13 Mart 2025

Cümə axşamı, 11:22

BARIT KİMİ REGİON

Yaxın Şərq dünyada qeyri-sabitliyin episentrlərindən biri olaraq qalır

Müəllif:

06.01.2015

2014-cü il Yaxın Şərqdə böyük təlatümlərlə yadda qaldı. Regionu saysız-hesabsız münaqişələr və müharibələr bürüyüb. Və bu müharibələr beynəlxalq sabitlik və təhlükəsizliyə təsir göstərə biləcək ciddi geosiyasi dəyişikliklərə yol açacaq.

 

"İslam Dövləti" kabusu

Düz 1 il əvvəl, 2014-cü ilin yanvarında dünya KİV-də "Əl-Qaidə" terror təşkilatının qollarından birinin İraqın Anbar əyalətində "İraq və Şam İslam Dövləti" (İŞİD) elan etdiyinə dair xəbərlər yayıldı. Radikal sələfi hərəkatı ideyasının daşıyıcısı olan bu silahlı qruplaşma bütünlükdə islam dünyasında xilafət yaratmaq niyyətini açıq şəkildə ortaya qoydu. İraqın şimalını və şimal-qərbini ələ keçirən İŞİD növbəti hədəfinin Bağdad, İraqın qalan hissəsi və Suriya olduğunu bəyan etdi.

Sonradan adını dəyişərək "İslam Dövləti" (İD) edən bu təşkilatın Yaxın Şərqdə peyda olması həm də artıq, təxminən, 4 ildir Suriyada gedən qanlı müharibənin nəticəsidir. İraqda qəddarlığı ilə ad çıxarmış və praktiki olaraq, hələ 2004-cü ildə məhv edilmiş "Əl-Qaidə" məhz Suriyada silahlı qarşıdurmanın gedişində yenidən dirçəldi. "Cabhat ən-Nusra" və İD də daxil olmaqla, müxtəlif sələfi qruplaşmaları "cihad" elan edərək, bir-birlərilə sıx əlaqəli şəkildə fəaliyyətə keçdilər, ilk döyüş sınaqlarını həyata keçirdilər. Bu, Suriya rejiminə dost olmayan kənar qüvvələrin rejimin əleyhdarlarına ciddi dəstək verməsi şəraitində baş tutdu.

İD-nin İraqdakı yüksəlişi və Suriyada yaşananlar arasında əlaqənin olduğunu göstərən amillər çoxdur. Məsələn, "Cabhat ən-Nusra" (Suriya müxalifəti daxilində ən qəddar təşkilat olan bu qruplaşma Bəşər Əsəd tərəfdarlarının, Suriyanın ənənəvi məzhəb sahiblərinin, ilk növbədə, şiələrin fiziki məhvini qarşısına məqsəd qoyub), İD və digərləri nəinki Suriyanın bir hissəsinə də nəzarəti ələ aldılar, hətta qonşu Livana hücum etmək qərarına gəldilər. Məqsəd şiələrin "Hizbullah" hərəkatının rəsmi Dəməşqə dəstəyinə son qoymaq, hərəkatın öz qüvvələrini Suriyadan çıxarmağa məcbur etmək idi. Amma İD Livana gedib çıxa bilmədi (ən azı hələlik), əvəzində "cihadçılar"ın "qəhrəmanlığı"nı Suriyanın "başında çatladı".

 

Suriya hələ də hədəfdədir

Bununla yanaşı, başa çatmaqda olan il Suriyada gedən vətəndaş müharibəsində hökumət qüvvələrinin ciddi üstünlük qazanması ilə yadda qaldı. Maraqlı xarici qüvvələrin, ilk növbədə, ABŞ və Rusiyanın Suriya münaqişəsinə kənar hərbi müdaxilənin edilməməsi haqda razılığa gəlmələrindən sonra problemin dinc yolla həlli imkanları meydana çıxdı. Yeri gəlmişkən, Vaşinqton ilə Moskva arasındakı bu razılaşma Suriyanın kimyəvi silahının məhv edilməsi şərtilə qüvvəyə mindi. Dəməşq də öz növbəsində kimyəvi silah arsenalının məhvi imtahanından uğurla çıxdı. Bu prosesin fonunda Rusiya və ABŞ Suriya hökuməti və mötədil müxalifətinin nümayəndələrinin iştirakı ilə danışıqlar prosesinə başlamağa nail oldular. Danışıqların bu mərhələsi şərti olaraq "Cenevrə-2" adlandırıldı.

