyil. Amma onun xarici siyasi məsələlərlə məşğul olmağa maneə yaradacaq səviyyədə olduğunu da söyləmək olmaz.
Prinsipcə, seçki ilə xarici siyasətin birbaşa əlaqəli olduğunu söyləmək olmaz. Bundan başqa, Ermənistanla Azərbaycanın münasibəti Rusiyada elektoral əhəmiyyət daşımır və o, istənilən halda parlament seçkisinin gedişinə təsir göstərməyəcək.
Rusiya, ilk növbədə, regionda müharibənin olmamasında maraqlıdır. Odur ki, vəziyyət müharibənin başlaya biləcəyini göstərərsə, yaxud Moskvada Yerevan-Bakı danışıqlarında hansısa irəliləyişin əldə olunması şansının yarandığını hiss edərsə, o, daha fəal sülhməramlı səylər göstərəcək.
Ümumilikdə aydındır ki, nail olunacaq maksimum nəticə müharibəyə imkan verilməməsidir. Azərbaycanla Ermənistan arasındakı ərazi mübahisəsində prinsipial irəliləyiş hələ ki mümkün görünmür.
- Rusiyanın Cənubi Qafqaz siyasətindəki hədəflərini necə xarakterizə edərdiniz?
- Rusiya, ilk növbədə, regionda müharibənin olmamasına çalışır. Çünki Moskva ona bu və ya digər formada cəlb olunacaq. Odur ki, hansı yolla olur-olsun, hərbi əməliyyatlardan qaçmaq vacibdir. Rusiya üçün Qarabağ münaqişəsinin nəticəsinin necə olacağı maraqlı deyil. Status-kvo qalacaq, ərazi mübadiləsi olacaq, yoxsa bu region bütövlükdə dövlətlərdən birinin ərazisinə qatılacaq.
- Belə fikir var ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın Ermənistan və Azərbaycan üçün aktuallığını azaldacaq...
- Birincisi, hələ ki bu münaqişənin həlli mümkün görünmür. İkincisi, Rusiya üçün Ermənistan və Azərbaycanla münasibətlərdən Gürcüstan istiqaməti daha vacibdir. Bu gün Moskva Bakı və Yerevanla sıx münasibətlər yaradıb. Ona görə də Dağlıq Qarabağ münaqişəsi, Gürcüstana təzyiq vasitəsinə çevrilmiş Abxaziya və Cənubi Osetiya münaqişələrindən fərqli olaraq, manipulyasiya aləti deyil.
Moskvanın Abxaziya və Cənubi Osetiyada istifadə etdiyi taktika Qarabağ məsələsində istifadə olunmur. Odur ki, Rusiyanın Qarabağ münaqişəsinin həllinin onun regiondakı rolunu azaldacağından ehtiyatlandığını düşünmürəm.
- ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar 16 ildən artıqdır ki, davam edir. Danışıqların formatının dəyişdirilməsi nə qədər məqsədəuyğundur?
- Heç kəs münaqişənin həllindəki danışıqlar prosesində yeni sxemin axtarışını qadağan etməyib. ATƏT-in Minsk qrupunun nailiyyəti hərbi əməliyyatların olmaması, uğursuzluğu isə sülh razılaşmasının hələ də əldə edilməməsindədir. Hazırda problemin həlli utopiya təsiri bağışlayır. Ən yaxşı halda, münaqişənin dondurulmasından danışmaq olar.
- ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərini necə qiymətləndirirsiniz? Vaşinqtonun bu məsələdəki passivliyi nə ilə bağlıdır?
- Ağ ev üçün Qarabağ probleminin prinsipial rol oynamadığına şübhə yoxdur. Onlar da müharibənin bərpa olunmamasını istəyir. Ümumiyyətlə, Cənubi Qafqaz ABŞ üçün prioritet deyil. Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinə diqqəti həmişə daha böyük olub.
- Bu il Qarabağda müharibənin bərpa risqi nə qədərdir?
- Bu ehtimal hər zaman var. Qarabağda atışma gedir, tərəflər hərbi bəyanatlar səsləndirir. Odur ki, belə ehtimal var. Amma o, çox yüksək deyil.
- Bəs ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri arasında kompromisin tapılması mümkündürmü?
- Bu iki ideoloji fantom real siyasət məkanından kənardadır. Siyasət kompromislər meydanıdır. Düşünürəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin daha rasional həlli ərazi mübadiləsidir. Amma bu, ərazi bütövlüyü və müqəddəratı təyinetmə prinsiplərinə uyğun deyil. Üstəlik, münaqişə tərəflərinin ictimaiyyətləri də bu varianta hazır deyil.
- Ermənistan müxalifəti 2008-ci ilin qanlı mart hadisələrinin ildönümündə Yerevanda hökumət əleyhinə kütləvi aksiyalar keçirmək niyyətindədir. Onların əsas tələbi isə hakimiyyətin istefasıdır. Serj Sarqsyanın hipotetik devrilməsi Ermənistan-Rusiya münasibətlərinə necə təsir göstərə bilər?
- Rusiyanın dəstəyi Ermənistan hakimiyyətinin nüfuzunun yeganə mənbəyi deyil. Hazırda Ermənistana rəhbərlik edən Qarabağ klanının bilavasitə öz gücü də var. Rusiya hazırkı hakimiyyətə nadir istisnalarla dəstək verir. Bəzi hallarda bu, Qırğızıstanda olduğu kimi, o qədər də böyük həvəslə edilmir. Bu qədər böyük «allergiya» mənbəyi olmasa, Kreml Ermənistanda hakimiyyətdə olacaq istənilən qüvvə ilə əməkdaşlığa hazır olar. Amma Ermənistanın hazırkı hakimiyyəti Moskva üçün daha komfortludur.
- Sizə də bəlli olduğu kimi, bu yaxınlarda Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozunun Azərbaycan və Türkmənistana səfəri zamanı Xəzər qazının Avropaya nəqlinə dair müəyyən razılaşma əldə edilib. Rusiyanın Avropa İttifaqının lobbiçilik etdiyi «Cənub dəhlizi» layihəsinə mənfi münasibətini nəzərə alsaq, «Nabucco» layihəsinin reallaşdırılması Cənubi Qafqazdakı vəziyyətə necə təsir göstərə bilər?
- Rusiya üçün «Nabucco» layihəsi bu və ya digər vəziyyətlərdə qıcıqlandırıcı təsir bağışlaya bilər. Amma Moskvanın enerji sahəsində xarici tərəfdaşlarla münasibətləri fərqlənir. Məsələn, Moskva bu məsələdə Ukraynaya ənənəvi olaraq, qısqanclıqla yanaşır. Türkmənistan hakimiyyətinə isə çox şeyə imkan verilir.
Əlbəttə, Rusiya bu layihənin reallaşdırılmasını alqışlamır. Amma Azərbaycana münasibətdə hansısa köklü dəyişikliklər də gözlənilən deyil. Rusiya bu layihənin iqtisadi səmərəliliyinə şübhə edir. «Nabucco»nun Dağlıq Qarabağ münaqişəsinin həllinə də hansısa dərəcədə xeyir verə biləcəyini düşünmürəm.
MƏSLƏHƏT GÖR: