5 Dekabr 2025

Cümə, 22:27

İKİ KOREYA, BİR PROBLEM

Seulla pxenyan arasındakı gərginlik, ən yaxşı halda, status-kvonun qorunması ilə bitəcək

Müəllif:

15.12.2010

Son yarım əsrdə Koreya yarımadasındakı ən ciddi gərginlik bütünlükdə regionu genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə qoyub. KXDR artilleriyasının Cənubi Koreyanın Sarı dənizdəki Yenphendo adasını atəşə tutmasından dərhal sonra prosesə qarışan diplomatların səyləri də vəziyyətin düzəldilməsinə kömək etmir. Durum mürəkkəbdir.

Son həftə ərzində ABŞ nəinki regionda Pxenyanın yeganə "müttəfiqi" sayılan Çinə təzyiq göstərməyə çalışır, həm də var qüvvəsi ilə regiondakı mövcudluğunu sübut etmək üçün addımlar atır. Bu, bir-birinin ardınca keçirilən hərbi təlimlərdə özünü göstərir.

Amerika hərbçiləri əvvəlcə noyabrın 28-dən dekabrın 1-dək Cənubi Koreya sahillərinin qərbində Cənubi Koreya ordusu ilə birgə təlim keçirdi. Üstəlik, Vaşinqtonla Seul dərhal daha bir təlim keçirəcəklərini bəyan etdilər.

Bunun ardınca ABŞ-la Yaponiyanın Hərbi Dəniz Qüvvələrinin "İti qılınc-2011" adlı təliminə start verildi. Okinava adasının sahillərində son 25 ilin ən genişmiqyaslı təliminə Cənubi Koreyadan olan hərbi müşahidəçilər də dəvət olunmuşdu. Vaşinqton bununla yalnız Yaponiya ilə deyil, Cənubi Koreya ilə də sıx tərəfdaşlıq etdiyini nümayiş etdirməyə çalışırdı.

Bütün bunların fonunda ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri ilə keçirdiyi üçtərəfli görüşdə səsləndirdiyi bəyanat maraqlı görünür: "KXDR-in təxribatçı və hərbi addımları Asiyada sülh və təhlükəsizliyə maneədir".

Müzakirədə iştirak edən tərəflər belə qənaətə gəliblər ki, Pxenyanın əməlləri "1953-cü ildəki barışıq razılaşmasına ziddir". Onlar Şimali Koreyanı "ciddi fəsadlar"la hədələyiblər.

ABŞ Qərargah Rəisləri Birgə Komitəsinin rəhbəri admiral Mayk Mallen isə açıq şəkildə bildirib ki, o, Şimali Koreyanın qarşısını almaq üçün Vaşinqton, Tokio və Seul arasında təhlükəsizlik sahəsində təcili sıx əməkdaşlığın vacibliyini hiss edir.

Qərb ekspertləri belə qənaətdədirlər ki, KXDR-də bundan sonra da iqtisadi vəziyyətin pisləşməsi Pxenyanı Cənubi Koreyaya hücum və vətəndaş müharibəsi arasında seçim məcburiyyətində qoyacaq. Şimali Koreya rəhbərliyi düşünə bilər ki, birinci Koreya müharibəsindən "nəticəçıxarmış" ABŞ bu dəfə prosesə ya müdaxilə etməyəcək, ya da bu müdaxilə son dərəcə məhdud olacaq. Axı ilk müharibədə Çin "şimallılar"ı dəstəkləmişdi. Hər halda, bu halda Şimali Koreyanın Amerika qoşunlarına, yaxud Yaponiya ərazisindəki gəmi qruplarına  - ABŞ hərbi bazasına nüvə zərbəsi endirəcəyini də istisna etmək olmaz.

Pxenyan üçün "nüvə proqramı" faktoru, şübhəsiz ki, kozırdır. Üstəlik, Cənubi Koreyanın atəşə tutulmasından cəmi bir neçə gün əvvəl Şimali Koreya bu məsələdə görünməmiş asılılıq nümayiş etdirmişdi. Onlar amerikalı fizik Ziqfrid Hekerə Yonbenedəki uranın zənginləşdirilməsi zavodunda bir neçə min sentrifuqa göstərmişdilər.

Bununla yanaşı, Pxenyanın diplomatik imkanlardan tam imtina etdiyini də söyləmək düzgün olmaz. ABŞ tərəfindən Pxenyanın bölgədəki yeganə müttəfiqi olan Çinə açıq təzyiqi Şimali Koreyanı digər nəhəng qonşusu olan Rusiyadan dəstək axtarmağa məcbur edib.

Dekabrın ortalarında Şimali Koreyanın xarici işlər naziri Pak I Çun Moskvaya səfər edib və rusiyalı həmkarı Sergey Lavrovla görüşöncəsi bildirib ki, onun ölkəsi ABŞ və Cənubi Koreyadan qorunmaq üçün öz nüvə proqramına arxalanmağa hazırdır. Bununla yanaşı, o, Vaşinqtonun mövqeyini Koreya yarımadasında vəziyyətin normallaşması üçün altıtərəfli danışıqların bərpasına əsas maneə adlandırıb.

Moskvaya gəlincə o, Şimali və Cənubi Koreyanı "vəziyyəti gərginləşdirəcək addımlar"dan çəkinməyə çağırıb, altıtərəfli danışıqların bərpasına tərəfdar olduğunu bəyan edib.

Paralel olaraq, Pxenyanla Pekin arasında danışıqlar da davam edir. Gərginliyin artması fonunda Şimali Koreya lideri Kim Çen İr Çinin yüksəkrütbəli təmsilçisi Day Binqo ilə görüşüb. Binqo ölkəsinin rəhbərliyi tərəfindən hazırlanmış məktubu Kim Çen İrə təqdim edib.

Pekinin mövqeyi hər kəsə bəllidir. O, Koreya yarımadasında gərginliyin aradan qaldırılması üçün çoxtərəfli danışıqların dərhal bərpasını vacib sayır. Amma Vaşinqton, Seul və Tokio bu ideyanı rədd edir, Pxenyanın təcavüzünə görə "mükafatlandırılmalı olmadığını" bildirir.

Pekinin təklifi yalnız Moskva tərəfindən dəstəklənir.

Çin-Şimali Koreya müsibətlərinə qalmaqallı WikiLeaks saytının xələl gətirmək cəhdi də diqqətəlayiqdir. Amerikalı diplomatların gizli yazışmalarından birinə əsasən, guya Çin, Cənubi Koreya və ABŞ iki Koreyanın birləşdirilməsinə dair danışıqlar aparıb. Saytda yer almış materiala əsasən, Vaşinqtonla Seul Şimali Koreyanın iqtisadi çətinlikləri və siyasi dəyişiklikləri nəzərə alaraq, Koreyaların birləşməsini mümkün sayır.

Bu məsələdə Çinin maraqlarına gəlincə,  guya Seul vahid Koreyanın Çin üçün təhlükəli perspektiv olmadığını nümayiş etdirməkdən ötrü, Pekinə iqtisadi stimullar verməyi də  düşünür.

Cənubi Koreyanın hazırkı rəhbərliyinin KXDR-ə "mehriban olmayan" münasibətini də nəzərdən qaçırmaq olmaz. Hələ avqustda Cənubi Koreya prezidenti Li Men Bak Şimali Koreya ilə birləşmə planını təqdim edib. O, ideoloji ziddiyyətlərə baxmayaraq, sonda iki Koreyanın birləşəcəyinə əminliyini söyləyib.

Cənubi Koreya prezidentinin planı 3 hissədən ibarətdir: 

birincisi, yarımadada sülh və sabitliyin bərqərar olması; ilk növbədə, Pxenyanın nüvə silahından imtinası; 

ikincisi, Şimali Koreya iqtisadiyyatının dirçəlişinə hesablanmış iqtisadi inteqrasiya. Li Men Bakın sözlərinə görə, yalnız bundan sonra koreyalılar aralarındakı fərqləri aradan qaldıra, birgə dövlət yarada bilər.

Bununla yanaşı, Cənubi Koreya lideri birləşmə üçün vəsaitin toplanması məqsədilə xüsusi vergi tətbiqini də təklif edir. Bəzi hesablamalara görə, birləşmiş Koreya dövlətinin yaradılması Seula 1 trilyon dollardan baha başa gələ bilər.

Cənubi Koreya rəhbərliyi paralel olaraq qonşusu tərəfindən yeni hücumlara da ciddi şəkildə hazırlaşır. Bir müddət əvvəl məlum olub ki, Şimali Koreya ilə qonşu adaların bütün sakinlərinə əleyhqaz paylanıb. Cənubi Koreya hökumətinin məlumatına görə, hazırda "şimal adaları" əhalisinin 30-40%-i bu müdafiə vasitəsinə malikdir. Bundan başqa, dekabrın 15-də bütün ölkə ərazisində mülki müdafiə üzrə təlimlər keçirilib, onun gedişində inanların xüsusi bomba sığınacağında gizlənməsi planı bir daha nəzərdən keçirilib.

Sorğular göstərir ki, Cənubi Koreya sakinlərinin 60%-dən çoxu vahid dövlətin yaradılmasına tərəfdardır. Amma onlar böyük xərcləri nəzərə alaraq, bunu uzaq perspektivdə reallaşdırmağı lazım bilir.

Bütün bunların fonunda Tokionun mövqeyi də maraqlıdır. Yaponiya regionda vəziyyətin qəlizləşməsi və Vaşinqtonun hərbi planlarını narahatlıqla qarşılayıb. Yaponiya KİV-də yer almış məlumatlara görə, yerli rəsmilər hələ ki ABŞ və Cənubi Koreya ilə birgə hərbi manevrlərdə iştirakın tez olduğunu düşünür.

Axı çoxtərəfli hərbi təlimlər bilavasitə Yaponiyanın müdafiəsi ilə bağlı deyil. Bu ölkənin konstitusiyası isə silahlı qüvvələrdən yalnız ölkəyə hücum təhlükəsi olduqda istifadəni mümkün edir. Bununla yanaşı, Tokio hava hücumundan müdafiə sistemini gücləndirməyin əleyhinə deyil və bunun üçün ona Vaşinqtonun dəstəyi lazımdır.

Yaponiyanın Müdafiə Nazirliyi artıq ölkə ərazisində "Petriot" hava-kosmik müdafiə sistemini yerləşdirmək niyyətini açıqlayıb. Bu gün həmin zenit-raket kompleksləri HHQ-nin yalnız 3 bazasında mövcuddur. Yaponiyanın 2010-cu il üçün müdafiə proqramında Şimali Koreya raketləri "təhlükə" kimi göstərilir. Yaponiya hökuməti KXDR-in sahib olduğu raketlər arasında xüsusilə ortaməsafəli ballistik raketlərdən narahatlığını ifadə edir. Həmin raketlər, təxminən, 1,3 min kilometr məsafəni vurmaq qabiliyyətinə malikdir.

Moskvanın regionda vəziyyəti açıq şəkildə gərginləşdirmək istəməməsi fonunda, Vaşinqtonun Pekini öz tərəfinə çəkə bilməməsi belə düşünməyə əsas verir ki, hazırda Koreya yarımadasında hadisələrin ən uğurlu inkişaf variantı status-kvonun saxlanmasıdır.

Tezliklə Çin və Rusiyanın səylərinin Pxenyanla danışıqların bərpasına aparıb-çıxaracağını istisna etmək olmaz. Onların səyləri bir müddət əvvəl regionda müsbət addımlara səbəb olmuşdu. 2003-cü ilin avqustunda Koreya yarımadasının denuklearizasiyası ilə bağlı Rusiya, KXDR, Cənubi Koreya, ABŞ, Çin və Yaponiyanın yüksəkrütbəli diplomatları arasında aparılan danışıqların sonunda Pxenyan nəinki nüvə proqramını dondurmuş, Yonbendəki nüvə reaktorunun sökülməsinə də razılıq vermişdi. Lakin 2009-cu ildə ABŞ və KXDR Pxenyanın təqdim etdiyi nüvə proqramının yoxlanması yolları ilə bağlı razılığa gələ bilmədi. Tokio ilə Seul isə Şimali Koreyanın nüvə proqramından imtinasının müqabilində onun istilik enerji stansiyasına yanacaq vermək haqqında öhdəliyindən  imtina etdi. Bununla da, tərəflər arasında dialoq faktikı olaraq, dalana dirəndi. Qarşı tərəfin bu addımlarına cavab olaraq, Pxenyan 2009-cu ilin yazında danışıqların mənasız olduğunu bəyan etdi və nüvə silahını sınaqdan keçirdi.

İndiki vəziyyət ABŞ-ı "altılıq"la KXDR arasında nüvə proqramı danışıqlarına "yaşıl işıq" yandırmağa məcbur edir. Amma bunu Çinin maraqlarını nəzərə almaqla etmək lazımdır. Hələ ki, diplomatiyaya alternativ yoxdur.



MƏSLƏHƏT GÖR:

600