14 Mart 2025

Cümə, 10:41

GERÇƏK TEATRSEVƏRLƏR BAYRAMI

"Çexov Festivalinin Ipək Yolu" layihəsi Bakini dünyanin əsl teatr paytaxtina çevirdi

Müəllif:

15.12.2010

A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının Bakıda noyabrın 12-dən 30-na kimi keçirilmiş  «Çexov festivalının ipək yolu» layihəsi paytaxtı dünyanın əsl teatr paytaxtına çevirdi. Üç həftə boyunca S.Vurğun adına Rus Dram və Gənc Tamaşaçılar teatrlarının səhnələrində Viktoriya Tere-Çaplinin «Aureliyanın oratoriyası», Vladimir Pankovun «Toy» və Kanadanın «Eluaz» sirkinin «Yağış» tamaşaları göstərilib. 

Hər üç tamaşa üç fərqli dünya duyumu və dünyagörüşünün, yaradıcılıq «cizgi”sinin, rejissor üslubunun gərgin əməyinin məhsuludur və onları bir ümumi keyfiyyət - istedad və təkmilləşməyə canatma birləşdirir.  İzləyicilər üçün bu hədiyyə ölkənin Mədəniyyət və Turizm Nazirliyi,  Azərbaycanın Teatr Xadimləri İttifaqı və təşkilatçı - «Pro-Cent» prodüser mərkəzi tərəfindən edilib. 

Yada salaq ki, böyük rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun 150 illiyinə həsr edilmiş festival üçün bu il yubiley ilidir. Bu müddət ərzində proqram tamaşaları Sankt-Peterburq, Yekaterinburq, Çelyabinsk, Kazan, Yalta, Paris, Berlin, Madrid, Stokholm, Vyana, Çikaqo, Monreal, San-Paulu, Rio-de-Janeyro və Minskdə göstərilib. Və hər bir şəhər üçün Beynəlxalq Teatrsevərlər İttifaqları Konfederasiyası  Çexov festivalına qatılmış parlaq tamaşalardan ibarət xüsusi proqram da hazırlayıb. 

Festival 1992-ci ildə təşkil edilib və ən başlıca prinsip kimi tamaşaçıları teatr dünyasındakı ən inqilabi ideyalarla tanış etməyi seçib. Hazırda bu, dünyanın ən prestijli festivallarındandır. O,  Avinyon, Edinburq, Berlin, Zalsburq festivalları ilə birgə məşhur «Great Club»a daxildir. 

 

Möcüzələr ölkəsi Aureliya 

Festival böyük aktyorun qızı Viktoriya Tere-Çaplinin qeyri-adi quruluş verdiyi «Aureliya oratoriyası» tamaşası ilə başlandı; xanım rejissor tamaşanı xüsusi olaraq qızı Aureliya üçün yazıb. Dramaturgiyaya görə, «Aureliya oratoriyası» dünyanı tanımaq istəyən, nəticədə, onun girovuna çevrilmiş gözəl qızın həyatından bəhs edən nağıl -əhvalatıdır. Əsərin adı da təsadüfi deyil - tamaşada həm dərin lirizm, həm də dramatik motivlər səslənir. Ortada isə tələsən, həmişə ora-bura can atan Aureliya durur... Onun cəldliyi və çevikliyi, hərəkət qabiliyyəti, demək olar ki, hər bir tamaşaçını heyrətə salırdı. Teatrın dekorasiyaları titrəyirdi. Üç rəng var idi - al-qırmızı, qara və ağ. Qırmızı pərdə iri yelləncəyə çevrilir. Aureliya səhnənin üzərində yuxarıda qırmızı lentdən asılaraq, tor yelləncəkdə olduğu kimi yellənirdi. Səhnədə isə əsərin qəhrəmanı taksidə ayaqlarını göyə qaldıraraq gedirdi, böyük zəngli saatlarda virtuoz ifa edirdi. Aureliyanın yaşadığı  bu qəribə xəyal və yuxu dünyası bir qədər Lyuis Kerollun möcüzələr ölkəsini xatıladır.  Bütün tamaşaboyu baş qəhrəman qaçır, tərəfdaşı Ceyms Martines isə onu tapmağa çalışır. Tamaşanın sonunda izləyicilər kiçik dəmir yolu və baş qəhrəmanın ayaqları arasından keçib-gedən qatar görürlər. Parovoz final fitini çalır və yenidən kosmik qaranlıq çökür. 

