14 Mart 2025

Cümə, 21:49

RAKET ƏLEYHİNƏ DİPLOMATİYANIN NÜANSLARI

"Vankuverdən Vladivostokadək" vahid raketdən müdafiə sipərinin çəkilməsi ideyasının yenidən canlanması nə ilə bitəcək?

Müəllif:

01.11.2010

NATO-nun baş katibi Anders Foq Rasmussen alyans üzvlərini Avropa və Şimali Amerikanı qorumalı olan hava hücumundan müdafiə (HHM) sisteminin yaradılması ideyasını dəstəkləməyə çağırıb. Onun bu bəyanatı ətrafında dərhal müzakirələr başlayıb və bu, Avroatlantik məkanın təhlükəsizliyinə aid  məsələnin ciddi problem olduğunu göstərir.

 

Türkiyə sürprizi

Rasmussenin fikrincə, Avropaya raket hücumu təhlükəsi var və bu, hər ötən gün daha da artır. O hesab edir ki, "Bu səbəbdən də effektiv hava hücumundan müdafiə sisteminin yaradılması günün həlli mümkün olan çağırışıdır".

Alyansın noyabrın 19-20-də Lissabonda keçirilməsi nəzərdə tutulmuş sammitində məhz bu məsələ əsas müzakirə obyekti olacaq. Sammitə hazırlıq isə mərkəzində Türkiyənin olduğu ciddi intriqalarla müşayiət edilir.

Məsələ ondadır ki, Avroatlantik HHM sisteminin əsas qüvvəsi olan ABŞ yeni sistemin Avropa ilə yanaşı, Türkiyədə də quraşdırılmasına ümid edir; hətta artıq Vaşinqton bu istəklə Ankaraya müraciət də edib. Amma Türkiyə müttəfiqinin bu istəyini rədd edib. Hər halda, hələ ki belədir.

Bunun səbəbi Ankaranın açıq antiiran və ya antirusiya layihələrində işitirak etmək istəməməsidir. Türkiyəli diplomatlar açıq şəkildə bildirirl?r ki, onlar İran, Suriya və Rusiya kimi ölkələrə raket təhlükəsi yaradan dövlətlər kimi baxılmasının əleyhinədirlər. "Biz qonşu dövlətlərdən hər hansı təhlükə hiss etmirik. Nə özümüzə, nə də NATO üzvlərinə", - deyə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Bununla əlaqədar olaraq, Ankara NATO-nun hansısa konkret ölkəni alyansa təhlükəli olduğunu bildirməyin qəti əleyhinədir. 

Türkiyənin bu mövqeyi başa düşüləndir. "Qonşularla sıfır problem" kimi xarici siyasət doktrinasını reallaşdırmaqda olan Aknaranın həmsərhəd ölkələrlə münasibətlərinə xələl gətirə biləcək bu layihədə heç bir marağı yoxdur. Məhz bu mövqedən çıxış edən Türkiyə açıq şəkildə göstərir ki, ABŞ-la NATO-nun yeni HHM planını yalnız bir halda qəbul edəcək: Ankara NATO-nun bütün üzvlərinə konkret təhlükənin olduğuna inandırılmalıdır. Bundan başqa, Türkiyə istəyir ki, yaradılması planlaşdırılan HHM sistemi lazım gələcəyi təqdirdə (yəni real təhlükənin olduğu sübuta yetirilərsə), onun ərazisini qismən deyil, tam müdafiə edə bilsin.

Buna baxmayaraq, ABŞ Türkiyənin öz ərazisində HHM sisteminin quraşdırılmasından imtinanın son qərar olmadığına ümid edir. Amerikanın müdafiə naziri Robert Geyts bildirib ki, Vaşinqton NATO üzvü olan Türkiyədən HHM sistemi üçün yeni bazalar verməsini xahiş etməyəcək. "Amma biz gözləyirik ki, Türkiyə Lissabonda NATO-nun raketəleyhinə əlavə potensialının yaradılması planını dəstəkləyəcək", - deyə Pentaqon rəhbəri qeyd edib.

Geytsin Avroatlantika siyasəti üzrə köməkçisinin müavini Ceyms Taunsend bu məsələ ilə bağlı daha maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, Türkiyə Lissabonda keçiriləcək sammitdə, ən azı, 2 məsələni həll etməlidir. Birincisi, Türkiyə öz ərazisində NATO HHM sisteminin yerləşdirilməsi məsələsinə səs verməlidir. İkincisi, bu prosesdə hansı rolu oynamaq niyyətində olduğunu açıqlamalıdır. Taunsend bildirib ki, "ABŞ Türkiyədən qeyri-müəyyənlik və müqavimət deyil, Avropa, Transatlantika və Türkiyənin təhlükəsizliyi baxımından vacib olan məqamların uzlaşdırmasını, bunun Türkiyənin regiondakı siyasi maraqlarına uyğunlaşdırmasını gözləyir".

