5 Dekabr 2025

Cümə, 21:35

BİRİNCİ RAUND: HESAB AÇILMADI

Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki builki vasitəçiliyinin nəticəsı necə olacaq?

Müəllif:

01.02.2011

Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində şəxsi vasitəçiliyini davam etdirir. Yanvarın 24-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları arasında keçirilmiş görüşün nəticəsi həm Bakıda, həm də Yerevanda maraqla müzakirə edilməkdədir. Görüşlə bağlı rəsmi açıqlama qısa, nikbin və həmişəki kimi, «xəsis» olub. Nə Bakı, nə də Yerevan onun təfərrüatlarını açıqlamağa tələsir.

Rusiya Xarici İşlər Nazirliyi rəsmisi Aleksandr Lukaşeviç isə görüşlə bağlı şərhində deyib: «Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları prezidentlərin 2010-cu il oktyabrın 27-də Astanada keçirilmiş üçtərəfli sammitdə verdikləri tapşırıqlar nəzərə alınaraq müzakirə edilib. Ötən 3 ay ərzində bu, nazirlərin 4-cü görüşüdür. Bu, həmin formatda aparılan işin intensivliyinin göstəricisidir».

Rusiyalı diplomatın sözlərinə görə, görüşdə ATƏT-in MQ həmsədrlərinin regiona mümkün səfəri də müzakirə olunub.

Bəyanat, yumşaq desək, şərh üçün geniş meydan verir. İlk növbədə, həmsədrlərin regiona səfəri ilə bağlı müzakirə açıq-aydın göstərir ki, Rusiyanın vasitəçiliyi ATƏT-in Minsk qrupuna «rəqib» və ya «əvəz» deyil. Qeyd edək ki, Rusiya bu qrupda ABŞ və Fransa kimi, həmsədr statusuna malikdir.

Bundan başqa, Lukaşeviçin sözləri həm danışıqlarda kifayət qədər ciddi nəticələr olduğunu düşünməyə əsas verə, həm də «irəliləyişə ümid» sayıla bilər. Bir tərəfdən, həmsədrlərin regiona səfəri ənənəvi hadisədir. Digər yandan, Azərbaycan danışıqlar xətrinə danışıqlar aparmayacağını dəfələrlə bəyan edib. Diplomatik dilə çevirdikdə bu o deməkdir ki, vasitəçilərin regiona gəlmələri prosesi yalnız «ölü nöqtə»dən tərpətmək şanslarının olduğu halda mənalı sayıla bilər.

Bununla yanaşı, görüş ərəfəsində onunla bağlı proqnozlar da müxtəlif idi. Ona tam şübhə ilə yanaşanlar da, nikbin düşüncədə olanlar da vardı. Məsələn, Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin istiqamətini müəyyənləşdirməlidir.

Ekspertlər öz növbələrində digər məqama diqqət çəkirdi: regiondakı son geosiyasi dəyişikliklərə baxmayaraq, Moskva əvvəlkitək həm Ermənistana, həm də Azərbaycana təsir göstərmək üçün unikal imkanlara malikdir. Üstəlik, Kremldə yaxşı anlayırlar ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həlli prosesindən kənarlaşması onun regiona təsirini birdəfəlik itirməsi olacaq. Moskva isə buna yol verə bilməz.

İstənilən halda, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun «İnterfaks-Azərbaycan»a açıqlamasında bildirdiyi kimi, Rusiyanın bu prosesdəki rolunda müsbət nəticənin əldə edilməsinə onun Minsk qrupunun digər həmsədrləri ilə müqayisədə regionu daha yaxşı tanıması kömək edə bilər. «Bundan başqa, ATƏT-in Minsk qrupuna həmsədrlik edən digər ölkələrdən fərqli olaraq, Rusiya münaqişə tərəfləri ilə qonşudur, regionda baş verən proseslərlə daha yaxından tanışdır. Rusiya Ermənistanın strateji müttəfiqidir, Azərbaycanla isə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə çalışır. Təbii ki, Rusiyanın bu proseslərdən kənarda qalmaq imkanı yoxdur. O, hər zaman hansısa şəkildə bu proseslərin içində olur», - deyə R.Musabəyov bildirib.

Əksər ekspertlər xəbərdarlıq edir: kənardan görünən sakitliyə baxmayaraq, münaqişə zonasında gərginlik artmaqda davam edir. ANS-ə müsahibəsində Avropa Şurasının yaxın zamanlarda Bakıya gəlmək niyyətində olan baş katibi Torbern Yaqland da bildirib ki, Dağlıq Qarabağda vəziyyət hər an nəzarətdən çıxa bilər: «Qoşunların təmas xəttində baş verən insidentlər nəticəsində insanlar ölür və bu çox pis nəticələrə aparıb çıxara bilər. Münaqişə həll olunanadək, regionda müharibənin bərpası risqi də qalacaq. Azərbaycan və Ermənistan Avropa Şurasına üzv olarkən münaqişənin sülh yolu ilə həllinə dair öhdəlik götürüb. Ümid edirəm ki, vəziyyət o həddə gedib-çıxmayacaq».

Bununla yanaşı, baş katib münaqişənin həllinə dair danışıqların ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparıldığını və Avropa Şurasının səlahiyyətlərinə aid olmadığını da bildirib. «Amma biz Minsk prosesinə hansısa formada töhfə verə biləriksə, bunu məmnuniyyətlə edərik. Sülhün əldə edilməsi və sabitliyin bərpası məqsədilə səylərin birləşdirilməsi üçün qanunun aliliyinin təmini də son dərəcə vacibdir. Bu, yalnız Dağlıq Qarabağ probleminin deyil, bütün «dondurulmuş münaqişələr»in həlli üçün vacibdir», - deyə Yaqland bildirib.

Ekspert ictimaiyyətin də vəziyyətdən narahatlığını gizlətmir. «Qarabağ detanatoru hər an partlaya bilər. Bakı və Yerevanda çox tez-tez hərbi bəyanatlar eşidilir», - deyə «Nezavisimaya qazeta» yazır. Qəzet bildirir ki, «Xüsusilə Bakının hərbi xərcləri artırması müşahidəçilərin narahatlığını çoxaldır».

«Azərbaycanın maliyyə naziri Samir Şərifovun bildirdiyinə görə, 2011-ci ildə ölkənin hərbi büdcəsi 90% artırılaraq, 2,5 milyard manata (3,1 milyard dollara) çatdırılacaq. Bu xərclərdən başqa 1087 milyon manatın (1,36 milyard dollar) müdafiə sənayesinə xərclənəcəyini də nəzərə alsaq, ölkənin hərbi büdcəsi və müdafiə xərcləri, ümumilikdə, 4,46 milyard dollar, yaxud Azərbaycanın ümumi daxili məhsulunun 8,9%-inə bərabər olacaq. Qeyd edək ki, Gürcüstanın 2008-ci ildə Cənubi Osetiyaya biabırçı hücumundan əvvəl hərbi büdcəsinin ümumi daxili məhsula nisbəti məhz bu qədər idi», - deyə «NQ» yazır.

Xatırladaq ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Amma Bakı bir məqamı da gizlətmir: danışıqlar nəticə verməsə, Azərbaycan ərazi bütövlüyünü, hərbi vasitə də daxil olmaqla, istənilən yolla bərpa etmək hüququnu özündə saxlayır.

Moskvaya qısamüddətli səfəri zamanı Elmar Məmmədyarov «Russia Today» kanalının ərəb redaksiyasına verdiyi müsahibədə bir daha bildirib ki, Bakı Qafqazda sülh və sabitliyin bərqərar olunmasına çalışır. Bu, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həllinə aiddir. Bununla yanaşı, E.Məmmədyarov xatırladıb ki, «XXI əsrdə Azərbaycan ərazisinin 20%-nin işğalına, həmin ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılmasına göz yumaraq mehriban qonşuluq siyasəti yürütmək mümkün deyil». 

Aydındır ki, bu xəbərdarlıq heç də yalnız Ermənistana ünvanlanmayıb.

Nəhayət, Yerevanda ölkənin siyasi dalanda olduğunu və onun təcrid durumunun geğtdikcə daha da dərinləşdiyini dərk etməyə  bilməzlər. Onların Azərbaycan-Tünrkiyə birliyini dağıtmaq cəhdi də nəticə verməyib/.

Bir müddət əvvəl AŞPA-nın plenar iclasındakı çıxışında Türkiyə Prezidenti Abdullah Gül Yerevana üzünü tutaraq bir daha xatırladıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etmədən Türkiyə ilə sərhədlərin açılacağına da ümid bəsləməməlidir.

Yerevanın Moskvaya olan ümidləri də doğrulmur. Ermənistan Rusiyadan hərbi xərcləri artırdığı üçün Azərbaycanın «cəzalandırılmasını» (!) tələb etsə də, Moskva Bakı ilə strateji əməkdaşlığı gücləndirir. Narışkinin ölkəmizə bu günlərdə etdiyi səfər və Rusiya Humanitar Mərkəzinin açılışı buna bariz nümunədir.

Nəzəri baxımdan bütün bunlar Yerevanı danışıqlarda daha konstruktiv mövqe tütmağa sövq etməlidir. Bu, tək Azərbaycanın yox, Ermənistanın özünün də maraqlarına uyğun olardı. Amma problem ondadır ki, Ermənistanın hazırkı rəhbərliyi üçün Qarabağla bağlı aqressiv siyasətdən imtina intihara bərabər olacaq. Serj Sarqsyanın bu günlərdə «Exo Moskvı»ya verdiyi müsahibəsi də təəssüf ki, bu narahatlığı təsdiqləyir - Yerevan əvvəlkitək sülhə hazır deyil. Amma hazırkı şəraitdə bu, daha çox vasitəçiliyində ciddi nəticələr əldə etməkdə israrlı olan Moskvanın nüfuzuna zərbə vurur.


MƏSLƏHƏT GÖR:

390