14 Mart 2025

Cümə, 21:47

30 İL SONRA

Türkiyəli seçici hakim partiyanın konstitusiyaya dəyişikliklər təklifini dəstəklədi

Müəllif:

15.09.2010

Sentyabrın 12-si yenidən Türkiyə üçün taleyüklü gün oldu. Düz, 30 il əvvəl bu gündə Türkiyədə baş vermiş növbəti hərbi çevrilişdən sonra, ölkədə siyasi partiyaların fəaliyyəti qadağan olunmuş, bir sıra vətəndaş azadlıqlarını məhdudlaşdıran konstitusiya qəbul edilmişdi. Həmin konstitusiyanın dəyişməsi üçün bütöv bir nəslin də dəyişməsi lazım gəldi.

Ölkənin Əsas Qanununa dəyişikliklərlə bağlı keçirilən referendumda Türkiyə seçicilərinin 77%-i iştirak etdi. Onlardan 58%-i dəyişikliklərə "hə" dedi. 

Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (ƏİP) hazırladığı bu sənəd konstitusiyanın 26 maddəsinə dəyişikliyi nəzərdə tuturdu. 

Onu da əlavə edək ki, bu referendumda konstitusiya dəyişikliyinə "hə" deyən seçici, bununla, ardıcıl olaraq, 6-cı dəfə hazırkı baş naziri dəstəklədiyini də nümayiş etdirməli idi.

Ölkənin cənub-şərqində, əsasən, etnik kürdlərin yaşadığı və qeyri-sabit sayılan 11 bölgədə konstitusiya dəyişikliklərinə dəstək 95% təşkil edib. Ənənəvi olaraq müxalifəti dəstəkləyən qərb və cənub regionları, həmçinin Türkiyənin böyüklüyünə görə 3-cü şəhəri olan İzmir isə "Ərdoğanın əleyhdarlarının qalası" imicini qoruyub saxlayıb: bu şəhərdəki seçicilərin 63,47%-i dəyişikliklərə "yox" deyib.

İstanbulda hakim partiyanın təşəbbüsünü 54,84, Ankarada isə 54,23% seçici dəstəkləyib.

Ümumilikdə, Əsas Qanunda dəyişikliyə 63 əyalət "hə" deyib. Hökumətin təşəbbüsü cəmi 18 əyalətdə rədd edilib.

Müxalifətin konstitusiya dəyişikliyinə qarşı apardığı və əhalini referendumu boykot etməyə çağırdığı kampaniya nəticə verməyib. Etiraf etmək lazımdır ki, sosioloji sorğular müxalifətin, az fərqlə də osa, məğlub olacağını əvvəlcədən göstərirdi. Amma Ərdoğanın budəfəki qələbəsində müəyyən fərqli çalarlar da var.

Son illər ərzində ilk dəfə olaraq, hakim partiya Türkiyə cəmiyyətində nüfuza malik olan təşkilatlar və şəxslərə təsir etmək üçün bütün resurslarını işə salmışdı. Bu zaman əsas diqqət həmkarlar ittifaqı təşkilatlarının liderləri və sənayeçilər konfederasiyasına yönəlmişdi. Onlar ənənəvi olaraq, qüvvələr nisbətini müxalifətin xeyrinə dəyişə bilirlər. Məsələ ondadır ki, referenduma 1 gün qalanadək, hələ də seçicilərin    12%-i mövqeyini dəqiqləşdirməmişdi.

Səsvermənin nəticəsinə təsir edən daha bir əhəmiyyətli faktor, demək olar ki, bütün KİV-in dəyişikliyə tərəfdar çıxması oldu. Son həftə ərzində ölkənin aparıcı qəzet və jurnallarının səhifələrində hər kəs referendumu dəstəkləməyə çağırılırdı. Halbuki qəzetin cəmi bir səhifəsində seçiciləri referendumda "hə" deməyə çağıran elan dərc etdirmək, nə az, nə çox - düz, 30 min dollara başa gəlirdi.

