
LİSSABONA GEDƏN YOL DOVİLDƏN KEÇİR?
Paris və Berlinin müttəfiqlərinin qıcıqlanmasına baxmayaraq, NATO-nun sammitində Rusiya ilə əməkdaşlıq məsələsi də müzakirə olunacaq
Müəllif: Oqtay ƏLİYEV, BSU-nun "Beynəlxalq münasibətlər" kafedrasının müdiri Sahil İSGƏNDƏROV, politoloq
Heç bir ifrata yol vermədən demək olar ki, NATO və Avropa İttifaqının (Aİ) bütün üzvləri Şimali Atlantika Alyansının noyabrın 19-20-də Lissabonda keçiriləcək növbəti sammitini səbirsizliklə gözləyir. Məhz bu sammitdə NATO-ya daxil olan ölkələr qurumun yeni strateji konsepsiyasını təsdiqləməlidir. O, 1999-cu ildə qəbul edilmiş əvvəlki konsepsiyanı əvəzləməlidir.
Qeyd edək ki, yeni konsepsiyanın yaradılması üçün hazırlıq işlərinin görülməsi məqsədilə ixtisaslı ekspertlərdən ibarət qrup ("müdriklər qrupu") yaradılıb. Ona Madlen Olbrayt rəhbərlik edir. Bu ilin mayında "müdriklər" analiz və tövsiyələrini ictimaiyyətin müzakirəsinə təqdim edib. Onların hazırladığı yekun sənəd "NATO 2020-ci ildə: Zəmanətli təhlükəsizlik, dinamik əməkdaşlıq" adlanır. Sənəddə bildirilir ki, NATO ilə Rusiyanın real əməkdaşlığı üçün perspektiv istiqamətlərdən biri birgə hava hücumundan müdafiə (HHM) arxitekturasının yaradılmasıdır. Bu ideyanın ən fəal tərəfdarlarından biri isə şəxsən NATO-nun baş katibi A.F.Rasmussendir. O, hesab edir ki, Kremlin bu işdə iştirakı bütünlükdə sistemin daha geniş ərazini əhatə etməsini təmin edər, onun effektivliyini artırardı. Bu, Fransa prezidenti N.Sarkozi ilə Almaniya kansleri Angela Merkelin təklif etdikləri və Rusiyanın müdafiə sisteminin vacib elementi kimi qəbul olunduğu yeni Avropa müdafiə konsepsiyasıdır.
Nəzərə alsaq ki, bu, artıq xeyli müddətdir ki, Rusiyanın ABŞ və NATO ilə münasibətlərində əsas qıcıqlandırıcı faktorlardan biridir, düşünmək olar ki, onun həlli XXI əsrin ümum avratlantik təhlükəsizlik sisteminin yaradılmasına kömək edəcək.
Aydındır ki, NATO-nun Lissabon sammitində yeni Strateji Konsepsiyanın müzakirəsi zamanı Rusiya ilə HHM sistemində əməkdaşlıqla bağlı diskussiyalardan qaçmaq mümkün olmayacaq. Qeyd etmək lazımdır ki, Rusiya prezidenti Dmitri Medvedev bu sammitə dəvəti oktyabrda N.Sarkozi və A.Merkel ilə Dovildə keçirdiyi üçtərəfli görüşdə alıb. Yeri gəlmişkən, həmin görüş Sarkozinin təşəbbüsü ilə baş tutmuşdu.
Lissabon sammitində iştiraka razılıq verən, həmçinin ölkəsinin sözügedən layihəyə qoşula biləcəyini istisna etməyən D.Medvedev bununla yanaşı, qeyd edib ki, hər şey alyansın məsələyə dair daha geniş informasiya verməsindən sonra həllini tapacaq: "Bilmək lazımdır ki, NATO Rusiyanın bu sistemə hansı formada qoşulmasını nəzərdə tutur, razılaşma hansı formada olacaq. Biz yalnız bu təklifi qiymətləndirdikdən sonra cavab verə bilərik".
