14 Mart 2025

Cümə, 20:58

ÜMİDLƏR DOĞRULMADI

Amma 2010-cu ili Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində tam itirilmiş il saymaq da düzgün olmazdı

Müəllif:

01.01.2011

Təəssüf ki, ATƏT-in Minsk qrupunun Bakı ilə Yerevanın Madrid prisiplərinə dair mövqelərini yaxınlaşdırmaq cəhdləri uğurla nəticələnmədi.

Gözləntilərin əksinə olaraq, Ermənistan tərəfi hələ 2009-cu ilin yayında ATƏT XİNŞ-nin Afinada keçirilmiş toplantısında tərəflərə təqdim olunmuş Madrid prinsiplərinin yenilənmiş versiyasını müəyyən düzəlişlərlə də olsa, qəbul etmədi. Bu ilin əvvəlində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedev, İlham Əliyev və Serj Sarqsyanın Soçidə keçirilmiş görüşündə Yerevan düşünmək üçün vaxt istəsə də, suala hələ də dəqiq «hə», yaxud «yox» cavabı verilməyib. Bu  olmadan isə çərçivə sülh razılaşması üzərində işə başlanması mümkün deyil.

Şübhəsiz, qeyri-legitim və kürsüsündə möhkəmlənə bilməyən Serj Sarqsyandan ötrü  danışıqlar yalnız status-kvonu uzatmaq üçün lazımdır. Münaqişənin Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına yol vermədən, üstəlik, «dəhliz» bəhanəsi ilə Azərbaycanın daha bir ərazisini ələ keçirmədən həlli, əlbəttə ki, S.Sarqsyan və onun komandası üçün qəbuledilməzdir. Axı onlar üçün söhbət yalnız Dağlıq Qarabağdan yox, Qarabağ klanının qəsb və istismar etdiyi bütünlükdə Ermənistandan gedir. Madrid prinsipləri qəbul ediləcəyi təqdirdə (bu, 1990-cı illərin sonlarında Levon Ter-Petrosyanın istefasına səbəb olmuş «mərhələli həll planı»na çox bənzəyir), Ermənistanın hazırkı rəhbərliyi yalnız radikal ermənilər qarşısında deyil, qeyri-real və yerinə yetirilməyən vədlərə görə, bütünlükdə xalq qarşısında cavab verməli olacaq.

Qeyri-məhsuldar siyasət nəticəsində Ermənistan sülh və inkişaf üçün 12 ilini itirib, nəhəng regional layihələrdən kənarda qalıb. Amma hakimiyyəti özəlləşdirmiş Qarabağ klanı bu vaxt ərzində görünməmiş dərəcədə varlanıb.

Amma diplomatların səylərinin nəticə verməməsinin səbəbi kimi bunu göstərmək, 2010-cu ili isə itirilmiş saymaq düzgün olmazdı. 

Xatırladaq ki, 2010-cu il mayın 20-də Avropa Parlamenti bolqarıstanlı deputat Yevgeni Kirillovun məruzəsi əsasında, «Avropa İttifaqının Cənubi Qafqazda strategiyasının müəyyənləşdirilməsinin vacibliyi haqqında» qətnamə qəbul edib. Sənəddə bildirilir ki, «Dağlıq Qarabağa yekun statusunun müəyyənləşdirilməsinədək müəyyən aralıq statusu vermək olar. Bu, həmin keçid dövründə erməni və azərbaycanlı əhalinin sülh şəraitində yaşaması və əməkdaşlığına imkan yaradar».

Qətnamədə «Erməni qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılması» da tələb olunur.

Ermənilər üçün NATO-nun Lissabon sammiti də eyni uğursuzluqla müşayiət olundu. S.Sarqsyan, hətta tədbirə ümumiyyətlə qatılmadı. Sammitdə qəbul edilmiş Bəyannamənin 35-ci maddəsində deyilir: «Cənubi Qafqaz ölkələri və Moldova Respublikasında regional münaqişələrin uzanması əvvəlkitək alyans üçün ciddi narahatlıq mənbəyi olaraq qalır. Biz bütün tərəfləri konstruktivliyə, münaqişələrin həlli üçün güclü siyasi iradə nümayiş etdirməyə, danışıqların mövcud formatına hörmətlə yanaşmağa çağırırıq. Bütün tərəfləri regional təhlükəsizlik və sabitliyə zərbə vuracaq addımlardan çəkinməyə dəvət edirik. Prinsiplərimizi nəzərə alaraq, Ermənistan, Azərbaycan, Gürcüstan və Moldova respublikalarının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizi davam etdirir (fərqləndirmə müəllifə məxsusdur), bu münaqişələrin sülh yolu ilə həlli üçün səyləri əvvəlkitək dəstəkləyirik».

Bəyannamənin mətnindən göründüyü kimi, NATO-ya üzv dövlət başçıları ermənilərin ərazi iddialarını ört-basdır etmək üçün daim əsaslandığı «müqəddəratı təyinetmə prinsipi» haqqında danışmayıb. Demək, ermənilərin öz məqsədlərini həyata keçirmək üçün «Kosovo presedenti»ndən yararlanmaq cəhdləri də əsassızdır.

Bundan başqa, Azərbaycanın tələbinə əsasən, ATƏT-in Minsk qrupunun və BMT-nin xüsusi faktaraşdırıcı missiyaları ermənilərin işğal etdiyi ərazilərində olub. Araşdırmanın nəticələrinə əsasən hazırlanacaq hesabat gələn ay tərəflərə təqdim edilməlidir. Bakı bu hesabatdakı qiymətləndirmə və faktlara əsaslanaraq, ermənilərin beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazilərini işğal etməsini, ölkəmizə vurduğu zərəri pisləyən qətnaməni BMT Baş Assambleyasının səsverməsinə çıxara bilər.

Nəhayət, ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “3+2” formatında qəbul edilmiş bəyanat da çox vacib xarakter daşıyır. Minsk qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri - Rusiya prezidenti Dmitri Medvedev, Fransanın baş naziri Fransua Fiyon və ABŞ-ın dövlət katibi Hillari Klinton, həmçinin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha ciddi addımların atılması vaxtının çatdığına dair ortaq fikrə gəliblər. İ.Əliyev və S.Sarqsyan münaqişənin beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı əsasında, həmçinin Rusiya, Fransa və ABŞ prezidentlərinin 10 iyul 2009-cu ildə Akvildə və 26 iyun 2010-cu ildə Muskokda səsləndirdikləri bəyanatlara uyğun yekun həllinə hazır olduqlarını təsdiqləyiblər.

Xatırladaq ki, ABŞ, Fransa və Rusiya prezidentlərinin sözügedən iki bəyanatından da göründüyü kimi, Madrid prinsiplərinin bazasında aşağıdakı məqamlar nəzərdə tutulur:

- Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması;

- Dağlıq Qarabağa aralıq statusunun verilməsi, təhlükəsizlik və özünüidarənin təminatına zəmanət;

- Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz yaradılması;

- bütün daxili köçkünlər və qaçqınların əvvəllər yaşadığı yerlərə qayıtmaq hüququnun təmini;

- beynəlxalq təhlükəsizlik zəmanəti, həmçinin, sülhün dəstəklənməsi əməliyyatları.

Göründüyü kimi, Dağlıq Qarabağın statusundan danışılan zaman, onun Azərbaycandan  ayrılmasının mümkünlüyü haqda heç bir fikrə rast gəlinmir. İşğal altındakı torpaqların boşaldılması və qaçqınların, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması məsələləri isə sənəddə birmənalı şəkildə əksini tapıb.

Beləliklə, beynəlxalq ictimaiyyət nüfuzlu struktur və ölkələrin timsalında 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin siyasi-hüquqi həlli paramentlərinin formasını ümumi şəkildə nümayiş etdirib. Amma müxtəlif səbəblər üzündən ABŞ və Fransa hökumətləri Yerevana ciddi təzyiq göstərmək istəmir, Sarqsyana öyüd-nəsihət verilməsini Rusiyanın ixtiyarına buraxır. Bunda əsas səbəblərdən biri, əlbəttə ki, nüfuzlu erməni lobbisi ilə münasibətlərin pozulmasına imkan verməməkdir.

Moskva isə hər şeyə rəğmən ikili oyun oynayır.

Rusiya Prezidenti Dmitri Medvedev, bu ölkənin Xarici İşlər Nazirliyi böyük fəallıq göstərir, üçtərəfli görüşlər təşkil edir və tərəfləri kompromisə sürükləyir. 

Güman ki, Rusiya Dağlıq Qarabağ probleminin həlli işində rəmzi addımlarla kifayətlənməyin əleyhinə deyil. O, vəziyyəti dəyişəcək addımlar atmaq istəmir və bu, şübhəsiz, Bakı üçün qəbuledilməzdir. Bunu Minsk qrupuna həmsədrlik edən digər dövlətlər də anlayıb. Məhz onlar ATƏT-in Astana sammitində qəbul edilmiş bəyannamədə bildirir ki, münaqişənin həlli prosesində öz səylərini artırmaq niyyətindədirlər. Odur ki bu il prosesdə Rusiyanın nümayiş etdirdiyi təşəbbüskarlıq, yəqin ki, qarşıdakı dövrdə Fransa və ABŞ-ın da iştirakı ilə üçtərəfli səylərlə əvəzlənəcək.