Şübhəsiz ki, İsrail mətbuatının yazdığı kimi, ABŞ Ankaranı NATO-nun təşəbbüsünə dəstək verməyə razı salmağa çalışarkən ona xüsusi zəmanət də verir: Türkiyə ərazisində yerləşdiriləcək raketlər haqqında kəşfiyyat materialları İsraildən gizli saxlanılacaq.

Ankaranın inadkarlığına isə Avropaya yeni mesaj kimi baxmaq olar. Türkiyəli politoloq Sertak Aktan hesab edir ki, Ankara vəziyyətdən öz maraqlarına uyğun istifadə etməyi düşünür. Aktanın fikrincə, HHM layihəsində məhdud əməkdaşlıq müqabilində Türkiyə Amerikadan Fransa və Almaniyaya təzyiq göstərməsini, onun Avropa İttifaqına gedən yolunda maneənin aradan qaldırılmasına kömək etməsini istəyə bilər. Ekspert tam əsaslı olaraq belə bir sualla çıxış edir ki, "Türkiyə nəyə görə öz ərazisində, bizim can atdığımız, lakin qəbul edilmədiyimiz Avropa üçün yeni raketlər yerləşdirməlidir?".

Türkiyəni Avropanın təhlükəsizliyində əhəmiyyətinin artdığı Köhnə Dünyada da dərk edirlər. Odur ki, Türkiyədən, Yaxın Şərqdən gələn potensial təhlükənin önlənməsi arzusu ilə onu Aİ-yə qəbul etməmək niyyəti arasındakı birbaşa uyğunsuzluğu hansısa formada aradan qaldırmaq lazım gələcək.

Hər halda, Avropa İttifaqının beynəlxalq münasibətlər üzrə yeni hesabatının həmmüəllifi Mark Leonard əmindir ki, "Türkiyə inkişaf etməkdə olan regional fövqəldövlətdir. Bu üzdən də Brüssel Ankaranı öz tərəfində saxlamaq üçün bu ölkənin Avropa İttifaqına qəbulu prosesini sürətləndirməlidir".

Amma bu proses hələ də Fransa və Almaniyanın sayəsində ləngiyir. Onlar Ankaranın Aİ-yə qoşulmasına mane olan əsas qüvvələrdir. Parislə Berlini indi daha çox Rusiya, daha doğrusu, "böyük Şərq qonşusu" ilə tərəfdaşlığın inkişafı maraqlandırır. Axı, bütün Avropa məkanında vahid təhlükəsizlik sisteminin yaradılmasının vacibliyi artmaqdadır.

 

"Vankuverdən Vladivostokadək"

Fransa və Almanyia Rasmussenin "Vankuverdən Vladivostokadək vahid raketdən müdafiə sipərinin yaradılması" ideyasını dəstəkləyib. Bu ideya ABŞ və NATO HHM sisteminin Avropadakı  HHM sistemi ilə birləşdirilməsini, Rusiyanın da layihədə iştirakını  nəzərdə tutur.

Yelisey sarayının bununla bağlı yaydığı komm?nikedə bildirilir ki, rəsmi Paris Lissabonda real bir layihə əsasında qərar qəbul olunacağına ümid edir. Və bu qərar Yaxın Şərqdəki müəyyən proqramlardan sonra, raket təhl?kəsinin dəyişməsini nəzərə almalıdır. 

Fransa prezidenti Nikolya Sarkozinin fikrincə, bu layihənin reallaşdırılması "Rusiya ilə əməkdaşlıq məqsədilə aparılan dialoqla müşayiət olunmalıdır. Tam əminliklə söyləmək olar ki, Avropa ilə Moskva arasında strateji sıx dialoq üçün real imkanlar var və əslində, bu imkanlar postsovet dövrünün lap başlanğıcından sezilirdi".

"The New York Times" yazır ki, "Fransa prezidenti Nikolya Sarkozi və Almaniya kansleri Angela Merkel arasında uzun illərdən bəri fikir ayrılıqları var. Amma görünür, bir məsələdə onlar həmrəydirlər: Avropa beynəlxalq arenadakı əhəmiyyətini və sülhü qoruyub-saxlamaq istəyirsə, ona Rusiya lazımdır".

Fransa, Almaniya və Rusiya prezidentlərinin Fransanın Dovile şəhərindəki görüşü də Parislə Berlinin Moskva ilə dialoqu genişləndirməyə hazır olduğunun göstəricisidir. Əslində, əksər avropalıların Atlantik seçimi ilə Rusiyanın Aİ-nin təhlükəsizlik sisteminə qoşulmasını bir arada təsəvvür etmək çətin olsa da, ümumi təhlükələr və maraqlar Avropa ilə Rusiyanın strateji yaxınlaşmasına rəvac verir.

