25 Noyabr 2024

Bazar ertəsi, 22:37

«GƏLƏCƏYİN NEFTİ»

Azərbaycanın reallaşdırdığı su təchizatı layihələri getdikcə daha strateji əhəmiyyət daşıyır

Müəllif:

15.01.2011

Yeni il ərəfəsində Azərbaycanda bu əsrin əvvəlindən indiyədək həyata keçirilmiş ən nəhəng layihələrdən biri  - reallaşdırılmasına Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri istismara verildi. Artıq «R+»un Yeni il nömrəsində yazdığı kimi, bu su kəmərinin istismara verilməsi əsrlərboyu Bakı sakinlərinin yaşadığı içməli su problemini həll edəcək.

 

Çoxəsrlik əhəmiyyətə malik hadisə

İndiyədək paytaxt əhalisinin yalnız 40%-i daimi su ilə təchiz olunur, 60% isə onu qrafiklə alırdısa, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsindən sonra, Bakı sakinlərinin, təxminən, 75%-i fasiləsiz təmiz, keyfiyyətli, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən su ilə təmin olunacaq.

Bu, həqiqətən də, XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi Şollar su kəməri, həmçinin, həmin əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi ilə Abşeron yarımadasının Kür suyu ilə təmin olunması üçün tikilən su kəməri kimi tarixi əhəmiyyətli hadisədir.

Amma Azərbaycan rəhbərliyi bununla kifayətlənmək fikrində deyil və yenimiqyaslı layihələrin gerçəkləşdirilməsi də  planlaşdırılır. Həmin layihələrin reallaşdırılması ilə nəinki Bakı və Sumqayıt sakinlərinin, həmçinin, bütünlükdə respublika əhalisinin tam şəkildə su ilə təchizatı nəzərdə tutulub.

Elə bu il «Samur-Abşeron suvarma sisteminin bərpası» layihəsi çərçivəsində 268 milyon kubmetr su tutan «Taxtakörpü» su anbarının tikintisinin başa çatdırılması da gündəmdədir. Eyni zamanda, 25 meqavat gücündə hidroelektrik stansiyanın, həmçinin, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının inşası nəzərdə tutulub. Bu layihələrdən yalnız birinin reallaşdırılması Bakı və Sumqayıt, həmçinin, Abşeron yarımadasının digər yaşayış məntəqələrinin suvarma və texniki su problemini birdəfəlik həll edəcək. Samur-Abşeron suvarma sisteminin bərpası və Taxtakörpü su anbarının tikintisi Azərbaycan ərazisində meliorasiya tədbirlərinin daha da genişləndirilməsinə güclü stimul olacaq. Ümumilikdə, artıq reallaşdırılmış layihələri nəzərə alsaq, 2008-2015-ci illərdə ölkədə müxtəlifhəcmli 16 su anbarı istifadəyə veriləcək. Bu vacib obyektlərin fəaliyyəti yaxın perspektivdə yaxın rayonların iqtisadiyyatının möhkəmləndirilməsinə, yeni sənaye obyektlərinin yaradılmasına, kənd təsərrüfatının mövcud sahələrinin müasirləşdirilməsinə imkan yaradacaq.

Hazırda dünyada içməli su ilə bağlı problemin miqyasını nəzərə alsaq, bu layihələrin nə qədər strateji əhəmiyyət daşıdığını təsəvvür edə bilərik.

 

Susuzluq dünyaya əziyyət verir

Yer kürəsi əhalisinin sayında hər il qeydə alınan artım və dünya iqtisadiyyatının inkişafı, sonda şirin suya tələbatı artırır. Bu gün dünyada içməli suyun tükənməsi bəşəriyyəti ən çox narahat edən qlobal problemlərdən biridir. Bəlkə də bu, digər problemlərlə müqayisədə daha prioritet məsələdir.

Bu, xüsusilə iqtisadi cəhətdən zəif və iqtisadiyyatında aqrar sektorun üstünlük təşkil etdiyi dövlətlərdə daha ciddi problemdir. Afrika və Asiya ölkələri belələrindəndir. Bir sözlə, şirin suyu nahaq yerə «gələcəyin nefti» adlandırmırlar. Alimlərin hesablamalarına görə, Yerdə mövcud suyun 97,5%-i duzlu sudur. Şirin su isə bütünlükdə dünyanın su resurslarının cəmi 2,5%-ni təşkil edir. Onun 75%-i dağ buzlaqlarında və qütblərdə donmuş haldadır. Şirin suyun daha 24%-i qurunt suları şəklində yerin altındadır. İçməli suyun yalnız 0,5%-i nəmişlik formasında «yayılıb».

Bir sözlə, daha asan əldə olunan və ucuz başa gələn içməli su çaylarda, göllərdə və digər yerüstü mənbələrdədir, onların dünyadakı ümumi sulardakı payı isə cəmi 0,01% təşkil edir.