Hakim partiya iftar süfrələri də daxil olmaqla, bütün imkanlardan təbliğat üçün istifadə edirdi. 

ƏİP eyni zamanda hərbi çevrilişin ildönümünü də öz məqsədləri üçün istifadə edə bildi. Hər halda, həmin hadisələr yaşlı nəslin yaddaşından silinməyib.

Referenduma hazırlığı seçki kampaniyasına çevirmiş müxalifətin yanlışlığı da baş nazirin tərəfdarlarının xeyrinə işləyən faktorlardandır. Baş nazirin opponentlərinin apardığı təbliğat prosesi, yalnız müxalifət liderlərinin çıxışları ilə məhdudlaşırdı. 

Üstəlik, müxalifətin hökumət tərəfindən aparılan təbliğata qarşı böyük məbləğdə pul xərcləmək istəyində olmadığı da diqqətdən yayınmayıb. 

Millətçi Hərəkat Partiyasının (MHP) tərəfdarları isə ümumiyyətlə görünmürdü.

Bütün bunlarla yanaşı, ölkənin aparıcı telekanalları 120 günlük təbliğat dövründə hökumətin əleyhdarlarını efirə buraxmadı. Bu, həm hakim partiyanın təbliğat kampaniyasına ayrılan maddi vəsaitin çoxluğu, həm də Ərdoğanın nüfuzu ilə bağlıdır.

Bütün bunlar ümumilikdə ona gətirib çıxardı ki, seçicilərin böyük hissəsi konstitusiyaya dəyişiklikləri dəstəklədi. 

Maraqlıdır ki, sosioloji sorğular əhalinin 80%-nin hökumətin təkliflərinin məğzindən xəbərsiz olduğunu göstərib.

Nəzərdə tutulmuş islahatlara gəlincə, bundan sonra mülki məhkəmələr hərbçiləri ölkəyə qarşı cinayətə görə mühakimə edə biləcək. İslahatlar 1980-ci li çevrilişinin təşkilatçılarının toxunulmazlığını da ləğv edib. Bununla yanaşı, istefaya göndərilmiş hərbçilər də mülki məhkəmələrə müraciət edə biləcək, parlamentə seçilmiş deputatlar isə partiyalarının fəaliyyətinə məhkəmə tərəfindən qadağa qoyulacağı təqdirdə, mandatlarını qoruya biləcəklər.

Dəyişikliklər arasında Konstitusiya Məhkəməsi, həmçinin hakimlərin təyinatına məsul olan Ali Hakimlər və Prokurorlar Kollegiyasının heyətinin dəyişdirilməsi planı daha çox fikir ayrılığına səbəb olmuşdu.

İslahatlar layihəsi Konstitusiya Məhkəməsinin heyətinin 11-dən 19 nəfərə artırılmasını nəzərdə tutur. Onlardan 16-sı prezident tərəfindən təyin ediləcək, 3-nü isə parlament seçəcək. Ali Hakimlər və Prokurorlar Kollegiyasının üzvlərinin sayı isə 7-dən 22-yə qaldırılır.

Məhkəmə sistemində struktur dəyişikliyinin bu qədər mübahisəyə səbəb olması heç də təsadüfi deyil.  Axı, baş nazirin son 8 ildə həyata keçirməyə çalışdığı bir çox islahatlara məhz hakimlər mane olurdu. Bu, xüsusilə ictimai yerlərdə qadınların hicabda gəzməsinə qadağanın aradan qaldırılması məsələsində özünü göstərmişdi.

Nəzərə alsaq ki, Konstitusiya Məhkəməsinin yeni üzvlərinin seçilməsi hakim partiyanın parlamentdəki deputat mandatlarının 60%-nə və prezident kürsüsünə sahib olduğu bir şəraitdə keçiriləcək, onda məhkəmə hakimiyyətinin hansı siyasi qüvvəyə meylli olacağını indidən söyləmək olar.

Xatırladaq ki, 2008-ci ildə Konstitusiya Məhkəməsi hakim partiyanın fəaliyyətini qadağan edə bilərdi və ƏİP bu təhlükədən son anda canını qurtararaq, cərimə ödəməklə kifayətləndi. Özü də, hakim partiyaya qarşı bu proses elə hakimlərin öz təşəbbüsü ilə başlamışdı: onlar ƏİP-in Türkiyəni islam dövlətinə çevrilməyə doğru apardığını düşünürdülər. O zaman prokuror da hakimlərin təşəbbüsünü dəstəkləmişdi, lakin islamlaşma əleyhdarlarının ƏİP-in fəaliyyətini qadağan etmələri üçün cəmi 1 səsi çatmamışdı.

Hökumət başçısı Rəcəb Tayyib Ərdoğan və onun əsas rəqibi - Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıçdaroğlu gözlənildiyi kimi, öz doğma bölgələrində seçicilərin daha ciddi dəstəyini qazanıblar. Ərdoğanın vətəni olan Rizədə seçicilərin 76,05%-i islahatlara "hə" deyibsə, Kılıçdaroğlunun doğulduğu Tüncelidə isə 80,83% seçici konstitusiya dəyişikliklərinə qarşı çıxıb.

Yeri gəlmişkən, CXP lideri özü səsvermədə iştirak etməyib və bu da hökumət opponentlərinin imicinə mənfi təsir göstərib.

Partiyadan verilən açıqlamada bildirilir ki, Kılıçdardoğlu öz adını seçici siyahısında tapa bilməyib. Məlum olub ki, o, CXP sədri seçildikdən sonra yaşayış yerini dəyişsə də, yerli hakimiyyət orqanı bunu nəzərə almayıb. 

Nəticədə hökumətin əsas opponenti öz səsindən istifadə etmək imkanını itirib.

Sonradan Kılıçdaroğlu səsvermənin nəticəsində məyus oduğunu bildirib, eyni zamanda özünün seçki məntəqəsinə gəlməməsinə görə, tərəfdarlarından üzr istəyib. 

Bununla yanaşı, o, Konstitusiya dəyişikliyinə qarşı çıxan vətəndaşların sayının da kifayət qədər çox olduğuna diqqət çəkib. "Türkiyədə iki adamdan birinin dəstəklədiyi dəyişiklik qərarı ilə ölkə irəliləyə bilməz. Amma mən referendumun nəticəsinə hörmətlə yanaşıram. Növbədənkənar seçki elan olunarsa, biz mübarizəyə hazırıq", - deyə K.Kılıçdaroğlu bildirib.

Yeri gəlmişkən, proses pozuntusuz da ötüşməyib. Hüquq mühafizə orqanları referendumun keçirilməsinə mane olmağa çalışan 200-dən artıq adamı həbs edib.

Cənub-şərq əyaləti olan Batmanda əhaliyə hədə-qorxu gələn 54 nəfər saxlanılıb. Onlar əhali arasında hədələyici kağızlar yayır, seçiciləri referendumu boykot etməyə çağırırlarmış. 

Vanda isə əhalini səsverməyə qatılmamağa çağıran 20 nəfər həbs edilib. Qonşu Şırnakda səs vermək istəməyən insanlardan ibarət qrupla polis arasında toqquşma olub, asayiş keşikçilərinə içərisində yanacaq olan şüşələr atılıb. Nəticədə polis gözyaşardıcı qazdan istifadə etməli olub. 

Analoji toqquşma Merdində də qeydə alınıb. 

İstanbulda da xeyli insan oxşar səbəblər üzündən saxlanılıb. Daxili işlər naziri Bəşir Atalayın sözlərinə görə, onlar da əhalini referendumu boykot etməyə çağırırmış.

Səsvermədən sonra ilk çıxışı müxalifətçi MHP-nin lideri Dövlət Baxçalı edib. O bildirib ki, "Türkiyə tam zülmət və təhlükə dövrünə qədəm qoyub". "Hadisələrin belə gedişinin təhlükəli fəsadlarının olacağına şübhə yoxdur. Biz baş nazirə xəbərdarlıq edir və onu növbədənkənar parlament seçkisi elan etməyə çağırırıq", - deyə Baxçalı qeyd edib.

Yeri gəlmişkən, Baxçalının vətəni olan Osmaniyə əyalətinin sakinləri onun mövqeyini dəstəkləməyib və konstitusiya dəyişikliklərinə "hə" deyib.

R.T. Ərdoğan isə öz növbəsində bəyan edib ki, "Ramazan bayramının bitməsindən sonra demokratiya bayramı başlayacaq". "Seçici fəallığı 77-78% olub. Ötən referendumda bu rəqəm 67% civarında idi. Biz qanunun aliliyi və demokratiya istiqamətində tarixi yol qət etdik", - deyə baş nazir bildirib.

Ərdoğan referendumun 1980-ci il çevrilişinin ildönümündə keçirildiyini xatırladıb. O, hazırkı konstitusiyanın məhz həmin şərtlər daxilində qəbul edildiyini də yada salıb: "Bu işdən hamı qazandı: həm "yox", həm də "hə" deyənlər. Yalnız dəyişikliklərə müqavimət göstərənlər və qiyamçı baxışlara malik şəxslər uduzdular. Bu, Türkiyə demokratiyası üçün yeni səhifədir".

Türkiyədə konstitusiya dəyişikliyinə dair keçirilmiş referendumun nəticəsini Avropa İttifaqı da alqışlayıb. Qurum nəticəni "Avropa İttifaqına üzvlük yolunda atılmış addım" kimi qiymətləndirib. Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Ştefan Fyule deyib: "Səsvermə Türkiyə vətəndaşlarının onların hüquq və azadlıqlarını genişləndirəcək islahatlara bağlılığını göstərdi".

Bununla yanaşı, Fyule bildirib ki, çox şey dəyişikliklərə yerlərdə necə əməl edilməsindən asılı olacaq. "Aİ bu işdə Türkiyəyə bütün yardımları göstərəcək", - deyə o, qeyd edib.

ABŞ prezidenti Barak Obama isə Ərdoğanı şəxsən təbrik etməyə üstünlük verib və təbrikini baş nazirə telefon vasitəsilə çatdırıb.

Sonda qeyd edək ki, bu referendum Türkiyənin əsas qanununun dəyişdirilməsi yolunda, çətin ki, son səsvermə olsun. Bu, Əsas Qanunun tam dəyişməsi üçün yalnız tramplin rolu oynayır. Baş nazir R.T.Ərdoğan da bunu gizlətmir. O bildirib ki, 2011-ci ildə keçiriləcək seçkidə qələbə qazanacağı təqdirdə, yeni konstitusiyanın qəbulu təşəbbüsü ilə çıxış edəcək.

İstənilən halda, referendumun nəticəsi Ərdoğanın mövqelərini xeyli gücləndirəcək. Onun partiyası 2011-ci ildə keçiriləcək seçkidən sonra üçüncü müddətə də hakimiyyətdə qalmaq niyyətindədir.

Bunun üçün çox ciddi iqtisadi əsas da var. Hər halda 2002-ci ildə Türkiyədə məhz Ərdoğanın hakimiyyətə gəlişindən sonra sürətli iqtisadi inkişaf və sabitlik dövrü başlayıb. O vaxtdan ölkənin ümumi daxili məhsulu 3 dəfə artıb. Bu səbəbdən də işgüzar dairələr və inkişaf etməkdə olan orta sinif məhz Ərdoğanın qələbəsinə çalışır. Onlar düşünür ki, islahatlar paketinin uğuru gələcək çiçəklənməyə və daha böyük əcnəbi kapitalın ölkəyə cəlbinə aparıb çıxaracaq.



MƏSLƏHƏT GÖR:

457