Fransanın "Ouest-France" qəzeti bununla bağlı yazır ki, "islahatçı prezident Dmitri Medvedev 2 il ərzində Kremlin üslubunu o qədər dəyişib ki, dünya, az qala, Vladimir Putinin sərt davranışlarını unudub. İndi dünya əvvəlki deyil və Rusiya da həmin Rusiya deyil. Xarici tərəfdaşlara və investisiyalara ehtiyacı olan Moskva, ilk növbədə, üzünü Paris və Berlinə tərəf çevirib. Kreml Avropada yeni qüvvələr balansının yaradılmasında fəal iştirak etmək niyyətindədir - həm iqtisadi və siyasi, həm də strateji və hərbi planda".

Medvedev öz növbəsində Sarkozi və Merkellə görüşdən dərhal sonra Rusiyanın NATO-nun vahd HHM sistemi planını nəzərdən keçirməyə hazır olduğunu bəyan edib. Bununla yanaşı, o, "hələ hansısa konkret əməkdaşlıq formatları haqqında danışmağın tez olduğunu" da söyləyib.

Bundan başqa, Avropada vahid HHM sipərinin yaradılması söhbətinin bərpası hələ dünən absurd təsir bağışlayan məsələ ətrafında yeni müzakirələrə səbəb olub. Söhbət Rusiyanın NATO-ya üzvlüyündən gedir. İndi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Nikolay Makarov Rusiyanın Birinci kanalına müsahibəsində bu məsələ haqqında daha ciddi danışıb. Onun sözlərinə görə, "Hələ ki bu məsələnin gündəmə gətirilməsi tezdir. Çünki ölkə və cəmiyyət buna hazır deyil".

Analitiklər bu açıqlamada "hələ ki" ifadəsinin əhəmiyyətini vurğulayır; hesab edirlər ki,  Rusiyanın ali hərbi-siyasi rəhbərliyi gələcəkdə Moskvanın "Qərb alyansı"na üzvlüyünü istisna etmir. Bunun səbəbi də aydındır. Elə general Makarovun fikrincə, "Rusiya və NATO üçün ümumi təhlükə və çağırışlar az deyil".

Yeri gəlmişkən, oktyabrın sonlarında Makarov Belçikaya işgüzar səfəri zamanı Avropa İttifaqının quruma üzv dövlətlərin baş qərargah rəisləri səviyyəsində keçirilmiş Hərbi Komitəsinin toplantısına qatılıb. Rusiya KİV isə bu ilin əvvəlində Makarovun NATO-nun Brüsseldəki mənzil-qərargahında olduğunu xatırladır. Aparılan danışıqların yekununda Rusiya ilə alyans arasında 2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş hadisələrdən sonra tam kəsilmiş hərbi əlaqələr bərpa olunub. Moskva ilə Brüssel mütəmadi komanda-qərargah təlimlərinin keçirilməsi, təlim üçün hərbçilərin qarşılıqlı mübadiləsini, bir sıra digər vacib tədbirlərə dair razılaşmalar imzalayıblar.

Bu ilin sentyabrında isə Rusiya-ABŞ və Rusiya-NATO xətləri ilə vacib razılaşmanı Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Vaşinqtona səfəri zamanı əldə etmişdi. O zaman tərəflər arasında Əfqanıstana Rusiya ərazisi və hava məkanı vasitəsilə NATO hərbi tranzitinin artırılması haqqında razılaşma əldə edilmiş, Avropa HHM sisteminin yaradılması müzakirə olunmuş, Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə imkanları ətrafında diskussiya aparılmışdı.

Yeri gəlmişkən, danışıqların sonunda ABŞ və Rusiya müdafiə nazirlərinin görüşündə iştirak etmiş Amerika nümayəndə heyətinin üzvü bildirmişdi ki, Azərbaycana məxsus Qəbələ RLS NATO-nun ümumi HHM xəbərdarlığı sisteminə daxil olunacaq.

Birləşmiş Ştatların Qəbələ RLS-dən Rusiya ilə birgə istifadədə maraqlı olduğunu Pentaqon rəhbəri Robert Geyts də rəsmən təsdiqləyib. Onun fikrincə, nə Rusiyanın yeni ballistik raketlər yaratmaq planı, nə də Amerikanın Avropada HHM sistemi yerləşdirmək niyyəti iki fövqəldövlətin tərəfdaşlığına ziddir.



MƏSLƏHƏT GÖR:

497