Hazırda dünyada içməli su ehtiyatının, təxminən, 55%-i istifadə olunur. Onun 70%-i suvarmaya, 20%-i sənaye ehtiyaclarının ödənilməsinə, yalnız 10%-i əhalinin tələbatlarının təmininə gedir. Artıq bu gün dünyanın şəhər əhalisinin 20, kənd əhalisinin isə 75%-nin içməli suya olan tələbatı tam ödənilmir. Amerikalı ekspertlərin qiymətləndirməsinə görə, hazırda dünyada 1 milyarddan artıq insan şirin suya həsrətdir. Çox tezliklə belə əhalinin 3 milyardadək artacağı bildirilir. Alimlərin proqnozlarına görə, 25 il sonra bəşəriyyət içməli su tələbatının ödənilməsi ilə bağlı ciddi problemlərlə üzləşəcək. 2100-cü ildə isə dünyada şirin su ehtiyatının tam tükənməsi təhlükəsi var. Ekologiya sahəsində bəzi nüfuzlu ekspertlər iddia edir ki, bu problemin həll edilməməsi, hətta üçüncü dünya müharibəsinə yol da aça bilər. BMT-də bir sıra müzakirələrin məhz bu problemə həsr olunması da təsadüfi deyil.

 

Böyük quraqlıq?

BMT artıq yaxın gələcəkdə dünyanın 46 ölkəsində 2,5 milyarddan artıq insanın içməli su çatışmazlığı və iqlim dəyişikliklərinin rəvac verdiyi münaqişə zonasında qalacağını istisna etmir.

Artıq bu gün dünyada şirin su ehtiyatının çatışmaması ilə əlaqədar «su münaqişələri» və ciddi mübahisələr var. Bəzi ekspertlərin hesablamalarına görə, bu sahədə ciddi fikir ayrılıqları Mərkəzi Asiya ölkələri arasında münaqişələrə səbəb ola bilər.

2009-cu ilin aprelində Aralın Xilası Beynəlxalq Fondunun təsisçisi olan dövlət başçılarının (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) növbəti sammiti keçirilib. Mərkəzi Asiyada sudan ədalətli istifadənin (şirin suyun bölüşdürülməsi) müzakirəsi zamanı qardaş ölkələr arasında ciddi fikir ayrılıqları yaranıb. Su çatışmazlığı Amudərya və Sırdərya çaylarının aşağı hissəsində yerləşən Özbəkistan, Qazaxıstan və Türkmənistan üçün ciddi problemə çevrilib. Özbəkistan regionun trassərhəd çaylarının yuxarı hissəsində güclü hidroelektrik stansiyalarının tikintisinə qəti şəkildə etiraz edir. Özbəkistan Prezidenti İslam Kərimovun fikrincə, Tacikistanda Roqun HES-in, həmçinin, Qırğızıstanda Kambaratin HES-1 və 2-nin istifadəyə verilməsindən sonra regionda su enerjisi sahəsində balans daha çox pozulacaq, Özbəkistana gəlib-çatan suyun həcmi azalacaq. Bu səbəbdən,  rəsmi Daşkənd israrla bildirir ki, HES-lərin istismara verilməsindən əvvəl qonşuların razılığının alınması, həmçinin, BMT-nin himayəsi ilə beynəlxalq ekspertizanın keçirilməsi vacibdir.

Öz növbələrində hələ Sovetlər dövründə siyasi-iqtisadi böhran içərisində yaşamış Tacikistan və Qırğızıstan enerji resurslarına görə, dünya qiymətləri ilə ödəniş etmək iqtidarında deyil və bu səbəbdən, onlar öz enerji resurslarını inkişaf etdirməyə çalışır. Özbəkistanın mövqeyi isə Türkmənistan, xüsusilə Qazaxıstan tərəfindən dəstəklənir. Bəzi ekspertlərin qiymətləndirməsinə görə, bu məsələdə Mərkəzi Asiya dövlətlərinin sərt şəkildə 2 qrupa bölünməsi mütləq regional parçalanmaya aparıb-çıxara bilər.

Narahatlığı artıran məqam ondan ibarətdir ki, bu mübahisəyə bu və ya digər tərəfi dəstəkləyən başqa dövlətlərin  qoşulması da mümkündür.

Şirin su problemi hələ ötən əsrdə Misirlə Sudan, İraqla Suriya, İraqla Türkiyə, Suriya ilə Türkiyə arasında sərt qarşıdurmalara və silahlı toqquşmalara da səbəb olub. Türkiyə ilə bağlı son ciddi gərginlik 90-cı illərdə Ankaranın Tiqr və Evfrat çaylarında Böyük Anadolu layihəsini (bənd tikintisi) reallaşdırmaq istəyi ilə bağlı idi.