Bir çox Qərb ölkələrinin reaksiyası göstərir ki, onlara nə Rusiya prezidentinin ritorikası, nə də Fransa və Almaniyanın Moskva ilə sıx münasibətlərin qurulması məsələsindəki çalışqanlığı xoş gəlib. Yəni, Sarkozi və Merkelin Medvedevlə özlərinəməxsus separat razılaşması bir çox ölkələrin hiddətinə səbəb olub. Bunu ilk növbədə Fransa ilə Almaniyanın NATO və Aİ-dəki müttəfiqi olan ABŞ haqda söyləmək olar.
Dovildəki görüşə dəvət almamasından narazı qalan İtaliyanın baş naziri Silvio Berluskoni isə düşünür ki, Berlinlə Paris NATO və Aİ-dəki müttəfiqlərinin "başı üzərindən" Moskva ilə yeni Avropa birliyi yaratmağa çalışır. Amma bu şəxslər üçtərəfli görüş formatını dəyişmək niyyətində olmadıqlarını göstəriblər. Onlar bununla Avropa qitəsindəki aparıcı rollarını möhkəmləndirmək, "Böyük Səkkizlik" və "Böyük İyirmilik"lə yanaşı, "Böyük üçlük"ün də yaşamaq qabiliyyətinin olduğunu nümayiş etdirməyə çalışırlar. Parislə Berlinin bu cür açıq ismarışı oktyabrın 28-də Brüsseldə keçirilmiş vacib sammitin açılışına bir neçə saat qalmış Aİ daxilində ciddi qalmaqala səbəb olub. Ədliyyə məsələləri üzrə avrokomissar V.Redinq Fransa ilə Almaniyanı açıq şəkildə Aİ-nin fundamental razılaşmasını pozmağa yönəlmiş qəsddə günahlandırıb. Qeyd edək ki, Sarkozi ilə Merkel hələ Dovildə yeni strukturun yaradılması və avro məkanda yeni maliyyə tənzimləməsi qaydalarının tətbiqinə dair razılıq əldə ediblər. Onlar bununla əlaqədar olaraq, yeni razılaşdırılmış qaydaların qəbulu üçün Lissabon razılaşmasında nəzərdə tutulmuş bəzi məqamlara yenidən baxmalı olacaqlarını istisna etməyiblər. Redinq Fransa və Almaniya liderlərinin bu üsuluna sərt münasibətini aşağıdakı fikirlərlə ifadə edib: "Fikrimcə, yeni razılaşmalar haqda xəyali ideyalarla çıxış etmək məsuliyyətsizlikdir. Ümumavropa qərarları Dovildə, xüsusilə də Aİ-nin 2 ölkəsi tərəfindən qəbul edilmir. Bu işlər Brüsseldə quruma üzv 27 ölkənin hamısının iştirakı ilə, həm də Aİ-nin 500 milyon vətəndaşının maraqlarına cavab verən ciddi təkliflər əsasında görülür".
Maliyyə ilə bağlı məqamın Aİ-nin rəhbərliyində belə narahatlıq yaratması boş yerə deyil. Məsələ ondadır ki, Dovildəki üçtərəfli görüş 3 ölkənin əməkdaşlığının möhkəmləndiyini göstərməli idi. Bu, xüsusilə Fransanın "Böyük İyirmilik"ə sədrliyinin yaxınlaşdığı bir vaxtda vacib idi. Merkel və Medvedev Sarkozini ona dəstək verəcəklərinə əmin edib, Fransa prezidentinin dünya valyuta sistemində islahatlar layihəsinin xeyrinə danışıblar. Sarkozi isə istəyir ki, Medvedev xammal bazarlarının tənzimlənməsilə bağlı müzakirələrdə iştirak etsin. Qeyd edək ki, bu, Fransanın "Böyük İyirmilik"ə sədrliyi dövründə əsas prioritetlərindən biri olacaq.
Bəzi ekspertlərin fikrincə, N.Sarkozi Dovildəki sammiti və danışıqları, əslində, Parisin "Böyük İyirmilik"ə sədrliyinə hazırlıq çərçivəsində təşkil edib.
A. Merkel, öz növbəsində, Fransanı bazarların tənzimlənməsi məsələsində tam dəstəkləyir və "Böyük İyirmilik"in sammitində Rusiyanın maliyyə sektoru ilə bağlı daha sərt qaydaların tətbiqini dəstəkləməsini də istəyir. Bundan başqa, Fransa və Rusiya liderləri A. Merkelin Rusiya-Aİ siyasi komitəsinin yaradılması ideyasına da dəstək veriblər. Söhbət bu il dekabrın 7-də keçiriləcək Rusiya-Aİ sammiti zamanı S.Lavrov və K.Eştonun rəhbərliyi ilə siyasi komitənin yaradılmasından gedir. Beləliklə, Dovil görüşünün yekunlarını belə ifadə etmək olar: Fransa diplomatları iqtisadiyyat və təhlükəsizlik sahəsində Aİ və Rusiyanın iştirakı ilə yeni əməkdaşlıq zonasının yaradılmasını təklif edib, Almaniya rəsmiləri Rusiyanın Aİ-nin xarici siyasətini formalaşdıran siyasət və təhlükəsizlik komitəsində iştirakına razı olduqlarını təsdiqləyib. Göründüyü kimi, Parislə Berlin Kremldən cəhdlərinə dəstək vədi alıb və hətta Medvedev NATO-nun Lissabon sammitində iştirak etməyə də razılaşıb.
Amma böyük siyasətin qaydası olaraq, Rusiya da öz növbəsində bu işdə Fransa və Almaniyadan müəyyən xidmətlər gözləyir. Yəni Kremlin Berlin-Paris-Moskva xəttinin yaradılması ilə bağlı siyasi iradəsinin xüsusi dəyəri var və bu dəyər kifayət qədər əhəmiyyətlidir. Bu dəyər transatlantik təhlükəsizlik sistemi arxitekturasının yenidən qurulmasına birbaşa aiddir.
D.Medvedevin təhlükəsizliyə dair transatlantik razılaşma təklifi milli mübahisələrə kənar qüvvələrin müdaxilə etməməsini nəzərdə tutur, ilk növbədə postsovet məkanındakı münaqişələrə beynəlxalq müdaxiləni istisna edir. Buraya Şimali Qafqaz və Çeçenistandakı problemlər də daxildir. Kreml sahibinin təklifində NATO kimi hərbi birliklərin genişlənməsi təhlükəli məqam kimi göstərilir. Dovil görüşündə bu mövzu inkişaf etdirilməsə də, Rusiya prezidenti mövzunu Lissabonda da tam ciddiliyilə qaldırmaq niyyətindədir. Bu üzdən də bir sıra Qərb dövlətləri, xüsusilə də ABŞ Moskvanın özünü belə əmin aparmasında Parislə Berlini günahlandırır. Həmin dövlətlərin fikrincə, Almaniya ilə Fransa Kremllə "səhnəarxası" oyunlara getməklə, NATO və Aİ-də parçalanma yaradır.
Hələ Dovildəki üçtərəfli görüş ərəfəsində Vaşinqton bu iki ölkənin Avropanın təhlükəsizliyini ABŞ-ın iştirakı olmadan Rusiya ilə müzakirə etməsindən narazılığını ifadə etmişdi: "Necə olur ki, Avropanın təhlükəsizliyi məsələsi ABŞ-sız müzakirə edilir".
Avropa təhlükəsizlik sisteminin yaradıcısı və bu günədək əsas zəmanətçisi olan Birləşmiş Ştatlar Avropanın "köhnə sakin"lərinin bu addımına çox qısqanclıq və şübhə ilə yanaşır. Ağ ev Parislə Berlinin bu əməllərində ABŞ-ın Avropadan çıxışdırılıb çıxardılmasına, ən azı Vaşinqtonun Köhnə dünyaya geosiyasi təsirini nəzərəçarpacaq dərəcədə azaltmağa cəhdlər kimi baxır. Dovil görüşü Vaşinqtona 2003-cü ildəki Almaniya, Rusiya və Fransa liderləri - Şröyder, Putin və Şirakın alyansını xatırladır: o zaman bu liderlər İraq müharibəsinə qarşı çıxmışdı.
