14 Mart 2025

Cümə, 20:58

TEHRAN TƏZYİQ ALTINDA

İranın nüvə proqramı ətrafında beynəlxalq vəziyyətin gərginləşməsı fonunda ölkənin daxilində siyası mübarizə də güclənir

Müəllif:

01.01.2011

"İran məsələsi» beynəlxalq vəziyyətə ciddi təsir göstərən əsas faktorlardan biri olaraq qalır. Gələn il bu problemin həll nöqtəsinə yaxınlaşacağını proqnozlaşdırmaq üçün bütün əsaslar var. Məsələ, sadəcə, bu həllin forma və məzmununun necə olacağındadır. Son hadisələr göstərir ki, problemin qeyri-sülh yolh yolu ilə həll perspektivi hələ də qalır.

 

Amerika sanksiyaları və Britaniya səfiri

Bu hadisələrin sırasında, ilk növbədə, ABŞ-ın İrana yeni sanksiyalar tətbiq etməsini göstərmək olar. Vaşinqton bu addımını indiyədək, dəfələrlə olduğu kimi, Tehranın nüvə və raket proqramından imtina etməməsi, həmçinin, Livanın «Hizbullah» hərəkatına dəstəyi ilə əsaslandırıb.

Bu dəfə Amerikanın «qara siyahısı»na 2 İran bankı, sığorta  şirkəti, həmçinin, İranın Dövlət Gəmiçilik Şirkəti düşüb. İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqədə təqsirləndirilən bu qurumlar bundan sonra ABŞ-ın maliyyə sistemi ilə heç bir təmas yarada bilməyəcək, Amerikada onların bütün avuarları dondurulacaq.

Maraqlıdır ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların sərtləşdirilməsi dekabrın 6-7-də Cenevrədə Tehranla vasitəçi «altılıq» (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) arasındakı danışıqlardan sonraya təsadüf edib. Cenevrədə tərəflər danışıqların növbəti mərhələsinin 2011-ci il yanvarın sonunda İstanbulda keçirilməsinə dair razılıq əldə edib. Bunu nəzərə alaraq, Vaşinqtonun qərarını Tehrana təzyiqin artırılması kimi qiymətləndirmək olar: məqsəd İranın uzun fasilədən sonra bərpa şansı qazanmış danışıqlarda daha üzüyolalığına nail olmaqdır.

Xatırladaq ki, tərəflər arasında danışıqlar 2009-cu ildə İranın uranın zənginləşdirilməsini həyata keçirəcək ikinci zavodu istifadəyə verməsi ilə dayandırılmışdı.

Bundan sonra 2010-cu ilin iyununda BMT TŞ-də İrana qarşı növbəti qətnamə qəbul edilib. O, beynəlxalq ictimaiyyətin uranın zənginləşdirilməsilə bağlı tələbinə məhəl qoymayan Tehrana əlavə sanksiyaların tətbiqini nəzərdə tutur.

Danışıqlar vakuum vəziyyətində olduğu şəraitdə, İranla Qərb arasında münaqişə daha da dərinləşməyə başlayıb. Tehranla Londonun münasibətlərində müşahidə olunan böhran da bunun göstəricisidir. İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası Böyük Britaniya ilə əlaqələrin tam kəsilməsini (siyasi, mədəni və iqtisadi əlaqələr də daxil olmaqla) tələb edən qanun layihəsini qəbul edib. Buna səbəb Britaniyanın İrandakı səfirliyinin saytında səfir Simon Gessin bu ölkədə insan haqlarına dair vəziyyətlə bağlı dərc olunmuş fikirləridir. Səfir İran hökumətini «xalqı fundamental azadlıqlardan məhrum etməkdə» təqsirləndirib, ölkədə çoxsaylı hüquq müdafiəçilərinin həbsinə diqqət çəkib. «Dünyanın heç bir ölkəsində vəkillərə, jurnalistlərə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə İrandakı qədər təzyiq yoxdur», - deyə diplomat bildirib.

Bu fikirlərin dərcindən bir qədər sonra səfir İran Xarici İşlər Nazirliyinə çağırılıb, ona ölkənin daxili işlərinə qarışmağın yolverilməz olduğu bildirilib. İranın bir sıra nüfuzlu siyasətçiləri isə səfirin dərhal ölkədən çıxarılmasını tələb edib. Onlar diplomatın fikirlərini «İslam Respublikasına qarşı təhqir və aşağılama» kimi qiymətləndirib.

Gessin demarşı Londonun siyasətindən çoxdan narazılıq edən Tehranın səbrini daşdıran son damla olub. Burada söhbət heç də Britaniyanın İranın nüvə proqramı ilə bağlı nümayiş etdirdiyi sərt mövqedən getmir. Rəsmi Tehran Londonu İran müxalifətinə açıq dəstək verməkdə, ötən il ölkədə baş vermiş kütləvi iğtişaşları qızışdırmaqda günahlandırır. İranın noyabrın 26-da Tehranda törədilmiş terror aktında Britaniya xarici kəşfiyyatının (Mİ-6) əlinin olduğunu bəyan etməsi isə iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Xatırladaq ki, həmin partlayış nəticəsində nüvə sahəsində çalışan alim Məcid Şəhriari ölüb, lazer fizikası üzrə mütəxəssis Fereydun Abbasi isə yaralanıb.

Ümumiyyətlə, İran hökuməti daim Böyük Britaniya xüsusi xidmət orqanlarını, həmçinin ABŞ və İsraili «Cundolla» terror təşkilatına sponsorluqda təqsirləndirir. Odur ki iranlı parlamentarilərin Londonla əlaqələrin kəsilməsi ilə bağlı qərarını gözlənilməz addım saymaq olmaz. Parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Məhəmməd Kərami-Raada bildirib ki, «Komissiya üzvləri Britaniyanın Tehrandakı səfirinin son fikirlərini, həmçinin, Britaniya hökumətinin tarixən ölkəmizə qarşı düşmən əməllərini pisləyib».