İordan çayı isə uzun müddətdir ki, İsrail, Fələstin Muxtariyyəti və İordaniya arasında münaqişə mənbəyidir. 1948-1955-ci illərdə - İsrailin müstəqillik əldə etməsindən sonrakı ilk dövrlərdə bu regionun dövlətləri qarşılıqlı anlaşmaya, regional inkişaf planının hazırlanmasına, yaxud su resurslarının bölüşdürülməsinə nail ola bilmədi. 1955-ci ildə İsrail İordan çayından əhali sayının daim artdığı cənub rayonları və Neqev səhrasına suyun aparılması üçün Milli Su Təsərrüfatı Şirkətini yaratdı. Buna cavab olaraq, 1964-cü ildə Suriya ilə İordaniya Yarmuk və Banyas çaylarının məcrasını dəyişmək üçün bəndlər tikməyə başladılar. Məqsəd həm də İsrailin yeni yaratdığı qurumun fəaliyyətinə mane olmaq idi. Bu proseslərin gedişində yaşanan mübahisələr 1967-ci ildə başlamış müharibənin də əsas səbəblərindən biri idi. Xatırladaq ki, həmin müharibə nəticəsində İsrail bu ölkələrin tikdiyi bəndləri bombardman etdi, Holan yüksəkliklərini, İordan çayının qərb sahili və Qəzza zolağını ələ keçirdi, həmçinin, Yarmuk və İordan çayları sahillərinə çıxışını genişləndirdi. Bu, ona 3 nəhəng mənbənin şirin suyu üzərində nəzarəti gücləndirməyə imkan verdi. Söhbət İordan çayının mənbələri və yuxarı hissəsindən, Yarmuk çayının, təxminən, yarısından və Banyans çayının yuxarı hissəsinin sahilyanı ərazilərindən gedir.

Nəticədə, İsrail bir sıra nəhəng irriqasiya layihələrini reallaşdırmaq imkanı qazandı. 2002-ci ilin payızında Livanın həmsərhəd Vazzani çayında suburaxıcı stansiya tikməsi isə onunla İsrailin münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb olmuşdu. Hətta Təl-Əviv həmsərhəd çaydan suyun çəkilməsinin müharibə üçün kifayət qədər əsas verdiyini də bəyan etmişdi.

Sonrakı illər ərzində bu münaqişə «dondurulmuş» vəziyyətdə qalsa da, son Livan-İsrail müharibəsinən sonra, içməli su ilə zəngin olan Şabaa ərazisinin kimə məxsus olması ətrafında gərgin mübahisə başladı.

Qeyd edək ki, 2000-ci ildə Livanı tərk edən İsrail bu həmsərhəd ərazini özündə saxlayıb. İndi bu torpaqların hüquqi mənsubiyyətinin kimə aid olduğu bəlli deyil. Ona həm İsrail, həm Livan, həm də Suriya iddia edir. Bütün bunlara səbəb isə oradakı şirin su ehtiyatıdır.

Misirlə Həbəşistan arasında da ciddi ziddiyyət var. Hələ ötən əsrin 70-ci illərinin sonlarında Qahirə Nilin yuxarı hissəsində ABŞ-ın dəstəyi ilə inşa etdiyi bəndləri bombardman edəcəyi ilə hədələmişdi. Ötən əsrin 90-cı illərinin ortalarında isə analoji gərginlik Misirlə Sudan arasında yaşanmışdı.

Su və kənd təsərrüfatı torpaqlarının çatışmaması Suriya ilə Çad arasında baş vermiş faciəvi münaqişənin də əsas səbəbi olub. 

Yeri gəlmişkən, su resursları ilə bağlı ən ciddi gərginliklərdən birinin səbəbi əhalinin sayı ilə şirin su ehtiyatının həcmi arasındakı uyğunsuzluqdur. Məhz bu üzdən əhali arasında qarşıdurmalar baş verə bilər. Məsələn, Həbəşistanda olduğu kimi - burada su quyuları üstündə ayrı-ayrı tayfalar arasında toqquşmalara tez-tez rast gəlinir.

Yaxın Şərq və Şimali Afrika xəritələrindəki sərhədlər böyük ölçüdə məhz su uğrunda baş vermiş fasiləsiz münaqişələrin, barışıqlar və sülh tənzimləməsi planlarının nəticəsidir. Dövlətlərin milli təhlükəsizliyi və daxili sabitliyinə əngəl yaradan su problemi regionda qarşıdurmaların katalizatoruna çevrilir. BMT-nin müvafiq məruzələrində Yaxın Şərq və Şimali Afrika ölkələrindəki su çatışmazlığına böyük diqqət ayrılır. Dünya əhalisinin 5%-nin yaşadığı regionun payına dünyanın su ehtiyatının cəmi 0,9%-i düşür. Yaxın Şərq və Şimali Afrika dövlətləri arasında su çatışmazlığı olanların sayı 1955-ci illə müqayisədə 1990-cı ildə 3-dən (Bəhreyn, İordaniya və Küveyt) 11-ə (Əlcəzair, Somali, Tunis, BƏƏ və Yəmən də daxil olmaqla) qalxıb. 2025-ci ildə onlara daha 7 ölkənin (Misir, Efiopiya, İran, Livan, Mərakeş, Oman və Suriya) qoşulacağı da gözlənilir.

Bununla əlaqədar olaraq, Böyük Britaniyanın sabiq müdafiə naziri Con Rid bildirir ki, yaxın 20-30 ildə şirin su uğrunda müharibələrin baş verəcəyini istisna etmək olmaz. Ən qaynar nöqtələrdən biri kimi İordan çayı göstərilir. Hesab olunur ki, o, İsrail, Fələstin və İordaniya arasında ciddi münaqişəyə səbəb ola bilər.

Eyni zamanda, Evfrat (Türkiyə-Suriya), Nil (Misir-Həbəşistan), Brahmaputra (Çin-Hindistan), Hanq (Banqladeş-Hindistan) və Okavanho (Anqola-Namibiya) da qaynar nöqtələrdən sayılır.

İnkişaf etmiş ölkələr də şirin su çatışmazlığı hiss etməkdədir. Məsələn, ABŞ-da yerin altında olan şirin su hər il 0,3% azalır. Sürətlə inkişaf edən ölkələr arasında isə içməli su ilə nisbətən yaxşı təmin olunmalarına baxmayaraq, Hindistan və Çin belə çatışmazlıq hiss edir. Bu ölkələrdə əhalinin sayının həddindən artıq çox olması və daxildə suyun bərabər bölüşdürülməməsi öz işini görür. Artıq Çinin 300-dən artıq şəhəri ciddi şəkildə içməli su qıtlığı ilə üzləşib.

Pentaqon mütəxəssislərinin iddiasına görə, qlobal istiləşmə dünyanı müharibəyə aparır. 25 ildən sonra Cənubi Amerika, Afrika və Avstraliyada quraqlıq problemi güclənəcək, taxılçılıq sahəsində məhsuldarlıq 25-30% azalacaq.

Afrikadakı daimi aclıq da içməli su çatışmazlığı ilə bağlıdır. Məsələn, 1 çörəyə kifayət edəcək qədər buğdanın yetişdirilməsi üçün, təxminən, 1 ton suya ehtiyac var. Bir kiloqram düyünün yetişdirilməsinə isə tonyarım su tələb olunur.

Bütün bunların fonunda Azərbaycan ərazilərinin 20%-nin işğalda olması faktını yada salmamaq olmaz. Bu, ölkə əhalisinin içməli su ilə təminatında əlavə ciddi problemlər yaradır. İşğal altındakı ərazilər yalnız hərbi-strateji yüksəkliklər kimi əhəmiyyətli deyil. Bir çox şirin sulu çaylar da mənbəyini məhz həmin yüksəkliklərdən götürür. Hazırkı durum əhalinin içməli su ilə təminində və işğal altındakı rayonlara yaxın ərazilərin aqrar sektorunda ciddi çətinliklər yaradır. Kənd təsərrüfatı sahəsinə aid əksər ekspertlərin bildirdiyinə görə, bu vəziyyət həmin rayonlarda aqrar sahədə istehsalatın 30% azalmasına səbəb olub. Tərtər çayının bu baxımdan xüsusi əhəmiyyəti var. O isə Ermənistanın işğalı altında olan Kəlbəcər rayonu ərazisindən keçir.

Bütün bu reallıqları nəzərə alsaq, yaxın gələcəkdə dünyada əsas resursun çatışmazlığı gərginliyin artmasına səbəb olacaq. Hazırda dünyanın bəzi ölkələrinin təbii enerjidaşıyıcıları uğrunda hansı vasitələrlə mübarizə apardığına baxmaq kifayətdir ki, şirin su uğrunda mübarizənin də nə qədər sərt olacağını anlayasan. Bəşəriyyət «qara qızıl» olmadan «yalnız və yalnız» kasıblayacaqsa, «gələcəyin nefti» olmadan isə o, məhv olacaq. 

Bu baxımdan da Oğuz-Qəbələ-Bakı su kəmərini Bakı-Tbilisi-Ceyhan neft kəməri və ya Bakı-Tbilisi-Ərzurum qaz borusu ilə eyniləşdirmək olar. Azərbaycanda reallaşdırılan infrastruktur layihələri göstərir ki, bu gün neft və qazdan gələn gəlirlə effektiv şəkildə gələcəyə, həmçinin, «gələcəyin nefti»nə investisiya qoyulur.



MƏSLƏHƏT GÖR:

491