Merkellə Medvedevin yaradılmasını təklif etdiyi Avropa Təhlükəsizlik Şurası isə amerikalıların dominatlıq etdiyi Rusiya-NATO Şurasını dəyərdən salardı. Amerikalıların Almaniya və Fransanın Rusiya ilə NATO-nun sammiti öncəsi ABŞ-ın iştirakı olmadan danışıqlar aparmasına etirazından sonra Parislə Berlin Vaşinqtonu sakitləşdirməyə çalışıb. Onlar bu üçtərəfli görüşdə heç bir antiamerika çalarının olmadığını bəyan edib. Almaniya kansleri Angela Merkel bildirib ki, Dovil görüşündə məqsəd NATO ilə Rusiya arasında əməkdaşlığın inkişaf etdirilməsidir: "Çünki "soyuq müharibə"əbədi olaraq bitib". Merkelin fikrincə, yeni təhlükəsizlik arxitekturası ABŞ-la Avropanın NATO çərçivəsində əməkdaşlığına maneə yaratmamalıdır.
Bir sözlə, Paris-Berlin-Moskva xəttinin yaradılması heç də təbii müttəfiqlərin NATO və Aİ çərçivəsində qarşılıqlı münasibətlərinin sərinləşməsi anlamına gəlmir. Amma aydın görünür ki, bu cür sakitləşdirici bəyanatlar nə ABŞ, nə də onun vaxtilə sosial düşərgədə olmuş yeni avropalı müttəfiqlərinə kifayət edir. Almaniya ilə Fransa məhz bu "yenilər"ə qarşı çox saymamazlıq edir. Bu ölkələri Parislə Berlinin 2008-ci ilin avqustunda Moskvanın Gürcüstanda törətdiklərini belə tez unutması, xüsusilə qəzəbləndirir.
Moskva isə Avropanın aparıcı dövlətləri (Almaniya, Fransa və İtaliya) ilə differansial qarşılıqlı münasibətlər qurmağa çalışır. Rusiya ilə vahid mövqedən danışmaq haqda öhdəliyə baxmayaraq, Aİ-nin ayrı-ayrı üzvləri, imkan düşən kimi, Moskva ilə (xüsusilə səmərəli işgüzar müqavilələrlə bağlı) ikitərəfli danışıqlar aparır, yalnız hansısa zərurət yarandığı təqdirdə Aİ-nin çətiri altına toplanırlar.
Bu, Rusiyaya bir ölkəni digərinə qarşı kökləmək üçün yaxşı imkanlar verir. Rusiyanın siyasi isteblişmenti isə öz növbəsində hesab etmir ki, Aİ Moskvanın tələb etdiyi kimi, "sərt" təhlükəsizlik tədbirləri haqda danışıqlara köklənib. Qərbin kommunizmin süqutundan sonra atdığı addımlar Moskvanı xeyli məyus edib, çünki Rusiya Qərb tərəfdən "soyuq müharibə"dən birmənalı şəkildə imtinanı gözləyirdi. Bundan başqa, Kreml dünya arenasında Rusiyanın ABŞ-la paritet statusunun qorunacağına, heç kəs tərəfindən şübhə doğurmayan ərazi bütövlüyünün tanınacağına, daxili məsələləri kənar müdaxilə və ya tənqid olmadan idarə edəcəyinə ümidli idi. Qərbin postsovet məkanında mövqelərini möhkəmləndirmək cəhdləri və NATO-nun keçmiş SSRİ respublikaları hesabına genişlənmək istəyi Moskva üçün xüsusilə qıcıqlandırıcı faktordur. Rusiya bunu az qala özünün daxili işlərinə müdaxilə kimi qəbul edir.