Münaqişənin həlli prosesində real irəliləyişin olmaması azərbaycanlılarda dərin məyusluq yaradır. Nəticədə, danışıqların nəticə verəcəyinə inananların sayı azalır, Minsk qrupunun vasitəçiliyindən imtinaya, torpaqların hərbi yolla azad edilməsinə tərəfdar olanlar artır. Amma nə qədər ki, silahlar susur, münaqişənin sülh yolu ilə həlli ümidləri hələ də qalır. Bu məqamda emosiyalara, qıcıqlara təslim olmamaq vacibdir. Səbirli olmaq, Ermənistana iqtisadi, diplomatik, informasiya, həmçinin, hərbi təzyiqlərin artırılması xəttini davam etdirmək lazımdır. Bunun üçün isə Azərbaycanın bütün imkanları var. İnkişaf edən iqtisadiyyat, ciddi maliyyə ehtiyatları, artan ümumdaxili məhsul, 2011-ci ildə 3 milyard dollara çatdırılacaq hərbi xərclər, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatdırılması və digər layihələr nəhayət, Azərbaycanın xeyrinə işləməlidir.

Ermənilər etiraf etməsə də, onların manevr imkanları get-gedə daralmaqdadır. Rusiyadan Ermənistaan gedən kommunikasiyalar bağlı qalır. 2009-cu ildə görünməmiş 14%-lik enişdən sonra Ermənistan iqtisadiyyatının inkişafı çox ləng gedir (cəmi 2%), maliyyə durumu isə getdikcə ağırlaşır. 2011-ci ildə Ermənistanın xarici borcu 3 milyard 900 milyon dollar təşkil edib və onun 4,4 milyard dollaradək artması mümkündür. Rəsmi bəyanatlar və proqnozların əksinə olaraq, əksər ixtisaslı ekspertlər hesab edir ki, Ermənistan durmadan defolta tərəf yuvarlanır. Belə fikirdə olan ekspertlər arasında sabiq baş nazir Qrant Baqratyan, Yerevanın eks-meri Vaqan Xaçatryan və digərləri var.

Ermənistanda ehtiyatların bu il daha 160 milyon dollar azalması da deyilənlərin dolayısı ilə təsdiqidir. 

Bəs 2012-ci ildə xarici borcların ödənməsi, yeni kreditlərin ayrılmasından isə imtina olunması, yaxud bunun üçün siyasi tələblərin irəli sürülməsi vaxtı vəziyyət necə olacaq?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilmiş son toplantısı göstərib ki, ermənilərin bu quruma olan ümidləri də əsassızdır. Ermənilərin Azərbaycanla hərbi pariteti saxlamaq üçün öz gücü isə yoxdur. Rusiyanın xilaskarlığına inam azalır. Serj Sarqsyanın, Azərbaycan müharibəni bərpa edəcəyi təqdirdə, «DQR-in müstəqilliyini tanıyacaqları» ilə bağlı bəyanatı göstərir ki, o, müharibənin yaxınlaşdığını anlayır. Amma Sarqsyanın bəyanatı ilk baxışdan nə qədər qərarlı təsir bağışlasa da, əslində, görünən odur ki, o, Moskvanın razılığı olmadan bu addımı atmağı ağlından belə keçirmir.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş olmazsa, hərbi gərginliyin artacağına şübhə yoxdur. Bu özünü hərbi büdcələrin artımında, silahlanma yarışında, düşmənçilik ritorikasının artmasında, hərbi təlimlərin çoxalmasında, atəşkəsin pozulması hallarının daha intensiv xarakter almasında, cəbhə xəttindəki insidentlərdə göstərəcək. Fikrimcə, vasitəçi dövlətlər, həmçinin, problemin dinc yolla həllində maraqlı olan digər qüvvələr hadisələrin belə mənfi ssenairi üzrə inkişafını önləmək üçün hələ də imkanlara malikdir. Bu isə, öz növbəsində, Ermənistanı dolayısı ilə deyil, birmənalı şəkildə Madrid prinsiplərini qəbul etməyə sövq eləmək üçün kifayətdir. Özü də, vasitəçilərə bu, yalnız öz maraqları naminə deyil, həm də ermənilərin canını Azərbaycanın iqtisadi və demoqrafik potensialı ilə lazımsız və perspektivsiz rəqabətdən qurtarmaq üçün lazımdır.

Çünki hazırkı status-kvo davam edəcəyi təqdirdə, kommunikasiyalar bağlı qalacaq, Rusiya, ABŞ, Avropa İttifaqı üçün vacib və sərfəli olan bir sıra layihələrin reallaşdırılması baş tutmayacaq və ya böyük risk altına düşəcək.

Nəhayət, hansı dövlət ermənilərin qeyri-real ambisiyaları naminə,  Azərbaycanda əldə edəcəyi konkret xeyirdən imtina edər ki? Razılaşın ki, belə siyasəti «rasional» adlandırmaq çox çətindir.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanlarının axtarışı davam edir. Və bu, Azərbaycanın artan gücü və təzyiqinin kölgəsində baş verir.



MƏSLƏHƏT GÖR:

436