Viktoriya və onun əri Jan-Baptist Tere individual sirk  ideyasını inkişaf etdirirlər. Bu «yeni sirk» barədə növbəti Avinyon festivalından sonra danışmağa başlayıblar və 1970-ci ilin əvvəllərində onun şöhrəti Fransaya yayılıb. Hazırda Ceyms Martines və Aureliya Tere teatr dünyasında tanınmış adamlardır. Ceyms öz «La Compagnie du Hanneton» truppası ilə valideynləri tərəfindən irəli sürülmüş sirk sahəsində  həm aktyor, həm də rejissor kimi işləyir. Aureliya isə öz anasının yeni muzasına çevrilib. Bu gün XXI yüzillikdə yeni fransız sirki akrobatikadan tutmuş, xoreoqrafiyaya qədər, bütün ənənəvi bacarıqlardan, həmçinin, yeni texniki nailiyyətlərdən - videodan, kompüter qrafikasından, çağdaş mexanikadan istifadə edir. Buna görə də 2009-cu ildə Beynəlxalq Çexov Festivalına gətirilmiş «Aureliya oratoriyası» tamaşası Moskva tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb. Bakılılar da qeyri-adi, dinamik tamaşanı layiqincə qiymətləndiriblər. 

 

Bu toy, bu toy, bu toyda...

Festival çərçivəsində baş tutmuş növbəti tamaşa isə Gənc Tamaşaçıları Teatrında - gur alqışlar altında göstərilib. Bu dəfə Bakı teatrsevərlərinə Rusiyanın ən proqressiv rejissorlarından olan Vladimir Pankov tərəfindən A.P.Çexovun eyniadlı vodevili əsasında soundrama janrında qoyulmuş «Toy» tamaşası təqdim edilib. Qeyd edək ki, bu, Yanka Kupala adına Belarus Milli Akademik Teatrının və Beynəlxalq Teatrsevərlər İttifaqları Konfederasiyasının xüsusi layihəsidir. 

«Toy» rejissorun tamaşaçılarıla insan mənəviyyatına toxunan ciddi məsələlər barədə musiqi, söz və rəqs dilində «danışmaq» üzrə cəhdi və ya novator yanaşmasıdır. Soundram nədir? Bu, sinkretik janrdır, strukturunun əsasında səsin və sözün birləşməsi durur. «Səs» burada, sadəcə, musiqi parçası deyil. Bu, vokal, söz, qışqırıq, taqqıltı, küy və xışıltı, yəni sakitliyi bu və ya başqa şəkildə pozmağa imkan verən hər şeydir. Soundram nə müzikl, nə rok-opera, nə də operettadır. Burada səs aparıcı elementdir, tamaşanın xüsusi önəmli hissəsidir, onun əsas konsepsiyasını yaradır və bu janrdan olan tamaşalara xüsusi, təkrarsız çalar verir. Mətn isə əksinə olaraq, musiqi tərtibatını kölgədə qoyan musiqi alətinə çevrilir. Yeri gəlmişkən, «Toy»un qəhrəmanları rus və Belarus dillərində danışırlar. Pankov iki milli və teatr ənənələrini birləşdirib. Onun təxəyyülünə görə, baş qəhrəman Moskvadan gəlmiş «paytaxt» adaxlısıdır, onun nişanlısı və ailəsi isə  belaruslardır. Dəyərlərin, həyata baxışların, xasiyyətlərin toqquşması da buradan qaynaqlanır. 

Rejissorun iradəsi ilə Çexovun bu məşhur əsərindəki sətiraltı mənalar açılır və hətta gücləndirilir, nəticədə, vodevil bir sıra çağdaş meyilləri tənqid edən satiraya çevrilir. İki saata qədər bir müddət ərzində tamaşaçıların gözləri qarşısında adi toyun qeyri-adi, qeyri-ənənəvi teatr vasitələri ilə oynanılan hadisələri dinamik şəkildə inkişaf edir. Vladimir Pankovun sözlərinə görə, təsadüfən əlli il qabaq çəkilmiş eyniadlı sovet filmini görüb və əsərin vurğununa çevrilib; qərara alıb ki, nəyin bahasına olur-olsun, Çexovun əsərinə səhnə quruluşu verəcək. Ancaq indi səhnədə fasiləsiz olaraq dənizçigeyimli musiqi qrupu çıxış edir. 

Kollektiv sanballıdır - balalayka, akkordeon, skripka və zərb alətlərindən ibarətdir. Ön planda donu ombasına qədər yarıq olan bir qız violonçeldə çalır. Stravinski gözlənilmədən «Pesnyarı»nın «Olesyu» mahnısına keçir. Həzin musiqini səs kakafoniyası boğur, səhnədə dəhşətli hay-küy yaranır. Yarıq donlar geyinmiş qızlar ardıcıl olaraq oxumaq, oynamaq və fransızca danışmaq istəyirlər. 

Sonra isə yavaşıdılmış çəkilişin ağır epizodları gedir. Birdən hamı yastıq davasına çıxır və səhnədən xoruz uçur. Teatr şərtiliyi ən yuxarı nöqtəsinə çatır və qonaqlıqdakıların hamısı boş butılkalardan araq süzür, boş stəkanlardan içirlər, qurtumlarının səsi gəlir, toyu olan general isə uzun müddət boş qəlyanaltı qabından yemək yeyir.  Ağfatalı gəlin zəncirotu çiçəyinə bənzəyir və heyrətamiz şəkildə bu istefaya çıxmış generalla ahənglik təşkil edir. Bu cütlüyün finalda bir getməsi doğrudan da tapıntıdır. Əks halda, Pankov tərəfindən köklənmiş bu atmosferi yüngülləşdirmək mümkün olmazdı.  

 

Yağış altında sirk 

Rus Dram Teatrının səhnəsində Kanadanın «Eliaz» sirkinin çıxışı isə A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının son akkordu oldu. Qeyri-adi və sehrli «Yağış» tamaşası dünyada tanınmış rejissor, dramaturq, xoreoqraf və məzhəkəçi  Daniele Fintsi Paska tərəfindən qoyulub. Qeyd edək ki, bu tamaşa yaradıcısına çox sayda prestijli və teatr dünyasında sayılan mükafat və prizlər qazandırıb. 

İsveçrəli Daniele Fintsi Paska 1986-cı ildə «Teatro Sunil»i yaradıb və orada teatrla sirkin, rəqslə musiqinin, fokusla klounadanın qarışığı olan onlarca tamaşa qoyub, uğur və dünya şöhrəti qazanıb. 2000-ci ilin əvvəllərindən isə o, sirk və teatr dünyasında ən dəbdə olan rejissorlardandır, buna sübut kimi, rejissorun növbəti «Corteo» Günəş sirki şousunun qoyulması üçün «Cirque du Soleil»a dəvət edilməsini göstərmək olar. 

Paskanın bütün işləri təkrarsız teatr üslubu ilə seçilir və orqanik şəkildə sirk və teatr incəsənətlərini, rəqslə musiqini özündə birləşdirir. Rejissorun sözlərinə görə, ənənəvi sirkdə tamaşaçılara nömrələr seriyası və bu nömrələri birləşdirən bir qədər xoreoqrafiya təklif edirlər. «Yağış» isə başqa cür qurulub. Burada sirk artistləri teatr aktyorları kimi fəaliyyət göstərirlər. Onlar yeniləşirlər və dramatik yönüm yaradırlar. Qeyd edək ki, «Yağış»ın tamaşaları Nyu-York, San-Fransisko, Paris, Roma, Milan və başqa şəhərlərdə də uğurla göstərilib. 

Əsas məqsəd olmadığından, elə də mürəkkəb olmayan akrobatik nömrələr teatrsayağı ümumi mənzərə şəklində  qoyulduğundan, maraqlı təəssürat doğurur. Hər şey yalnız əhval yaratmağa xidmət edir, rejissor mümkün olan bütün üsullardan, gerçək sudan, yağışdan istifadə edir. «Yağış»ın təqdimatında hər şey - uşaqlıq və gənclik xatirələri, unudulmaz hadisələr, sitatlar və təəssüratlar sapa düzülən kimi yağışa, onun şırnaqlarına düzülür. Finala aktyorların başına əsl leysan ələnir, amma onlar uşaq kimi sevinirlər. Burada, demək olar ki, yüksəksəviyyəli sirkin bütün elementləri - kəskin trüklər və klounada var. Amma hər şeyə yumor və uşaq dəcəlliyi hopub. 

Məzhəkəçilərin, adətən, sirk səhnəsində elədiklərini, yəni peşəkar trükləri, artistlər rabitəsiz şəkildə təkrarlayırlar, özləri edirlər. Uşaqlıq xatirələri və təəssüratları üzərində qurulmuş «Yağış»ın süjetini əvvəlcədən söyləmək çətindir. «Yağış»ın aydın süjeti, demək olar ki, yoxdur. Tamaşaçılardan hər biri öz mövzusunu, öz həyat hekayəsini «xatırlayır». Amma yəqin ki, həmin xatirələrin hər birində həyatımızdan bütün mənfi və qaranlıqları silən bir ilıq yay yağışı olacaq.



MƏSLƏHƏT GÖR:

383