
SÜLH SSENARİSİ
T.Karasik: "Deyəsən, yalnız bir yol var - Iranın nüvə obyektlərinə hava zərbəsi"
Müəllif: Almaz MAHMUD Bakı
Teodor Karasik Yaxın Şərq və Fars körfəzi Hərbi-Analitik İnstitutunun (INEGMA) tədqiqatlar və inkişaf üzrə direktorudur. 20 il ərzində Mərkəzi Asiya, Rusiya, Qafqaz və Ərəbistan yarımadasında təhlükəsizlik və terror məsələləri ilə məşğul olub. 2001-ci ilin 11 sentyabrında Birləşmiş Ştatlarda törədilmiş terror aktından sonra Karasik ABŞ, Avropa və Fars körfəzi ölkələri əməkdaşlıq şurasına üzv dövlətlərdə həyati əhəmiyyətli infrastruktur obyektlərinə terror hücumlarının məqsədi və taktikası üzərində də tədqiqata başlayıb.
Bundan başqa, Teodor Karasik fundamental geologiya, neft-qaz geologiyası sahəsində də təcrübəyə malikdir. Bu onun Xəzər dənizi və Fars körfəzi regionunda əvvəlki fəaliyyəti ilə birbaşa əlaqəlidir. Karasik Ermənistan, Azərbaycan, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ABŞ Konqresi kitabxanası yanında ekspert işləyib.
Bunlar regional və beynəlxalq əhəmiyyətli bir sıra məsələlərə şərh verməsini istədiyimiz ekspertin xidmət sahəsində olanların hamısı deyil. Amma elə sadaladıqlarımız doktor Karasikin bu mövzunu necə dərindən bildiyini anlamaq üçün kifayətdir. Onun şərhləri bizim real vəziyyəti daha yaxşı anlamağımıza kömək etdi.
- Fars körfəzi Ölkələri Əməkdaşlıq Şurasında 6 ərəb dövləti var. Fikrinizcə, İrana qarşı qurulmuş bu təşkilat nə əldə edə bilib? Digər yandan, müsəlman dövlətlərinin Tehrana münasibətdə yürütdüyü bu siyasətin real səbəbi nədir?
- Fars körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası həmişə bir mövqedən çıxış etməsə də, İranın mümkün hücumundan qorunmaq üçün çox iş görür. Onlar hərbi üstünlük əldə ediblər və bu çox vacib məsələdir. Bundan başqa, bu dövlətlər İranın istənilən mümkün hücumuna qarşı fəal iş aparır. İrana qarşı aparılan real siyasət, Tehranın regional hegemona çevrilməsinə, şura üzvlərində baş verən hadisələrə təsir göstərməsinə imkan verməyəcək. Artıq çox şey əldə edilib və İran, məsələn, Bəhreyn şiələri ilə bağlı səs-küy qaldırarsa, bu daha çox İranın özündəki daxili tələbata hesablanmış məsələdir.
- İranın Fars körfəzini tam nəzarətinə almaq istəyi reallaşa bilərmi?
- İndiki mərhələdə yox. Bir məqamı xatırlamaq vacibdir: körfəz ölkələrindəki iranlılar, həmçinin, şiələr İran İslam Respublikasını dəstəkləmir.
- Müsahibələrinizin birində bildirmisiniz ki, İranın əldə etməyə çalışdığı nüvə silahı ABŞ və Qərb dövlətləri ilə müqayisədə ərəb ölkələrinə daha böyük təhlükə yaradır. Bu fikrinizi nə ilə əsaslandıra bilərsiniz?
- Bu məsələdə 2 ssenari var. Onlardan biri İranın həmin silahdan haradasa lokal şəkildə istifadəsi və faciəyə səbəb olmasıdır. Yaxud radioaktiv çirklənməyə səbəb olacaq qəza baş verə bilər. Hər iki ssenari mümkündür. Bundan başqa, istənilən halda ABŞ və Qərb dövlətləri İranın nüvə silahından istifadə edəcəyi hər bir regional münaqişəyə cəlb olunacaq.
- Bu halda İrana qarşı yeni sanksiyalar nələrdən ibarət ola bilər və ya olmalıdır?
- Deyəsən, hazırda yalnız bir variant var - konkret nüvə hədəfləri və İslam İnqilabı Keşikçiləri Korpusunun aktivlərinə hava zərbələrinin endirilməsi. Güman ki, sanksiyalar işləməyəcək.
- Bəzi analitiklər hesab edir ki, ABŞ-ın İran və Əfqanıstan siyasəti iflasa uğrayıb. Bu, həqiqətən belədirsə, Vaşinqtonun İran siyasətinin nəticəsi necə ola bilər?
- Ortada ABŞ-ın regiondakı nüfuzudur. Artıq siyasətçilərin milli maraqlara uyğun yeni regional təhlükəsizlik arxitekturası haqqında bəyanatlar eşidilməkdədir.
- Ərəb dövlətləri həm beynəlxalq strukturlarda, həm də ikitərəfli münasibətlərdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan edir. İş münaqişənin həllinə gəldikdə baş rolu Qərblə Rusiya oynayır. Niyə?
- Səbəb ərəb dövlətlərinin Azərbaycanı dəstəklədiyini bildirsə də, bu istiqamətdə heç bir iş görməmələridir. Məsələn, İKT-nin xoş niyyəti olsa da, qurum gücsüzdür. Bu o deməkdir ki, bu gün Qərblə Rusiya özlərinin beynəlxalq və regional siyasətdəki statusuna uyğun olaraq, bu istiqamətdə daha aktiv addımlar atırlar.
- Ümumiyyətlə, ərəb dövlətlərinin müasir geosiyasətə təsiri nə qədərdir? Onlar bu və ya digər münaqişənin həllinə təsir göstərmək gücündədirlərmi?
- Fars körfəzi Ölkələri Əməkdaşlıq Şurası üzvləri istənilən regional münaqişənin həllinə təsir etmək iqtidarındadır - bu münaqişənin Fars körfəzində və ya Xəzər dənizi regionunda olmasından asılı olmayaraq. Bu iki region tarix, enerji, mədəni antropologiya, transmilli konsernlərlə bir-birinə bağlıdır. Ərəb ölkələri münaqişələrin həllində maraqlıdır. Gördüyünüz kimi, onlardan 2-si - Birləşmiş Ərəb Əmirlikləri və Qətər çox fəaldır. Gələcəkdə onların bu rolu daha da artacaq. Çünki getdikcə regional gərginlik artır, qlobal iqtisadi böhranın nəticəsi isə aradan qalxır.
MƏSLƏHƏT GÖR: