SAMMİT NƏYİ ÜZƏ ÇIXARTDI?
ATƏT özünü münaqişələrin həlli formati kimi doğrultmur
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
ATƏT-ə üzv dövlət başçılarının dekabrın əvvəlində Astanada keçirilmiş 7-ci sammiti ona olan ümidləri doğrultmadı. Sammitin nəticələrini təhlil edən əksər ekspertlər bu qənaətdədir ki, toplantını iflasa uğramış saymaq olar. Bu, ilk növbədə, ikigünlük sammitin yekununda qəbul edilmiş bəyannamənin qeyri-müəyyən məzmunu ilə bağlıdır.
Gözlənilirdi ki, ATƏT üzvləri kompleks təhlükəsizlik tədbirləri və Vankuverdən Vladivostokadək olan məkanda əməkdaşlığa dair yekdil fikrə gələcəklər. Bununla əlaqədar olaraq, Astanada əsas diskussiya mövzusu bu məkandakı münaqişələrin həlli yolları olmalı idi. Çünki bu olmadan təhlükəsizlik, sabitlik və mükəmməl əməkdaşlıqdan danışmaq mümkün deyil. Bu üzdən təcavüz və separatçılıqla üzləşmiş postsovet ölkələri sammitin məhsuldar olmasında xüsusilə maraqlı idi.
Təbii ki, bu, Bakıya da aiddir. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçi olan ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan tərəfindən çoxdan narazılıq yaradır. Təxminən, 20 ildir davam edən münaqişənin həllində hələ də hər hansı konkret nəticə yoxdur.
Sammitdən, təxminən, 2 ay əvvəl Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlara ATƏT-in qiymətləndirici missiyasının səfəri, Minsk qrupu həmsədrlərinin regiona intensiv gəlişi, həmçinin, onların sammitədək problemin həllində irəliləyişə imkan verəcək sənəd hazırlayacaqlarına dair vədlər də müəyyən ümidlər yaratmışdı.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi sənədin qəbul edilməməsi 2 halda mümkün sayılırdı. Birincisi, əgər vasitəçilər tərəfindən bu və ya digər səbəbdən vəd olunan sənəd hazırlanmasaydı. Amma vasitəçilərin ciddi vədləri bu ehtimalı istisna edirdi.
İkinci səbəb Yerevanın destruktiv mövqeyi ola bilərdi. Bu isə artıq çoxdandır işğalçı Ermənistanın vizit kartına çevrilib.
Təəssüf ki, sammitin içində ilk güman özünü doğrultdu. Aydın oldu ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qəbul edilən sənədi özlərinin geosiyasi maraqları üzündən, həmçinin, postsovet məkanında və ümumilikdə, Avropa məkanındakı münaqişələrə vahid yanaşma ortaya qoymağı bacarmadıqları üçün hazırlaya bilməyiblər.
Məhz bu səbəblər üzündən hələ sammitdən əvvəl müəyyən intriqalar yaranmışdı. ATƏT-in qiymətləndirici missiyasının hesabatının sammitin başlanmasınadək acıqlanacağı gözlənilsə də, sonradan bunun gələn ilədək təxirə salındığı açıqlandı. Bununla da vacib məsələlərdən biri gündəlikdən çıxdı və nəticədə Ermənistan Astanada daha ciddi təzyiqlə üzləşmək təhlükəsindən qurtuldu. Yəqin ki, bu məqam tam dəqiqliklə araşdırılmalı, missiya hesabatın açıqlanmasının hansı səbəbdən təxirə salınmasına tam aydınlıq gətirməlidir.
Sammitin işinə Moskvanın bir bəyanatı da özünəməxsus qarışıqlıq saldı - Moskva əvvəlcədən bəyan etdi ki, Astana sammitinin yekun bəyannaməsinə Rusiyanı qane etməyən məqamlar salınarsa, o, sənədi imzalamayacaq. Kremlin bu xəbərdarlığının arxasında nə gizlənirdi? Aydındır ki, Rusiya bu zaman Abxaziya, Cənubi Osetiya və Dnestryanı problemlərlə bağlı məsələləri nəzərdə tuturdu və onun bu fikri Dağlıq Qarabağ münaqişə-sinə bilavasitə aid deyildi. Hər halda, Moskva Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə sadiqliyini dəfələrlə bəyan edib. Üstəlik, son zamanlar o, bu problemin həllində səylərini artırıb və bununla da sanki Minsk qrupunun digər həmsədrlərini kölgədə qoyub.
Odur ki, Moskvanın Astanada Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ciddi sənədin qəbulunda maraqlı olmaması ehtimalı azdır.
Çox güman ki, problem başqadır: ABŞ və Rusiya artıq postsovet məkanındakı bütün münaqişələrin həllinə ayrı-ayrılıqda yanaşmaq iqtidarında deyil. Yəni bu münaqişələrin həlli ilə bağlı lider dövlətlər tərəfindən paket razılaşmanın qəbulu gündəmə gəlir: ya onların hamısı beynəlxalq aləm tərəfindən tanınmış sərhədlər çərçivəsində, ya da xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında həll olunmalıdır (çoxları yanlış olaraq düşünər ki, bunlar bir-birini təkzib edən beynəlxalq prinsiplərdir).
Gürcüstanın ərazi bütövlüyə məsələsi bu gün ABŞ və müttəfiqlərinin Rusiya ilə münasibətlərində ciddi problemdir. Dnestryanı problem də müəyyən dərəcədə bu münasibətlərə maneədir. Odur ki, Qərb əlinə düşən hər imkanda bu ölkələrin ərazi bütövliyi məsələsini gündəmə gətirməklə Moskvanı pis vəziyyətdə qoymağa çalışır.
Bu yerdə, əlbəttə ki, Cənubi Qafqazın aparıcı dövləti, Avropanın enerji təhlükəsizliyinin təminində vacib bənd olan Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərilə bağlı analoji sual meydana çıxır.
Bu vəziyyətdə NATO da çətin seçim qarşısında qalır: ya yuxarıda adları çəkilən dövlətlərin ərazi bütövlüyi ilə bağlı vahid mövqe ortaya qoyulmalı və bununla da özünə olan inamı möhkəmləndirməli, ya da Bakının ədalətli tələbinə əhəmiyyət verməyərək yalnız Gürcüstan və Moldova haqda danışılan yarımçıq sənəd qəbul etməlidir. Bu halda qurum simasıını tam itirəcək. Alyansın siyasi iradə nümayiş etdirərək birinci variantı seçməsi sevindiricidir.
Hələ Astana sammiti başlamamış Moskvanın bəzi maddələrin yekun bəyannaməyə salınmasının arzuolunmazlığını bəyan etməsi Qazaxıstan paytaxtında çətin diskussiyaların olacağını göstərirdi.
Xüsusilə Qərbin ATƏT-in müşahidəçi missiyasının yenidən gürcü-osetin münaqişə zonasına buraxılması ilə bağlı təzyiqi Moskvanı ciddi şəkildə qıcıqlandırır. Kreml bunu yolverilməz sayır. O, mövqeyini 2008-ci ilin avqust hadisələrindən sonra Abxaziya və Cənubi Osetiyanın "müstəqillik" qazanması, bununla da avtomatik olaraq "münaqişə zonası siyahısından çıxması" ilə izah edir. Moskva bu məsələ ilə bağlı mövqeyində Astanada da heç bir yenilik etməyi düşünmürdü. Yekun bəyannamədə alternativ fikrin yer almasından isə danışmağa belə dəyməzdi.
Yeri gəlmişkən, Moskva Gürcüstanın ərazi bütövlüyü mövzusunu qapanmış məsələ sayır. Astanada bu məsələnin müzakirəsi və Rusiya nümayəndə heyətinin demarşı da bunu bir daha təsdiqlədi. Kreml tərəfindən əvvəlcədən xəbərdarlıq almış ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa prezidentlərinin sammitə qatılmamasını da Moskvaya etiraz saymaq olar.
B.Obama və N.Sarkozinin tədbirdə iştirakdan imtinaları sammitin əhəmiyyətini birdən-birə bir neçə pillə azaltdı. Aydın oldu ki, Astanada Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı da hər hansı ciddi irəliləyiş gözləmək olmaz. Qərblə Rusiya arasındakı ziddiyyət ATƏt-in Astana sammitini iflasa məhkum etdi.
Bu reallıqların üzə çıxmasından sonra, Ermənistanın ürəklənən prezidenti Serj Sarqsyan Astana sammitinə qatılacağını bəyan etdi. Bunadək isə onun toplantıda iştirak etməyəcəyinə dair xəbərlər dolaşırdı. İndi Sarqsyan əmin idi ki, ATƏT-in aparıcı üzvləri və Minsk qrupuna həmsədrlik edən dövlətlər tərəfindən ciddi təzyiqlə üzləşməyəcək.
Azərbaycana gəlincə, sammitin ilk günündəcə prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin bundan sonra da uzanmasının yolverilməzliyini bəyan edib. Türkiyə Prezidenti Abdullah Gül, Almaniya kansleri Angela Merkel, İtaliyanın Baş naziri Silvio Berluskoni də bu problemin həlli üçün ciddi addımların atılması vaxtının çatdığını bəyan ediblər və onların bu fikirlərilə ATƏT-in Minsk qrupunun həmsədrləri də razılaşıb.
Rusiya Prezidenti D.Medvedev, Fransanın Baş naziri F.Fiyon və ABŞ-ın dövlət katibi Hillari Klintonun birgə bəyanatında da Dağlıq Qarabağ münaqişəsinin həllində daha qərarlı addımların atılması zamanının çatdığı bildirilir. Qeyd edək ki, bu bəyanata Azərbaycan və Ermənistan prezidentləri İ.Əliyevlə S.Sarqsyan da qoşulub.
Azərbaycan və Ermənistan prezidentləri münaqişənin beynəlxalq hüquq prinsipləri, BMT Nizamnaməsi, Helsinki Aktı, həmçinin, ABŞ, Fransa, Rusiya prezidentlərinin Akvil və Muskokdakı bəyanatları əsasında çözməyə hazır olduqlarını bildiriblər.
Belə qeyri-müəyyən bəyanat Azərbaycan tərəfini tam qane edə bilməz. Amma yəqin ki, həmsədr ölkə prezidentlərinin Muskok Bəyanatının xatırladılması birmənalı şəkildə Bakının xeyrinədir. Həmin sənəddə söhbət erməni tərəfinin spekulyasiya etdiyi Dağlıq Qarabağın müqəddəratını təyinetməsindən deyil, Azərbaycanın tərkibində özünüidarədən gedir.
Amma təəssüf ki, həmsədr ölkələr 1996-cı ildə ATƏT-in Lissabon sammitindən fərqli olaraq, bu dəfə siyasi iradə nümayiş etdirmədi. Bu ölkələrin Astanada həddindən artıq amorf mövqe nümayiş etdirməsi işğalçı Ermənistan üçün xilas oldu. Bu həm də ATƏT-in nəhəng regional qurum kimi zəifliyini nümayiş etdirdi. Yekun bəyannamənin 10 saat davam edən debatdan sonra qəbulu da bunu bir daha sübut edir.
Ümumi şəkildə postsovet məkanındakı münaqişələrin həlli istəyindən danışılan ATƏT sammiti onların aradan qaldırılmasının mümkün və birbaşa yollarının göstərildiyi konkret sənəd qəbul etmədi.
Prinsipcə, ATƏT indiyədək özünə münaqişələrin həllində aparıcı rola malik qurum kimi təsdiq etməyib. Onun fəaliyyəti yalnız postmünaqişə dövründə əməkdaşlığın bərpa olunmasında iştirakla yekunlaşır. ATƏT-in maliyyə ayırmalarının təhlili göstərir ki, postsovet məkanındakı münaqişələrin həlli bu qurum üçün prioritetlər sırasında deyil. ATƏT-in büdcəsindən Dağlıq Qarabağ münaqişəsinin həllinə ümumi xərclərin cəmi 1,4%-i ayrılır. Bu da əsasən, həmsədrlərin regiona səfərlərinə xərclənən vəsaitdir.
Sual yaranır: bu problemin həlli üzrə sülh prosesinin ATƏT-in Minsk qrupu çərçivəsində başlanılması nə qədər məqsədəuyğun idi?
Düşünmək olar ki, birincisi, bu formatı ATƏT-in aparıcı üzvləri münaqişə tərəflərinə sırıyıb.
İkincisi, Minsk qrupunun hər üç həmsədri BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və bu üzdən münaqişənin məhz bu formatda tezliklə həllinə böyük ümidlər var idi.
Ola bilsin ki, Astana sammitindən sonra Bakı var qüvvəsini səfərbər edərək, məsələnin BMT-nin himayəsinə keçirilməsinə çalışacaq. Hər halda, bu qurum təcavüzkara təzyiq göstərmək üçün konkret mexanizmlərə malikdir. Yaşananlar göstərir ki, ATƏT-in Minsk qrupu problemin həlliylə deyil, imitasiyası ilə məşğuldur.
Digər tərəfdən, qeyri-müəyyən müqəddəratı təyinetmə prinsipinə aydınlıq götirilməsinin də vaxtıdır. Beynəlxalq hüquqda hər kəsin öz maraqlarına uyğun formada dəyişdirdiyi bu prinsipin sərhədləri dəqiq göstərilməlidir.
Bu gün sözügedən prinsip daha çox yeni münaqişələrin yaranması və separatçı meyillərin əmələ gəlməsinə kömək edir, nəinki hansısa münaqişənin həllinə. Məhz bu səbəbdən, həmin prinsipin əsas gətirilməsinin nə vaxt məqsədəuyğun olduğunu müəyyənləşdirəcək vahid mexanizmin hazırlanması zamanı çatıb.
MƏSLƏHƏT GÖR:




519

