14 Mart 2025

Cümə, 10:39

YAXIN ŞƏRQ DALANI

İsraillə fələstin arasında sülh dialoqu yenidən, özü də, deyəsən, daha uzun müddətə dayandı…

Müəllif:

15.12.2010

Fələstin-İsrail münaqişəsinin həlli prosesi, deyəsən, yenidən uzun müddətə bir kənara qoyuldu. Yaxın Şərq münaqişəsinin həlli prosesində vəziyyətin ağırlaşdığını dolayısı ilə Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas da təsdiqləyib. O, nəinki vəzifədən getməyə, ümumiyyətlə rəhbərlik etdiyi strukturu buraxmağa belə hazır olduğunu bildirib.

 

İflas ərəfəsində

Abbasın etirafına görə, Fələstin muxtariyyətinin hakimiyyət strukturu, əslində, bütün səlahiyyətlərdən məhrumdur, müstəqil Fələstin dövlətinin çoxdan yaradılmalı olduğu ərazilərin işğalı hələ də davam edir.

Bu bəyanatdakı aşkar mübaliğəyə baxmayaraq (aydındır ki, Fələstin lideri gələcək Fələstin dövlətinin özülü olacaq milli administrasiyanı dağıtmaq fikrində deyil), o, bir faktı açıq şəkildə ortaya qoyur: Yaxın Şərqdəki sülh dialoqu yenidən dalana dirənib.

Bu ilin sentyabrında ABŞ-ın vasitəçiliyi iilə bərpa olunmuş Fələstin-İsrail danışıqları uzun illərdir davam edən problemin tezliklə həllinin əsasını qoymalı, prosesi birdəfəlik sülh məcrasına yönəltməli idi. Amma artıq sentyabrın sonlarında danışıqlar prosesi yenidən ləngiməyə başladı. İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələrinin tikintisinə tətbiq etdiyi moratoriumun bitməsi və tikinti işlərinin bərpası ilə əlaqədar olaraq, Fələstin tərəfi danışıqlardan çıxdı. Abbas açıq şəkildə bildirdi ki, işğal altındakı ərazilərdə yəhudi yaşayış məntəqələrinin tikintisinə son qoyulmadan, onlar danışıqlar masası ətrafına qayıtmayacaq. Bununla yanşı, İsrailin Baş naziri Benyamin Netanyahu tikinti işlərini dayandırmalarının müqaibilində, Fələstinin onları dövlət kimi tanıması tələbi də Abbas tərəfindən rədd edilib. Üstləik o, müvəqqəti sərhədlər çərçivəsində Fələstin dövlətinin yaradılması ilə də razılaşmayıb.

"Müvəqqəti sərhədlər çərçivəsində Fələstin dövlətinin yaradılması məsələsi İsrailin bəzi məmurları tərəfindən qaldırılır. Bu, qəbuledilməzdir. Çünki müvəqqəti sərhədlər - lap 2 günlüyə belə - çərçivəsində dövlətin yaradılmasını qəbul etsək, o, əbədi, üstəlik, Qüdssüz olacaq", - deyə Abbas bildirib.

Fələstin administrasiyası tərəflər arasında əsas vasitəçi olan ABŞ-a müraciət edərək, dialoqun iflasa uğramasına görə məsuliyyətin açıq şəkildə İsrailin üzərinə qoyulmasını, Netanyahu hökumətinə təzyiq edilməsini istəyib. Vaşinqton isə İsrailin mövqeyində yumşalmaya nail olmaq üçün müəyyən addımlar atıb. Dünya KİV-də yer almış məlumatlara görə, Təl-Əvivin Fələstin ərazisində yəhudi yaşayış məntəqələrinin tikintisini dayandırması müqabilində Vaşinqton ona yeni qırıcılar vəd edib. 

Amma Vaşinqtonun səyləri nəticə verməyib. Sonda ABŞ Dövlət Departamentinin rəsmisi Filip Krouli İsraili tikinti işlərini dayandırmağa razı salmaq üçün səyləri dayandırmaq məcburiyyətində olduqlarını etiraf edib. O, bunu cəhdlərin nəticə verməməsi ilə əsaslandırıb.

Doğrudur, bu bəyanatla yanaşı, o da qeyd olunur ki, Birləşmiş Ştatlar bundan sonra da tərəflərə birbaşa əlaqələrin yaradılmasında və qarşılıqlı anlaşmaya gəlinməsi yolunda köməklik göstərəcək.

Amma məhz qarşılıqlı anlaşmanın olacağına ümidlər getdikcə daha da azalır. Knessetdə "İsrailin süveren ərazisi"ndən güzəştin yalnız deputatların üçdəikisinin (yəni, 80 parlamentarinin) razılığı ilə mümkünlüyünə dair qəbul edilmiş qanun buna misaldır. Əks təqdirdə, razılaşma referenduma çıxarılmalıdır.

İsrail parlamentinin bu qərarı Ərəb Dövlətləri Liqası tərəfindən pislənib. Qurum hesab edir ki, bu, sülh prosesinə və Fələstin dövlətinin danışıqlyar yolu ilə yaradılmasına daha bir maneədir. Amma İsrail parlamentinin qərarına belə münasibət göstərən yalnız ərəb dünyası deyil. Almaniyanın "Suddeutsche Zeitung" qəzeti yazır ki, bu qanun demokratiyanın əsas prinsiplərinə ziddir. Axı demokratiya hüquqi dövlətin mövcudluğunu nəzərdə tutur. O isə qanunları poza və ya zorla yeridə bilməz. Gələcəkdə israillilər Hollan yüksəkliklərinin Suriyaya, Qüdsün şərqi hissəsini isə Fələstinə qaytarmaq məsələsini referendumla həll edərlərsə, bu, o anlama gələr ki, İsrail, əslində, malik olmadığı hüquqlara sahib çıxmaq istəyir.

"Hollan yüksəklikləri və Qüdsün şərq hissəsinin işğalından 30 il keçməsi önəmli deyil. Bu, İsrailin birtərəfli addımı olub və beynəlxalq aləm tərəfindən tanınmayıb. Beləliklə, beynəlxalq hüquq nöqteyi-nəzərindən bu ərazilər işğal olunub. Demək, İsrail orada heç bir suveren qərar qəbul edə, xüsusilə referendum keçirə bilməz. Beləliklə, yeni qanun İsrailin beynəlxalq hüquqa əhəmiyyət vermədiyinin daha bir göstəricisidir. Fələstin ərazisində - İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisi məsələsində də İsrail özünü belə aparır", - deyə Avropanın aparıcı qəzetlərindən biri yazır.

Fələstin rəhbərliyi isə danışıqlar prosesi iflasa uğrayacağı təq-dirdə regionu nələrin gözlədiyinə açıq işarə vurur. Abbasın rəhbərlik etdiyi administrasiyanı buraxa biləcəyinə dair bəyanatına da məhz bu rakursdan baxılmalıdır. Söhbət "intifada"nın fəal mərhələsinin bərpasından gedir. Ötən illərin təcrübəsi isə göstərir ki, bu, özünü İsrail şəhərlərində kamikadzelərin törətdiyi terror aktları ilə büruzə verir.

Amma Abbasın İsrailə təzyiq göstərmək üçün kifayət qədər dinc vasitələri də var. Vaşinqtonun təşəbbüsü ilə başlanan növbəti danışıqlar prosesi iflas təhlükəsi ilə üz-üzə qaldığı zaman o, dərhal elə bu vasitələrdən istifadə etməyə çalışıb.

 

Abbas taktikanı dəyişir

Abbasın dinc "silah"ı Fələstinin beynəlxalq aləm tərəfindən müstəqil dövlət kimi tanınması prosesinin fəallaşdırılmasıdır. Güman edilir ki, bu taktika nəticəsində, İsrailin Yaxın Şərq tənzimlənməsində onsuz da güclü olmayan hüquqi mövqeləri daha da zəifləyəcək. 

Hazırda müstəqil Fələstin dövlətini 100-dən artıq dövlət tanıyıb (ABŞ, Yaponiya və Avropa İttifaqının əksər üzvləri bura daxil deyil). Abbas bu dövlətlərin sayını artırmaqda israrlıdır.

"Fələstinlə İsrail arasında aparılan sülh danışıqları nəticəsiz bitərsə, Fələstin hələ də onun müstəqilliyini tanımamış dövlətləri bunu etməyə çağıracaq", - deyə Türkiyəyə dekabrın əvvəlində etdiyi səfəri zamanı Abbas bildirib. 

Yeri gəlmişkən, Fələstin lideri bu məsələdə artıq Ankaranın da dəstəyini alıb. Türkiyə Prezidenti Abdullah Gül bildirib ki, Ankara bundan sonra da Fələstinlə həmrəylik nümayiş etdirəcək, Fələstin dövlətinin yaradılması üçün ictimai və iqtisadi dəstəyini əsirgəməyəcək.

Bu dəfə hələ mövcud olmayan Fələstin dövlətinin 1967-ci ildəki sərhədlər çərçivəsində tanınmasına dair yeni xəbərlər Latın Amerikasından gəlib. Regionun nəhəng dövlətləri olan Braziliya və Argentina onu müstəqil dövlət kimi tanıyıb. Rəsmi Buenos-Ayres xüsusi olaraq vurğulayıb ki, Argentinanın Fələstini müstəqil dövlət kimi tanıması "Cənubi Amerika dövlətləri arasında bu məsələyə dair dərin konsensusun olduğunu göstərir".

Uruqvay, Paraqvay, Ekvador və Peru da 2011-ci ildə analoji qərarın veriləcəyini bəyan ediblər.

Dünya KİV dərhal Fələstin administrasiyasının diplomatik hücumundan danışmağa başlayıb. İsrail isə öz növbəsində, dövlətlərin Fələstinin müstəqilliyini tanımasını İsraillə Fələstin arasında 1995-ci ildə Osloda əldə edilmiş razılaşmaya zidd sayır. Həmin razılaşmada Fələstinin tanınmasının yalnız İsrailin razılığı ilə mümkün olduğu bildirilir.

Fələstinin beynəlxalq aləm tərəfindən tanınması prosesinin fəallaşmasına müxtəlif yanaşmalar var. FƏTH-dən fərqli olaraq, İsrailə qarşı daha sərt mövqedə olan HƏMAS-ın məsələyə yanaşması xüsusilə maraqlıdır. Hərəkat üzvləri düşünür ki, Fələstinin tanınması kampaniyasının arxasında başqası yox, şəxsən Birləşmiş Ştatlar dayanır. "Həmasçılar"ın fikrincə, İsrailin münaqişənin həllində tərslik etməsi fonunda Barak Obama BMT Baş Assambleyasının sessiyasındakı vədinə əməl etmək üçün hərəkətə keçib. Xatırladaq ki, Obama Baş Assambleyadakı çıxışında 2011-ci ilin sentyabrında Fələstinin BMT üzvü olacağını bildirmişdi. İndi Ağ ev sahibi bu prosesə ilk olaraq Latın Amerikası dövlətlərini qoşub.

 

Karmel yaxınlaşması

Fələstin-İsrail danışıqlarında irəliləyiş perspektivi, demək olar ki, görünməsə də, yenə də nəticəyə hansısa ümidlər qalır; məsələn, Mahmud Abbas HƏMAS-ı girovluqdakı israilli əsgər Qilad Şaliti azad etməyə çağırıb. İsrail isə Qəzzanın blokadasının yumşaldılacağına dair təşəbbüslərinin olduğunu təsdiqləyib. O, xüsusilə buradan ixraca imkan yaradıla biləcəyini açıqlayıb.

Amma ən vacibi - Fələstin administrasiyası İsrailə Karmel dağlarındakı güclü yanğının söndürülməsində kömək edib. Hayfa rayonuna Fələstindən 3 yanğınsöndürmə maşını göndərilib. İsrail Prezidenti Şimon Peres və Baş nazir Benyamin Netanyahu buna görə Mahmud Abbasa minnətdarlıq edib. Netyanyahu qonşu müsəlman dövlətlərinin (Misir, İordaniya və Türkiyə) rəhbərlərinə də təşəkkür edib. Bu dövlətlər də aradakı fikir ayrılıqlarına baxmayaraq, İsrailin yardım çağırışına müsbət cavab verib, ona təcili yardım göstəriblər.

"Karmeldəki fəlakət bizi qonşu dövlətlərlə yaxınlaşdırdı. Hamı anlayır ki, bu bədbəxtlik hər kəsin başına gələ bilər. Bu halda hər kəs bir-birinə kömək etməlidir", - deyə Netanyahu bildirib.

İsraillilərlə ərəblər, bir-birlərinə yardım etməyin vacibliyini həqiqətən də anlayırlarsa, deməli,  hər il yüzlərlə insan həyatına son qoyan, bütünlükdə beynəlxalq vəziyyətə bu qədər mənfi təsir göstərən bu köklü  münaqişənin sülh yolu ilə həlli şansları hələ də qalmaqdadır.



MƏSLƏHƏT GÖR:

429