Daha bir vacib məqam ötən il iyunun 3-də Suriya tarixində ilk alternativli prezident seçkisinin keçirilməsi oldu. Seçkiyə bir neçə namizəd qatılsa da, Bəşər Əsədin qalib gələcəyi heç kəsdə şübhə doğurmurdu. Seçki ərəfəsində Suriya ordusunun qiyamçılar üzərində əldə etdiyi üstünlük, xüsusilə xristianlara məxsus Maalula şəhərinin yaraqlılardan təmizlənməsi Əsədə əlavə dividendlər qazandırmışdı.

Amma real müxalifət - həm mötədillər, həm də radikallar - Bəşər Əsədin qələbəsini tanımadı. Ona Qərb, ilk növbədə, ABŞ da etinasızlıq göstərdi. Məsələ ondadır ki, Vaşinqton Suriyadaxili münaqişənin həlli üçün Əsədin prezident postunu tərk etməsini alternativsiz şərt sayır.

Bütün bunların fonunda Suriyanın gələcəyinə əsas təhlükə "cihad hərəkatı"nın genişlənməsindən gəlir. Savaşı "sonadək aparmaqda" israrlı olan bu hərəkat klerikal dövlətin yaradılmasında israrlıdır. "İslam Dövləti"nin Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrinə də soxulması radikalların mövqelərini daha da gücləndirib. Məhz bu məqam iztirablar içərisində olan ölkənin ərazisində yeni miqyaslı müharibəyə yol açıb. Bu dəfə savaşa İD-nə qarşı Birləşmiş Ştatlar tərəfindən yaradılmış beynəlxalq koalisiya da qoşulub.

 

Yeni koalisiyanın müharibəsi

Beynəlxalq antiterror koalisiyasının strategiyasını açıqlayan ABŞ prezidenti Barak Obama əsas diqqətin islamçıların istər İraq, istərsə də Suriya ərazisindəki mövqelərinə aviazərbələrin endirilməsinə yönəldiləcəyini bildirdi. Vaşinqtonun İD-yə qarşı hərbi əməliyyatların miqyasını Suriya ərazisi hesabına artırmaq istəyi dərhal Amerikanın öz maraqları uğrunda mübarizə aparması kimi şərh olundu. Guya, İraqda hakimiyyət uğrunda mübarizə aparan, üstəlik, qonşu dövlətləri də ələ keçirmək niyyətində olan terrorçularla mübarizə adı altında amerikalılar əslində Suriya ilə bağlı geosiyasi məqsədlərinə çatmağa çalışırlar. Bununla yanaşı, bu, ilk növbədə, Bəşər Əsədin devrilməsi həm də Türkiyənin məqsədləri sırasındadır.

Ankara lap əvvəldən İraqda İD-yə qarşı yerüstü və ya digər əməliyyatlarda iştirak etməyəcəyini açıqlayıb. Şübhəsiz ki, Ankaranın ABŞ-ın rəhbərliyilə aparılan hərbi əməliyyatlarda iştirakdan imtinasının bir sıra səbəbləri var. Türklər, ilk növbədə, İraqdakı kürd muxtariyyətinin güclənməsi prosesində iştirakçı olmaq istəmirlər. İD-nin məhvi məqsədilə həyata keçirilən hərbi əməliyyatların isə kürdlərin gücləndirəcəyinə şübhə yoxdur.

Lakin sonradan Suriyada vəziyyətin son dərəcə kəskinləşməsinə, xüsusilə radikalların kürdlərin yaşadığı Kobani şəhərinə nəzarəti ələ almasına reaksiya verən Ankara İD ilə müharibəyə başlamaq niyyətini açıqladı. Maraqlıdır ki, kürdlər və amerikapərəst koalisiya radikal islamçıları Suriyanın kürdlər yaşayan bölgələrindən çıxara biləcək qüvvə kimi, məhz Türkiyəyə arxalanırdılar. Amma Türkiyə parlamenti orduya Suriya və İraqda transsərhəd əməliyyatları aparmaq üçün mandat versə də, Ankara İD ilə birbaşa hərbi qarşıdurmaya getmədi. Səbəb yenə də Suriya münaqişəsidir. Ankara göstərir ki, o, İD-yə qarşı yerüstü əməliyyatların Suriya rejiminin devrilməsilə də nəticələnməli olduğunu düşünür. İndi böyük ehtimalla, beynəlxalq koalisiyanın İD ilə apardığı müharibənin hansı xarakter alacağı Qərb müttəfiqlərinin yeni antiterror kampaniyasını Suriya hökumət qüvvələrinə qarşı yönəldib-yönəltməyəcəyindən asılı olacaq.

 

İsrail, Fələstin və bitmək bilməyən münaqişə

Yaxın Şərq siyasətinin ümumi mənzərəsinə ciddi şəkildə təsir göstərən daha bir məqam regional münaqişənin özəyi sayılan İsrail-Fələstin münaqişəsi, daha geniş anlamda isə israillilərin bütünlükdə ərəb dünyası ilə qarşıdurmasıdır.

Yayda İsrail Qəzza zolağında "Sarsılmaz qaya" adı altında növbəti hərbi əməliyyatlarını keçirdi. Əməliyyatlarda əsas məqsəd HƏMAS hərəkatının hərbi obyektlərinin və infrastrukturunun məhvi idi. İsraillilər qarşıya qoyduqları bu məqsədə tam nail ola bilmədilər (6 il əvvəl həyata keçirilmiş "Ərimiş qurğuşun" əməliyyatı zamanı olduğu kimi). Lakin onlar Fələstinin səyləri birləşdirmiş rəhbərliyinə zərbə vurmağa nail oldular. Təl-Əviv, əslində, əməliyyatlara Fələstinin iki aparıcı təşkilatı olan FƏTH və HƏMAS tərəfindən milli birlik hökumətinin formalaşdırılmasından dərhal sonra başlamışdı. Bu koalisiya faktiki olaraq, İsrailin terrorçu saydığı Fələstin radikallarına legitimlik qazandırmışdı.

İsrailin özündə isə dövlət başçısı postuna ölkənin ən sərt, güzəştə getməyi mümkünsüz sayan siyasətçisi Reuven Rivlin iddia etməkdədir. O, yəhudi yaşayış məntəqələrinin genişləndirilməsini vacib sayır. Rivlin fəaliyyətə kifayət qədər qarışıq beynəlxalq şəraitdə başlamalı olub. Məsələ ondadır ki, Təl-Əvivin həyata keçirdiyi hərbi əməliyyat zamanı Fələstində xeyli sayda dinc sakinin həlak olması, ümumilikdə, beynəlxalq birlik tərəfindən sərt tənqid olundu. Bundan başqa, bir sıra ölkələr, ilk növbədə, Avropa İttifaqının üzvləri artıq Fələstinin müstəqilliyinin tanınması məsələsini daha sərt şəkildə qoymağa başladılar. Ötən ilin sonunda İsveç Fələstini müstəqil dövlət kimi tanıdı. Böyük Britaniya, İrlandiya, İspaniya, Fransa kimi ölkələrin parlamentlərində də analoji qətnamələr qəbul edildi. Məlum olduğu kimi, Avropa İsraili Fələstin torpaqlarının işğalında günahlandırır. Avropada hesab edirlər ki, Fələstinin müstəqil dövlət kimi tanınması Təl-Əvivi Rəmallahla daha fəal şəkildə kompromis axtarışına vadar edəcək.

İsrailin hərbi əməliyyatları başa vurması ilə Müqəddəs torpaqda yaranmış qısamüddətli sakitlik noyabrda yenidən pozuldu. Bu dəfə tərəflər arasında Dağ Məbəd adlandırılan ərazidə toqquşmalar başladı. Qeyd edək ki, müsəlmanların müqəddəs məkanları olan Əl-Aqsa və Kubbat əs-Səhra məscidləri məhz bu ərazidə yerləşir. Ərəb siyasətçiləri Dağ Məbəddə vəziyyətin qarışmasını İsrailin ərazidə status-kvoya yenidən baxmaq niyyətilə əsaslandırırlar. Təl-Əviv isə bütün məsuliyyəti fələstinli radikalların üzərinə yıxır.

"Yaxın Şərq kvarteti" adlandırılan ABŞ, Rusiya, Avropa İttifaqı və BMT-dən ibarət vasitəçi birliyin aradan qaldıra bilmədiyi Fələstin-İsrail münaqişəsinin uzanması əsas problemlərin fundamental həllinin vacibliyini göstərir. Söhbət, ilk növbədə, Qüdsün statusundan, İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşası məsələsindən, həmçinin Fələstin dövlətinin yaradılmasından gedir. Bu problemlər beynəlxalq hüququn prinsipləri əsasında həll olunmazsa, Yaxın Şərq münaqişəsinin çözülməsi mümkünsüz görünür.



MƏSLƏHƏT GÖR:

666