Britaniya əleyhinə qəbul edilmiş layihə son müzakirəyə və parlamentin Sədrlər Şurasında təsdiqə təqdim olunub. Əlbəttə, Britaniya ilə münasibətlərin tam kəsilməsi haqqında qərar çıxarılmaya da bilər. Amma bir şey aydındır: Qərb tərəfindən artan təzyiqi hiss edən Tehran öz məqsədinə doğru sonadək getmək əzmində olduğunu nümayiş etdirir və bu zaman nüvə proqramını, Qərbin istənilən ölkəsi ilə münasibətlərinə zərər olsa belə, inkişaf etdirməyi düşünür.

Bütün bunlarla yanaşı, İranın beynəlxalq durumu onun üçün pis xarakter almaqdadır. İndi iş yalnız Qərb fövqəldövlətlərinin Tehrana qarşı mövqeyini sərtləşdirməsi ilə bitmir. Artıq qlobal siyasətin digər aparıcı oyunçuları da İranın nüvə proqramının şəffaflığında maraqlı olduqlarını nümayiş etdirir. Məsələn, Rusiya prezidenti Dmitri Medvedevin Hindistana səfəri zamanı bu iki ölkənin liderləri İranı BMT TŞ-nin qətnamələrinin tələblərinə əməl etməyə, MAQATE ilə lazımi səviyyədə əməkdaşlığa çağırıb.

 

İrandaxili siyasətin motivləri

«İran problemi» ətrafında beynəlxalq durumun gərginləşməsi fonunda ölkənin daxilində də siyasi mübarizə şiddətlənir. Amma indi söhbət yalnız ölkədə islahatlar tələb edən müxalifətin nümayişlərindən deyil, İran rəhbərliyi daxilində ziddiyyətlərin artmasından gedir. Bu baxımdan xarici işlər naziri Mənuçöhr Möttəkinin istefaya göndərilməsi və onun səlahiyyətlərinin icrasının ölkənin vitse-prezidenti, Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehiyə tapşırılması simptomatik görünür.

Prezident Mahmud Əhmədinejadın Möttəkini istefaya göndərilməsinin əsas səbəbi kimi, sonuncunun BMT TŞ-də İrana qarşı yeni sanksiyaların tətbiqinin qarşısını ala bilməməsi göstərilir. Amma bəzi analitiklər hesab edir ki, Əhmədinejad, sadəcə, artıq Möttəki ilə işləmək istəmirdi. Çünki o, parlamentin spikeri Əli Laricaniyə yaxın şəxs sayılır. Laricani isə mühafizəkar qüvvələrin gələcəkdə prezidentliyə əsas namizədi qismində qəbul edilir. 

Üstəlik, İranın dini lideri Əli Xamneinin onu ciddi şəkildə dəstəklədiyi bildirilir.

İranın ali klerikallarının Əhmədinejaddan narazılığının kökündə, onun öz səlahiyyətlərini artırmaq cəhdləri göstərilir. Bu istək isə  prezidentin fəaliyyətində və beynəlxalq arenada səsləndirdiyi bəyanatlarda özünü göstərir. 

Əhmədinejadın ən ciddi nöqsanlarından biri kimi, onun qohumbazlığı göstərilir. Onun kürəkəni Rahim Maşaiyə ciddi himayədarlığı da bunun bariz nümunəsi sayılır. Bu yerdə bir məqamı xatırlatmaq yerinə düşər: İranda 2009-cu ilin iyununda keçirilmiş prezident seçkisindən sonra Əhmədinejad Maşaini özünün birinci müavini təyin edib. Üstəlik, bu, İranda vitse-prezident postunun mövcud olduğu bir şəraitdə baş verib.

Əhmədinejadın bu addımı mühafizəkar elitanın hiddətinə səbəb olub. Məhz onların təzyiqi qarşısında prezident qərarını dəyişərək, Maşaini prezident administrasiyasının rəhbəri postuna təyin edib. Amma bu qərar, təbii ki, mühafizəkarların prezidentdən narazılığını azaltmayıb.

İran iqtisadiyyatı isə hər ötən gün sanksiyaların zərbəsini daha ciddi şəkildə hiss edir. İran hökumətinin yanacaq və ərzaq məhsullarının subsidiyalaşdırılmasına məhdudiyyət qoyması bunun göstəricisidir. Əhmədinejadın sözlərinə görə, subsidiyaların məhdudlaşdırılması İran iqtisadiyyatının son 50 ildə yaşadığı «ciddi cərrahiyyə əməliyyatıdır». Amma bu «əməliyyat» benzinin qiymətinin 4 dəfə artmasını və çörəyin subsidiyalaşdırılmasına məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. 

Hökumətin bu qərarından sonra, Tehran küçələrində polis nəzarətinin gücləndirilməsi heç də təsadüf deyil. Düzdür, bu gün İranda hər hansı iğtişaşlardan, qarışıqlıqdın söhbət getmir. Amma, istənilən halda, dünyanı gərginlikdə saxlayan İranın nüvə proqramı ilə yanaşı, ölkə daxilindəki  sosial-iqtisadi proseslərin də qeyri-müəyyən olması gərginliyi artırmaya bilməz. 

Odur ki nə qədər bədbin səslənsə də, qarşıdan gələn 2011-ci il, güman ki, «İran böhranı» baxımından əvvəlki illərlə müqayisədə daha təhlükəli olacaq.



MƏSLƏHƏT GÖR:

498