Odur ki, Qərbin davamlı etirazları ona gətirib çıxarıb ki, Rusiya liderləri öz siyasətlərində "fövqəldövlət" və "nüfuz dairəsi" anlayışını əsas götürməyə, beynəlxalq münasibətləri isə "sıfır məbləğli" - "başqalarının qələbəsi, Rusiyanın məğlubiyyətidir" prinsipli oyun kimi qəbul etməyə başlayıblar.
Odur ki, ABŞ və Aİ-nin əksər üzvləri Moskvanın yeni "Avropa təhlükəsizlik arxitekturası" haqda təklifinə şübhə ilə yanaşır. Onların fikrincə, bu təklif faktiki olaraq Rusiyaya NATO-nun Avropadakı bütün əməliyyatlarına veto qoymaq hüququ verir. Onlar üçün "soyuq müharibə" dövründə fundamental prinsip olmuş Avropa və Amerikanın təhlükəsizliyinin birliyi hələ də prinsipial əhəmiyyət daşıyır. ABŞ, həmçinin, NATO və Aİ-nin əksər üzvləri əmindir ki, Rusiya ilə vahid mövqedən danışılmalıdır. Bunun üçün təhlükəsizlik təşəbbüsləri əvvəlcə NATO-Aİ strukturları daxilində ikitərəfli qaydada müzakirə olunmalı, sonda ümumi mövqe ATƏT-ə təqdim olunmalıdır. Medvedevin planındakı NATO və ya Aİ-nin təhlükəsizilklə bağlı bütün qərarlara Rusiyanın veto hüququnun olmasını nəzərdə tutan gizli məqam isə rədd edilməlidir. Amma Paris və Berlin sübut etməyə çalışır ki, Moskva ilə daha sıx əlaqələrin qurulması onun daha proqnozlaşdırılan olmasına kömək edir. Fransanın Rusiyaya "Mistral" tipli desant gəmisi satmaq qərarı isə Parisin onu potensial təhlükə kimi görmədiyini göstərir. Yeri gəlmişkən, NATO silah-sursatına daxil olan bu gəmilərin Rusiyaya satılması qərarı alyansın bir çox üzvləri tərəfindən hiddətlə qarşılanıb.
Bəzi alman siyasətçiləri və diplomatları isə əmindir ki, Rusiya 10 il ərzində NATO üzvü olmaldır. Onların fikrincə, bu perspektivin açılmasının özü Rusiyanı dəyişikliklərə sövq edəcək. Bəzi alman diplomatları düşünür ki, Rusiyanın birgə fəaliyyətə cəlb olunacağı təqdirdə Polşanın israrla tələb etdiyi təhlükəsizlik vasitələrindən istifadə etmək olmaz. Qeyd edək ki, Polşa alyansın yeni üzvlərinə mümkün hücumun qarşısını almaq üçün konkret planının olmasını vacib sayır. Bu plan, ilk növbədə, Rusiya ilə həmsərhəd olan ölkələrin təhlükəsizliyini nəzərdə tutur. Alyansın yeni üzvləri təhlükəsizlik zəmanəti hiss eləmədən Moskva ilə yaxınlaşmanı mümkün saymır. Elə N.Sarkozi ilə də məhz bu ölkələr razılaşmır. Onlar Avropanın lideri kimi əlavə xallar toplamaq istəyən Sarkozinin postsovet respublikalarının düşüncəsinin əksinə olaraq, Rusiyanın dünya və Avropa üçün təhlükə yaratmaması, üstəlik, Moskvanın dəstəyi olmadan Avropanın təhlükəsizliyinin təmininin mümkünsüzlüyü haqda fikrini qəbul etmir.
Bu ölkələr düşünür ki, almanlar, fransızlar və ruslar Avropaya dair vacib məsələlərlə bağlı çoxdan öz aralarında gizli danışıqlar aparır. Rusiya NATO və Aİ üzvü olmasa da, onun bu strukturlarda strateji rol oynaması üçün kifayət qədər güclü təzyiqi var. Lissabon müqaviləsi, Avropa həmrəyliyi, ümumi iqtisadi və xarici siyasət - bütün bunlar isə, yalnız digər kiçik dövlətlər üçün nəzərdə tutulub. Almaniyanın və xüsusilə də, Fransa prezidentinin eqoist siyasəti, nəinki Avropanın birliyini dağıdır, hətta Avropanı təhlükə qarşısında da qoyur. Axı ruslar Avropadakı strateji hədəflərini heç zaman gizlətməyib. Əsas qərarlar Mosva-Berlin-Paris üçbucağı çərçivəsində qəbul ediləcək. Bu, Aİ və NATO-nun digər üzvləri, həmçinin ABŞ-ın suverenliyi üçün aşkar təhlükədir. Bütün bunlar göstərir ki, ABŞ və onun Avropadakı yeni müttəfiqləri ilə Köhnə Dünyanın sakinləri arasında fikir ayrılıqları var. Və müxtəlif prinsipial məsələlərə onlar tam fərqli şəkildə yanaşır. Almaniya ilə Fransanın Rusiyanı ümumavropa məsələlərinə qoşmağa israrlı cəhdləri çoxları tərəfindən açıq antiamerika siyasəti kimi qiymətləndirilir.
Xüsusilə, ölkəsinə rəhbərliyə başlayan zaman "amerikalı Sarkozi" ləqəbi almış Fransa prezidentinin belə çalışqanlığı təəccüblüdür. Onda bu metamorfozun səbəbi nədir? Guman edək ki, buna bir neçə izah var. Məsələ ondadır ki, göründüyünün əksinə olaraq, Almaniya ilə Fransa, həmçinin şəxsən A.Merkel və N.Sarkozi arasında bir sıra vacib məsələlərlə bağlı ciddi fikir ayrılığı var. Bu üzdən Berlin-Moskva yaxınlaşmasının kənardan müşahidəçisi olmaq istəməyən Sarkozi, bu "duet"ə qoşulmaqla, Almaniyanın nəzəri baxımdan, ata biləcəyi təhlükəli addımları nəzarətdə saxlamaq, belə demək mümkünsə, Rusiyanın köməyi ilə Berlini neytrallaşdırmaq niyyətindədir. İkinci məqam N.Sarkozinin Ağ ev administrasiyasının, həmçinin şəxsən prezident Barak Obamanın zəifliyini hiss etməsidir. ABŞ-ın hazırkı hakimiyyətinin xüsusilə xarici siyasətdəki zəifliyi getdikcə özünü daha açıq şəkildə göstərir. Belə fikir yaranır ki, bu gün Vaşinqton diqqətini tamamilə xırda məsələlərə yönəltməklə vacib işləri tamamilə yaddan çıxarıb. Hər halda, məsələn, ABŞ-ın Türkiyə-Ermənistan sərhədlərinin açılması və "erməni soyqırımı"nın müzakirəsi məsələlərində fanatikcəsinə nümayiş etdirdiyi inadkarlığı başqa cür izah etmək mümkün deyil. Sanki Amerikanın siyasi elitası üçün daha vacib məsələ yoxdur.
ABŞ-la Rusiyanın münasibətlərində "yenilənmə" məsələsini də unutmaq olmaz. Görünən odur ki, Parislə Berlin Moskva ilə münasibətlərini Vaşinqtona, xüsusilə də Aİ-nin yerdə qalan üzvlərinə tərəf boylanaraq qurmaq istəmir. Dovildəki üçtərəfli görüşün analizi və ABŞ-la Aİ üzvlərinin ona reaksiyası göstərir ki, Avropada ciddi geosiyasi dəyişikliklər ola bilər. Bu prosesin aparıcı iştirakçıları isə öz məqsədləri və manevrlərini gizlədə bilmir və düzü, heç buna ümumiyyətlə cəhd də etmir.
Bununla belə, bu gün hadisələrin necə inkişaf edəcəyini əminliklə söyləmək olmur. Hər halda, ən azı NATO-nun Lissabon sammiti bitənədək. Çünki "Dovildən Lissabona gedən yol hara aparır" sualına, yalnız, bu sammitdən sonra aydınlıq gələcək.
MƏSLƏHƏT GÖR: